Düşmən dəyirmanına su tökənlər
Onlar istənilən şəraitdən sui-istifadə edərək
proseslərə siyasi məzmun verməyə, nəzarətdən çıxarmağa, neqativ emosiyalar
formalaşdırmağa çalışırlar
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin
bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət
sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə çalışıb,
artilleriya atəşindən istifadə edərək hücuma cəhd edib. Azərbaycan Ordusunun
ayıq-sayıqlığı, həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri
otuzdurulub, onun canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bu zaman
Azərbaycan Ordusunun 11 hərbçisi və 1 mülki şəxs də həyatını itirib, şəhidlik
zirvəsinə ucalıb. Bu hadisədən sonra - iyulun 14-15-də Azərbaycan Ordusuna
dəstək, şəhidlərimizin ruhuna hörmət
əlaməti olaraq Bakıda dinc yürüş keçirilib. Minlərlə paytaxt sakini əllərində
Azərbaycan bayrağı dalğalandıraraq, həmçinin "Şəhidlər ölməz, Vətən bölünməz”,
"Qarabağ Azərbaycandır” və sair bu kimi şüarlar səsləndirərək "Azadlıq”
meydanına, ardınca isə Şəhidlər Xiyabanı və Milli Məclisin önünə toplaşıblar.
Bu aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu,
xalq-ordu həmrəyliyini növbəti dəfə nümayiş etdirib. Aksiya iştirakçılarının
vətənpərvərliyi, onların səfərbərlik elan olunması
istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici təsir
bağışlayıb.
Təəssüflər olsun ki, xalqın Orduya dəstəyindən, bu
məqsədlə keçirilən aksiyadan, yaradılmış şəraitdən sui-istifadə etmək
istəyənlər də tapılıb. Onlar prosesə siyasi məzmun verməyə, onu nəzarətdən
çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstəriblər. Milli
Məclisin inzibati binasına zorla soxulan, oradakı inventarları sındıran,
dağıntıya yol verən, aksiya iştirakçılarına heç bir təzyiq və təsir
göstərmədiyi halda polisə qarşı çağırışlar edən, post patrul xidməti
avtomobilini aşıran, avtobusları daş-qalaq edən bir qrup şəxs bununla
təxribatçı hərəkətlərə yol veriblər. Daxili işlər orqanlarının sonradan
apardığı araşdırma nəticəsində 14 iyulda Orduya dəstək yürüşü zamanı təxribat
törətməyə cəhd edənlərin bir hissəsi həbs olunub. Onlar arasında Əli Kərimlinin
müşaviri Asif Yusifli də var. Bu fakt bir daha göstərib ki, AXCP sədri Əli
Kərimli və ətrafındakılar milli-dövlətçilik, xalq maraqlarına deyil, xarici
dairələrin, xüsusən də ermənipərəst qüvvələrin tapşırığını yerinə yetirir,
onların mənafeyinə xidmət edirlər.
Azərbaycan Silahlı Qüvvələrinin Tovuzda düşmənlə
ölüm-dirim savaşı apardığı həssas bir vaxtda radikal müxalifət təmsilçilərinin,
müxtəlif bəhanələrlə xarici dövlətlərə sığınan "sapı özümüzdən olan balta”ların
həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə
yalan məlumatlar yayması da Vətənə, mənsub olduğun xalqa deyil, erməniyə xidmət
etmək, "düşmən dəyirmanına su tökmək” istəyindən qaynaqlanan hərəkətlərdir.
Onların belə davranışı yalnız düşmənlərimizi sevindirir, ölkəmiz, Silahlı
Qüvvələrimiz haqqında erməni uydurmalarının daha da genişlənməsinə şərait
yaradır. Sözsüz ki, bəzi siyasi qrupların, şəxslərin hərc-mərclik yaratmaq,
daxildə ikinci cəbhə açmaq niyyəti, ölkəmizi 90-cı illərin əvvəlinə qaytarmaq
cəhdləri ciddi qınanılır, cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət
nümayəndələrimiz onların bu pozucu fəaliyyətini sərt şəkildə tənqid edirlər.
Millət vəkili,
politoloq Elman Nəsirovmövzu ilə bağlı bildirib ki, iyulun 14-də gecə radələrində bir qrup
təxribatçının Milli Məclisin binasına qeyri-qanuni müdaxiləsi, antidövlət
şüarlar səsləndirməsi, qanunverici orqanın əmlakına zərər vurması, həmçinin
sosial şəbəkələr üzərindən yayılan dezinformasiyalar təsadüfi hadisə olmayıb.
Deputatın fikrincə, bütün bunlar öncədən planlaşdırılmış təxribatın
nəticəsidir: "Sərhəddə yaşanan son hadisələrlə bağlı orduya və dövlətə
dəstəyini, düşmənə isə nifrətini ifadə etmək üçün yürüşə çıxan insanların
sıralarına öncədən hazırlaşdırılmış və təlim almış təxribatçılar yerləşdirilib.
Məqsəd Azərbaycanı 1990-cı illərin ssenarisi üzrə məhvə sürükləmək, ölkədə
hakimiyyətsizlik mühiti formalaşdırmaq və bununla da, yeni ərazi işğallarına
şərait yaratmaq perspektivdə isə vətəndaş müharibəsini labüd etməkdən
ibarətdir. Amma Azərbaycan polisinin operativ reaksiyası nəticəsində
təxribatçılar ərazidən kənarlaşdırıldılar. Onların bir qisminin kimliyi
müəyyənləşdirilib, digərləri də aşkar olunacaq. Heç kəs məsuliyyətdən kənarda
qalmayacaq. Cənab Prezidentin Nazirlər Kabinetinin iclasında vurğuladığı kimi,
söhbət Vətəndən, torpaqdan, ümummilli məsələlərdən gedəndə heç bir güzəştdən
söhbət gedə bilməz. Bu təxribatda günahı olan hər kəs hüquqi müstəvidə layiqli
cəzasını alacaq. Bu gün Azərbaycanda səfərbər olunmuş cəmiyyət var, həmrəylik
hökm sürür, xalq-hakimiyyət birliyi monolitdir. Xalq öz Prezidentini birmənalı
şəkildə dəstəkləyir və Azərbaycan Ordusu Ali Baş Komandanın qarşıya qoyduğu
istənilən vəzifənin öhdəsindən gəlməyə hazırdır. Azərbaycan cəmiyyəti inanır
ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək
hərbi-vətənpərvərlik ruhu olan güclü Azərbaycan Ordusu düşmənin təxribatına
bundan sonra da layiqli cavab verəcək. Birliyimiz, həmrəyliyimiz sayəsində
Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğaldan azad olunan
torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq”.
Milli Məclisin
deputatı Cavid Osmanovhesab edir ki, həm hərbçilərimizin dəfnində, həm də iyulun 14-də axşam
saatlarında insanların Bakıda küçələrə axışması şəhidlərimizin ruhuna
göstərilən hörmət, eyni zamanda Ali Baş Komandanımıza və Milli Ordumuza
dəstəyin bariz nümunəsidir. O, aksiya zamanı kiçik qrupun təxribatının, sosial
media üzərindən qeyri-obyektiv, ictimai rəyi çaşdırmağa hesablanmış məlumatlar
yayılmasının bağışlanmaz olduğunu dilə gətirib: "Aksiya zamanı kiçik qrupun
təxribatı bağışlanmazdır. Çünki, belə bir vətənpərvərlik, orduya dəstək
aksiyasının mahiyyətini dəyişməyə cəhd göstərmək düşmən dəyirmanına su
tökməkdir. Təbii ki, burada ermənipərəst dairələrin, anti-azərbaycançı
mərkəzlərin və onların əlaltısı olan "beşinci kolon”un birbaşa rolu var. Artıq
təxribat törətməyə cəhd edənlərin bir hissəsi həbs olunub. Onlar arasında Əli
Kərimlinin müşaviri Asif Yusifli də var. Bu, heç də təsadüfi deyil. Xarici
dairələrin və ermənipərəst qüvvələrin tapşırığını yerinə yetirən Əli Kərimli və
ətrafındakılar həmin gecə də öz fəaliyyətlərindən geri qalmadılar. Onlar xalq,
dövlət üçün həssas bir dönəmdə öz çirkin əməllərini həyata keçirməyə
çalışdılar. Bu bir daha göstərir ki, radikal müxalifət təmsilçiləri, xaricdən
onlara dəstək verən bəzi şəxslər üçün xalq, müstəqillik, dövlətçilik, ərazi
bütövlüyü heç bir əhəmiyyət daşımır. Onlar sadəcə bu amillərdən istifadə edərək
xaricdəki ağalarının əmirlərini yerinə yetirirlər. Bu, təəssüf doğurur”.
Rufik İSMAYILOV