• cümə, 19 Aprel, 23:38
  • Baku Bakı 24°C

Dövlət Komitəsi: İşçi qrup üçün əsas məqsəd həqiqət deyil

03.05.18 10:10 2512
Dövlət Komitəsi: İşçi qrup üçün əsas məqsəd həqiqət deyil
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsi
- Hörmətli Səyavuş müəllim, bildiyiniz kimi, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının növbəti hesabatı çıxıb. Hesabatda ənənəvi olaraq Azərbaycan dövlətinin din sahəsində apardığı siyasət tənqid olunur. Sizin bununla bağlı münasibətinizi bilmək istərdik.
- Təəssüf hissi ilə qeyd etməliyəm ki, hesabatı hazırlayan işçi qrupu növbəti dəfə məqsədli şəkildə qərəzli mövqe tutmağa üstünlük verib. Hesabatın ümumi təhlili onu göstərir ki, bu sənədi hazırlayanlar Azərbaycandakı dini duruma, dövlət-din münasibətlərinə şərh verərkən peşəkar etikaya zidd hərəkət edərək qeyri-obyektivlik nümayiş etdiriblər. Peşəkar etika dedikdə nəyi nəzərdə tuturam? Peşəkar etika hər hansı məsələ barədə rəy bildirən zaman dəqiq faktlara, real vəziyyətə istinad etməyi tələb edir və mücərrəd, ümumi ifadələrdən qaçmağı şərtləndirir. Halbuki hesabatda biz bunun əksini görürük. Hər il eyni, həqiqətdən uzaq şablon ifadələr səsləndirilir, yoxlanılmamış və dəqiqləşdirilməmiş məlumatlar təkrar verilir. Biz həmin şablonlaşmış, təkrar iddiaların əsassızlığını tutarlı arqumentlərlə, konkret faktlarla göstərsək də, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası eyni məsələləri qabartmaqda davam edir. O zaman həmin Komissiyanın kimlərin maraqlarına xidmət etməsi sual doğurur. Görünür, hesabatın işçi qrupu üçün əsas məqsəd həqiqət deyil. Əsas amal hansısa siyasi dairələrin sifarişini yerinə yetirmək və Azərbaycanda mövcud olan tolerant, multikultural şəraitə kölgə salmaqdır.
- Hesabatda reallığı əks etdirməyən, şablonlaşmış iddiaların hər il yer aldığını bildirirsiniz. Bunlar hansı iddialardır, konkret nümunələr göstərə bilərsinizmi?
- Hər il iddia olunur ki, guya heç bir protestant dini icması, o cümlədən baptistlər, "Yeddinci günün adventistləri", "Əllincilər" dövlət qeydiyyatına alınmayıb və protestantlar öz fəaliyyətlərində bir sıra məhdudiyyətlərlə qarşılaşırlar. Halbuki bu iddia tamamilə uydurmadır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildən bəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində "Yeni Həyat” Xristian incil dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması, "Həyat sözü” Xristian dini icması, "Həyat Sözü - 2” Sumqayıt xristian dini icması, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin "Aqape” dini icması, Bakı şəhəri Nərimanov rayonu "Yeddinci günün adventistləri” dini icması, "Bakı şəhəri Yeni Apostol” xristian dini icması, Gəncə şəhəri "Yeddinci günün adventistləri” xristian dini icması və "Vineyard Azərbaycan” xristian dini icması olmaqla doqquz protestant təmayüllü dini icma dövlət qeydiyyatına alınıb. Hesabatda iddia olunanların əksinə olaraq, son illər dövlət qeydiyyatına alınan dini qurumlardan biri baptistlər, ikisi adventistlər, üçü isə "Əllincilər"in dini icmalarıdır.Respublikamızda protestantların dini mənsubiyyətlərinə görə məhdudiyyətlərlə üzləşdiklərini demək ölkəmizdə mövcud olan reallığı görmək istəməmək mənasına gəlir. Bu gün respublikamızda yaşayan protestantlar bizim bərabərhüquqlu vətəndaşlarımızdır. Onların dua evləri tam sərbəst şəkildə fəaliyyət göstərir, eləcə də protestantlar dini ayin və mərasimlərini azad şəraitdə keçirirlər. Buna misal kimi, Bakı şəhərinin ən gözəgəlimli yerində yerləşən keçmiş "Xilaskar” yevangelik-lüteran kilsəsini misal gətirə bilərəm. Burada bəzi protestant dini icmalar bazar günü ayinlərini icra edir və əlamətdar dini bayramlarını təmtəraqlı şəkildə qeyd edirlər. Məsələn, 2016-cı ilin fevral və 2017-ci ilin dekabrında müxtəlif protestant dini cərəyanlarına mənsub dindarların, o cümlədən lüteranlar, "Əllincilər", xarizmatlar, "Yeddinci günün adventistləri", presviterianların iştirakı ilə möhtəşəm şəkildə Bibliya bayramı keçirilib. Qeyd edim ki, həmin bayramın təşkilində Alban-udi dini icması, rus pravoslav və katolik dini icmaları da yaxından iştirak ediblər. İndi sual yaranır: məgər protestantların sıxışdırıldığı bir ölkədə paytaxtın mərkəzində, dövlət tərəfindən qorunan tarixi-mədəni abidədə onlar dini ayinlərini sərbəst icra edə bilərdilərmi?Dövlət qeydiyyatına alınan protestant təmayüllü dini icmalara dövlət tərəfindən maliyyə yardımının ayrılması, protestant dua evlərinə müəyyən olunmuş illik limit daxilində pulsuz təbii qazın verilməsi bir daha onu göstərir ki, ölkəmizdə yaşayan protestantlar hər hansı ayrı-seçkiliklə üzləşməyiblər.
-Hesabatda "Yehovanın Şahidləri” məsələsinə də toxunulub. İddia olunur ki, bu dini icmanın heç bir hüquqi statusu yoxdur və onun ardıcılları daim təzyiqlərlə üzləşirlər. Bu, nə dərəcə doğrudur?
- Bu şablonlaşmış iddia da ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının hesabatında hər il yer alır. Biz bu iddianın əsassızlığını dəfələrlə sübut etsək də, həmin iddia hər il sözbəsöz təkrar olunur. Belə ki, "Yehovanın Şahidləri” dini icması 2002-ci ildə DQİDK-da dövlət qeydiyyatına alınıb və həmin icmanın qeydiyyatı bu günə qədər hüquqi qüvvəsini qoruyur. Yəni "Yehovanın Şahidləri” dini icmasının hüquqi statusunun olmaması barədə iddia tamamilə uydurmadır. Bununla yanaşı, "Yehovanın Şahidləri” dini icması qanunvericiliyin tələblərinə riayət etdiyi təqdirdə, onun fəaliyyəti üçün heç bir məhdudiyyət yaradılmır. "Yehovanın Şahidləri” dini cərəyanında olduqca əlamətdar dini bayram sayılan İsa Məsihin ölümünün anım günü və ya həmin dini icma üçün böyük əhəmiyyət kəsb edən regional tədbirlər dediklərimizi təsdiq edir. Belə ki, hər il DQİDK-ya həmin dini icma tərəfindən misal çəkdiyim dini yığıncaqların keçirilməsi üçün müvafiq şəraitin yaradılması ilə bağlı müraciətlər daxil olur. Tərəfimizdən isə qanunla nəzərdə tutulmuş qaydada "Yehovanın Şahidləri” dini icmasına müvafiq köməklik göstərilir, hüquq-mühafizə orqanları isə həmin icma üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görürlər. Bütün bunlar isə "Yehovanın Şahidləri” dini icması tərəfindən rəğbətlə qarşılanır. Hətta həmin dini icma yaradılmış şərait üçün DQİDK-ya təşəkkür məktubu göndərib.Burada başqa, bir önəmli məqama da toxunmaq istərdim. DQİDK-nın razılığı əsasında ölkəyə ən çox dini ədəbiyyat idxal edən məhz "Yehovanın Şahidləri” dini icmasıdır. Bütün bu faktlar isə onu göstərir ki, "Yehovanın Şahidləri” dini icmasına qarşı hər hansı qərəzli mövqe göstərilmir. Lakin təəssüf ki, "Yehovanın Şahidləri” dini icması yaradılan şəraitdən sui-istifadə etməyə çalışır, qanunvericiliyin tələblərini müntəzəm pozaraq hüquqi ünvandan kənarda respublikamızın müxtəlif bölgələrində qanunsuz dini yığıncaqlar keçirməyə çalışır. Təbii ki, bütün bu qanunsuz əməllərin qarşısı alınaraq inzibati tədbirlər görülür. DQİDK-da həmin dini icmanın yerli liderləri və xaricdəki rəhbərləri ilə dəfələrlə görüş keçirilib, mövcud problemlər müzakirə olunub və onlara öz dini fəaliyyətlərini qanuna uyğun şəkildə tənzimləmək tövsiyə edilib. Buna baxmayaraq, hələ də bu icmanın fəaliyyətində neqativ hallar müşahidə olunur. Belə təəssürat yaranır ki, "Yehovanın Şahidləri” dini icmasının xaricdəki mərkəzində olan bəzi dairələr məqsədli şəkildə yerli dini icma ardıcıllarını qanun pozuntusuna yönəldirlər ki, Azərbaycan dövlətinin müvafiq dövlət orqanları tərəfindən onlara qarşı inzibati-profilaktik tədbirlər görülsün və həmin hallar sonradan hesabatda qabardılsın, beləliklə, "Yehovanın Şahidləri” məsələsi ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunsun.Halbuki birmənalı olaraq bildirirəm ki, Azərbaycanda dini və etiqadi mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Yalnız insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan din və dini cərəyanların yayılması və təbliği qadağandır. Bu prinsiplər Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub. Dövlətimizin elan etdiyi prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər hansı dini cərəyanın inanc əsasları ümumbəşəri dəyərlərə zidd deyilsə, hər hansı dini cərəyanın mənsubları qanunauyğun şəkildə fəaliyyət göstərməyə çalışırlarsa, onda onların fəaliyyətinə heç bir məhdudiyyət yaradıla bilməz. Yəni dövlətimizdə kiminsə inancı müzakirə predmeti sayıla bilməz, burada vicdan və dini etiqad azadlığı prinsipi əsas götürülür.
- Səyavuş müəllim, hesabatda bir sıra məscidlərin bağlanılması, bəzi müsəlman din xadimlərinin təzyiqlərə məruz qalması barədə iddialar da yer alıb. Bu iddialar nə dərəcədə həqiqətə uyğundur?
- Hesabatdakı həmin iddialarla tanışam. Sizin dediyiniz bu iddialar hesabatın "Müstəqil müsəlmanların repressiyası” və "İbadət yerlərinin qapadılması” hissəsində yer alıb. Yenə də təkrarlamaq məcburiyyətindəyəm ki, hesabatı hazırlayanlar qeyri-peşəkarlıq nümayiş etdirərək mücərrəd, ümumi ifadələrdən istifadə edərək və ya dəqiqləşdirilməmiş məlumatlara istinad edərək ölkəmizdəki dini durumu tənqid edirlər. Məsələn, hesabatda ümumi, mücərrəd ifadədən istifadə olunaraq guya dörd şiə və dörd sünni məscidinin bağlanıldığı iddia olunur, lakin konkret hansı ibadət yerlərinin nəzərdə tutulduğu göstərilmir. Həmin məscidlərin adları çəkilmir, ümumi, mücərrəd iddialar ortaya atılır.Qətiyyətlə bildirirəm ki, Azərbaycanda heç bir müsəlman ibadət yeri bağlanılmayıb. Əksinə, Azərbaycan dövləti vətəndaşlarımızın dini ehtiyaclarına daim diqqət və qayğı göstərir. Bu siyasətin tərkib hissəsi kimi isə respublikamızdakı məscidlər, ziyarətgahlar əsaslı şəkildə təmir-bərpa olunur, yaxud dövlət hesabına yeni məscidlər dindarların istifadəsinə verilir. Buna misal olaraq,dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə inşa edilən və 2014-cü ilin dekabrında açılışı olan möhtəşəm Heydər məscidini göstərə bilərik.Hesabatda digər qərəzli yanaşmalar da yer alıb. Belə ki, hesabatda Bakının Yasamal rayonunda yerləşən Hacı Cavad məscidinin sökülməsi tənqid olunur. Halbuki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə 2017-ci il iyulun 2-də Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 1 ünvanında Hacı Cavad məscidinin yeni binasının tikintisinə başlanılmış, bu məsələ daim dövlət başçımızın diqqət mərkəzində saxlanılmış, beləliklə, 12 aprel 2018-ci ildə Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdu. Açılışda dövlət başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər. Hacı Cavad məscidinin əvvəlki binası istifadə üçün tamamilə yararsız olduğu halda, dövlətin maliyyə dəstəyi ilə tikilən yeni binası möhtəşəm dini memarlıq kompleksi kimi inşa olunub. Təsadüfi deyil ki, bu hadisə Hacı Cavad məscidi dini icmasının nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb.ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının hesabatının qərəzli tərəfləri, nöqsanlı cəhətləri ilə bağlı kifayət qədər fakt gətirmək mümkündür.Sonda bununla bağlı bir faktı da misal gətirmək istərdim. Düşünürəm ki, bu fakt hesabatın işçi qrupunun qərəzli niyyətlərini açıq-aşkar ortaya qoyur. Hesabatda bildirilir ki, 2017-ci ilin may ayında ölkənin rəsmi təqviminə riayət etməkdən imtina etdiyinə görə Göyçay rayonunda bir imam cəza kimi işdən qovulub və cərimə olunub. Görünür, hesabatda Göyçay rayonunun II Ərəbcəbirli kənd məscidinin dini ayinlər icraçısı və icma sədri Ruslan Məmmədov nəzərdə tutulur. Lakin onunla bağlı hesabatda qeyd olunan məlumat tamamilə uydurmadır. Belə ki, R.Məmmədova qarşı hər hansı inzibati cərimə cəzası tətbiq olunmayıb. Həmçinin o, işdən də çıxarılmayıb. Sadəcə R.Məmmədov Qəbələ rayonunun Duruca kəndinə köçməsi ilə əlaqədar öz ərizəsi əsasında dini ayinlər icraçısı, o cümlədən icma sədri vəzifəsindən azad olunub. Beləliklə, hesabatda yer alan bu yalan məlumat hesabat müəlliflərinin səmimiyyətlərini ciddi şəkildə şübhə altına alır.Düşünürəm ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının hesabatının Azərbaycanla bağlı bölümünün obyektiv meyarlardan uzaq hazırlandığı, ölkəmizin tolerant və multikultural imicinə xələl yetirməyi məqsəd güdən bəzi siyasi dairələrin sifarişi ilə tərtib olunduğunu sübuta yetirmək üçün toxunduğum faktlar kifayət edir.Ümidvaram ki, hesabat müəllifləri gələcəkdə Azərbaycandakı dini durumu dəyərləndirərkən iradlarımızı nəzərə alacaq, məsələyə subyektiv baxış bucağından deyil, obyektivlik, ədalət və peşəkarlıq mövqeyindən yanaşacaq, beləliklə, Azərbaycan reallıqlarını daha düzgün qiymətləndirə biləcəklər.
banner

Oxşar Xəbərlər