• çərşənbə axşamı, 19 mart, 10:00
  • Baku Bakı 8°C

“Düstur əzbərlətməyi sevən müəllimlərdən deyiləm” - Örnək

19.10.19 10:00 4926
“Düstur əzbərlətməyi sevən müəllimlərdən deyiləm” - Örnək
Deyir ki, hələ şagird olarkən riyaziyyat fənnini sevməyə başlayıb. Ailənin də bu sevgidə müəyyən payı olur, ancaq o özü istədiyi üçün riyaziyyat muellimi olmağı qərarlaşdırır. Nəhayət, sevdiyi ixtisasa qəbul olunur və arzusunu reallaşdırır. Bu yaxınlarda "Erasmus+” mübadilə proqramı vasitəsilə İngiltərənin Keele universitetində təcrübə keçən həmsöhbətim sözügedən universitetdə öz tədqiqat işini aparıb. Müsahibim Bakı Mühəndislik Universitetinin riyaziyyat kafedrasının müəllimi və dissertantı Süheyla Bəhlulzadədir.
Keçmiş Qafqaz Universitetinin riyaziyyat fakültəsindən məzun olan Süheyla xanım magistr təhsilini Bakı Mühəndislik Universitetinin differensial tənliklər ixtisası üzrə alıb. Gənc tədqiqatçı deyir ki, riyaziyyata sevgisinin yaranmasında ailədəki mühitin böyük rolu olub: "Riyaziyyata marağımın yaranmasında valideynlərimin də təsiri olub. Atam və anam texniki elmlər üzrə ixtisaslaşıblar. Belə demək olarsa, bu elmə ailəlikcə marağımız var. Hələ məktəbdə oxuyarkən riyaziyyata daha çox diqqət edirdim. Birinci sinfə gedəndə məktəbdəki müəllimlərimin işinə fikir verirdim, mənim üçün maraqlı gəlirdi. Müəllimlik peşəsi o vaxtdan mənim üçün çox müqəddəs idi. Orta məktəbdə oxuyanda, qərar vermişdim ki, müəllim olacağam. Bəxtimdən həm məktəbdə, həm də universitetdə öz peşəsini sevən, vicdanla yerinə yetirən müəllimlər qarşıma çıxıb. Mən də həmişə onlar kimi olmağı təsəvvür edirdim. Məktəbi bitirdikdən sonra bu marağımı davam etdirmək qərarına gəldim. Universiteti bitirdim və nəhayət öz istəyimə nail oldum. Artıq beş ildir ki, bu peşəyə yiyələnmişəm”.
Müəllimlik ixtisasına maraq artır
Həmsöhbətim deyir ki, adətən riyaziyyat sahəsi üzrə təhsil alanlar, məktəbi, yaxud universiteti bitirən məzunlar bu sahə üzrə işləmək istəmirlər. Çünki haqlı olaraq qısa fasilədən sonra yenidən eyni mühitə düşmək istəmirlər: "Çoxları iş həyatını fərqli sferada təsəvvür edir. Bundan başqa, riyaziyyat çoxşaxəli elmdir. Əksər sahələrdə riyaziyyat tətbiq oluna bilir. Texnologiyanın inkişaf etdiyi bir dövrdə əksər tələbələrin İT sahəsinə daha çox marağı yaranır. İT-nin əsasını isə riyaziyyat elmi təşkil edir. Ancaq deyərdim ki, son illər ərzində bu tendensiya dəyişməkdədir. Müəllimlik ixtisasına maraq daha da artır. Bu sahə üzrə yetişən mütəxəssislərə yaranan tələbat, vakansiyaların çoxluğu riyaziyyat sahəsi üzrə məzun olanların müəllimliyə meyllənməsinə səbəb olur”.
Süheyla xanım deyir ki, hər bir müəllimin öz üslubu, dərsə yanaşma tərzi var: "Mənim əsas qayəm ondan ibarətdir ki, tələbə dərsi auditoriyada mənimsəyə bilsin. Tələbə auditoriyada dərsi mənimsəməli, auditoriyadan kənarda isə təcrübi biliklərə yiyələnməlidir. Düstur əzbərlətməyi sevən müəllimlərdən deyiləm. Əksinə, hər şeyi izah etməyə, nəyin necə olmasını başa salmağa üstünlük verirəm”.

Qazandığım təcrübə karyeramda böyük rol oynayacaq
Gənc müəllim Keele Universitetindəki tədqiqat işi haqda danışdı: "Keele Universitetinə gedəndə, professorlar bu vaxta qədər apardığımız tədqiqat işlərimizlə maraqlandılar. Tədqiqat işimi davam etdirmək üçün məni ora dəvət etdilər. İlk dəfə idi ki, mübadilə proqramı ilə təcrübəyə qatılmışdım. Orada olduğum müddətdə çox şey əldə etdim. İlk növbədə təcrübə ingilis dilində olduğu üçün ingilis dilimi inkişaf etdirmək imkanım oldu. Həmçinin bir çox seminarlarda iştirak etdim. Bu seminarlar fərqli ölkələrdən gələn professor və tədqiqatçılar tərəfindən təşkil edilmişdi. Seminarlarda xarici ölkələrin elmi mühiti ilə yaxından tanış olmaq fürsəti əldə etdim. Həm müəllim, həm də tələbə olaraq Keele Universitetinin təcrübələrindən yararlandım. Düşünürəm ki, qazandığım təcrübə mənim gələcək karyeramda böyük rol oynayacaq”.
İngiltərədə müəllim tələbəyə, sadəcə istiqamət verir
Söhbət əsnasında iki ölkənin təhsil sistemi arasındakı fərqli və oxşar cəhətlərə də toxunduq: "Bizim dərs mühitimizlə oranın dərs mühiti arasında fərqli və oxşar məqamlar var. Əvvəlcə deyim ki, hər iki ölkədə riyaziyyat elminin tədrisinə böyük əhəmiyyət verilir. Oxşar cəhət kimi bunu qeyd edə bilərəm. Bizdən fərqli olaraq İngiltərədə dərsdə iştirak məcburi deyil, sərbəstdir. Tələbə istəməsə, auditoriyada oturmaya bilər. Universitetdə olduğum müddətdə fikir verdim ki, müəllimlər tələbələrə qarşı çox tələbkar yanaşır. Onlar tələbəni tərifləməkdən daha çox onun səhvlərini göstərirlər ki, tələbələr öz üzərində işləsin. Həmçinin öyrətmə üsullarımızda müəyyən oxşarlıqlar var. Müəllimlər tələbələri daha çox sərbəst buraxmağa meyllidir. Onlar tələbənin özünün araşdırıb öyrənməsinin tərəfdarıdırlar. İngiltərədə təhsil alan tələbə özü müstəqil araşdırma aparmağı universitetdə öyrənir. Bizim müəllimlər isə əksinə, tələbə ilə daha çox vaxt keçirir. Bizdə tələbə demək olar ki, öz araşdırmasını müəllimlə birgə aparır. Biz müəllimlər də hər bir tələbənin çətinliyi, problemi ilə yaxından maraqlanır, kömək etmək üçün əlimizdən gələni əsirgəmirik. Amma orada gördüm ki, müəllim tələbəyə sadəcə istiqamət verir. Qalan hər şeyi tələbə özü tapıb araşdırmalıdır. Düşünürəm ki, müəllimin tələbəyə kömək etməyi yaxşı haldır. Amma bu müəyyən yerə qədər davam edə bilər. Bir müddətdən sonra sən onu sərbəst buraxmalısan ki, bilik və bacarıqlarını özü inkişaf etdirsin”.
Deyir ki, orada olduğu müddətdə həm müəllim, həm də tələbə kimi bilik və bacarıqlarını artıra bilib: "Orada olduğum müddətdə geniş elmi bazadan istifadə etmək şansım var idi. Özümün və tələbələrimin maraqlandığı sahələr üzrə bir sıra kitablar və elmi məqalələrlə tanış ola bildim. Bundan sonrakı tədqiqat işimdə bu kitablardan istifadə edəcəm. Bir çox tələbələrim var ki, diplom işi üzərində işləyir, yaxud magistr dərəcəsi üzrə təhsil almaq istəyirlər. Onlar məndən kömək istəyirlər. Artıq tələbələrimə daha dolğun elmi baza və məlumat verə biləcəm”.
S.Bəhlulzadə bildirdi ki, Azərbaycanda "Erasmus+” mübadilə proqramına əsasən magistr təhsili alanlar daha çox müraciət edir: "Amma təhsilini doktorantura üzrə davam etdirənlər də bu proqrama qatıla bilər. Proqram onlara da təqaüdlü təhsil almaq imkanı verir. Həmçinin proqram gənc tədqiqatçılara bir sıra geniş imkanlar yaradır. Xüsusilə tədqiqat işlərinin bütün dünyaya tanıdılması baxımından proqramın əhəmiyyətini vurğulamaq istərdim. Mən şəxsən başqa ölkələrin elmi işçiləri ilə fikir mübadiləsi aparmaq və təcrübələrini bölüşmək şansı qazandım. Hətta öz işində maliyyə dəstəyinə ehtiyacı olanlara proqram müəyyən dəstək göstərir. Mən özüm də təqaüd qazanmışdım. Orada olduğum müddətdə bütün xərclərimi bu təqaüdlə qarşılaya bildim”.

Tədqiqatçılara yaxşı şərait yaradılıb
Müsahibim deyir ki, tədqiqat işlərində çətinlik çəkmir: "Son illər ərzində ölkəmizdə müəllimlərə və tədqiqatçılara yaxşı şərait yaradılıb. Bu sahəyə diqqət daha da artmaqdadır. Elmi baza daha da əlçatan olub. Bu vaxta qədər xüsusi çətinliklə rastlaşdığımı deyə bilmərəm. Çalışdığım universitetdə ötən il rektor Havar Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə ilk beynəlxalq konfrans keçirildi. Tədqiqatçılar öz elmi yeniliklərini təqdim etdi. Bundan əlavə, stimullaşdırıcı mükafatlar var. Beynəlxalq jurnallarda çap olunan məqalələrə görə "Müəllif tədqiqatçı” adlı mükafat təqdim olunur. Bu da bizə öz işimizi genişləndirməyə və beynəlxalq arenaya çıxarmağa dəstək olur. Vaxtaşırı bizimlə görüşlər keçirilir, problemlərimiz dinlənilir. Həmçinin öz sahəmizə aid olan yeniliklərlə tanış olmağımız üçün geniş elmi baza yaradılıb. Beynəlxalq jurnallara girişimiz var”.
Sonda gənc tədqiqatçı gələcək planları haqda da danışdı: "Hazırda elmi məqalə üzərində işləyirəm. Hədəfim bu məqaləmin beynəlxalq jurnallarda çap olunmasıdır. Növbəti illərdə də əsas hədəfim elmi işlərimi beynəlxalq arenaya çıxarmaq və tətbiq etməkdir. Həmçinin öz sahəm üzrə ixtisaslaşıb doktorluq dərəcəsi almaq niyyətindəyəm”.
Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər