• cümə, 29 Mart, 00:43
  • Baku Bakı 7°C

Dövlət başçısı: “Rayonlarda sənaye zonalarının yaradılması yaxşı nəticə verəcək”

09.10.17 20:11 1397
Dövlət başçısı: “Rayonlarda sənaye zonalarının yaradılması yaxşı nəticə verəcək”
"Sənaye zonalarının yaradılması artıq reallaşır. Mən bu barədə bir neçə il bundan əvvəlki müşavirələrdə də demişdim ki, hər rayonda müasir sənaye zonaları yaradılmalıdır. Biz artıq buna da nail oluruq. Bu yaxınlarda Neftçala Sənaye Məhəlləsinin açılışı oldu. Balaxanıda, Masallıda sənaye zonaları yaradılır. Mingəçevirdə böyük tekstilyönümlü yüngül sənaye zonası yaradılır. Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılır”.

APA-nın xəbərinə görə, bunu prezidentİlham ƏliyevNazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

"İqtisadiyyat Nazirliyinə göstəriş verilib ki, gələn il də bir neçə rayonda sənaye zonalarının yaradılması ilə bağlı praktiki işlər başlasın. Neftçala rayonunda və digər rayonlarda olduğu kimi, burada da dövlət yenə də əsas yükü öz üzərinə götürəcək. Bütün infrastruktur, bütün tikililər - anbarların, istehsalat sahələrinin binaları dövlət tərəfindən inşa ediləcək. Qoy, sahibkarlar təkliflər versinlər, bazarın düzgün monitorinqini aparsınlar. Xüsusilə o sahələrə üstünlük verilməlidir ki, biz o sahələrdə hələ idxaldan asılıyıq. Yəni, birinci növbədə idxal təhlil edilməli və idxalı əvəzləyən məhsulların istehsalı ilə bağlı təkliflər verilməlidir. Bununla bərabər, əlbəttə ki, ixrac potensialı olan istehsalın yaradılması da diqqət mərkəzində olmalıdır. Yəni, daxili tələbat və ixrac sənaye zonalarının əsas meyarları olmalıdır. Ona görə, ixrac bazarları da düzgün təhlil edilməlidir ki, biz hansı məhsulla hansı bazara çıxa bilərik. Elə olmasın ki, belə zonalar yaradılsın, orada məhsul istehsal olunsun, sonra da onu sata bilməsinlər. Əlbəttə ki, sahibkarlar da bu işlərdə çox fəal iştirak etməlidirlər - həm bölgələrdə, həm də Bakıda yaşayan sahibkarlar. Bu zonaların çox böyük potensialı var. Çünki bizim, - mən bu barədə dəfələrlə demişəm, - bir neçə ənənəvi sənaye mərkəzimiz var - Bakı, Sumqayıt, Gəncə, indi Mingəçevir şəhərləri və digər bölgələr. Hesab edirəm ki, əksər rayonlarda sənaye zonalarının yaradılması yaxşı nəticə verəcək”, - deyə o vurğulayıb.

Dövlət başçısı onu da qeyd edib ki, ölkədə 38 aqroparkın yaradılması prosesi gedir: "Onlardan ikisi artıq fəaliyyət göstərir. Qalan aqroparklarda işlər gedir. Bu işlər tam nəzarət altındadır, mənə müntəzəm olaraq məlumat verilir. Hesab edirəm ki, bu aqroparkların uğurlu fəaliyyəti bizim bütün sahibkarların diqqətini cəlb edəcək. Bu, həm sahibkarlar, həm dövlət, həm də bizim valyuta ehtiyatlarımızın artırılması üçün çox gəlirli sahədir”.
banner

Oxşar Xəbərlər