• cümə axşamı, 25 aprel, 12:57
  • Baku Bakı 23°C

Dövlət Departamenti Mərkəzi Asiya ilə bağlı yeni strategiya hazırlayıb

04.02.20 16:54 3216
Dövlət Departamenti Mərkəzi Asiya ilə bağlı yeni strategiya hazırlayıb
Vaşinqton region ölkələrinə investisiya vəd etməklə onları Çin və Rusiyanın təsirindən uzaqlaşdırmağa çalışır

Birləşmiş Ştatların Mərkəzi Asiya regionuna artan marağı səngimir. Rəsmi Vaşinqton hər vəchlə Rusiya və Çinin bölgədə nüfuzunun artmasına qarşı çıxaraq, burada öz təsir imkanlarını saxlamağa çalışır. Ötən gün Özbəkistanda C5+1 formatında nazirlərin görüşündə iştirak edən ABŞ dövlət katibi Mayk Pompeo da ölkəsinin regionda yeni strategiyasını elan edib. Rusiya mediası yazır ki, müstəqillik və hər bir ölkənin çiçəklənməsi, eləcə də dünya oyunçuları ilə əməkdaşlıq Birləşmiş Ştatların Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının yeni xətti olacaq. Vaşinqton region ölkələrinə investisiyaların cəlb edilməsi müqabilində tək bir şeyi istəyir - mümkün qədər Pekin və Moskvadan məsafə saxlamaq. Eləcə də, region ölkələri tək regional səviyyədə deyil, beynəlxalq arenada da müstəqil xarici siyasət yürütməlidir. ABŞ dövlət katibi Maykl Pompeo Avrasiya turnesini Özbəkistanda başa çatdırıb və burada ali rəhbərliklə görüşüb, C5+1 qrupunun ilk iclasını keçirib. Görüşdə Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan xarici işlər nazirləri - Muxtar Tleuberdi, Çingiz Aydarbekov, Sirodjiddin Muxriddin, Rəşid Meredov və Əbdüləziz Kamilov iştirak edib. Pompeonun qənaətincə, qrup getdikcə region ölkələrinin səylərinin koordinə edilməsi, o cümlədən terrorizmə qarşı mübarizədə, regional iqtisadi və enerji əlaqələrinin genişləndirilməsində daha effektiv alətə çevrilir. "C5+1” formatı ABŞ tərəfindən beş il bundan əvvəl prezident Barak Obamanın prezidentliyi dövründə qəbul edilib. Donald Trampın hakimiyyətə gəlməsi ilə yeni Amerika administrasiyası bu formatdan imtina etməmək qərarına gəlib. ABŞ bu formatla Çinin bölgədə mövqelərinin möhkəmləndirilməsi və Rusiyanın hərbi-siyasi iştirakını saxlamasını əngəlləmək fonunda Mərkəzi Asiyaya nüfuz etməyə çalışır.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Tədqiqi Mərkəzinin analitik qrupunun rəhbəri Stanislav Pritçin "Nezavizimaya qazeta” ya bildirib ki, bu format ortaya atılanda region ölkələrinin özlərinin dialoq meydançası mövcud deyildi. ABŞ əvvəl bu layihədə mediator qismində çıxış edib. Lakin bu gün vəziyyət dəyişib və belə bir dialoqa zəruri tələbat minimuma düşüb. Səbəb də odur ki, bu gün region ölkələri müstəqil hərəkət edir və bunu Mərkəzi Asiya ölkələrinin mütəmadi keçirilən sammitləri də sübut edir. İlk sammit Astanada (indiki Nur-Sultan) keçirilib. İkinci sammit Daşkənddə, üçüncüsü isə 2020-ci ilin yazında Bişkekdə keçiriləcək. "ABŞ öz strategiyasını yenidən nəzərdən keçirməyə başlayır. Lakin yeni iqtisadi, hərbi, enerji təklifləri hələ ortaya çıxmayıb, köhnələr isə çoxdan reallaşdırılıb”, - deyə ekspert vurğulayıb.
Risklərin qiymətləndirilməsi Qrupunun direktoru Dosım Satpayev hesab edir ki, ABŞ Qazaxıstanda dostluq barəsində səsləndirdiyi "dejurnı” sözlərlə yanaşı, bu ölkənin yarıtranzit spesifikasını yaxından öyrənməyə çalışır. "Pompeo Qazaxıstanda prezident Kasım-Jomart Tokayevlə və Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevlə görüşüb. Mayk Pompeonun Çində düşərgələrdə saxlanılan etnik qazaxların hüquqlarının qorunması ilə bağlı səsləndirdiyi fikir də diqqət çəkir. Pompeo nazirlərə müraciətində üzv dövlətləri bu çağırışa qoşulmağa və Çində həyata keçirilən repressiyalara son qoyulması istiqamətində səy göstərməyə çağırıb. "Biz Çində qaçqınlar üçün düşərgədə təhlükəsiz yaşayışın təmin olunmasını istəyirik”, - deyə Pompeo bəyan edib. Maraqlıdır ki, bu bəyanatı ilə də Pompeo Qazaxıstanı pis vəziyyətdə qoyub. Alman Deutsche Welle nəşrinə müsahibəsində Tokayev "tərbiyə düşərgələri”nin olmasına şübhə ilə yanaşdığını ifadə edib. Əlavə edib ki, Çində etnik qazaxlara qarşı təzyiqlərin olmasından xəbərsizdir. "Bundan əlavə, bütün bunların geosiyasətin bir hissəsi olduğuna işarə edib. Çünki, Çin və ABŞ bir-biri ilə ticarət müharibəsinə qoşulublar”, - deyə qazax ekspert bildirib.
Özbəkistanda isə görüşün yekununda ABŞ diplomatiyasının rəhbəri bildirib ki, XİN rəhbəri Əbdüləziz Kamilovla görüşdə işgüzar iqlimin yaxşılaşdırılması yollarını, qanunun aliliyi və dayanıqlı iqtisadi imkanları müzakirə edib. Onun sözlərinə görə, ABŞ xəzinədarlığı çox yaxın vaxtlarda ölkənin vergi siyasəti və maliyyə sektoruna yardım məqsədilə texniki yardım təqdim edəcək. ABŞ həmçinin Özbəkistana kapital bazarının inkişafında, eləcə də maliyyə islahatlarının keçirilməsinə yardım etməyə hazırdır. Konqresin razılığından sonra Özbəkistana bu məqsədlə 1 mln. dollar yardım ayrılması nəzərdə tutulub.
Ekspertlər istisna etmirlər ki, Daşkənddə keçirilən görüşlərdə Özbəkistanın Avrasiya İqtisadi İttifaqına qoşulması məsələsi diqqət mövzusu olub. Bu üzvlük onun Dünya Ticarət Təşkilatına qoşulmasını çətinləşdir bilər. Bu barədə əvvəllər ABŞ ticarət naziri Uilbur Ross da bildirib. "ABŞ əlbəttə istəməz ki, Aİİ böyük bazara, potensiala və iqtisadiyyata malik Özbəkistanın hesabına möhkəmlənsin. İstəkləri odur ki, Özbəkistan Rusiya layihəsi hesabına öz üzərinə əlavə öhdəliklər götürməsin”, - deyə Pritçin bildirib.
Pompeo səfər zamanı ayrıca olaraq Əfqanıstan mövzusuna da toxunub. O, Özbəkistanın rəhbərliyinə Əfqanıstanda sülh və əmin-amanlığın qorunmasında göstərdiyi səylərə görə təşəkkür edib. "Məmnunluqla elan edirəm ki, ABŞ Özbəkistanla ticarətin genişləndirilməsi üçün 1 mln. dollar ayırmağa hazırdır”.
"Şərq-Qərb Strategiyası” analitik mərkəzinin baş direktoru Dmitri Orlov bildirib ki, ABŞ əvvəllər Əfqanıstanı Böyük Mərkəzi Asiya regionuna daxil edirdi. "Lakin Mərkəzi Asiya ilə bağlı təqdim edilən yeni strategiyada Əfqanıstan resipient rolunu oynayır və buna görə məsuliyyət də Daşkəndin üzərinə qoyulur. ABŞ-ı regionda üç dövlət - Qazaxıstan, Özbəkistan və Türkmənistan maraqlandırır”, - deyə Orlov bildirib.
Azər
banner

Oxşar Xəbərlər