AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Düşmənə qarşı milli birlik, həmrəylik nümayişi

Düşmənə qarşı milli birlik, həmrəylik nümayişi

15 İyul 2020, 16:17 5096
Cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik
 
İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Təbii ki, Orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər. Amma təəssüf doğuran haldır ki, iyulun 14-dən 15-ə keçən gecə yaradılmış şəraitdən sui-istifadə halları da müşahidə edildi, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı. Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası, şəhidlərin ruhuna hörmətsizlikdir. 1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib. 
 


Güclü Azərbaycan Ordusu

Bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi qınanılmalı, cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz bu pozucu fəaliyyətə lazımi qiyməti verməlidirlər. Çünki, Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik. Unutmamalıyıq ki, güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin Aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir. 
 


Müqəddəs amal və məqsədə yaraşan davranış

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov bildirib ki, Qarabağ, torpaq hər bir Azərbaycanlı üçün müqəddəsdir və hər birimizn böyük arzusu torpaqlarımızn tezliklə işğaldan azad olunması, düşməndən qisas alınması, öz dədə-baba yurdumuza qayıtmaqdır. Onun sözlərinə görə, bunun gerçəkləşməsi üçün dövlət gərəkən bütün addımları atır və hər zaman atacaq. Deputat vurğulayıb ki, bütün hallarda Qarabağdan qrup məqsədləri üçün istifadə edilməsi yolverilməzdir: "Kütlə psixologiyası çox təhlükəlidir. Bu kimi vəziyyətdən hər zaman Azərbaycanı sevməyən qüvvələr maksimum yararlanmağa çalışırlar. Dünənki hadisələr bunu bir daha təsdiq etdi. Dünənki yürüşdə səmimi insanlarla yanaşı, təxribatçılar da iştirak edirdilər. Səsləndirilən şüarlardan bu, açıq hiss olunurdu. Xalqın Qarabağı istəməsi, döyüşə hazır olması sevindirici haldır. Ancaq kimlərinsə bundan başqa məqsədlərlə istifadəsinə yol verməməliyik. Əks halda, tarix bizi bağışlamayacaq. Dünən dövlət və Ordu ilə birlik, həmrəylik nümayiş etdirdikdən sonra hər kəs Daxili İşlər Nazirliyinin müraciətini nəzərə alıb dağılışmalıydı. Milli Məclisə hücum etmək, Müdafiə Nazirliyinin binasına doğru yürüş anlaşılan deyildi. Dini şüarların, istefa tələblərinin səsələndirilməsinin heç yeri yox idi. Ən azından, müqəddəs amal və məqsədə yaraşan davranış deyildi”.
 


Ayıq-sayıqlığı əldən vermək olmaz

Millət vəkili qeyd edib ki, düşmənin əsas məqsədlərindən biri Azərbaycandakı sabitliyi pozmaq, ölkəni vətəndaş müharibəsinə sürükləməkdir: "Məsələnin ən təhlükəli tərəfi bu idi. Ona görə hər birimiz maksimum diqqətli olmalı, ehtiyatı əldən verməmliyik. Qarabağ məsələsinə və sərhəddə baş verən hadisələr gəldikdə,Azərbaycan dövləti bütün zəruri addımları atır. Ordumuz düşmənə layiqli cavab verir və verəcək. Dezinformasiyalar  yaymaq, əhali arasında çaşqınlıq yaratmaq yalnız xəyanət və düşmənçilik kimi qiymətləndirilməlidir. Səfərbərlik məsələsinə gəldikdə ehtiyac olsa, bu barədə açıqlama veriləcək. Eytiyac və zərurət olmadan sərhədə axışmaq, gərginlik yaratmaq ümumi işin yalnız ziyanınadır. Dünən baş verənlərin təhlili xarici qüvvələrin proseslərdən ölkəni qarışdırmaq üçün maksimum istifadə etməyə çalışdığını göstərdi. Ona görə heç kim provakasiyaya getməməli, ayıq-sayıqlığı əldən verməmlidir.Qarabağın azadlığı birlik və həmrəylikdən keçir. İndiki durumda birlik və həmrəyliyə daha çox ehtiyacımız var”.
 


Düşmənə rəvac verənlər

Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin qardaşı, xüsusi xidmət orqanlarının ehtiyatda olan polkovniki Elcan Abdullayev də qəzetimizə açıqlamasında deyib ki, şanlı Ordumuza dəstək nümayiş etdirən aksiya iştirakçılarını bilərəkdən Milli Məclisə yönəldən provakotarlar mütləq aşkarkanıb öz layiqli cəzalarını almalıdırlar: "Yəqinki, DTX bununla bağlı öz peşəkarlığını nümayiş etdirəcək və etdirməlidir. Dünən milli şüarlarla dövlət və Orduya dəstək çağırışları ilə hərəkət edən aksiya iştirakçılarını parlament binasına yönəldənlər bu Xalqın vətənpərvərlik əzmini qıra bilməzlər. Amma onların bu hərəkətləri bir daha görsətdi ki,içərimizdə dədüşmənə rəvac verənlər çoxdur. Ona görə də hüquq-mühafizə orqanları, xüsusi xidmət qurumları daha da ayıq-sayıq olmalıdırlar”.
 


Torpaqların itirilməsi qaçılmaz ola bilər

Politoloq Nəzakət Məmmədova deyib ki, dünənki aksiyaAzərbaycan xalqının öz Ordusuna, Ali Baş Komandanına dəstəyinin çox parlaq nümayişidir. Onun sözlərinə görə, Azərbaycan xalqı bir daha sübut etdi ki, o, düşmənə qarşı hər an əlində silah alıb vuruşmağa, öz torpaqlarını geri qaytarmağa hazırdır: "Ermənistanın xain planları Azərbaycanı və onun mərd xaqlını əsla öz yolundan döndərə bilməz. Xalq Ali Baş Komandanın səfərbərlik əmrini gözləyir. Çox təqdirəlayiq haldır ki, Vətənimiz, dövlətimiz, xalqımız üçün belə taleyüklü bir dövrdə Azərbaycan polisi icazəsiz yürüşü və karantin olmasına baxmayaraq, xalqın etirazını anlayışla qarşıladı, ona müdaxilə etmədi, əksinə, kilometrlərlə yolu onlarla birlikdə qət edərək, xalqın öz fikirlərini azad ifadə etməsinə lazımi şərait yaratdı. Lakin çox təəssüf ki, bir qrup başıpozuq kütlə fürsətdən istifadə edib təxribat törətməyə, yersiz şüarlar səsləndirməyə, vandallıq aktı törətməyə cəhd göstərdilər. Bu, ilk növbədə şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və onları incidir. Onlar bizim birliyimiz və torpaqlarımızın azadlığı yolunda həlak olublar və yalnız bizim həmrəyliyimiz bu müqəddəs amalımıza çatmağa kömək edə bilər. Təfriqə salmaqla, dövlət və xalq arasında düşmənçilik əhval-ruhiyyəsi yaratmaqla nəyəsə nail olmaq qeyri-mümkündür. Biz 1990-cı illərdəki səhvləri yenidən təkrar etməməliyik, əks halda, həmin dəhşətli hadisələr, o cümlədən torpaqların itirilməsi qaçılmaz ola bilər. Hər kəsi Ali Baş Komandanın ətrafında sıx birləşməyə, dövlətçiliyimiz və xalqımız üçün bu çətin sınaq dövründə yalnız düşmənə qarşı birlik, həmrəylik nümayiş etdirməyə çağırıram”.
 


Dövlət avtoritetini gözdən salan əməllər

Siyasi şərhçi Azər Həsrət Azərbaycan Ordusunun döyüş bölgəsində göstərdiyi rəşadətin hər bir azərbaycanlının, özəlliklə də vətənpərvər insanlarımızın ruhlanmasına səbəb olduğunu dilə gətirib. Qeyd edib ki, düşmənin Azərbaycana qarşı ədalətsiz, haqsız iddialarla çıxış etməsi vətəndaşlarımızı xeyli qəzəbləndirib. Onun fikrincə, Azərbaycanın hər yerində, eləcə də ölkədən xaricdə azərbaycanlı olmasa belə, bizə rəğbət bəsləyən insanlar ayağa qalxır, minlərlə şəxs proseslərdə fəal mövqe nümayiş etdirir: "İyulun 14-də paytaxt Bakıda və ölkənin ayrı-ayrı rayonlarında insanların bir araya gəlməsi, yürüşlər təşkil etməsi, Azərbaycan Ordusuna, əsgərlərimizə dəstək ifadə etməsi də bu qəbildəndir. Təəssüflər olsun ki, bəzi dağıdıcı qüvvələr bu prosesdən də öz çirkin məqsədləri üçün yararlanmağa çalışdılar. Şəhidlər Xiyabanı və Milli Məclis önündə toplaşan, həqiqətən də Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirən insanların arasına soxulmuş dağıdıcı ünsürlər parlament binasına zorla daxil oldular, ora zərər vurdular, Azərbaycanın dövlət avtoritetini gözdən salan əməllərə yol verdilər. Eyni zamanda, onlarla olduqca nəzakətli davranan Azərbaycan polislərinə qarşı da ədəbsiz, qanunazidd hərəkətlər etdilər. Polis maşınını aşırdılır, ona daş atdılar”. 
 


Düşmənin içimizdə təxribat törətmək cəhdi

Siyasi şərhçi həmin hadisə ilə bağlı kadrları, videogörüntüləriizlədiyini söyləyib: "Polislər vətəndaşlara müraciətdə "Zəhmət olmasa”, "Xahiş edirik”, "Buyurun” kimi ifadələr işlədərək qayda-qanun, nizam-intizam yaratmağa çalışırdılar. Lakin başıpozuq dəstə, özəlliklə də insanların arasına soxulmuş təxribatçılar bunlara məhəl qoymayaraq ortalığı qarışdırmağa çalışdılar. Təbii ki, istəklərinə nail ola bilmədilər. Çünki, oraya toplaşan izdiham, çoxluq onların təxribatına uymadı.Vətəndaşlar təxribatçı ünsürlərin məkrli niyyətlərini başa düşdülər. Ona görə də insanların böyük əksəriyyəti meydandan çəkilib getdi. Beləliklə, düşmənin içimizdə təxribat törətmək cəhdi bu dəfə də iflasa uğradı. Bu hadisələr göstərdi ki, Azərbaycan xalqı, mütləq əksəriyyət, xüsusən də gənclər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşir, məhz onun göstəriş və tapşırıqları üzrə hərəkət etməyə hazırdırlar”.

Rufik İSMAYILOV