• çərşənbə axşamı, 19 mart, 05:59
  • Baku Bakı 9°C

Dövlət başçısı: “Ölkəmizə gələn qonaqların sayı bu ilin iki ayında 12 faiz artıb”

19.03.18 14:50 458
Dövlət başçısı: “Ölkəmizə gələn qonaqların sayı bu ilin iki ayında 12 faiz artıb”
"Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakıya gələn hər bir qonaq bunu qeyd edir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentiİlham Əliyevbu gün Bakıda Novruz münasibətilə ümumxalq şənliyində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu gün Bakı gözəlliyi, tarixi, insanların qonaqpərvərliyi baxımından turistlər üçün ən cəlbedici istiqamətlərdən birinə çevrilib: "Ölkəmizə gələn turistlərin artan sayı bunun gözəl sübutudur. Gələn qonaqların sayı 2016-cı ildə 24 faiz, 2017-ci ildə 20 faiz, bu ilin iki ayında isə 12 faiz artıb. Hər bir gələn qonaq əlbəttə ki, Bakının gözəlliyini etiraf edir, bunu görür, sonra sosial şəbəkələrdə öz çəkdiyi kadrları paylaşır. Bakı bizim qürur mənbəyimizdir, bizim tarixi şəhərimizdir, qədimliyi ilə müasirliyi özündə birləşdirən nadir şəhərlərdən biridir. Bakının inkişafı, gözəlləşdirilməsi, müasir infrastrukturunun yaradılması üçün bundan sonra da əlavə tədbirlər görüləcək.
Biz indi qədim Qız qalasının önündə bu bayramı qeyd edirik. Qız qalası Bakının qədim rəmzidir və bizim böyük tarixi abidəmizdir. Ancaq, eyni zamanda, bu gün Bakının müasir rəmzləri də vardır. Onların arasındaHeydər Əliyev Mərkəzidünyanın ən gözəl binalarından biridir və bunu müxtəlif sorğular, reytinqlər təsdiqləyir. Alov Qüllələri həm Bakının rəmzini - alovu əks etdirir, eyni zamanda, göylərə ucalan binalar Azərbaycanın inkişafını göstərir və Bakıya əlavə gözəllik verir. Vaxtilə 3,5 kilometr olan bizim tarixi bulvarımızın uzunluğu indi 16 kilometrə çatıbdır və hər yer abadlaşıb, gözəlləşib. Hesab edirəm ki, bu, dünya miqyasında nadir istirahət və gəzinti zonasıdır. Yeni yollar, parklar, xiyabanlar salınır. Bakı bu gün parklar, bağlar şəhəridir.
Bakının ekoloji vəziyyəti yaxşılaşır. Vaxtilə şəhərimizinhavasını çirkləndirən Balaxanı zibilxanası tamamilə aradan götürülübdür, indi park salınıbdır. Böyükşor gölü. Onun bir hissəsi, birinci mərhələsi tamamlanıb və təmizlənib. Bibiheybət buruqları ekoloji fəlakət mənzərəsi idi. Bu gün orada park, idman şəhərciyi salınıb. Bakının o hissəsi ilə bağlı bizim əlavə planlarımız var. Yeni yollar salınıb. Vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş binalar sökülür, vətəndaşlara kompensasiya ödənilir və həmin binaların yerində yeni ictimai zonalar yaradılır. Yəni, Bakının gələcək inkişafı ilə bağlı bizim böyük planlarımız var. Bakının nəqliyyat problemləri də həll olunur. Bakıda onlarla körpü, yol qovşağı tikilmişdir. Əgər vaxtilə tikilməsəydi, biz indi tıxacdan hərəkət edə bilməzdik. Şəhərimizin gələcək hərtərəfli inkişaf planı da diqqət mərkəzindədir. Şəhərimizin hər bir yerində abadlıq işləri getməlidir və əminəm ki, gedəcək.
Biz bu gözəl bayramı gözəl nəticələrlə, yaxşı əhval-ruhiyyə ilə qarşılayırıq. Əminəm ki, 2018-ci il də, ondan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq. Azərbaycan uğurla inkişaf edəcək, qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkəmiz bundan sonra da bir çox ölkələr üçün nümunə olacaq.
Sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn gözəl bayram münasibətilə bir daha təbrik edirəm, bütün Azərbaycan xalqına uğurlar, cansağlığı, əmin-amanlıq və sülh arzulayıram”.
banner

Oxşar Xəbərlər