• cümə, 29 Mart, 14:47
  • Baku Bakı 14°C

Dövlət başçısı: “Sənaye zonalarının yaradılması prosesi Azərbaycanda geniş vüsət alıb”

15.12.17 16:53 2750
Dövlət başçısı: “Sənaye zonalarının yaradılması prosesi Azərbaycanda geniş vüsət alıb”
"Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentiİlham ƏliyevSumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olarkən deyib.

"Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir - həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik. O ki qaldı, sənaye zonalarının yaradılmasına, bu proses ölkəmizdə geniş vüsət alıb. Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayıb, Hacıqabul, Masallı, Sabirabad rayonlarında oxşar zonalar yaradılır. Mingəçevir Yüngül Sənaye Parkında birinci böyük fabrikin açılışı gələn ilin əvvəlində nəzərdə tutulur. Yəni, Azərbaycanda sənayeləşmə prosesi sürətlə gedir. Bunun təməlində bizim siyasətimiz, xarici və yerli investorların inamı dayanır. Çünki ancaq sabit olan ölkələrə investisiya cəlb olunur. Azərbaycan o ölkələrdəndir ki, çox gözəl beynəlxalq nüfuza malikdir, iqtisadi cəhətdən uğurla inkişaf edir. Davos Forumunun hesablamalarına görə, ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə biz 35-ci yerdəyik. Bu gün Sumqayıtda bu 7 müəssisənin, bundan əlavə, bu müəssisələri qidalandıran yarımstansiyaların fəaliyyətə başlaması bizim düzgün siyasətimizi bir daha göstərir və biz 2017-ci ili uğurla başa vururuq”, - deyə o vurğulayıb.

Prezident bildirib ki, Sumqayıtın ümumi inkişafı onu çox sevindirir: "Mən on səkkizinci dəfədir ki, Sumqayıtda səfərdəyəm. Bu il ikinci dəfədir ki, gəlmişəm. Şəhərdə bütün infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir. Fasiləsiz içməli su ilə təminat 94 faizə çatıb, qazlaşma 100 faizdir, elektrik enerjisi ilə heç bir problem yoxdur, yeni yollar salınır. Biz bu il Bilgəh-Sumqayıt sahilboyu yeni yolun salınmasını təmin etdik. Sosial obyektlər, məktəblər, xəstəxanalar, Olimpiya kompleksi, Paralimpiya mərkəzi, "ASAN xidmət” mərkəzi yaradılıb. Bu gün biz "Kimyaçı” Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışını qeyd edəcəyik. Yəni, həm sosial, həm iqtisadi sahədə, sənaye sahəsində çox böyük inkişaf var. Sumqayıt bulvarı isə, - mən bunu bulvarın açılışında da demişəm”, - bir möcüzədir. Çünki qısa müddət ərzində belə bulvarın salınması doğrudan da çox böyük hadisədir. İnsanların rahat yaşaması, işlə təmin olunması üçün bütün işlər görülür. Bir daha demək istəyirəm ki, Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir. Bir məsələni də qeyd etməliyəm ki, bütün müəssisələr ən yüksək ekoloji standartlara malikdir. Bunu mən xüsusi tapşırmışdım. Çünki bilirsiniz ki, vaxtilə Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi. Hətta bütün beynəlxalq reytinqlərdə dünyanın ekoloji cəhətdən ən problemli şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt ekoloji cəhətdən bəlkə də ən gözəl və təmiz şəhərlərdən biridir. Bax, biz buna nail ola bilmişik. Buna görə Sumqayıtın ekoloji vəziyyətinin daim yaxşılaşdırılması diqqət mərkəzindədir və bu gün buranın təmizhavası, gözəl iqlimi əminəm ki, sumqayıtlılar üçün də çox önəmlidir”.

Prezident böyük imkanlara malik olan Data Mərkəzinin açılmasından da danışıb: "Bu, dünyanın ən son texnologiyalarına əsaslanan mərkəzdir. Azərbaycan bu sahədə də dünya miqyasında liderlik nümayiş etdirir. Bildiyiniz kimi, blokçeyn texnologiyası bu gün dünyada çox böyük diqqətə malik olan bir sahədir. Bir çox ölkələr, şirkətlər bu texnologiyanı öz ölkələrinə gətirmək üçün çalışırlar, fəaliyyət göstərirlər. Burada da Azərbaycan ön sıralardadır. Belə böyük və müasir, bütün dünya standartlarına cavab verən Data Mərkəzinin yaradılması onu göstərir ki, biz gələcəyə baxırıq, biz ölkəmizi dünyada gedən mütərəqqi proseslərə uyğun şəkildə inkişaf etdiririk. Bu, həm elm mərkəzidir, həm sənaye müəssisəsidir və həm də böyük biznes sahəsidir. Bir sözlə, bir gündə Sumqayıtda, görün, yeddi müəssisəyə təkan verilir, onların fəaliyyəti təmin edilir. Əgər biz Sumqayıt Kimya Parkının digər rezidentlərini də əlavə etsək, görərik ki, bu, doğrudan da dünya miqyasında böyük bir sənaye mərkəzidir. Çünki hazırda "SOCAR Polymer” və karbamid zavodlarının tikintisi davam edir. Bu iki layihənin ümumi sərmayə həcmi 1 milyard 700 milyon dollardır. Bu, bizə imkan verəcək ki, həm yerli istehsalı, yerli xammalı təmin edək, həm də ki, böyük ixrac imkanları yaradılacaq. Qeyd etdiyim kimi, bu sənaye parkında bütövlükdə 15 rezident var. Həm xarici, həm də daxili investorlar burada fəaliyyət göstərirlər. Əgər biz vaxtında bu qərarı qəbul etməsəydik və dövlət öz tərəfindən bütün lazımi tədbirləri görməsəydi, o cümlədən maliyyə dəstəyini göstərməsəydi, əlbəttə ki, bu gün bu park da olmayacaqdı və biz bu gözəl imkanlardan məhrum ola bilərdik. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti gələcəkdə daha da genişləndiriləcəkdir. Burada böyük ərazilər var, yeni layihələr təqdim olunur, yeni layihələr nəzərdən keçirilir. Ona görə bu parkın çox böyük gələcəyi var”.
banner

Oxşar Xəbərlər