• şənbə, 20 Aprel, 16:34
  • Baku Bakı 23°C

Düşmənlərin qənimi – Gənclərə örnək

12.01.15 11:43 5646
Düşmənlərin qənimi – Gənclərə örnək
Həqiqətən də qəhrəmanlar ölmür. Dünyadan köçməsindən 22 il vaxt keçsə də Əlif Hacıyev əfsanəsi hələ də ürəklərdə yaşayır. Qəhrəmanımız Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımında şəhid olmuş Əlif Hacıyevdir.
Sovet İttifaqı Qəhrəmanı olmaq arzusu
1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya göz açıb. Hələ orta məktəbdə oxuyarkən həmişə anasına Mehdi Hüseynzadə kimi Sovet İttifaqı qəhrəmanı olacağından bəhs edir. Amma bilmir ki, Sovet vətəndaşları olan rus və erməni hərbi birləşmələri tərəfindən atılan güllə onun həyatına son qoyacaq və Azərbaycanın Milli Qəhəramanı olacaq.
Əlif 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnir. 1971-ci ildə isə ordu sıralarına çağırılır. Hərbi xidmətini Minsk şəhərində çəkir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyir. Əlif SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbini bitirərək təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirir. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışır. Gələcək həyat yoldaşı Qalina xanımla da Belorusiyada tanış olur.
Sibirə sürgün
1984-cü ildə Belorusiyadan yenidən Xoclıya qayıdır, sahə müvəkkili kimi çalışır. Qısa zaman ərzində o, Xocalı camaatının rəğbətini qazanır. Xocalı sakinləri onu qanunsevər bir insan kimi tanıyır.
O vaxtlar Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin uzun müddətdən bəri gizli millətçi mərkəzi fəaliyyət göstərirdi. Bu mərkəzə gizli yollarla külli miqdarda vəsait, silah-sursat daxil olurdu. Ə.Hacıyev bu millətçi mərkəzin fəaliyyətini qorxub çəkinmədən ifşa edir. Bu isə ermənilərə xoş gəlmir, onları narahat edir. Çünki get-gedə Əlif onlar üçün böyük təhlükəyə çevrilirdi. Buna görə də Əlifi hansı vasitəylə olursa-olsun aradan götürmə planlarını cızmağa və bunu həyata keçirməyə çalışırlar. Nəhayət saxta ittihamlarla onu şərləyərək günahlandırırlar. Guya rüşvət alması ilə bağlı DQMV prokurorluğunda cinayət işi qaldırılır. Saxta faktlar əsasında qaldırılmış cinayət işi üzrə aparılan istintaq 9 ay çəkir və qəhrəmanımız 10 il həbs cəzasına məhkum edilir. Yaxınlarının sözlərinə görə, Əlifi tutmaq üçün onun arxasınca 5-10 adam gəlmir. Bütün binanı mühasirəyə alırlar və Əlifin arxasınca BMP, pulemyotla, tankla, topla gəlirlər. Hakimin verdiyi ədalətsiz hökm onu Şuşa həbsxanasından tutmuş, uzaq Sibir həbsxanalarına qədər aparıb çıxarır. 1987-ci ildə Əlifin məhkəmə işinə yenidən baxılır və 10 il həbs cəzası 6 ilə endirilir. Sibirdə 4 il həbs cəzası çəkir. Bir az sonra isə o, tam bəraət alaraq azadlığa buraxılır.
Ermənilərin istəyi gözündə qalır
Ə.Hacıyev bəraət alandan sonra 1990-cı ildə yenidən Xocalıya qayıdır və ermənilərə qarşı mübarizəsini daha da sərtləşdirir. Yaxınları ona nə qədər Xocalıya getməməsi üçün yalvar-yaxar etsələr də, ermənilərin ondan “yanıqlı” olduğunu desələr də, qəhrəmanımız dediyindən dönmür. Xocalıda böyüdüyünü və bu torpaqlar üçün vuruşacağını bildirir. Beləliklə, Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. Bu o vaxtlar idi ki, artıq Dağlıq Qarabağda ermənilərin özbaşınalıqları daha böyük faciələrə səbəb olmuşdu. O, 1990-cı ilin dekabrında daxili işlər orqanlarına qəbul olunaraq Xocalı Təyyarə Limanı Xətt Daxili İşlər Bölməsinə rəis təyin edilir. Eyni zamanda, Xocalı Aeroportunun komendantı idi. Yaxşı işinə görə 1991-ci ilin dekabrında ona mayor rütbəsi verilir.
Məhz Ə.Hacıyevin əzmkarlığı, təşkilatçılığı nəticəsində 1991-ci ilin martın sonlarında Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxaraq Azərbaycan hüquq-mühafizə orqanlarının tabeçiliyinə keçir. Ermənilər üçün bu, faciə sayılırdı.
Qeyd edək ki, o vaxta kimi Xocalı aeraportunda heç bir azərbaycanlı işləmədiyindən ermənilər istədikləri qədər silah-sursatı gətirib Dağlıq Qarabağın ərazisinə yığırdılar.
Aeroportu əldə saxlamaq üçün fənd
Xocalı Aeroportunun strateji əhəmiyyətini başa düşən ermənilər aeraportu zor gücü ilə ələ keçirməyə çalışırlar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Quldurlar aeraportu mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman aeroportda növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Aeroportu əldən verməmək üçün Ə.Hacıyev siyasət işlədir. Aeraport binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr veririr ki, “filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin”. Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də aeroportu tərk etmək məcburiyyətində qalırlar.
Baş tutmayan sui-qəsdlər
Əlif erməniləri çox gözəl tanıyırdı. Həm də Sovet millisi sıralarında çalışdığından ermənilərin silah bazalarının hansı səmtdə yerləşdiyini bilirdi. Həmin dövrdə silah anbarlarının dağıdılması, uzaq mənzilə vuran topların yerlərinin təyin edilib götürülməsi məhz Ə.Hacıyevin təşkilatçılığı sayəsində həyata keçirilirdi.
Ermənilərlə mübarizə Əlifi onların gözündə güclü və yenilməz düşmənə çevirir. Vəziyyət o həddə çatır ki, ermənilər onun başına 1 milyon dollar pul qoyub ölümünü sifariş verirlər. Dəfələrlə Ə.Hacıyevə qarşı sui-qəsd təşkil edilir. Əlifin maşınına Xankəndində mina quraşdırırsalar da, qrantamyot, snayperdən istifadə edərək onu öldürmək istəsələr də, istədiklərinə nail ola bilmirlər. Buna görə də düşmən çox çalışırdı ki, onu Xocalı aeroportunun komendantlığından çıxarıb başqa vəzifəyə aparsın. Amma buna da müvəffəq olmurlar. Ona Moskva şəhəri üzrə komendantın 1-ci müavini təklif etsələr də, Əlif getmir.
“Girov düşsəm, güllələyin”
Döyüş yoldaşlarının dediyinə görə, Əlif girov götürülən ermənilərə qarşı heç vaxt qəddar davranışa icazə verməz, bizim əsir və girovlarla dəyişdirildiyi günə qədər onlara zamin durarmış. O, insanlığa sığmayan hərəkətləri qəbul etmirdi.
Azərbaycana qanıyla, canıyla bağlı olan Əlif həmişə döyüş yoldaşlarına deyərmiş ki, “Xankəndinə Azərbaycan bayrağını taxsam, ölsəm də, dərdim olmaz”.
Onun komandanlığı altında vuruşan döyüş yoldaşlarına isə Əlif həmişə bir nümunə olur. Tabeçiliyində olan əsgərlər heç vaxt onun bir sözünü iki etmir. Qəhrəmanımız döyüşə gedərkən silah yoldaşlarına məsləhət görürmüş ki, “döyüşə gedəndə heç vaxt fikirləşməyin ki, öləcəm, fikirləşin ki, öldürəcəm”.
Bir dəfə hadisələrin qızğın vaxtında qəhrəmanımız 366-cı alayın rəhbərliyi ilə danışığa gedir. Döyüş yoldaşlarına da tapşırıq verir ki, kənardan “görsəniz ki, onlar məni girov götürürlər, məni güllələyin, qoymayın ermənilərə girov düşüm”.
Son döyüş
Xocalı faciəsi baş verməmişdən əvvəl o, ermənilərin dinc əhaliyə hücum edəcəyini bilirdi. Bu barədə tədbir görülməsi üçün hər gün, hər saat Bakıya xəbər ötürsə də, paytaxtdan heç bir kömək almır. Xocalının blokadaya düşdüyü vaxtda dəfələrlə blokadanı yararaq əhaliyə yemək gətirir, mümkün olduqca milis işçilərinin silahlanmasına çalışırdı. Faciə baş verəndə Əlif və dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşur. Döyüşlər qeyri-bərabər qüvvələr arasında getsə də, qəhrəmanımız qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərir. Dəstəsiylə birgə tanka, BTR-ə qarşı avtomatla vuruşur. Bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarır və bir daha geriyə dönərək, yenidən döyüşə atılır. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancılır.
Ölümündən bir neçə gün sonra Əlifin tabutunu Bakıya gətirib Şəhidlər Xiyabanında dəfn edirlər. Milli qəhrəmanın özündən sonra iki qız övladı - Zərinə və İradə, bir də ürəklərə həkk edilən adı, şərəfli ömür yolu qalır.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər