• çərşənbə axşamı, 19 mart, 11:17
  • Baku Bakı 8°C

Dövlət hər zaman vətəndaşının yanındadır - Fotolar

14.02.19 19:27 2163
Dövlət hər zaman vətəndaşının yanındadır - Fotolar
Hələ 2003-cü ilin prezident seçkiləri öncəsi Azərbaycanın regionlarında çoxsaylı görüşlər keçirən, vətəndaşlar qarşısında çıxış edən İlham Əliyev ona etimad göstəriləcəyi halda hər bir azərbaycanlının prezidenti olacağını vəd etmişdi. Prezident seçildikdən sonra ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyev öz fəaliyyəti ilə xalqa ləyaqətlə xidmət etmək nümunəsini ortaya qoydu. Hər il Azərbaycanın rayonlarına səfərlər edən, ən müxtəlif obyektlərin, o cümlədən xidmət mərkəzlərinin, istehsal müəssisələrinin, yeni salınmış yolların, körpülərin, müasir dövrün tələbləri nəzərə alınmaqla inşa edilən səhiyyə obyektlərinin, məktəb binalarının açılışını edən Prezident İlham Əliyev yerli sakinlərin daim əhatəsində olub. Sevincli günlərdə, bayramlarda, rəsmi tədbirlərdə insanlarımızın sevincinə şərik olan dövlət başçısı ölkə vətəndaşlarının dar günündə də onların əsl himayəçisinə çevrilib.
Ermənistan işğalı nəticəsində yurd-yuvasından didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünün, şəhid ailələrinin, müharibə veteranlarının sosial durumunun yaxşılaşdırılması, onların mənzil-məişət problemlərinin həlli, müharibə əlillərinin avtomobillə təmin olunması deyilənlərə əyani misaldır. Kür çayının daşmasından, Zaqatala-Qax rayonların ərazisində baş verən dağıdıcı zəlzələdən sonra da hadisə yerinə ilk baş çəkənlərdən biri məhz Prezident İlham Əliyev olub. Onun qayğısı ilə təbii fəlakət nəticəsində evləri uçulan, dağıdılan vətəndaşlar yeni, daha müasir mənzillərlə təmin olunublar. Bununla ölkə başçısı hələ prezident seçilməzdən öncə verdiyi vədinə sadiq olduğunu nümayiş etdirib, sözün əsl mənasında hər bir azərbaycanlının prezidenti olub.

Ötən ilə yekun vuraraq cari ilə uğurlarla qədəm qoyan Prezident İlham Əliyev yanvar ayından bu yana keçirdiyi görüşlərlə, imzaladığı fərman və sərəncamlarla, atdığı hər bir addımla yenidən öz humanistliyini, qayğıkeşliyini nümayiş etdirib, səmimi davranışları ilə ənənəvi fəaliyyətini ortaya qoyub.

Yanvarın 11-də isə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlətimizin başçısı yola salınan ildə görülən işlər, əldə edilən nailiyyətlərlə bağlı çıxış edib. Qeyd edib ki, müxtəlif tədbirlərdə, görüşlərdə xalqa müntəzəm olaraq hesabatlar verir və hazırkı iclas da onlardan biridir. O, bunu xalqa xidmət etmək baxımından düzgün addım kimi qiymətləndirib. Məmurlara səslənərək deyib ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır. Ölkə rəhbəri hər kəsin bundan nəticə çıxarmasının vacibliyini dilə gətirərək, cari ildə islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacağını bəyan edib.

Yanvarın 29-u "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda ictimaiyyət qarşısında çıxış edən dövlət başçısı İlham Əliyev bir daha bəyan edib ki, Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ölkəmizdə aparılan siyasətin xalq tərəfindən dəstəklənməsindədir.

Daim şəhid ailələrinə, müharibə veteranlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşəndə də xalqa arxalandığını, onların dəstəyinə güvəndiyini növbəti dəfə qeyd edib. O, son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlər keçirdiyini, birlikdə bir çox evlərin açılışlarında iştirak etdiyini, şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim elədiyini xatırladaraq, bunu özü üçün borc bildiyini söyləyib. Prezident deyib ki, xalqa xidmət etmək onun ən böyük vəzifəsidir, böyük şərəfdir. Deyilən sözlərin əməldə ifadə olunmasına misal olaraq vurğulayaq ki, 2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk fərman şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olub. Bu da həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq edib, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. İndiyədək artıq 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib.

Dövlət başçısının 28 yanvar 2019-cu il tarixli fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin, o cümlədən vərəsələri 11 000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12 268-ə çatıb. Bunun üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulub. Onu da əlavə edək ki, Prezident Sarayında şəhid ailələri ilə görüş zamanı Prezident İlham Əliyev ayağa durmaqda çətinlik çəkən ahıl şəhid anasına şəxsən yaxınlaşıb, onun qarşısında əyilərək birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartı şəhid anasına təqdim edib.
Bununla yanaşı, tribunada nitq söyləyərkən qəhərlənən şəhid atasına yaxınlaşan dövlətimizin başçısı stəkana su tökərək ona içirib, daha sonra qolundan tutaraq kürsünü tərk etməsinə yardımçı olub. Bu hərəkətləri ilə milli-mənəvi dəyərlərimizə, şəhid valideynlərinə hörmət və ehtiramını ifadə edən Prezident öz şəxsində əsl vətəndaşlıq, səmimiyyət, canıyananlıq nümunəsi göstərib.
Prezidentin indiyə qədər həyata keçirdiyi tədbirlər, eləcə də sadalanan bu iki fakt hər bir Azərbaycan vətəndaşının, o cümlədən əlində silah Vətən keşiyində dayanan əsgər və zabitlərimizin ürəyini sözün əsl mənasında dağa döndərib. Hərbçilərimiz bir daha əmin olublar ki, onların ailələri, valideynləri Azərbaycan dövləti və onun prezidentidir.

Fevralın 1-də Bakı Konqres Mərkəzində Gənclər gününə həsr olunmuş respublika toplantısında iştirak edən Prezident İlham Əliyev ölkə gənclərinə vətənpərvər olmağı, xalqın, dövlətin maraqlarını hər zaman uca tutmağı tövsiyə edib. Dövlət başçısı indiyə qədər nəyin bahasına olsa da Azərbaycanın dövlət maraqlarının keşiyində dayandığını, bu yolda təzyiqlər, yalanlar, böhtanlar və iftiralarla üzləşdiyini diqqətə çatdırıb. Bildirib ki, bunların heç biri onu yolundan döndərə bilməyib. Ölkə rəhbəri Azərbaycan iqtidarının düz yolda olduğunu, onun rəhbərliyi ilə həyata keçirilən siyasətin xalqın maraqlarına cavab verdiyini xatırladaraq, əldə edilən nəticələrin, nailiyyətlərin, gözəlləşən şəhərlərin bütün bədxahlara, paxıllıq edənlərə ən gözəl cavab olduğunu vurğulayıb.
Sözügedən tədbirdə çıxış edən şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun tribunadan düşərkən Prezident tərəfindən səmimiyyətlə qarşılanması, dövlət başçısının onu öz övladı kimi qucaqlaması da humanizmin, xalqın yanında olmağın daha bir nümunəsidir. Ölkə başçısı dövlətin qayğısı ilə əhatə olunan bu şəhid oğlu ilə qürur duyduğunu öz səmimiyyəti ilə büruzə verib.

Zəlzələnin baş verdiyi Şamaxı rayonuna fevralın 7-də səfər edən, təbii fəlakətdən evləri ziyan görən sakinlərin əhatəsində olan, çətinliklərini, qarşılaşdıqları problemi yerindəcə müşahidə edən, həmçinin Prezidentlə görüşdə dövlət başçısının əlini öpməyə cəhd edən ahıl Saray nənənin əlini özü öpərək ona ehtiramını bildirən Prezident İlham Əliyev bir daha sadəliyini, səmimiyyətini, xalqına olan münasibətini ortaya qoydu. Sakinlərlə görüş zamanı bəyan etdi ki, təbii fəlakətdən zərər çəkən evlər əsaslı şəkildə təmir olunacaq, tamamilə yararsız olanların yerində isə müasir tələblərə cavab verən yeni evlər tikiləcək. "Biz bilirdik ki, siz gələcəksiniz”, - söyləyən kənd sakinlərinə "Mən gəlməyə bilməzdim”, - deyərək cavab verən Prezident İlham Əliyev Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarının yanında olduğunu, bundan sonra da belə olacağını vurğulayıb.

Ən nəhayət, fevralın 13-də Beyləqan rayonuna səfəri çərçivəsində dövlət başçısı istirahət parkında dincələn rayon sakinləri ilə səmimi söhbət aparıb, onların yaşayışı, mövcud problemləri ilə yerindəcə maraqlanıb, sakinlərin fikirlərini dinləyib. Bir sıra məsələlərin həllini tapması, o cümlədən Dünyamalılar kəndində yeni orta məktəb binasının tikintisi üçün dərhal göstərişlər verib. Rayon sakinlərinin əhatəsində olan Prezident İlham Əliyev gənc müğənni ilə birlikdə "Azərbaycan” mahnısını ifa edib, sakinlərlə xatirə şəkilləri çəkdirib. Elə həmin gün Beyləqan rayonundakı "N” saylı hərbi hissəyə baş çəkən Prezident Azərbaycan əsgərinin xidmət şəraiti, qidalanması ilə yaxından maraqlanıb, əsgərlərlə birlikdə nahar edib.


Bütün bu sadalananlar Azərbaycan Prezidenti İlham Əliyevin Vətənə, millətə, xalqa, dövlətə ləyaqətlə xidmət etdiyini göstərən faktlardır. Dövlətimizin başçısı siyasəti, fəaliyyəti ilə dünən olduğu kimi bu gün də öz xalqına bağlılığını ortaya qoyur. Eyni zamanda o, bütün dünyaya sübut edir ki, hər bir azərbaycanlının prezidentinə çevrilmək barədə verdiyi vədlərə sadiqdir.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər