• çərşənbə, 24 Aprel, 05:21
  • Baku Bakı 14°C

“Dövlət başçısının siyasi iradəsi “əfsanələri” reallığa çevirdi”

06.06.18 09:30 947
“Dövlət başçısının siyasi iradəsi “əfsanələri” reallığa çevirdi”
Azərbaycan Cənubi Qafqaz regionunda 20 ildən artıqdır ki, öz liderliyini qoruyub saxlayır. 1994-cü ildə Azərbaycanın təşəbbüsü ilə imzalanan "Əsrin müqaviləsi” sazişi region, o cümlədən dünyanın aparıcı dövlətləri üçün yeni siyasi və iqtisadi imkanların əsası oldu. Onun ardınca reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri isə Azərbaycanın qarşıdakı illərdə daha böyük layihələrə imza atacağından xəbər verirdi.

Cənub Qaz Dəhlizinin istismara verilməsi isə reallaşdırılan sonuncu layihə kimi qiymətləndirilə bilər. Amma vaxtilə istər region ölkələri, istərsə də beynəlxalq güclər Azərbaycanın təşəbbüskarı olduğu və imza atdığı layihələrin reallaşmasına inanmırdılar. Lakin son 15 ildə prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu uğurlara nail oldu.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirovbildirdi ki, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulan, həmçinin regionun lider dövləti olan Azərbaycanın siyasi, iqtisadi iradəsi və qazandığı zəngin təcrübə sayəsində ərsəyə gələn iri infrastruktur layihələri ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldir, mövqeyini möhkəmləndirir. Onun sözlərinə görə, bir neçə gün əvvəl açılışı keçirilmiş Cənub Qaz Dəhlizi də belə layihələrdəndir: "Mütəxəssislərin meqalayihə hesab etdikləri bu layihə həm Azərbaycan, həm də Avropa üçün geosiyasi əhəmiyyətə malikdir. Azərbaycan dünya miqyasında böyük dövlət olmasa da, sözünün çəkisi və mənası böyükdür. Son illər beynəlxalq əhəmiyyətli iri infrastruktur layihələrinin reallaşdırılması da bundan xəbər verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və bir neçə gün əvvəl təntənəli açılışı olmuş Cənub Qaz Dəhlizi kəməri ölkəmizin dünya miqyasındakı nüfuzunun daha da artmasına təsir göstərən layihələrdir. Yəni bunlar, əslində miqyasına görə elə də böyük olmayan Azərbaycan dövlətinin sözünün çox böyük çəkiyə malik olduğunu təsdiqləyir. Ölkəmiz hansı layihə və təşəbbüslə çıxış edirsə, bu, mütləq öz məntiqi həllini tapır. Bu nöqteyi-nəzərdən, xatırlatmaq istərdim ki, bir vaxtlar "Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və digər layihələri əfsanə, xəyal hesab edirdilər. Ancaq dövlət başçımızın siyasi iradəsi, qətiyyəti bu "əfsanələri” reallığa çevirdi. Zənnimcə, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasına da bu məntiqdən yanaşmaq lazımdır”.

E.Nəsirov qeyd etdi ki, Cənub Qaz Dəhlizi kəmərinin rəsmi açılışı Azərbaycanın nəhəng bir layihənin təsəbbüşkarı kimi çıxış etməsini dünyaya göstərdi: "Təbii ki, belə bir layihəni təkbaşına həyata keçirmək mümkün deyildi. Çox mürəkkəb iqtisadi, texniki xüsusiyyətlərə malik olan bu layihənin həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığa nail olmaq, etibar qazanmaq lazım idi. Belə nəhəng layihələrin reallaşması ilk növbədə, Azərbaycan dövlətinin, prezidentinin siyasi iradəsi, qətiyyəti sayəsində mümkün olub. Eyni zamanda, ölkəmizə dünya miqyasında böyük etimadın nəticəsidir. Hazırda beynəlxalq aləmdə Azərbaycana böyük etimad və inam var. Bununla yanaşı, respublikamız dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. 1994-cü ildə ulu öndər Heydər Əliyevin müstəsna xidməti sayəsində "Əsrin müqaviləsi” imzalandı. O vaxtdan indiyədək 34, ümumilikdə Azərbaycanın iştirakı ilə 35 beynəlxalq neft müqaviləsi imzalanıb. Bunların hamısı Azərbaycan parlamentində ratifikasiya olunub. Bu, son dərəcə ciddi zəmanət deməkdir. Bizimlə əməkdaşlıq edən dövlətlərdə, iri şirkətlərdə bir inam yaranır ki, Azərbaycanla bu sahədə əməkdaşlığa dəyər. Azərbaycanın təşəbbüskarı olduğu bu layihə digər layihələr kimi, hansısa bir tərəfi hədəfə almır. Bu, sırf əməkdaşlıq, tərəfdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması, həqiqətən də növbəti dəfə Azərbaycanın gücünü, potensialını göstərdi. Bir daha məlum oldu ki, Azərbaycanın təşəbbüsü ilə başlanan istənilən layihədə bütün tərəflər uduşlu vəziyyətdə olur”.

Millət vəkili, iqtisadçı Tahir Mirkişili bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsi dünyanın ən böyük qaz ixracı layihələrindən biridir: "Eyni zamanda "Şahdəniz” yatağından hasil olunan qaz və həmçinin onun həcmi, o cümlədən bu yatağın özü dünyada ən böyük qaz ehtiyatlarına sahib olan yataqlardan biridir. Bu baxımdan Xəzərin qaz ehtiyatlarının Avropaya çatdırılması həm region, həm də Azərbaycan üçün iqtisadi və geosiyasi əhəmiyyət daşısa da, Avropa İttifaqının özü üçün enerji təhlükəsizliyinin təmin edilməsində və rəqabətli qiymət əldə etməkdə həyati əhəmiyyət kəsb edir. Çünki məhz Avropanın cənub və cənub-şərq hissəsindəki ölkələrə Azərbaycan qazını çatdırmağı nəzərdə tutan Cənub Qaz Dəhlizi bu ölkələrin qazla təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək. Layihənin Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz Boru Kəməri layihəsi tam icra olunmuş vəziyyətdədir. Türkiyə ərazisindən keçən TANAP layihəsinin də bu ay işə düşəcəyi ilə bağlı məlumatlar verilib. O cümlədən qısa müddətdən sonra TAP layihəsinin işə düşməsi ilə mavi yanacağın 2020-ci ildə Avropa bazarlarına çatdırılması nəzərdə tutulur. Layihə elə planlaşdırılıb ki, boru kəmərləri sonradan öz ixrac həcmini iki dəfəyə yaxın artıra biləcək”.

T.Mirkişili əlavə etdi ki, Cənub Qaz Dəhlizi vasitəsilə ilə ilkin olaraq 16 milyard kubmetrdən çox qazın ixrac olunması nəzərdə tutulur: "Daha sonra isə boru kəmərləri ilə ixrac olunan qazın həcminin illik 30 milyard kubmetrə çatdırılması planlaşdırılır. Avropa İttifaqının cənub və cənub-şərq ölkələrinin illik tələbatı hazırda 30 milyard kubmetrə yaxındır. Qeyd edilən ölkələr üzrə 2025-ci ildə tələbatın 44 milyard, 2030-cu ildə isə 50 milyard kubmetr olacağı proqnozlaşdırılır ki, bu da əslində Azərbaycan qazı üçün iqtisadi cəhətdən böyük bazarın açılması deməkdir.Düşünürəm ki, ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsinin uğurlu tamamlanması həm Azərbaycanın nüfuzunun, iqtisadi imkanlarının, həm dövlət başçısının siyasi nüfuzunun, həm də Azərbaycan-Avropa İttifaqı, Azərbaycan-Gürcüstan-Türkiyə yüksək əməkdaşlığının bariz nümunəsidir”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər