AZE | RUS | ENG |


“Dövlət cəza siyasətində azadlığın sərhədlərini daha da genişləndirir”

“Dövlət cəza siyasətində azadlığın sərhədlərini daha da genişləndirir”
Əliməmməd Nuriyev: “Prezident aydın mesaj verir ki, alternativ islah yolları hazırda dövlət üçün də prioritet olmalıdır”

Prezident İlham Əliyev fevralın 10-da "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalayıb. Bu sərəncam Azərbaycan dövlət başçısının humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsi kimi qiymətləndirilir. Ölkə rəhbərinin imzaladığı sərəncam, onu zəruri edən şərtlər, bu sənəddən irəli gələn digər məsələlərlə bağlı "Kaspi”nin suallarını "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi  yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev cavablandırır.

- Əliməmməd müəllim, fevralın 10-da imzalanan sərəncamı necə dəyərləndirirsiniz?
- Sərəncam son 12 ildə pentensiar sahədə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı aparılan islahatların növbəti mərhələsinə start verir. Digər tərəfdən, bu sərəncamla nəzərdə tutulan yeniliklər bütünlüklə ölkədə aparılan islahatlar kontekstində də nəzərdən keçirilməlidir. Azərbaycanda siyasi, iqtisadi islahatlar həmahəng şəkildə aparılır, digər sahələrdəki dəyişikliklər də bu islahatları tamamlayır və inkişaf üçün yeni imkan və stimullar yaradır. Bu baxımdan, penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini nəzərdə tutan sözügedən sərəncam məhz zamanın ruhuna uyğundur.

- Sizcə, dövlət başçısının belə bir sərəncam imzalamasını zəruri edən şərtlər nədən ibarət idi?
- Azərbaycan bütün sahələrə yeniliklər, dinamizm və qabaqcıl standartlar gətirən islahatlar mərhələsindən keçir və cəza siyasətinin liberallaşdırılmasına da bu prizmadan yanaşılmalıdır. Penitensiar xidmətin fəaliyyəti və bütövlükdə cəzaların icrası sahəsində yeni islahatlar bir tərəfdən hazırda ictimai münasibətlərdə və cəmiyyətin həyatın bütün sahələrində baş verən sürətli dəyişikliklərlə şərtlənirsə, digər tərəfdən mövcud problemlərin səmərəli həllinə olan ehtiyac bunu zəruri edirdi. Bu baxımdan Cənab Prezidentin bu təşəbbüsü həm müasir dövrün tələblərini nəzərə alır, həm də mövcud problemlərin səmərəli həlli üçün yeni yanaşmalardan və qabaqcıl dünya təcrübəsindən yararlanmağı təqdim edir. Cənab Prezidentin bu addımı həm də, zamanında atılıb və pentensiar sahədə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı indiyədək əldə edilmiş təcrübədən effektiv yararlanmaq imkanı verir. Sərəncamın məzmununa nəzər salsaq, diqqətlə təhlil etsək görərik ki, burada həm cəmiyyətin, həm fərdin, həm də dövlətin maraqları nəzərə  alınıb. Uzun illərdir cəzaçəkmə müəssisələrində monitorinqlər aparan, penitensiar sistemin fəaliyyəti ilə yaxından tanış olan bir şəxs kimi qeyd edə bilərəm ki, sərəncamda mövcud problemlər çox aydın şəkildə göstərilib. 2016-cı il may ayına qədər, növbəti amnistiya verilən zamana kimi Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə, Avropada 4-cü yeri tuturdu. Məlumat üçün bildirim ki, 2016-cı il 8 mart tarixində Avropa Şurası Avropa ölkələrindəki həbsxanaların vəziyyəti ilə bağlı hesabatını açıqlamışdı. Hesabatda qeyd olunur ki,  əhalinin hər 100 min nəfərinə düşən məhbusların sayına görə Rusiyadan sonrakı yerləri 305 nəfərlə Litva, 240 nəfərlə Latviya, 238 nəfərlə Azərbaycan, 227,9 nəfərlə Gürcüstan, 225 nəfərlə Estoniya, 204 nəfərlə Ukrayna  tutur. Türkiyədə hər 100 min nəfərə düşən məhbus sayı 197,5, Moldovada 201,3, Polşada 203,5 nəfərdir. Avropa Şurasına üzv ölkələrdə hər 100 min nəfərə düşən məhbus sayı 124 nəfər təşkil edir. Hesabatda qeyd olunur ki, 2014-cü ilin məlumatına görə, Azərbaycanda azadlıqdan məhrum olunmuş şəxslərin sayı 22579 nəfər təşkil edib. Ümumilikdə isə Avropa ölkələrində 2011-ci ildən bəri cəzaçəkmə yerlərində hər 100 yerə düşən məhkum sayında azalma müşahidə olunur. 2001-ci ildə bu göstərici 99, 2013-cü ildə 96, 2014-cü ildə 94 olub. 2014-cü ildə Avropa Şurası ölkələrində hər 100 min nəfərə düşən məhbus sayı 124 nəfər təşkil edir. 2013-cü ildə isə bu göstərici 134 nəfər idi. Göründüyü kimi, Azərbaycan rəhbərliyi və müvafiq strukturlar zamanında bu problemə çevik reaksiya verdilər. Sərəncamda nəzərdə tutulan tədbirlər və Probasiya xidmətinin yaradılması bu problemi əhəmiyyətli dərəcədə həll etməyə imkan yaradacaq. 

- Sərəncamdan irəli gələrək, ibtidai istintaq orqanları və məhkəmələrin alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinə daha çox üstünlük verməsi hansı faydanı verəcək?
- Alternativ cəzaların tətbiqi ilk növbədə fərdin, vətəndaşın maraqlarını əsas tutmağa imkan verəcək. Bir qayda olaraq bütün cəmiyyət və dövlət cəza siyasətində kollektiv maraqların əsas tutulmasına çalışır və cəza siyasəti bunu uyğun həyata keçirilir. Amma alternativ cəzaların geniş tətbiqi məhz fərdin hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Obrazlı şəkildə deyə bilərik ki, alternativ cəzaların tətbiqi vətəndaş üçün daha humanist islah yolu təqdim edir. Sərəncamda daha çox bu məsələyə diqqət yetirilməsi çox mühümdür. Azərbaycan Prezidenti aydın mesaj verir ki, alternativ islah yolları hazırda dövlət üçün də prioritet olmalıdır. Yəni dövlət cəza siyasətində əvvəlki təcrübə ilə müqayisədə azadlığın sərhədlərini daha da genişləndirir. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qeyd etdiyi kimi, imzalanan sərəncam Prezident İlham Əliyev cənablarının humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Onun təəbirincə desək, bu sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir. Ümumiyyətlə, Ədliyyə Nazirliyi, Penitensiar Xidmət hər zaman cəzaların icrası sahəsində mütərəqqi yeniliklərə açıq olub. Bu vaxta qədər bu sahədə çoxşaxəli islahatlar həyata keçirilib, səmərəli ictimai nəzarət sistemi tətbiq olunub. Həm qanunvericiliyin təkmilləşdirilməsi, həmdə institusional sahədə yeniliklər tətbiq edilib. Bu sərəncam isə indiyə qədər görülən işlərin davam etdirilməsi, yeni islahatlar üçün çox yaxşı imkanlar verir və vəzifələr müəyyənləşdirir.

- Alternativ cəza sisteminin tətbiqi dövlətə də iqtisadi baxımdan hər hansı dvident gətirirmi?
- Məhbus sayının artması eyni zamanda iqtisadi problem kimi də nəzərdən keçirilməlidir. Azərbaycanda hər il təxminən 80 milyon manatdan çox maliyyə vəsaiti yalnız məhbusların saxlanmasına sərf edilir. Bura Penitensiar Xidmətin institusional xərcləri aid deyil. Bu məbləğə yalnız məhbusların qidalanması, geyimi, məişət şəraiti üçün və sair çəkilən xərclər daxildir. Avropa həbsxanalarında hər məhbus üçün gündəlik ayrılan məbləğ 99.1 avrodan 96.7 avroya qədər azalıb. 2012-ci ilin məlumatına görə, Rusiyada gündəlik hər məhkum üçün 2.2 avro, Belarusda isə 2011-ci ildə 1.48 avro, Qırğızıstanda 2014-cü ildə 1.55 avro xərclənib. Qazaxıstanda isə bu məbləğ 5 avrodan çoxdur. Yəni alternativ cəza sisteminin səmrəli işləməsi iqtisadi baxımdan da faydalıdır.

- Sərəncamdan irəli gələn vəzifələrin reallaşdırılması Pentensiar Xidmətin fəaliyyətinə necə təsir göstərəcək?
- Sərəncamda qeyd olunan mühüm məsələlərdən biri də məhz Pentensiar Xidmətin fəaliyyətində nəzərdə tutulan islahatlardır. Bu zaman da yeni yanaşma tətbiq olunur.  İslahatlar Penitensiar Xidmətə öz fəaliyyətini müasir tələblərə uyğun şəkildə qurmağa imkan verəcək. Sərəncamda, xüsusilə alternativ cəzaların çəkilməsi ilə bağlı səmərəli nəzarət sisteminin yaradılmasının vacibliyi vurğulanıb. Cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması ilə bağlı tədbirlərin görülməsinin planlaşdırılması da çox mühümdür. Eyni zamanda, alternativ cəzaların tətbiq edilməsi halları genişləndikcə, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzalara məhkum edilən şəxslərin böyük kontingenti yaranacaq. Bu sistemin idarə olunması, islah sisteminin səmərəli işləməsi üçün də müvafiq olaraq tədbirlər görüləcək. Şübhəsiz ki, Probasiya xidməti məhz bu sistemi idarə edəcək, məntəqə tipli Cəzaçəkmə müəssisələri yeni formatda fəaliyyət göstərməli olacaqlar,  məhkumların əməyə daha çox cəlb edilməsinin genişlənməsi ehtiyacı yaranacaq. Bütün bunlar üçün də müasir həll variantları təklif edilir. Xüsusən bizneslə əməkdaşlıq imkanları yaranacaq.  İKT-nin tətbiqi isə insan hüquq və azadlıqlarını pozmadan, ləyaqətli rəftar standartları çərçivəsində nəzarəti həyata keçirməyə imkan verəcək. Probasiya xidmətinin yaranması sosial inteqrasiya tədbirlərinin daha effektiv görülməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, adaptasiyası tədbirlərini həyata keçirməyə imkan verəcək. Bunun fəlsəfəsində cəmiyyət və dövlətin çətin həyat şəraitinə düşən, bundan irəli gələrək səhv buraxan insanların daha humanist yolla islahına nail olmaqdır. 

- Siz probasiya xidmətinin yaranması məsələsinə toxundunuz. Zəhmət olmasa, bu məqamın üzərində dayanaraq bir qədər ətraflı izah verərdiniz. Probasiya tədbirlərinin mahiyyəti nədir, nədən ibarətdir?
- Probasiya tədbirləri ilk növbədə profilaktika deməkdir. Yəni səhv edən vətəndaşlar alternativ cəzaların köməyi ilə islah edilir. Bunun üçün dəmir barmaqlıqlar arxasında oturmağa ehtiyac qalmır. Probasiya tədbirləri insanı cəmiyyətdən təcrid etmədən onun islahına imkan yaradır. Ekspert araşdırmalarına görə, azadlıqdan məhrumetmə qətimkan tədbiri seçilmədən islah tədbirləri dövlətə 5 dəfə ucuz başa gəlir. Eyni zamanda, bu tədbirlər cəza verilən şəxslər üçün cəmiyyətin xeyrinə işləmək və fayda vermək şansı da yaradır. Probasiya xidmətinin yaradılması cəzanı cəmiyyət və cəza təyin edilmiş şəxsin özü üçün yenidən tərbiyəyə çevirməyə imkan yaradır. Şübhəsiz ki, bütün bu addımlar məhz toplumun maraqlarına xidmət edir, cəmiyyətdə humanist dəyərlərin möhkəmlənməsini şərtləndirir. Humanist dəyərlər isə tərəqqinin, inkişafın, ən başlıcası sosial ədalətin  təməlini təşkil edir.  

- Sizcə probasiya tədbirlərini arzuedilən səviyyədə həyata keçirmək mümkün olacaqmı?
- Probasiya mürəkkəb sosial-hüquqi institutdur və onun səmərəli işləməsi üçün kompleks yanaşma tələb olunur. Prezident sərəncamı məhz kompleks tədbirlər nəzərdə tutur və bu sənədin üstünlüklərindən biri də məhz budur. İlk növbədə normativ hüquqi baza yəqin ki, yenidən nəzərdən keçirilməlidir. Məhkəmə sistemi cəzaların təyin edilməsi praktikasında doğurdan da çox ciddi dəyişiklik etməlidir. Prezident sərəncamında məhkəmələrə tövsiyə hissəsində bu məsələlər çox aydın və detallı şəkildə əksini tapıb. Hakimlərimizdən çox böyük peşəkarlıq, həm də deyərdim ki, cəsarət və humanizmin birgə istifadəsi tələb olunacaq. Məhkəmə sistemi, hakimlərimiz elə praktika gətirməlidirlər ki, Prezident sərəncamında nəzərdə tutulan hədəflərə tam çata bilək. Eyni zamanda, məhkəmə araşdırması da daha ciddi aparılacaq və hakimlərimizin məsuliyyətinin artacağını da söyləyə bilərik. Digər tərəfdən, Probasiya xidmətinin tətbiqi hər şeydən əvvəl ixtisaslaşmış kadrlar hazırlanmasını zəruri edir. Çünki probasiya sistemi daha çox fərdi islahı və hər bir məhkuma indivudal yanaşmanı əsas tutur. Probasiya sistemi elə işləməlidir ki, cəza və mükafatlandırma tədbirlərində tarazlıq gözlənilsin. Eyni zamanda, subyektiv yanaşma hallarının qarşısı alınsın. Statistika və uçotun aparılması, məlumatların toplanmasının effektiv sistemi də tələb olunmalıdır ki, tədbirlərinin necə səmərə verməsini görmək mümkün olsun. Bütün bunların reallaşdırılması ilə ictimai nəzarətin də əhəmiyyəti çox yüksələcək. Belə ki, bu yeni sistemin necə işləməsi və mümkün nöqsanların aradan qaldırılması üçün ictimai nəzarət çox mühüm alət kimi çıxış edəcək.
 
Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022