• çərşənbə axşamı, 19 mart, 14:50
  • Baku Bakı 8°C

Dünyəvi dövlətin sarsılmazlığı Gəncə hadisələrinin sifarişçiləri üçün ən ağır cəzadır

16.07.18 18:00 520
Dünyəvi dövlətin sarsılmazlığı Gəncə hadisələrinin sifarişçiləri üçün ən ağır cəzadır
Bu günlərdə Azərbaycan cəmiyyəti respublikanın ikinci ən böyük şəhəri olan Gəncədə baş vermiş faciəli hadisələri fəal müzakirə edir. Baş vermiş hadisələr barədə düşündükcə bir daha yəqin edirsən: tarix təkrarlanma xüsusiyyətinə malikdir. Axı, Azərbaycanın ən yeni tarixində belə hallar olub ki, respublikanın həyatında sıçrayış xarakterli mühüm hadisələrdən sonra ölkəmizin uğurlarını gözü götürməyən qüvvələr iğtişaşlar törətməyə və sabitliyi pozmağa cəhd göstəriblər. 1994-cü ilin payızını xatırlayaq. Həmin il sentyabrın 20-də Azərbaycanın sürətli iqtisadi inkişafının və indiki qüdrətinin təməlini qoymuş "Əsrin müqaviləsi” imzalandı. Bundan bir həftə sonra terror aktı nəticəsində respublikanın iki məşhur siyasi və dövlət xadimi – Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildi. Daha bir neçə gündən sonra, oktyabrın 3-4-də Azərbaycanda silahlı dövlət çevrilişi törətməyə cəhd göstərildi.
İstər-istəməz paralellər aparmalı oluruq. Bu il mayın 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən, dəyəri 40 milyard dollardan çox olan bu möhtəşəm layihə Avrasiyanın enerji xəritəsinin formatını dəyişəcək. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Anadolu boru kəməri – TANAP işə salındı. Bu kəmər vasitəsilə Azərbaycan qazı Avropaya nəql ediləcək. Nəhayət, iyunun 26-da Bakıdakı Azadlıq meydanında hazırda dünyanın ən güclü 50 ordusu sırasına daxil olan, döyüş qabiliyyətli və ən müasir silahlarla təchiz edilmiş ordu yaratmağa nail olmuş Azərbaycanın hərbi qüdrətini bütün dünyaya nümayiş etdirən möhtəşəm parad keçirildi. Azərbaycanın inamlı, ardıcıl irəliləyişini, onun dünyada artan nüfuzunu gözləri götürməyən qüvvələr bu dəfə də ölkədə sabitliyi, əhalinin sakit həyatını pozmağa və qarşıdurma yaratmağa cəhd göstərdilər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edildi, bundan bir həftə sonra isə din pərdəsi altında bir qrup radikal şəhərdə iğtişaş törətməyə cəhd göstərdi. Təəssüf ki, qan töküldü – hüquqazidd hərəkətlərin qarşısının alınması prosesində iki polis zabiti şəhid oldu.
Fikir verin – hər iki halda Azərbaycana düşmən qüvvələrin dəst-xətti və texnologiyaları eynidir. Lakin onlar yanıldılar, çünki 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sabit, demokratik və hüquqi dövlət qurulması yolunda ilk addımlarını atan Azərbaycan ölkəni qorumağa, onu xaosdan və sarsıntılardan müdafiə etməyə nail olmuşdu, indi isə respublikamızın qüvvələri və imkanları qat-qat artıb, səmərəli fəaliyyət göstərən hakimiyyət orqanları, sabitliyi və hüquqi qaydanı təmin etməyə qabil olan hüquq-mühafizə orqanlarının formalaşdığı bir şəraitdə bədxahlarımız heç nəyə ümid edə bilməzlər. Lakin burada başlıca amil, əlbəttə, iqtidar ilə xalqın birliyidir. Prezident İlham Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasdakı çıxışında bunu xüsusi vurğulayıb. Həqiqətən bu birlik sarsıntılar dövründə ölkəni qorumağa qabil olan böyük qüvvədir. Bu birlik 1994-cü ilin oktyabrında da özünü göstərdi: o vaxt ulu öndər Heydər Əliyevin bir çağırışı ilə on minlərlə insan qanuni hakimiyyəti müdafiə etmək üçün Prezident Administrasiyasının binası qarşısında toplaşdı. Bu birlik sonralar da - ölkə üçün çətin olan bütün məqamlarda, o cümlədən bu günlərdə baş vermiş Gəncə hadisələri zamanı yenidən parlaq şəkildə təzahür etdi: Azərbaycan xalqı göstərdi ki, o, öz dövlətinin, öz Prezidentinin yanındadır və xaricdə qurulan, ölkəmizi Yaxın Şərqin bir sıra ölkələrində baş verən və bu gün də davam edən qanlı hadisələr və terror arenasına çevirmək niyyəti güdən məkrli ssenarilərin burada həyata keçirilməsinə imkan verməyəcək.
Baş verən hadisələrin ən iyrənc cəhəti ondan ibarətdir ki, bu çirkin planların təşkilatçıları və icraçıları dini şüarlarla pərdələnir və çox həssas bir materiya – insanların dini hissləri ilə oynamağa çalışırlar. Lakin bütün bunların İslam dini ilə heç bir əlaqəsi yoxdur. Əvvələn, terrorçunun nə inamı, nə imanı, nə vətəndaşlığı, nə vətəni var, onun nəzərində heç bir müqəddəs dəyər yoxdur. Allahın adından istifadə edərək insanları Ulu Tanrının bəxş etdiyi həyatdan məhrum etmək olmaz. Bu, heç bir vasitə ilə bəraət qazandırıla bilməyən ən böyük günahdır. Yeri gəlmişkən, digər səmavi dinlərdə olduğu kimi, İslamda da hər bir insanın həyatı dəyərlidir.
Azərbaycanlılar müsəlman Şərqində ilk demokratik, parlament respublikasını yaradan xalqdır. Xalqımızın dövlətçilik tarixi Midiya və Atropatenadan başlanır! Biz XI qırmızı ordunun 1920-ci ildə son qoyduğu müstəqilliyimizin bərpasına yüzdən çox şəhidin həyatı bahasına nail olmuşuq. Dünyəvi dövlət və demokratiya ölkə əhalisinin böyük əksəriyyətinin şüurlu seçimidir. Bəs, bir ovuc bədbəxt radikal nə istəyir – öz məkrli "dəyərlərini” milyonlarla azərbaycanlıya sırımaqmı?
Bir fakt şübhəsizdir: Azərbaycanın inkişafını, onun sabitliyini istəməyən qüvvələr bu addımı bizim dövlətçiliyimizə, müstəqilliyimizə qarşı atıblar. İyulun 13-də respublikanın hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda dövlətimizin başçısı İlham Əliyev məhz bu məqamı vurğulayıb: "Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir. Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir”.
Gəncədə atəş açılandan sonrakı ilk günlərdə özlərinin nadanlığı ucbatından cinayətkarı sosial şəbəkələrdə "qəhrəmana çevirmək” üçün cəhd göstərənlər bunu anlamalıdırlar. Xoşbəxtlikdən belələri azdır və onlar xəcalət çəkməlidirlər. Onlar başa düşməlidirlər ki, Azərbaycanda ekstremizm keçməyəcək, ilk növbədə, ona görə ki, xalq özü onu qəbul etmir. Ekstremizm xalqımıza yabançıdır. Prezident çıxışında bunu da qeyd edib:"Bu cinayətkarlar müsəlman deyillər. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənalı olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi”.
Daha bir məqamı qeyd etmək istərdim. Gəncədə iğtişaş törətməyə cəhd göstərmiş ekstremistlərin və satqınların hərəkətləri elə həmin günlərdə ölkəmizin həyatında baş vermiş çox mühüm hadisənin üzərinə kölgə sala bilmədi. NATO-nun Brüsseldə keçirilmiş Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Azərbaycan ilə Avropa İttifaqı arasında "Tərəfdaşlıq prioritetləri” sənəd paraflandı. Bu, böyük uğurdur, çünki həmin sənəddə aşkar şəkildə qeyd edilir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini və onun sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Həmçinin ölkəmizin təşəbbüsü ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi” layihəsinin başa çatdırılması Avropa İttifaqının əsas prioritetlərindən biri adlandırılıb (yeri gəlmişkən, eyni vaxtda ABŞ Dövlət Departamenti də bunu bəyan edib), respublikamızın mədəniyyətlərarası dialoqa böyük töhfəsi qeyd olunub, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə maraq ifadə edilib. Avropa İttifaqının yüksək vəzifəli nümayəndələri sosial şəbəkələrdəki səhifələrində vurğulayıblar ki, "Tərəfdaşlıq prioritetləri” sənədi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafına yeni impuls verib. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin çox böyük diplomatik uğurudur. Təzadlar göz qabağındadır: bir tərəfdə Avropa ölkələri ailəsində Azərbaycanın işıqlı gələcəyinə yönəlmiş addımlar, dövlətin və xalqın mənafelərini hər şeydən üstün tutan, insanların dinc, sakit, firavan həyatının təmin edilməsinə, ümumbəşəri dəyərlərin təntənəsinə yönəlmiş siyasət, digər tərəfdə isə ölkəni orta əsr bataqlığına, nadanlığa sürüməyə, onu hər hansı perspektivlərdən məhrum etməyə, vətəndaş qarşıdurması yaratmağa çalışan bir ovuc radikalın hüquqazidd hərəkətləri. Sosial şəbəkələrdə öz maddi maraqları naminə şeytanın özünə belə qulluq etməyə hazır olan, insan adlandırılmağa layiq olmayan varlıqları "qəhrəmanlar” kimi qələmə vermək yox, bu təzadlar barədə yazmaq lazımdır.
Gəncə hadisələrinin hüquq-mühafizə orqanları tərəfindən isti izlərlə aparılmış təhqiqatlar radikal ekstremistlər şəbəkəsini aşkar etməyə imkan verib. Müəyyənləşdirilib ki, ekstremistlər Gəncə hadisələrini ölkənin başqa şəhərlərində, o cümlədən Sumqayıtda da təkrar etməyi planlaşdırırmış. Artıq onlarca ekstremist həbs edilib və şübhə yoxdur ki, onlar hamısı layiqli cəzalarını alacaqlar. Heç kəs məsuliyyətdən yaxa qurtara bilməyəcək. Prezident İlham Əliyev bunu qətiyyətlə bəyan edib.
Bu yaramazlar və onların xaricdəki sifarişçiləri üçün ən böyük cəza isə Azərbaycan dövlətinin sarsılmazlığı, xalq ilə iqtidarın möhkəm birliyidir!
Aslan Aslanov
AZƏRTAC-ın İdarə Heyətinin sədri,
Dünya Xəbər Agentlikləri Konqresinin,
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatının (OANA) prezidenti

banner

Oxşar Xəbərlər