Düşmənə xəbərdarlıq
Azərbaycan imkan verməyəcək ki, erməni faşizmi bir
daha başını qaldırsın
Ötən il cəmi 44 gün davam
edən Vətən Müharibəsində Azərbaycan Ermənistanın 30 illik işğalçılıq siyasətinə
son qoydu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında
Silahlı Qüvvələrimiz düşmən tapdağı altında olan torpaqlarımızı azad etdi.
Minlərlə canlı qüvvəsini, yüzlərlə hərbi texnikasını itirən, ordusu məhv olan,
əsgərləri pərən-pərən düşən, fərarilik edən Ermənistan ağ bayraq qaldıraraq
təslim oldu, noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Normal dövlət və
millət bundan ibrət götürər, bir daha başqa ölkənin, xalqın torpağına göz
dikməz, işğalçılıq eşqi ilə yaşamaqdan əl çəkərdi. Lakin əfsus ki, Ermənistanda
bunun əksi müşahidə olunur. Döyüş meydanında silah-sursatını, mövqeyini, hərbi
texnikalarını, işğal altında saxladıqları yaşayış məntəqələrimizdə isə
qadınını, qocasını, uşağını qoyub qaçan ermənilərin sabiq və indiki hakimiyyət
təmsilçiləri Azərbaycan ünvanına sərsəm bəyanatlar səsləndirməkdədirlər.
Əsgərlərimizin ayaq səslərini, pilotsuz təyyarələrimizin nəriltisini eşidəndə
siçan deşiyində gizlənənlər indi "cəsarətlənib” Azərbaycana qarşı yenidən
təşkilatlanmaq, savaşmaq istəyirlər. Xocalı soyqırımının günahkarları, uşaq
qatilləri Robert Köçəryan, Serj Sarkisyan, eləcə də hazırkı baş nazir Nikol
Paşinyana müxalif olan digər revanşist qüvvələr ölkəmiz əleyhinə bəyanatlar
verir, müxtəlif təxribatlara əl atırlar. Görünür, başlarına dəyən dəmir
yumruğun dadını unuda bilmir, təkrar əzilməyə, alçalmağa, məhv olmağa həvəs
göstərirlər.
Prezident İlham Əliyev fevralın 14-də Laçında səfərdə olarkən bu
məsələyə diqqət çəkərək, bu gün də Ermənistanda revanşist qüvvələrin baş
qaldırmağa çalışdıqlarını vurğulayıb. Qeyd edib ki, onlar bu yolla Azərbaycanı
növbəti təxribatlarla, müharibə ilə hədələməyə çalışırlar. Dövlətimizin başçısı
bəyan edib ki, ölkəmiz belə hallara qətiyyən imkan verməyəcək: "Onlar
anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik. Heç
vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz
erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq.
Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv
etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı
qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min
fərarisi olubdur. Azərbaycan Ordusunda isə nəfər də fərari olmayıbdır. Bu,
xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin
təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq
işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın
10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını
məcbur olub bizə qaytarsın”.
Mövzu
ilə bağlı Milli Məclisin deputatı Azər Badamov bildirib ki, erməni
müxalifəti populist revanşist fikirlər səsləndirməklə erməni ictimaiyyətin
könlünü almağa və hakimiyyət çevrilişini etməyə çalışır. Onun sözlərinə
görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bu revanşist
fikirləri həyata keçirmək üçün erməni ordusu yoxdur: "Biz erməni ordusunu
darmadağın etmişik, məhv etmişik. 10 noyabrda imzalan üçtərəfli bəyanat
Ermənistanın və erməni ordusunun kapitulyasiya aktı idi. Baxmayaraq ki,
ermənilər populist çıxışlar edirlər, realllıq odur ki, ermənilərin özünə
gəlməsi üçün onillər lazım olacaq. Azərbaycan ordusu 44 günlük Vətən
müharibəsində öz sözünü deyib və 10 noyabrda imzalanan üçtərəfli bəyanat
ölkəmizin ərazi bütövlüyünü təmin edib. Bu gün həmin ərazilərə müasir
həyatın qaytarılması istiqamətində yenidən qurma və bərpa işləri sürətlə
davam etdirilir”.
"Onlar anlamalıdırlar ki...”
Milli Məclisin beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc
Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyev hər zaman prinsipiallıq,
yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını
qətiyyətlə müdafiə edib. Deputatın fikrincə, Vətən müharibəsinin gedişində, ümumiyyətlə,
danışıqlar prosesinin müxtəlif mərhələlərində Prezident İlham Əliyevin
göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızı cəsarətlə müdafiə
etməsi, böyük diplomatik məharəti, dəqiq, məqsədyönlü, ardıcıl siyasət aparması
qazanılmış tarixi qələbənin məntiqi nəticəsidir: "Azərbaycanın gücü, potensialı
və strateji yanaşması bölgədə yeni reallıq yaradacaq. Güclü və böyük iqtisadi
potensiala malik Azərbaycanın işğaldan azad edilmiş ərazilərin sürətli
inkişafına nail olacaq, bu bölgələrin ən qabaqcıl standartlara uyğun yenidən
bərpa edilməsi, orada yaşayan əhalinin rifahı üçün bütün addımlar atılacaq və
bütün bunlar həmin regionda yaşayan bütün insanlar üçün yeni perspektiv açacaq.
İmzalanmış bəyanat ardıcıl şəkildə icra edilir. Belə bir vaxtda Ermənistanda
revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti
müharibə ilə hədələməyə çalışırlar. Amma bütün bunlar əbəsdir. Prezident İlham
Əliyev Laçın rayonunda olarkən bəyan etdi ki, "Biz hər şeyə nəzarət edirik və
heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”. Ona
görə də erməni tərəfi başına gələnlərdən ibrət dərsi götürməlidir. Onlar
anlamalıdırlar ki, təxribatçı əməllərlə, bəyanatlarla heç nəyə nail ola
bilməzlər. Çünki Azərbaycanın gücünü gördülər. Ermənistanın gələcəyi öz
qonşuları ilə normal əməkdaşlıqdan asılıdır”.
"Ermənistan üçün ən yaxşı
yol...”
Milli Məclisin deputatı
Afət Həsənova da hesab edir ki, ermənilərin Azərbaycanı növbəti təxribatlarla çəkmək,
müharibə ilə hədələmə cəhdləri əvvəlcədən iflasa məhkumdur və intihardan başqa
bir şey deyil. Millət vəkili bildirib ki, 44 günlük müharibədə ordusu məhv
olan, siyasi böhran, iqtisadi tənəzzül, dərin sosial problemlər bataqlığında
çabalayan Ermənistanın bu cür revanşist fikirlər səsləndirməsi, sadəcə gülüş
doğurur: "Ermənilər mövcud vəziyyətdən nəticə çıxarmalı, revanşist fikirlər
səsləndirmək əvəzinə düşdükləri dərin böhrandan çıxmaq haqqında
düşünməlidirlər. Bu gün Ermənistan bütün sahələrdə Azərbaycandan kifayət qədər
geri qalır. Ermənistan bu gün müharibənin acı nəticələri ilə baş-başa qaldığı,
ordusu məhv olduğu halda, Azərbaycan yeni hərbi təlimlərə başladı. Ermənistan
hərbiçilərini ixtisara saldığı halda, Azərbaycan 2021-ci ilin dövlət büdcəsində
müdafiə xərclərini artırdı. Bu, sadəcə kiçik bir müqayisədir. Elə buradan aydın
görünür ki, revanşist fikirlər, sadəcə bir xülyadır, özünü intihara
sürükləməkdən başqa bir şey deyil. Ermənistan prezidenti
Armen Sarkisyan özü etiraf etdi ki, müharibədə ölənlərin ailələrinə,
yaralananlara dəstək göstərməyə, onlara pensiya verməyə imkanları yoxdur.
Baxın, hərbi texnikası 44 günlük müharibədə məhv edilib, hərbiçilərini ixtisar
edir, pensiya verə bilmir. Belə olan halda Ermənistan hansı yeni müharibəyə
başlaya bilər?! Revanşist fikirlər səsləndirənlər bilməlidirlər ki, Azərbaycan
44 günlük Vətən müharibəsində qazandığı təcrübədən irəli gələrək öz ordusunun
peşəkarlığını daha da artırır. Ermənilər onu da bilməlidirlər ki, Azərbaycan 44
günlük Vətən müharibəsində hərbi potensialının yalnız bir hissəsini istifadə
etdi. Ermənistan ölkədə tam səfərbərlik elan etdiyi halda, Azərbaycan qismən
səfərbərlik elan etdi, hətta çağırılanların da hamısı döyüş əməliyyatlarına
cəlb edilmədi, yəni ehtiyac olmadı. Hərbi texnikanın da yalnız bir hissəsi
döyüş əməliyyatlarında istifadə olundu. Nəticə olaraq Azərbaycan Ordusunu
qismən döyüşlərə cəlb etməklə Ermənistan silahlı qüvvələrini məhv etdi”.
Deputat vurğulayıb ki,
Azərbaycan dövləti bundan sonra da öz Ordusunun qüdrətini, peşəkarlığını
artıracaq, Silahlı Qüvvələrimiz yeni müasir silahlarla təchiz ediləcək: "Bunun
üçün Azərbaycanın geniş imkanları, iqtisadi əsasları var. Cənab Prezident İlham
Əliyev dediyi kimi, "dəmir yumruq” hər an hazırdır və erməni faşizmi
yenidən baş qaldırdığı halda, yenə də düşmənin başını əzəcək. Ermənilər nəzərə
almalıdır ki, onların revanşist fikirləri, sadəcə xülyadır və onların sonu ola
bilər. Tarix göstərir ki, müharibədən sonra revanşa cəhd edən ölkələr daha
dərin iflasa uğrayıblar, daha ağır itkilər verərək çətin vəziyyətə düşüblər.
Tarixdə bununla bağlı çoxlu sayda misallar var. Əgər Ermənistan da revanşist
iddiaya düşsə, yenə ağır itkilərə məruz qalacaq. Ermənistan üçün ən yaxşı yol
bu absurd iddialardan əl çəkib qonşuluq, əməkdaşlıq, iqtisadi layihələrdə
iştirak etmək kursunu tutmaq olar”.
"Bu
cəhdin uğursuz aqibəti...”
Milli
Məclisin deputatı Cavanşir Feyziyev qeyd edib ki, hərbi
məğlubiyyət Ermənistan siyasi mühitində böyük canlanma yaradıb. Onun sözlərinə
görə, erməni cəmiyyəti təslim aktının kədərini və məyusluğunu yaşadığı bir
zamanda erməni siyasətçilər fürsətdən yararlanaraq taleyinə təslimçilik aktını
imzalamaq missiyası düşən Paşinyanı devirmək və siyasi hakimiyyətə yiyələnmək
üçün mübarizə meydanına atılıblar: "2018-ci il inqilabından sonra keçirilən
seçkilərdə uğursuz olmuş çoxsaylı cırtdan partiyaları təmsil edən
psevdo-siyasətçilər daha çox vətənpərvər olduqlarını göstərmək üçün revanş
şüarı altında birləşdilər və hələ də müharibənin ağır itkilərinə yas tutan
xalqı meydana çağırdılar. Müharibənin nəticələrini dəyişmək kimi cəlbedici
şüarların bolluğuna baxmayaraq, xalq onları dəstəkləmədi və onlar az sonra
meydanda tək qaldıqlarını gördülər. Bütün müxalif güclərin hazırkı hakimiyyətə
qarşı yönəlməsinə baxmayaraq, məqsədlərin müxtəlifliyi də nəzərdən qaçmır.
Müxalifət revanşizmi ilə saxta birlik nümayiş etdirən Koçaryan və Sarkisyan
cütlüyünün revanşizmi əslində müharibənin nəticələrinə qarşı deyil, məhz
Paşinyan hakimiyyətinə qarşı yönəlib. Onların məqsədi heç də müharibənin
nəticələrin aradan qaldırmaq yox, cinayət araşdırmalarına qarşı öz şəxsi
təhlükəsizliklərini təmin etməkdən ibarətdir. Çünki, Paşinyan hökuməti, öz
növbəsində, tədricən müharibə şokundan ayılmağa başlayır. 10 Noyabr
Bəyanatından uzaqlaşan hər gün, laxlamış Paşinyan hökumətinin mövqeyini bir
qədər möhkəmləndirir. Müharibə mövzusunu qapadaraq yenidən islahatlar haqqında
anonslar verən hökumət üzvləri getdikcə "köhnə qvardiya”ya qarşı daha inamlı
müqavimət göstərirlər. Beynəlxalq təmaslarda üçtərəfli Bəyanatın müddəalarına
sadiqliyini təkrarlamaqdan başqa çarəsi qalmayan baş nazir, daxili siyasətində
xalqı islahatlar yolunun doğruluğuna inandırmağa çalışır və hətta regional
əməkdaşlığa hazırlıq haqqında mesajlar da verməyə başlayır. Hələlik vahid
blokda çıxış edən Ermənistan müxalifəti fevralın 20-də növbəti mitinqini
keçirməyə hazırlaşır. Müxalifət liderlərinin verdikləri açıqlamalara görə, bu,
Paşinyan hökumətinə qarşı son və həlledici həmlədir. Ermənistanda siyasi
mübarizənin bugünkü mənzərəsi isə onu göstərir ki, gözlənilən mitinq
müxalifətin özü üçün də son və həlledici cəhddir. Bu cəhdin uğursuz aqibəti
erməni revanşistlərini uzun müddət üçün siyasət səhnəsindən uzaqlaşdıra bilər”.
Rufik İSMAYILOV