• cümə axşamı, 25 aprel, 06:00
  • Baku Bakı 14°C

Duyğuları anlamaqda və ifadə etməkdə problem yaşayanlar

26.07.13 09:10 3326
Duyğuları anlamaqda və ifadə etməkdə problem yaşayanlar
Autizm həyatın ilk üç ili ərzində meydana çıxan və bütün həyat boyu davam edən, ictimai qarşılıqlı münasibətlər, sosiallaşma, dil, ünsiyyət sahələrində problemlər, təkrarlayıcı davranış və məhdud maraq dairəsi ilə xarakterizə olunan inkişaf pozuntusudur.
Psixoloq Tünzalə Verdiyeva bizə söylədi ki, autizmli fərdlər ilk vaxtlar insanlarla sosial qaşılıqlı münasibətlər qura bilmədikləri, ünsiyyətə girmədikləri üçün insanlar onlarda əqli inkişaf geriliyi olduğunu düşünür. Lakin hər autist fərd əqli inkişafdan geri qalmır: “Bu o demək deyil ki, autist insanların hamısı əqli inkişaf cəhətdən normal olurlar. Ümumi statistikaya nəzər saldıqda müəyyən olur ki, autizm diaqnozlu fərdlərin təxminən 10-15%-i normal və normadan yüksək əqli inkişaf səviyyəsinə, 25-35%-i yüngül əqli inkişaf geriliyinə malikdir. Geriyə qalanların əqli inkişaf səviyyəsi isə orta və ağır dərəcədədir”.
Araşdırmalar göstərir ki, autizmin görülmə nisbəti oğlanlarda qızlara nisbətən 3-5 dəfə çoxdur. Autizmə qəti olaraq nəyin səbəb olduğu isə hələ də bilinmir:
- Dünyanın istənilən ölkəsində, istənilən mədəniyyət səviyyəsində, istənilən yaşda insanlar autist bir uşağa sahib ola bilər.
- Autizm, uşaq ana bətnində ikən aşkar edilə bilən bir problem deyil.
- Uşaq sahibi olmağı istəyib-istəməmək, valideynin uşağına yaxınlıq göstərib-göstərməməsinin, yoldaşını sevib-sevməməsinin uşağın autist olmasına heç bir əlaqəsi və ya təsiri yoxdur.
Psixoloq dedi ki, bu diaqnoz autist uşağın davranışları sistematik olaraq müşahidə edildikdən və ailədən uşağın inkişafına dair məlumat alındıqdan sonra qoyulur. Onun sözlərinə görə, autizmin oğlan uşaqlarında daha çox olması, bəzi genetik xəstəliklərdə autizm əlamətlərinin meydana çıxması, autizmin genetik olduğu fikrini yaradır: “Autizmin genetik əsası hələ də tam olaraq öyrənilməyib. Lakin bəzi ailələrdə birdən çox autist uşağın olması autizmin genetik əsasının olması istiqamətindəki fərziyyələri gücləndirib. Belə ki, bir-birlərinə genetik olaraq eynilə bənzəyən əkizlərin autist olma ehtimalı 70%-dir. Bununla yanaşı, autist uşağı olan ailənin digər uşaqlarının da autist olma ehtimalı 5%-dir”.
Müasir dövrdə autizmin yaranma səbəblərindən ən çox araşdırılanı nevroloji-biokimyəvi istiqamətdir. Ümumiyyətlə, autizmin beyin quruluşundakı və ya funksiyalarındakı anormallıqlardan qaynaqlandığı fikri qəbul edilməkdədir. Nevroloji sahədə aparılan araşdırmalar göstərir ki, autist insanlarda beynin bir çox bölgələrində, xüsusən alın bölgəsində, beyincikdə və beyin yarımkürələrini əlaqələndirən sinirlərdə funksiya pozuntusu müşahidə olunur. Belə ki, 2-14 yaş arası autistlərlə aparılan tədqiqatlar göstərir ki, bu uşaqların beyinlərinin müəyyən bölgələrində, xüsusən xarici qıcıqların analiz edildiyi yollar və bölgələrdə anormallıqlar müəyyənləşdirilib. Bu da autist uşaqlarda müşahidə olunan duyğu problemləri ilə əlaqələndirilir. Eyni zamanda, autizmdə limbik sistemin də funksiyasının pozulduğu qeyd olunur. Bunun nəticəsində autist insanlarda sosiallaşma və emosional sahələrdə problemlər olur.
Autizmin əvvəllər zənn edildiyi kimi sevgi məhrumluğu, ünsiyyət əskikliyi ya da uşağın keçmiş yaşantısı ilə əlaqəli emosional problemlərlə bağlı olmadığı müəyyənləşdirilib. Sindromun mənbəyi psixoloji deyil, beyin disfunksiyası ilə bağlıdır. Autizm əslində fərdin sosial ətraf mühit ilə əlaqəni kəsərək özünə qapanması, digər insanlarla qarşılıqlı əlaqələrini onlar kimi davam etdirə bilməməsidir. Müsahibimiz vurğuladı ki, autizm doğuşdan gələn və bütün ömür boyu davam edən bir haldır. Sosial inkişaf geriliyi olan autist insanlar normal yaşıdları ilə sosial ünsiyyət yaratmaqda çətinlik çəkirlər. Duyğuları anlamaqda və ifadə etməkdə problem yaşayırlar. Digər insanlarla göz kontaktı qurmaqdan qaçır, ünsiyyətə cavab vermirlər. Qucaqlanmağa qarşı reaksiyasız olan autistlər bəzən buna mənfi reaksiya verirlər. Belə uşaqlarda sosial gülümsəmə çox gec inkişaf edə bilər.
Psixoloq onu da qeyd etdi ki, autist uşaqlar digər insanlardan məqsədlərinə çatmaq üçün bir vasitə, əşya kimi istifadə edə bilərlər. Autist uşaqların çoxu sözlərdən olduqca az istifadə edirlər. Eyni zamanda, dili ünsiyyət vasitəsi kimi istifadə etməzlər: “Autistik xüsusiyyətlər göstərən körpələrdə iki tip davranış forması müşahidə olunur. Bunlardan birincisində, fasiləsiz ağlamaq, narahatlıq, yuxu pozuntuları və uyğun olmayan davranışlar müşahidə olunur. Onlar adətən nadinc olaraq adlandırılan körpələrdir. İkinci qrupda olanlar isə, sakit, dinc, bütün gününü yataqda keçirən körpələrdir. Ac olanda belə ağlamamaları səbəbilə onlara baxmaq asan olsa da, anadan heç bir qayğı gözləməmələri, ətraflarına qarşı maraqsız olmaları valideynləri narahat edən xüsusiyyətlərdəndir. Bu əlamətlərə əlavə olaraq autistik xüsusiyyətlər göstərən körpələrin göz qabağından itən əşyanı axtarmadıqları və istəklərini ifadə etmək üçün işarə barmağı ilə bir şeyi göstərmədikləri müşahidə olunur”.
Normal bir körpə ilk üç aylıqda anasına baxmalı, anası onunla danışarkən gülümsəməli, qığıldamalıdır. Daha sonrakı aylarda isə hər fürsətdə qucağa alınmaq üçün qollarını qaldırmalı, insanlarla ünsiyyətə girməkdən xoşlanmalıdır. Həmçinin normal körpələr tək qaldıqda isə ağlayar, əsəbiləşər. Lakin autist uşaqlarda bunların tam əksi-qucağa alınmağa qarşı istəksizlik, qucağa alındıqda narahat olma və s. kimi hallar müşahidə olunur. Ümumiyyətlə, autist körpələr ətrafdakılarla ünsiyyət qurmaz və insanların danışıqlarına, ətrafındakı səslərə, cisimlərə, heyvanlara maraq göstərməzlər. Müsahibimiz deyir ki, məktəbəqədər dövr uşaqların xəyal gücü və yaradıcılıqlarının inkişafının ən yüksək səviyyədə olduğu dövrdür: “Bu dövrdə uşaqlar oyun oynamağa doymazlar. Ancaq autist uşaqlarda xəyal gücünün yetərsizliyinə bağlı olaraq yaradıcı və sosial oyunlar oynamaq bacarığının olmadığı müşahidə edilir. Bir oyuncaqla məqsədinə uyğun olaraq oynamırlar. Məsələn, oyuncaq bir maşınla oynayarkən onu həqiqi bir maşın modeli, özünü də həmin maşının sürücüsü olaraq təsəvvür etməzlər. Bəzən yalnız maşının təkərləri, ya da onun çıxardığı səslə maraqlanarlar”.
Üç - beş yaş dövrü autistik xüsusiyyətlərin ən diqqətə çarpan dövrüdür. Bu yaş dövründə uşaqda nitq tam formalaşır, sosial şəraitə adaptasiya gedir. Oyun, xüsusən də, sosial-rollu oyun aparıcı fəaliyyət növünə çevrilir. Körpəlik dövrünə nisbətən sosial bacarıqlar bu dövrdə daha yaxşı formalaşır. Buna görə də autizm diaqnozunun qoyulması üçün bu dövr çox əhəmiyyətlidir. Belə ki, bu dövrdə sosial inkişaf geriliyini aydın müşahidə etmək və autizmi digər problemlərdən ayırmaq daha asan olur: “Məktəb dövründə isə autist uşaqlar məhdud şəkildə olsa da, ətrafına və yaşıdlarına maraq göstərməyə başlaya bilərlər. Üç yaşında ikən bənzər xüsusiyyətlərə malik iki autist uşaqda məktəb dövrünə gəldikdə fərqli xüsusiyyətlər müşahidə etmək olar. Yəni, məktəb dövründə bu uşaqlardan biri dili ünsiyyət vasitəsi kimi heç istifadə etməzkən, digəri danışmağa başlaya bilər. Lakin bu nitq adətən məqsədsiz şəkildə olur. Autist uşaqların əksəriyyəti şəxs əvəzliklərindən düzgün istifadə etmir. Belə ki, özləri haqqında üçüncü bir şəxdən danışırmış kimi bəhs edərlər. Məsələn, “mən gəlirəm” ifadəsi əvəzinə “o gəlir” deyərlər”.
Autist uşaqlar yeniyetməlik dövrünü yaşıdları kimi keçirirlər. Bu uşaqların əksəriyyəti bu dövrü böyük problemlər yaşamırlar. Bu dövr bəzi autist uşaqlara müsbət təsir etdiyi halda, digərlərinə mənfi təsir göstərir. Belə ki, bəzi autist uşaqlarda ağırlaşma, yəni inkişafda geriləmə olur. Bəzən hətta nitqin itməsi və akademik bacarıqlarda nəzərəçarpan gerilik müşahidə olunur. Bəzi autist yeniyetmələr isə bu dövrdə öz vəziyyətlərini dərk edirlər və bunun nəticəsində onlarda depressiya halı müşahidə olunur: “Yeniyetməlik dövründə autist yeniyetmələr əks cinsə maraq göstərə bilərlər. Lakin bu marağı ifadə etmək tərzləri yaşıdlarından fərqlidir. Bu dövrdə autist insanların bəziləri özlərini ətraf mühitdən izolyasiya edirlər, autizmin və ya autistik yalnızlığın bütün əlamətlərini nümayiş etdirirlər. İnsanlardan uzaqlaşar, tənhalığı üstün tutarlar. Bu insanlar saatlarla otaqda tək başına qala bilərlər və bu zaman narahat edilmək istəməzlər. Tək qalmamaq üçün məcbur edildikdə çətinlik yaratmazlar. Ancaq tək başına buraxıldıqda öyrəndiklərini unudarlar. İnkişafları dayanar, hətta geriləmə müşahidə olunar”.
Psixoloq hesab edir ki, yeniyetməlik dövründən etibarən autist insanların bir peşəyə yönləndirilməsi və sosial həyata daxil edilməsi çox vacibdir. Peşə fəaliyyəti autist insanların rahat bir yetkinlik dövrü keçirmələrini asanlaşdırır.
T.Verdiyeva valideynlərə məsləhət görür ki, övladlarının autizm xəstəsi olduğunu dərhal qəbul etsinlər. Unutmasınlar ki, problemli bir uşağa sahib olmaq hər şeyin sonu demək deyil: “Valideynlərin bunu qəbul etməyi təxirə salması, problemi ortadan qaldırmayacaq. Əksinə, onlar daha sonra autizmi qəbul etmək üçün itirdikləri zamana görə kədərlənəcəklər. Belə ki, vəziyyəti erkən qəbul etmək valideyni uşağın nələri bacarmadığı istiqamətindəki mənfi düşüncələrdən ayıraraq, uşağın potensialına fokuslanmağa və erkən müdaxilə ilə bu potensialı aşkara çıxarmağa kömək edəcək. Autist uşağa erkən diaqnoz qoyulması və erkən müdaxilə uşağın daha sürətli inkişafını təmin edir”.
Qeyd edim ki, “Elmlər Akademiyası” metro stansiyasında bir reklam lövhəsi asılıb. Burada yazılıb ki, Ritm Danışıq Mərkəzi bir neçə uşaq xəstəliyi ilə yanaşı, autizmi də müalicə edir. Mərkəzlə əlaqə saxladıq. Bildirdilər ki, uşağı görmədən heç nə deyə bilməzlər: “20 manat ödəniş edin, uşağı müayinə edək. Bundan sonra uşağın sağalıb-sağalmayacağı haqda bir söz deyə bilərik”.
Mərkəzdən onu da bildirdilər ki, müalicə müddəti təxminən 1-2 ay çəkir. Bunun üçün nə qədər ödəniş lazım olduğunu isə uşağı gördükdən sonra deyə biləcəklərini söylədilər.
Tünzalə xanıma bu barədə məlumat verdik. O, təəssüflə dedi ki, dünyada autizmin müalicəsi hələ tapılmayıb. Yalnız hansısa proqramlarla uşağın beynini nisbətən inkişaf etdirmək olar. Lakin bu xəstəliyin müalicəsindən söhbət gedə bilməz: “Autist bir uşağa, nə qədər erkən yaşda diaqnoz qoyularsa və ehtiyacı olan xüsusi təhsilə nə qədər tez başlanarsa, həyat bacarıqlarına qovuşmaq şansı da o qədər arta bilər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər