• cümə, 29 Mart, 03:19
  • Baku Bakı 7°C

Düşmən qarşısında Milli Ordumuz var!

26.06.20 09:00 2721
Düşmən qarşısında Milli Ordumuz var!
Silahlı Qüvvələrimizi ildən-ilə daha da güclü edən Azərbaycan xalqı və dövlətidir
"Bu gün Azərbaycanda nizami ordu var. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi var. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda Ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcək”. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin bu fikirləri Milli Ordumuzun qüdrətini, ölkəmizin müstəqillik tarixini əks etdirməsi baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.
İlk nizami hərbi hissə
Milli Ordumuzun yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən azad edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Peşəkar general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundu.

Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasında güllələndi.

Hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli lider Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olub. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrin quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb.

Lakin hələ yaxın keçmişdə Azərbaycan Ordusu yaradılmasına başlanıldığı vaxtlardan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Belə ki, sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Dövlət başçısı azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstəriblər. Lakin bu nailiyyətlər asanlıqla əldə edilməyib, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçib.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə torpaqlarımızın bir hissəsini işğal etmişdilər. O zaman Azərbaycana rəhbərlik edən şəxslər Silahlı Qüvvələri formalaşdıra bilmədilər.

1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmirdi.

Orduya dövlət səviyyəsində lazımi diqqət yetirilmir, onun təşkilatlanması üçün zəruri tədbirlər görülmürdü. Nisbətən qısa dövrdə dörd müdafiə nazirinin dəyişdirilməsi ordu quruculuğuna mənfi təsir göstərməklə yanaşı, ona olan münasibəti təzahür etdirirdi. Cəmiyyətin bütün qatlarını sarsıdan daxili qeyri-sabitlik, siyasi çəkişmələrin geniş vüsət alması, cinayətkar-mafioz dəstələrin fitnələri, xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq təhlükəsi qarşısında qoydu.

Bütün bunların nəticəsində erməni Silahlı Qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, 1 milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv etmişdi. Məhz belə bir böhranlı şəraitdə Azərbaycan xalqı öz müstəqil dövlətinin məhv edilməsi təhlükəsi qarşısında üzünü Heydər Əliyevə tutaraq onu hakimiyyətə gətirdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Ulu öndərin hakimiyyətə qayıdışından sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi bu işin yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Bu dövrdən etibarən ölkədəki Silahlı Qüvvələr dövlətin tam nəzarətinə keçdi. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib və tarixi əhəmiyyətli bir mərhələ oldu. Ulu öndər hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.


Tarixi varislik ənənəsinə uyğun olaraq ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Məhz həmin ildən ölkəmizdə Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir.
Hərbçilərin sosial müdafiəsi diqqət mərkəzində
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

Ölkəmizin son illərdə dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunur. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. "Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir. Azərbaycanda ordunun maddi-texniki bazasının gücləndirilməsi işində böyük məsələlər öz həllini tapmışdır. Hərbçilərin sosial müdafiəsi məsələləri öz həllini tapır. Sosial məsələlərə gəldikdə, Azərbaycan dövləti bu məsələni daim diqqət mərkəzində saxlayır, hərbçilərin sosial-məişət problemləri öz həllini tapır, əməkhaqları qaldırılır” - deyə Ali Baş Komandan bildirib.

Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirir.

Ali Baş Komandan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir: "Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir”.

Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşib. Həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikamızın iqtisadi qüdrətinin ildən-ilə güclənməsi Prezident İlham Əliyevə bu sahədə ardıcıl tədbirlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa imkan verib.
4 günlük Aprel savaşı
"Ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Hər bir dövlətin müqəddəratı ordusundan asılıdır” - deyən Milli Məclis Sədrinin müavini Adil Əliyev AZƏRTAC-a açıqlamasında qeyd edib ki, Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Ordusu işğalçı Ermənistanın dərsini vermək iqtidarındadır: "Bunu 2016-cı ilin 4 günlük Aprel savaşı da göstərdi. Əhalisi 3 milyondan az olan Ermənistan 4 günlük savaşda 560 hərbçisini itirdi. Bu, kiçik Ermənistan üçün əsl fəlakət sayıla bilər. Təsadüfi deyil ki, Aprel savaşından sonra Ermənistan ordusunda generallar arasında həbslər həyata keçirildi, müdafiə naziri istefaya göndərildi”.

A.Əliyev qeyd edib ki, MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələr sırasındadır: "Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinin tamamından çoxdur. Bu da düşmən ölkəni çox qorxudur. Müdafiə naziri Zakir Həsənov son müsahibəsində açıq dedi ki, növbəti müharibədə Ermənistan ordusunun itkiləri daha çox olacaq. İşğalçı dövlətin ordusu məğlubiyyətə düçardır. Ordumuz qarşısına qoyulan istənilən tapşırığı yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarına malikdir. Prezident İlham Əliyevin göstərdiyi qayğı nəticəsində vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Müasir dünyamızda baş verənlər onu təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Ordusu zəif olan dövlətlərə təsir etmək daha asandır. Bütün diplomatik danışıqların arxasında güclü ordu dayanır”.

A.Əliyev qürurla bildirir ki, bu gün gənclərimiz böyük həvəslə hərbi xidmətə can atırlar. Belə ki, 2016-cı ilin savaş günlərində minlərlə gəncimiz orduya yazılmağa və düşmənlə döyüşməyə can atırdı: "Ermənistan gəncləri isə işğal altındakı torpaqlarımızda zorla qulluq etməmək üçün ölkələrini tərk edirlər. Bunun özü iki ölkənin gəncləri arasındakı fərqi ortaya qoyur. Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur. Düşmənin bütün təxribatlarının qarşısı yerindəcə alınır. Ordumuz daim düşməni vahimə içərisində saxlayır. İstənilən zaman ordumuz torpaqlarımızı azad etməyə qadirdir. Bunu cənab Prezident dəfələrlə çıxışında bəyan edib. Düşmən dərk edir ki, onların qarşısında 1990-ci illərdəki özünümüdafiə dəstələri yox, nizami və müasir silahlarla təmin edilmiş Azərbaycan Ordusu dayanır”.

Bəli, bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Ordusunun inkişafı sahəsində görülən irimiqyaslı işlər ictimaiyyət tərəfindən son dərəcə razılıqla qarşılanır. Ölkə vətəndaşları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğuna göstərilən yüksək qayğı nəticəsində gündən-günə güclənən Azərbaycan Silahlı Qüvvələrinin lazım olan anda torpaqlarımızı düşmən tapdağından azad edəcəyinə ürəkdən inanırlar.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər