• cümə, 29 Mart, 16:53
  • Baku Bakı 14°C

Dünyaya sülh çağırışı

19.04.16 12:27 2719
Dünyaya sülh çağırışı
Aprelin 25-27-də paytaxtımızda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək. Forumda 195 ölkə və 26 beynəlxalq təşkilatın iştirak edəcəyi gözlənilir. İSESCO-ya üzv ölkələr də bu beynəlxalq əhəmiyyətli tədbirdə fəal iştirak edəcəklər. “İnkluziv cəmiyyətlərdə birgəyaşama; Çağırış və məqsəd” şüarı altında baş tutacaq üç günlük Forum ərzində Bakıda 40 tədbir keçiriləcək. Forumun iclasları Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Forum çərçivəsində aprelin 25-də gənclərlə bağlı tədbirdə BMT-nin baş katibi Pan Gi Mun da iştirak edəcək.
Paytaxt Bakıda keçiriləcək növbəti qlobal Forumun əhəmiyyəti barədə fikirlərini “Kaspi”yə bölüşən beynəlxalq məsələlər üzrə ekspert, İsraildə yaşayan siyasi şərhçi Arye Qut son dövrlər Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini dilə gətirib. Bildirib ki, bu, Azərbaycanın dünya panoramasında xüsusi rolu və yeri olduğunu sübut edir: “Dünya intellektual elitası - siyasətçilər, indiki və sabiq dövlət başçıları, alimlər, politoloqlar, vətəndaş cəmiyyətinin nümayəndələri üçün real görüş məkanı olacaq BMT Sivilizasiyalar Alyansının VII Bakı Qlobal Forumu çox mühüm beynəlxalq tədbirdir. Bu gün dünyada ikinci elə bir intellektual məkan yoxdur ki, orada müxtəlif ölkələrdən gələn siyasi, elmi və intellektual elitanın nümayəndələri görüşərək, dünya birliyi üçün böyük əhəmiyyət kəsb edən məsələləri - münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin edilməsi kimi problemləri müzakirə edə bilsinlər. Forumun məhz Bakıda keçirilməsi Azərbaycanın multikultural ölkə olmasını sözdə deyil, əməldə də ehtiva edir. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasəti, bu ideyanın populyarlaşması Azərbaycan dövlətinin tolerantlıq və multikulturalizm siyasətinin qorunub saxlanmasına yönəlmiş strategiyanı əks etdirir. Bu siyasət müasir və güclü Azərbaycanın möhtəşəm modeli nümunəsində daha da inkişaf etdirilir və dünyada təbliğ olunur. Postsovet Azərbaycanı dünyaya sübut edib ki, o, zəif və asılı geosiyasi substansiya deyil, əksinə, Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynayır. Azərbaycanın praqmatik yanaşması, dini dözümlülüyü, cəmiyyətin multikultural və tolerant olması, dünyanın bir çox digər yerləri ilə müqayisədə diplomatiyanın xeyli dərəcədə daha mürəkkəb olduğu bir regionda qonşular ilə konstruktiv münasibətləri - bütün bu amillər bu dərəcədə uğurlu inkişafda öz rolunu oynayıb”.
Siyasi şərhçi bildirib ki, Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün hər zaman vətən olub və bu gün də belədir: “Qədim Azərbaycan torpağında yəhudi dini və İslam, atəşpərəstlik və xristianlıq birgə mövcud olub. Azərbaycanda tolerantlığa və dini dözümlülüyə inanılmaz dərəcədə güclü meyil bu gün də davam edir. Ölkənin yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Bir faktı xüsusi qeyd etməyə dəyər ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər burada özlərini heç vaxt qərib hiss etməyiblər. Hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 23 il sonra da Azərbaycan cəmiyyəti dini və etnik qruplar arasında harmoniyanı dəstəkləməkdə davam edir. Mən bir İsrail vətəndaşı və İsraildəki qeyri-hökumət təşkilatının rəhbəri kimi qürurla qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi ölkədəki yəhudi icmasına hərtərəfli dəstək verir. Qürur hissi ilə demək istəyirəm ki, özlərini sivil adlandıran bir sıra Avropa ölkələrindən və xalqlarından fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə qarşı satqınlıq etməyiblər, yəhudilər də heç vaxt azərbaycanlılara qarşı satqınlıq etməyiblər. Ermənistanla gərgin və qanlı ərazi münaqişəsinə, ərazisinin 20 faizinin işğal edilməsinə baxmayaraq, ikili standartlardan əziyyət çəkən, çox mürəkkəb və həssas geosiyasi vəziyyətdə olan Azərbaycan, eyni zamanda sivilizasiyalararası və dinlərarası dialoqun həqiqi nümunəsidir. Bu, Azərbaycan xalqının qədim tarixi köklərə, mədəniyyətə və humanizmə malik olmasını bir daha sübut edir”.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri, politoloq Rufiz Qonaqov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsini olduqca mühüm, tarixi əhəmiyyətə malik bir hadisə kimi qiymətləndirib. Deyib ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də hər zaman mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası dialoqla bağlı mühüm töhfələr verib: “Bir sıra mühüm qərarların qəbulunda nəinki iştirak edib, həmçinin bu kimi məsələlərin gündəmə gəlməsində və həyata keçirilməsində çox fəal rol oynayıb. Qlobal Forumun Bakıda baş tutması bir daha Azərbaycanın dünyada nüfuzunu, gücünü göstərir. Bu Forumda iştirak etmək üçün böyük dövlətlərin rəsmi şəxslərinin, dövlət və hökumət nümayəndələrinin, diplomatların Bakıya gələcəyi gözlənilir. Hətta BMT baş katibi Pan Gi Mun da şəhərimizin qonağı olacaq, Forumda iştirak edəcək. Təbii ki, bütün bunlar hər bir vətəndaş üçün qürurverici hadisələrdir. Azərbaycan ilk dəfə deyil ki, bu cür beynəlxalq forumlara, tədbirlərə ev sahibliyi edir. Bizim bu sahədə kifayət qədər təcrübəmiz var. O baxımdan, VII Qlobal Forumun da yüksək təşkilatçılıq səviyyəsində baş tutacağına, bu tədbirdən dünyaya mühüm mesajlar veriləcəyinə əminəm. İnanıram ki, bu Forum mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası dialoqa, sülhə müsbət töhfə verəcək. Azərbaycan sülhə, birgəyaşayışa, tolerantlığa, multikulturalizmə çağırışlar etdiyi, bunları özünün həyat səviyyəsində çevirdiyi bir vaxtda ölkəmizin ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyona yaxın insanımız qaçqın və məcburi köçkünə çevrilib. Bizim hərbi gücümüz yetərincə olmasına baxmayaraq, hazırda bu problemin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanır, bu istiqamətdə aparılan danışıqlardan ümidimizi üzmürük. Bu aspektdən də məsələyə yanaşsaq, VII Qlobal Foruma ev sahibliyi etməklə Azərbaycan bir daha dünyaya sülh çağırışı edir”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər