• cümə axşamı, 28 mart, 17:25
  • Baku Bakı 16°C

Düşmənin bütün təxribatına layiqli cavab veriləcək

18.11.14 09:33 1081
Düşmənin bütün təxribatına layiqli cavab veriləcək
Prezident İlham Əliyev bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətini helikopterlərlə pozması ilə bağlı təxribatını pisləyib və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək qiymətləndirib. Dövlət başçısı bununla bağlı fikirlərini noyabrın 15-də Şəmkirdəki hərbi şəhərcik ərazisində yeni inşa olunmuş qərargah binasında keçirdiyi müşavirədə bildirib.
Dövlət başçısı Azərbaycan hərbçilərinin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev vəziyyətlə bağlı müvafiq göstərişlərini verib.
Prezidentin bu açıqlaması dünya mediasının da diqqət mərkəzində olub. Xüsusilə də Türkiyə mediası dövlət başçısının helikopter olayına münasibətini geniş işıqlandırıb.
Bu olayla Azərbaycan öz hava məkanının düşməndən qorunmasında, ərazi bütövlüyünün təmin edilməsində qətiyyətli olacağını bir daha nümayiş etdirmiş oldu. Baş verənlərdən sonra işğal altındakı Dağlıq Qarabağa səfər edən Ermənistan prezidenti Serj Sarkisyan da yaranmış çaşqınlığı aradan qaldırmaq üçün Ermnəistan ordusunun olmayan gücündən dəm vurub. Guya Azərbaycanın Ermənistan əsgərlərindən qorxduğundan müharibəyə başlamadığını iddia edib. Onun bu açıqlamaları gülüş doğurub. Artıq hər kəs, o cümlədən ermənilərin özləri də yaxşı bilirlər ki, hazırda Azərbaycanla Ermənistan, Azərbaycan Ordusu ilə Ermənistan Ordusu arasında fərq nəzərəçarpacaq dərəcədə böyükdür.
Son illər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Azərbaycan ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Son illərdə ölkədə gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, müharibə başlayacağı təqdirdə Azərbaycanın qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var. Ali Baş Komandanın bölgələrdəki hərbi hissələrə mütəmadi səfərləri əsgərlərimizi Vətəni qorumağa, onları işğal altındakı torpaqlarımız uğrunda hər zaman savaşa qalxmağa ruhlandırır.
Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, bu gün Azərbaycan dövləti üçün ordu quruculuğu ən başlıca, ən prioritet məsələdir. Çünki müharibə hələ bitməyib. Əfsuslar olsun ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar hələ də nəticə vermir. Belə olan halda, əlbəttə ki, ordu quruculuğuna böyük ehtiyac var.
Prezident özü tez-tez cəbhə bölgəsindəki hərbi hissələrdə olur, vəziyyətlə tanış olur. O, hər dəfə ordumuzun döyüş qabiliyyətinin artdığını vurğulayır. Ordumuzda isə, bütün cəmiyyətdə olduğu kimi, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Orduda xidmət edənlərin mütləq əksəriyyəti gənclərdir. «Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə alırlar. Orduda xidmət edənlər öz Vətəninə, xalqına bağlı olan insanlardır, öz Vətənini sevən insanlardır. Bu amillər ordumuzu daha da gücləndirir" – deyə prezident İlham Əliyev vurğulayır.
Eyni zamanda o da qeyd edilməlidir ki, son illər Azərbaycanın hərbi büdcəsi ilə Ermənistanın hərbi büdcəsi arasında böyük bir fərq uçurumu yaranıb. Ermənistanın ümumi dövlət büdcəsi belə Azərbaycanın hərbi büdcəsindən azdır. İki ölkənin hərbi arsenalının müqayisəsi də çox mətləbləri üz çıxarır. Azərbaycanın müdafiə büdcəsi 2012-ci ildəki 3 milyard dollardan 2013-cü ildə 3,7 milyard dollara çatdırılıb. 2013-cü ilin dövlət büdcəsində “Müdafiə xərcləri” bölməsində 1,53 milyard manat göstərilir. Bu da təxminən 2 milyard ABŞ dollarıdır. Amma ekspertlər qeyd edirlər ki, əslində büdcədə başqa xərc maddələrində də silahlı qüvvələrə vəsait var. Hamısı birlikdə 4 milyard dollara yaxındır. Bütün bunlar o deməkdir ki, Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləyib. Bunun özü də göstərir ki, ordu quruculuğu Azərbaycan dövləti üçün prioritet məsələdir. Büdcəmizin ən böyük xərcləri orduya sərf olunur. Bu vəsait Azərbaycana Silahlı Qüvvələrin köhnəlmiş cəbbəxanasını yeniləməyə tam imkan verir. Azərbaycanın son illər ərzində əldə etdiyi silahlar müasir silahlardır. Bu silahlar yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malikdir. Məsələn, Azərbaycan son illərdə 100-ə yaxın döyüş və nəqliyyat helikopteri alıb. Onlarla döyüş təyyarəsi, hava hücumuna qarşı ən müasir qurğular da alınan silahlar arasındadır. Zirehli maşınlar, ən müasir tanklar, ən müasir artilleriya qurğuları düşmənin istənilən nöqtəsini məhv etməyə qadirdir.
Azərbaycan bir sıra silahların ölkədə istehsalına da başlayıb və 2011-2012-ci illər arasında yerli istehsal 12 faiz artıb. Hazırda Azərbaycanda 700 adda hərbi məhsul istehsal edilir. Beynəlxalq təşkilatlar da təsdiqləyirlər ki, hərbi texnika baxımından Azərbaycan Ermənistanı bir neçə dəfə üstələyir.
Çünki son illər əhalisi yaşamaq uğrunda mübarizə aparan Ermənistan isə silah arsenalını yeniləmək gücündə deyil. Ermənilər ancaq Rusiyanın bağışladığı köhnə silahlara ümidlidirlər. Müdafiə büdcəsi cəmi 447 milyon dollar olan bu ölkənin hərbiyyəsi Rusiyanın hərbi sənayesindən asılı olaraq qalır.
Bütün bunlar imkan verir ki, bu gün güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışsın. Amma rəsmi Bakı bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün danışıqları davam etdirir. Bu ilin yayında və hazırda cəbhə bölgəsində baş verən hadisələr də bir daha nümayiş etdirir ki, Azərbaycan təmas xəttində istənilən təxribatın qarşısını almağa qadirdir. Prezident İlham Əliyevin də Şəmkirdəki müşavirədə qeyd etdiyi kimi, Azərbaycan hərbçiləri bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab vermək gücündədir.
İ.QULİYEV
banner

Oxşar Xəbərlər