• çərşənbə, 24 Aprel, 01:33
  • Baku Bakı 14°C

Düşüncə Mərkəzi düşünülmüş addım hesab olunmur

07.03.14 08:21 1444
Düşüncə Mərkəzi düşünülmüş addım hesab olunmur
Fəaliyyətinə xitam verilmiş İctimai Palatanın Koordinasiya Şurasının sabiq üzvü Zəfər Quliyev mətbuata digər üzvlərlə birgə Düşüncə Mərkəzi yaratdıqlarını açıqlayıb. Vurğulayıb ki, Koordinasiya Şurasının son iclasında İctimai Palatanın fəaliyyətinə xitam verilib və bundan sonra bütün iclaslarda iştirak edən, problemləri müzakirə edən bir komandanın Düşüncə Mərkəzi kimi fəaliyyət göstərməsinə qərar verilib.
Bu mövzuda fikirlərini qəzetimizə açıqlayan millət vəkili Zahid Oruc müxalifətin hazırda çox durğun bir dövr yaşadığını dedi: “Obrazlı şəkildə deyilir ki, Brejnev qatarın getməməsi barədə belə danışır - bizim gərəkən vaqonlarımız yoxdur, yolları çəkməmişik, heç relslər də yerində deyil, siz pərdələri tərpədin ki, qatarın getdiyi mənzərəsi yaransın. İndi belə vəziyyət bizim müxalif cinahda yaşanır. Adamdan soruşarlar ki, İctimai Palata adı nə qədər devalvasiyaya uğradı ki, siz bundan da imtina etdiniz. Yaratdıqları birlikləri Volodarski fabrikinin kostyumundan da tez dəyişirlər. Çox sürətli şəkildə zahiri libaslarını yeniləyirlər. Onlar haqda epitetlərlə danışmazdım, əgər ortaya ciddi fəaliyyət qoymuş olsaydılar. Sual versək ki, son yaratdıqları Düşüncə Mərkəzi İctimai Palata, yaxud Milli Şuradan nə ilə fərqlənir, onlar buna cavab verə bilməyəcəklər”.
Millət vəkili qeyd etdi ki, hər hansı birliyin yaranması üçün mütləq şəkildə siyasi ideya olmalıdır: “Tutarlı arqumentlər olur, komanda qurulur, cəmiyyətin müxtəlif dairələri quruma cəlb edilir. Daha sonra isə hakimiyyətin kursuna alternativ proqramlar təqdim olunur və dövləti idarə etmək uğrunda mübarizə aparılır. Tutaq ki, iqtidar bunlara müəyyən təzyiqlər göstərir, imkanlarını müəyyən qədər məhdudlaşdırır. Bəs onların özünün klub kimi normal, stabil bir əsasda birləşmələrinə kim mane olur? Milli Şuranın xarici ssenari əsasında ortaya gətirildiyi hamıya məlum oldu. Sonda da bu qurumu özləri dağıtdılar. İndi yenisini qurmaqla nəyəsə ümid edirlər? Heç olmasa, yaratdıqlarına cazibədar siyasi ad seçərdilər. Düşüncə Mərkəzi nədir? Deməli, Milli Şura və digərləri qeyri-düşüncə mərkəzi imiş. Onu da deyim ki, digər bir ad seçmiş olsaydılar belə, yenə də ciddi, siyasi dəyişiklik müşahidə edəcəyimizə inanmazdım. Bu qurumun Azərbaycan cəmiyyətinə, onun siyasi sisteminə heç bir təsiri olası deyil”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc əvvəlcə düşünməyin, sonra hansısa proyekti ortaya qoymağın lazım olduğunu bildirdi: “Keçənilki seçkilərdə məğlubiyyət yaşayandan, cəmiyyət tərəfindən dəstəklənmədikləri bir daha bilindikdən sonra yenidən bu cür təşkilat yaratmağa ehtiyac olmadığını düşünürəm. Hesab edirəm ki, son prezident seçkiləri onlar üçün bir fürsət idi. Heç nə qazana bilmədilərsə, deməli, bu dəfə də uğursuzluğa düçar olacaqlar. Xeyli sayda elektoratı itirdikdən sonra indi hansı düşüncə ilə bu addımı atdıqlarını demək çətindir. Bircə onu söyləyim ki, bu hərəkəti normal qarşılamadım. Çünki Milli Şurada çox geniş tərkib var idi. Hətta onların bəzi açıqlamaları cəmiyyətin müəyyən üzvləri tərəfindən dəstəklənmişdi. Guya bir yerdə olub, biri-birilərinə dəstək verməklə nəyəsə nail olacaqlarına söz verirdilər. Sonradan qurumun əsas qüvvələrinin böyük qismi oranı tərk etdi. Faktiki olaraq orada indi nə İslam Partiyası var, nə də Müsavat Partiyası. Lalə Şövkətlə Rəsul Quliyevin yaratdığı partiyaların da oranı çoxdan tərk etdiyindən xəbərdarsınız”.
Müsahibimiz bu qədər qüvvələrin birləşdiyi Milli Şuranın faktiki parçalanmış bir vəziyyətdə olduğunu əsas gətirərək Düşüncə Mərkəzinin də heç nəyə nail olmayacağını diqqətə çatdırdı: “Enerjisini daxili dartışmalara sərf edən təşkilatlar heç vaxt uğur qazanmayıblar. Bu dəfə də fərqli vəziyyət müşahidə olunmayacaq. Ümumiyyətlə, indiki mərhələdə belə fəaliyyət mənə aydın olmadı. Çünki hazırda prezident seçkisi dövrü deyil. Əsas vaxtda nəyəsə nail olmayanların bundan sonra ciddi iş ortaya qoyacaqları şübhə doğurur”.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev də həm İctimai Palatanın, həm də Milli Şuranın artıq tarixə qovuşduğunu, üzvlərin yeni mövqe ilə ortaya çıxacaqlarına inanmadığını söylədi: “Bundan sonra hansısa belə bir qurumun yaradılmasının əhəmiyyətsiz olduğunu düşünürəm. Siyasi fəallıq göstərmək lazımdır, amma bu şəkildə yox. Müəyyən məsələlərə öz fikrini bildirməklə, seçki vaxtı hansısa qurumu yaradıb siyasi proseslərə qoşulmaqla siyasətçi olduğunu iddia edə bilməzsən. Bu, bir cəhddir. Mən bunu normal qarşılayıram. İndiki şəraitdə adicə bir təşkilat qurmaqla və sadəcə fikir mübadiləsi aparmaqla “siyasi qurum yaratdıq” demək heç olmaz. Çünki bu cür söhbətlər onsuz da hər gün mətbuatda gedir. Hansısa məsələlər müzakirə olunur və əksəriyyət öz münasibətini bildirir. Ona görə əminəm ki, Düşüncə Mərkəzi də uğursuzluğa düçar olacaq. Məncə, onun yaranışı belə səhv addımdır və əhəmiyyətsiz təşkilat olduğu qısa zamanda hər kəsə bəlli olacaq. Sadəcə, bir layihə kimi pulları sifarişçilərdən alacaqlar, bir neçə aydan sonra isə tarixə qovuşacaqlar”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər