• cümə axşamı, 28 mart, 22:50
  • Baku Bakı 13°C

Düşməni tatamiyə çıxmağa peşman edən idmançı - Portret

05.06.17 10:12 6228
Düşməni tatamiyə çıxmağa peşman edən idmançı - Portret
İdman ölkəsi olan Azərbaycan beynəlxalq miqyasda öz uğurlarını hər keçən gün bir az da artırır. Artıq azərbaycanlı idmançılar hər bir beynəlxalq yarışın əsas favoritləri arasında göstərilir. Bakıda keçirilən son İslam Həmrəyliyi Oyunları da idmançılarımızın gücünü bütün dünyaya bir daha nümayiş etdirdi. Bu uğurlar 3 il sonra Tokioda təşkil ediləcək olimpiya oyunlarında medal ümidlərimizi bir az da artırır.
Lakin beynəlxalq yarışlarda ölkəmizin bayrağını ucaldan, himnimizi səsləndirən təkcə olimpiya idman növlərindəki təmsilçilərimiz deyil. Digər idman növlərində yarışan bir çox idmançı var ki, qatıldığı mötəbər turnirlərdə dəfələrlə vətənimizin üçrəngli bayrağını qaldırıb, himnimizi səsləndirib. Belə idmançılardan biri də Fərid Əzizovdu. Bu dəfə sizə karatenin olimpiya oyunlarına daxil olmayan Kempo Karate və Kabudo növü üzrə 3 qat dünya, 3 qat Avropa çempionu olan idmançımızdan bəhs edəcəyik.

Şahmatdan karateyə

Fərid Əzizov 1985-ci il fevralın 15-də Bakıda dünyaya gəlib. Onun uşaqlığı "Sovetski”də keçib. Hər bir uşaq kimi o da döyüş filmlərinin həvəskarı olub. O, Jan-Klod Van Dam, Brus Linin filmlərini izləyir, gələcəkdə onlara bənzəməyi arzulayırdı. Fərid 1992-ci ildə orta məktəbə gedib. Lakin onun idmanla tanışlığı bundan da öncəyə təsadüf edib. Fəridin uşaqlığı Qarabağ müharibəsi dövrünə təsadüf edib. Elə məhz kiçik yaşlarından onda düşmənə qalib gəlmək həvəsi yaranıb. Vətənə məhəbbəti və güclü olmaq həvəsi onu döyüş idman növlərinə doğru çəkirdi.
Ailəsi Fəridin davakar, çox dəcəl və enerjili olmasından narahat olaraq, onu şahmat məktəbinə yazdırırlar. Onlar bununla, oğullarının bitib-tükənmək bilməyən enerjisini cilovlamağa cəhd ediblər. Lakin davaya meylli olan kiçik Fərid burda da dinc dayanmır. O, uduzduğu oyunlardan sonra rəqibləri ilə münasibətləri şahmat taxtası arxasında yox, ondan kənarda "aydınlaşdırırdı”. Bundan sonra valideynləri uşağın gələcəyinin döyüş idman növündə olduğuna əmin olurlar. Onlar Fəridin uzun yalvarışlarından sonra onu 290 saylı orta məktəbdə karate dərsləri deyən Rasim müəllimin qrupuna yazdırırlar. Karatenin "əlifba”sını burda öyrənən Fərid, ilk məşqçisini heç vaxt unutmur. O, indi də hazırda həyatda olmayan Rasim müəllimin üzərində əziyyətinin çox olduğunu deyir.
Həmin vaxtlar ölkədə karatenin növləri o qədər də geniş yayılmamışdı. Bu idman növü ilə məşğul olan uşaqlara yalnız bir növ öyrədilirdi - karate-do. Elə kiçik Fərid də karatenin sirlərinə məhz bu növdə yiyələnməyə başlayıb.
6 yaşından karate ilə məşğul olmağa başlayan gələcək çempion, 8 yaşında Respublika çempionatını 3-cü pillədə başa vurur. Ancaq o, başqa uşaqlardan fərqli olaraq, evə üçüncülük medalı ilə fəxrlə yox, utanaraq qayıdır. Çünki onun üçün üçüncülük uğur deyildi. Növbəti ildə isə o, "bürünc”ü "qızıl”a dəyişməyi bacarır. Bundan sonra uğurlarını davam etdirərək, dəfələrlə ölkə çempionu adına yiyələnir.

Ya qələbə, ya heç nə

O, uzun müddət bu idman növü ilə məşğul olsa da, məhz 2010-cu ildən daha ciddi yanaşmağa başlayır. Fəridin uğurlarında onun məşqçisi Pərviz Hüseynovun xüsusi rolu olub. O, hazırkı məşqçisi Hüseynovla yanaşı, əvvəllər məşqçisi olmuş Okinava Qocyu-Ryu Karate-Do Federasiyasının prezidenti Tarverdi Allahverdiyevin də ona çox dəstək olduğunu deyir:
"Tarverdi Allahverdiyev həm federasiya prezidenti, həm də böyük qardaş kimi bizə çox dəstək olur. Onun və məşqçim Pərviz Hüseynovun uğurlarımda əməyi danılmazdı. Hüseynov mənim məşqçim olduqdan sonra dedi ki, səndə alınacaq. Bundan sonra onunla Avropa çempionatının təsnifat yarışlarına qatıldım. Burda uğurlu çıxış edərək, qitə birinciliyinə vəsiqə qazandım”.
Bütün yarışlara "ya qələbə, ya heç nə” devizi ilə hazırlaşan Fəridin məşqçisi ilə fikirləri üst-üstə düşürdü. Məhz bu fikirdə və əməldə birlik, gələcək uğurların açarı olur. Əzizov məşqçisi barədə danışarkən, "zalda mənə düşmən kəsilmişdi” deyir. Hüseynov Fəridin məşqçisi olduqdan sonra onun məşq saatlarını artırır. Artıq o, yarışlara həvəskar yox, tam peşəkar kimi hazırlaşırdı. Gərgin məşqlər tezliklə öz bəhrəsini verir. 2010-cu ilin avqustunda Avropa çempionatında iştirak edən Fərid, debütünü "qızıl”la qeyd edir.
Bundan sonra Əzizov öz uğurlarını davam etdirir. Bu günə kimi onun kolleksiyasında 3 Avropa, 3 dünya çempionluğu var. 75 kq çəkidə yarışan Fərid, Kempo Karate və Kabudo üzrə Ukraynanın Xarkov şəhərində keçirilən son dünya çempionatında da finala çıxır. Lakin zədəli olan idmançı yalnız ikinciliklə kifayətlənməli olur.
Məşğuliyyət

Fərid karyerası ərzində yalnız karate yox, başqa idman növləri ilə də məşğul olub. Uşaq vaxtı qısa müddətdə şahmata da gedən Əzizov, daha sonra kunq-fu və üzgüçülüklə də məşğul olub. Fərid həm də, həvəskar fotoqrafdır. O, təbiət fotoları çəkməyi xoşlayır. Özünün sözlərinə görə, onda bu həvəs hələ uşaq vaxtından var. Avropa və dünya çempionumuzun digər məşğuliyyəti isə balıq tutmaqdı. Fərid balıq ovunun onu rahatlaşdırdığını deyir.

Düşmənlə üz-üzə

2016-cı ildə Rusiyanın Pyatiqorsk şəhərində keçirilən dünya çempionatının yarımfinal mərhələsində Fərid, Ermənistan təmsilçisi ilə üz-üzə gəlir. Döyüş başlayan kimi rəqib Fəridin zərbəsindən sonra zədələnir. Burnundan qan açılan erməni israrla döyüşü davam etdirmək istədiyini deyir. Bu isə ona baha başa gəlir. Düşmən ölkə təmsilçisini boğucu fəndə salan Fərid, təmiz qələbə qazanır. Biabırçı şəkildə məğlub olan erməni idmançı mükafatlandırma mərasiminə çıxmaqdan imtina edir.

Vətənə sevgi

Uşaq vaxtından vətənpərvər ruhda böyüyən Fərid, bunu beynəlxalq yarışlarda da daim nümayiş etdirməyə çalışır. Onun üçün bayrağımız hər şeydən müqəddəsdir. Bu il Ukraynada keçirilən dünya çempionatından sonra yarışda qalib gəlmiş bütün ölkə nümayəndələrinin bayrağı dalğalandırılır. Bu bayraqlar arasında düşmən ölkənin də bayrağı var idi. Üçrəngli bayrağımızla düşmən bayrağının eyni səviyyədə olmasına razı olmayan Əzizov, maraqlı addım atır. O, bayrağımızı azyaşlı karateçilərimizdən birinə verir. Daha sonra isə onu öz çiyinləri üzərinə alaraq, bayrağımızı ən yüksəyə qaldırır.

Gələcək hədəflər

Qarşıda dünya və Avropa çempionatları var. Hər iki yarışa lisenziya qazanmış Fərid, yalnız "qızıl”ı hədəfləyib. O ki qaldı karyerasını neçə yaşına kimi davam etdirəcəyinə, 32 yaşlı idmançı "nə qədər ki gücüm var, davam edəcəyəm” deyir. O, karyerasını bitirdikdən sonra da, bu sahədə qalmaq, məşqçi kimi çalışmaq istədiyini bildirir.

Ailə

Ailəli olan Əzizov bir qız və bir oğul atasıdır. Fərid gələcəkdə həm oğlunun, həm də qızının idmançı olmasını arzulayır. Qızının idmanla məşğul olmasına qarşı olmayan dünya çempionu, "aslanın erkəyi, dişisi olmaz” deyir.
Fərid oğlunun da gələcəkdə özü kimi beynəlxalq yarışlardan medallarla qayıtmasını arzulayır:
"Hər dəfə beynəlxalq yarışlardan qayıdanda, qapıdan girən kimi "ata medal gətirmisən” deyə soruşur. İstərdim ki, gələcəkdə böyük idmançı olsun və o da mənim üçün medal gətirsin”.

Portret

Tatami üzərində rəqiblərinə qarşı çox sərt olan Fərid, həyatda çox sadə və mülayim insandır. Karate idman növü olmaqla yanaşı, həm də fəlsəfədir. Fərid də bu idman növünü həyat tərzi kimi mənimsəyən insanlardandır. O, "karate sənə nə verib” sualına böyük karate ustadı Masutatsu Ayamanın sözləri ilə cavab verir - "Mən nəfəs almağın düsturunu bilirəm”. O, karatedən ən əsası isə gücünü cilovlamağı, ona nəzarət etməyi öyrəndiyini deyir.
"Məndə başqa idman növləri alınmaz” deyən Fərid bu sözlərlə həm də, bu idman növünə bağlılığını göstərir. Karatenin kempo növü ilə məşğul olan Fərid, olimpiya oyunlarına daxil edilmiş növə keçidi ağlına belə gətirmir. O, "mənim xəmirim belə yoğurulub” deyərək, uğurlar əldə etdiyi növü dəyişmək istəmədiyini deyir. Fəridin idman üçün az sayılmayan 32 yaşı var. Ancaq onda olan vətənpərvərlik və təmsil etdiyi idman növünə sevgi hissi, yeni uğurların uzaqda olmadığını deməyə əsas verir.

Elnur

banner

Oxşar Xəbərlər