• cümə, 29 Mart, 02:01
  • Baku Bakı 7°C

Düşmən təxribatlarına qarşı hər an hazır olmalıyıq

23.04.16 18:20 2144
Düşmən təxribatlarına qarşı hər an hazır olmalıyıq
Aprelin 23-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, Silahlı Qüvvələr və qoşun növlərinin komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində baş verən döyüş əməliyyatlarının nəticələri təhlil edilərək konkret tapşırıqlar qoyulub və tövsiyələr verilib. Toplantıda çıxış edən müdafiə naziri bildirib: “Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə zərbələri zamanı bölmələrimizin fəaliyyəti ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Dövlətimizin və xalqımızın diqqət və qayğısı sayəsində ordumuz bu uğura nail oldu.
Ermənistan 20 ildən artıqdır ki, torpaqlarımızı işğal edib və ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməkdən əl çəkmir. Bu ölkənin cinayətkar rejimi bütün beynəlxalq norma və prinsiplərə məhəl qoymur, hər bir imkandan istifadə edərək xalqımıza qarşı təxribatlar törətməyə çalışır. Bu istiqamətdə ermənipərəst qüvvələr də ölkəmizə qarşı təzyiqlərdən çəkinmirlər. Ermənilərin dinc əhaliyə və təmas xəttindəki yaşayış məntəqlərimizə qarşı törətdiyi son əməllərinə Ordumuz tutarlı cavab verdi. Vacib əhəmiyyətə malik yüksəklikləri azad edərək nəzarətə götürməklə cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrimizin təhlükəsizliyini tam təmin etmiş olduq.
Bununla belə düşmən təxribatlarına qarşı cavab tədbirləri görməyə hər an hazır olmalıyıq. Şəhid ailələrinə və yaralılara hərtərəfli diqqət və qayğı göstərilməli, onların problemləri digər icra strukturları ilə qarşılıqlı əlaqədə həll edilməlidir.
Biz bu döyüşlərdə Silahlı Qüvvələrimizin döyüş təcrübəsini təkmilləşdirərək şəxsi heyətin qələbə əzmini daha da yüksəltdik. Xalqımızın Orduya inamı artdı və vətənpərvərlik ruhunun yüksəlməsinə təkan verildi”.
Ümummilli liderimiz Heydər Əliyevin məşhur kəlamını xatırladan müdafiə naziri Silahlı Qüvvələrimizin nəyin bahasına olursa-olsun ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə hazır olmasını şəxsi heyətin diqqətinə çatdıraraq deyib: “Bunu bizdən dövlətimiz gözləyir və xalqımız tələb edir. Bunun üçün bütün imkanlarımz var. İqtisadi, maddi, hərbi, demoqrafik və digər sahələrdə ehtiyatlarımız düşməndən qat-qat üstündür. Əsgərdən tutmuş generaladək hər birimiz torpaqlarımızın azad edilməsi yolunda üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirərək döyüşlərə hazır olmalıyıq”.
Müdafiə nazirinin çıxışından sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən bir qrup hərbi qulluqçunun təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və müdafiə nazirinin əmrləri şəxsi heyətə çatdırılıb, təltif olunan hərbi qulluqçulara mükafatlar təqdim edilib.
Müşavirənin sonunda müdafiə naziri qoşunların döyüşə hazırlıq səviyyəsinin və idarəetmə orqanlarının fəaliyyətinin hərtərəfli yoxlanılmasına dair Baş Qərargaha müvafiq tapşırıqlar verib.
banner

Oxşar Xəbərlər