• cümə axşamı, 25 aprel, 20:17
  • Baku Bakı 21°C

Dünyaya pedaqoq-rəssam baxışı

04.03.19 15:50 2034
Dünyaya pedaqoq-rəssam baxışı
Azərbaycanın təsviri sənət məkanında fəaliyyət göstərən sənətkarların çoxu yaradıcılıqla yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğul olsalar da, onların demək olar ki, əksəriyyəti müstəqil dünyagörüşünə malik rəssam kimi şöhrət tapsalar da, yaxşı müəllim kimi tanınmayıblar. Bu məsələnin kökünü araşdırmalı olsaq, bunun haradan və nədən qaynaqlandığına cavab tapmaq da olar. Buna indiki halda ehtiyac duymayıb, birbaşa demək istəyirik ki, müstəqillik dövründə respublika miqyasında ən yaxşı təsviri sənət müəllimələrinin sırasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsgər Əsgərovun (1948-2017) adı çəkilmişdir. Bəri başdan deyək ki, o, bu adı həm də davamlı müstəqil yaradıcılıqla məşğul olmaqla qazanmışdır...
İxtisas təhsilini əvvəlcə məşhur "Əzimzadə məktəbində (1969-1973), sonra isə Azərbaycan Dövlət İncəsənət Universitetində (1975-1980) alan Əsgər Əsgərov ömrünün sonuna kimi fəal bədii-pedaqoji fəaliyyətlə bağlı olmuşdur. Onun ali təhsil illərində gənc kadrların yetişdirilməsində əvəzsiz rolu olan Mikayıl Abdullayev, Lətif Kərimov və Tokay Məmmədovdan dərs almasının rəssam-pedaqoq yoluna böyük təsiri olmuşdur. Belə ki, həmin sənətkarlardan əxz etməli yaradıcı və həyatı məsələlər kifayət qədər idi. Əsgər Əsgərovun təhsilsonrası əsasən Bakı İncəsənət Gimnaziyası ilə bağlı olan pedaqoji fəaliyyətinin nəticələri isə kifayət qədər duyulandır. Vaxtilə onun tələbəsi olanların bu gün təsviri sənətin müxtəlif sahələrində çalışmaları da dediklərimizi təsdiqləyir...
Əsgər müəllimin özü də müxtəlif miqyaslı sərgilərin müntəzəm iştirakçısı kimi təsviri və dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində məhsuldar və səmərəli fəaliyyət göstərdiyini təsdiqləmişdir. 2013-cü ildə Bakıdakı "Art Garden Galleri”də baş tutan fərdi sərgisi də onun yaradıcılıq axtarışlarında nə qədər milli və müasir olduğunu sərgiləmişdir. Odur ki, həmin əsərlər bu gün onun yoxluğunu sona qədər olmasa da, müəyyən dərəcədə unutdurmaq gücündədirlər...
Rəssamın rəngkarlıq irsi zənginliyi ilə seçilir. Onun bu sahəyə xüsusi diqqət göstərməsinin səbəbini elə özü zaman-zaman təkrarlamaqdan usanmazdı. "Sənətin önündə getmək istəyirsənsə, mütləq tarixi, təbiəti və rəngləri sevmək lazımdır” deyimini özünə sənət amalı hesab edən Əsgər Əsgərov, bütün yaradıcılığı boyu dediklərini gerçəkləşdirməyə çalışmışdır. Bunun qədim tarixə malik olan İçərişəhərə həsr etdiyi silsilə rəngkarlıq tablolarını və qrafik lövhələri bunun əyani görüntüsü saymaq olar...
Əgər sənət tariximizi vərəqləməli olsaq, onda paytaxtımızın bu bənzərsiz guşəsini rəssamlarımızın ən müxtəlif nəsillərinin davamlı olaraq özünə ilham qaynağı seçdiyini deyə bilərik. Bu mənada sələflərinin ənənəsini davam etdirən Əsgər Əsgərovun çoxlarının gözündə adiləşən bu unikal memarlıq tikililəri məcmusuna özünəməxsus bədii münasibət göstərdiyini söyləmək olar. Ölçü baxımından çox da böyük olmayan bu əsərlərdə İçərişəhərin bədii-psixoloji durumuna şahidlik etmək mümkündür. Labirintəbənzər küçələrin arxitekturasında hifz olunan gözəllik işartılarını incəliklə duyan rəssamın, onlara özünəməxsus "yaşantı” bəxş edə bilməsi danılmazdır. Kompozisiya biçimində daha çox təxəyyülünün gücünə tapınan müəllifin üst-üstə sıralanan tikililərin axıcı ritmi ilə onları xaotiklikdən çıxarmaqla, görüntünün ümumi tutumundakı həm də tarixi gerçəkliyin ifadəsinə yönəldə bilmişdir. Həmin əsərlərdə ovqat daşıyıcılığının əksi də duyulandır. O, bunu daha çox rəng çalarları, koloritin müxtəlifliyi ilə əldə etmişdir. Etiraf edək ki, onun göy rəngin müxtəlif çalarlarında təqdim olunan İçərişəhər motivləri sözün əsl mənasında nağılvaridirlər. Odur ki, rəssamın həm göy, həm də digər koloritlərdə təqdim etdiyi və özündə uzaq-yaxın keçmişimizi yaşadan, çox vaxt "daşlarda yaşanan poeziya” kimi dəyərləndirilən bu memarlıq incimizin ilin, ayın və günün ən müxtəlif çağlarını özündə əyaniləşdirən durumunda günəşli-qarlı, "xəzri”li-"gilavar”lı anları duymaq elə də çətin deyil. Rəssamın İçərişəhərin ayrı-ayrı küçələrinə və abidələrinə münasibətində bədii ümumiləşdirmə qabarıq görünsə də, bütünlükdə, məkanı səciyyələndirən xüsusiyyətlər bədii incəliklə vurğulanmışdır. Onların yeni və daha təravətli qəbul olunmasında heç şübhəsiz Əsgər müəllimin bu çoxsaylı əsərlərin hər biri üçün Əsgər müəllimin tapdığı yeni və daima təravətli görünən baxış nöqtələrinin və rakursların duyulası əhəmiyyəti olmuşdur.
Əsgər Əsgərovun tarixi keçmişimiz və ənənələrimizlə bağlı əsərləri təkcə "İçərişəhər” silsiləsi ilə məhdudlaşmır. "Qobustan”, "Karvan”, "Şərq motivi”, "Mis qablar”, "Qədim bazar”, "Məşədi İbad”, "Köhnə Bakı” "Milli rəqs”, "Zorxana”, "Toy”, "Yaşlı qadın”, "Bəy və gəlin” və digər neçə-neçə sənət əsərini rəssamın rəhmətlik Manaf Süleymanovun təbirincə desək, "oxuduqlarına, eşitdiklərinə və gördüklərinə” özünəməxsus münasibətinin nəticəsi hesab etmək mümkündür. Bu müxtəlif mövzulu lövhələrin kompozisiya həlli həm aydınlığı, həm də qədim ənənələrdən qaynaqlanan şərti-bədii stilizələri ilə diqqət çəkir. Qənaətimizcə, bu əsərlərin tamaşaçı sevgisi qazanmasında görüntüyə gətirilən motivlərin səmimi və böyük məhəbbətlə bədii tutum alması mühüm rol oynamışdır. Xalqının şərəfli tarixinin və bənzərsiz maddi-mədəniyyət nümunələrinin, eləcə də gözoxşayan etnoqrafiyasının vətənpərvərlik duyğusu ilə təqdimatının nəticəsidir ki, təsvir olunanlar tamaşaçılar üçün də cəlbedici, düşündürücü və qürurdoğurucu görünürlər. Belə əsərlərin zamansızlığa qovuşması isə birmənalıdır...
Onun bizə tanış olan mövzu və motivlərə daha fərqli və orijinal münasibətlə ifadə etməsi isə, onun gözəl müşahidə qabiliyyətinə, gördüklərindən heyrətlənmək gücünə malik olduğunun göstəricisidir. Bu mənada onun "Nar-İçərişəhər”, "Tənha ağac”, "Neft buruqları”, "Bakı körfəzi”, "Qarabağ şikəstəsi” və s. əsərlərinin adını çəkmək olar.
Rəssamların yaradıcılıq məkanında çox vaxt universal görünmələri bəzilərində yersiz qıcıq yaratsa da, əslində bunun qədim və ibrət götürməli nümunələri kifayət qədərdir. Əslində hər hansı yaradıcının təsviri və tətbiqi sənətin müxtəlif sahələrində çalışmaları, ilk növbədə onların bədiiləşdirməyə hazırlaşdıqları mövzuları hansı tutumda təqdim etmək istəyindən qaynaqlanır. Bu mənada onların gah rəngkar və qrafik, gah da heykəltəraş və keramikaçı kimi çıxış etməsi həmin yaradıcının məntiqli seçimi sayılmalıdır. Əsgər Əsgərovun bədii irsini zənginləşdirən rəngkarlıq, qrafika, heykəltəraşlıq, keramika və s. sahələrə aid əsərləri də məhz bu cür yanaşma ilə ərsəyə gətirilmişdir. Bu mənada onun heykəltəraşlıq və keramika nümunələrinin bu sahələrin ən tələbkar təmsilçilərini belə heyrətləndirmək gücündədir, desək, həqiqəti söyləmiş olarıq.
Onun plastikanın kamilliyi duyulan "Bahar çiçəyi”, "Əsgər”, "Nənə və baba”, "Ailə”, "Musiqi”, "Balıqçı qadınlar”, "Döyüş” və "Uşaqlar”, (heykəltəraşlıq), eləcə də "Səttar”, "Leyli”, "Məcnun”, "Heyvalar” və "Qadın portreti” (keramika) əsərlərində əldə olunan bədii tutumdakı yüksək sənətkarlıq hər cür tərifə layiqdir.
Əsgər müəllimin dəzgah heykəltəraşlığı nümunələrində əldə etdiyi monumentallığın nəticəsidir ki, həmin işlər ən müxtəlif rakurslardan cəlbedici və təsirli baxılır. Qənaətimizcə, həm də gözəl park heykəltəraşlığı nümunələri kimi qəbul olunan bu plastika nümunələri yüksək estetik ütüm daşıyıcısı kimi paytaxtımızın müxtəlif bağçalarını və parklarını gözəlləşdirmək gücündədir. Onun keramika nümunələrinə də forma-biçim və bədii şərh özünəməxsusluğu xasdır...
Onun həyat və yaradıcılığı sənətə vicdanla xidmətin gözəl nümunəsidir. Odur ki, bu gün özü aramızda olmasa da, müxtəlif muzeyləri və şəxsi kolleksiyaları bəzəyən əsərləri ilə tez-tez xatırlanmaqda, tələbələrinin xatirəsində yaşamaqdadır. Kiçik qızı Günayın müxtəlif sərgilərdə iştirakı isə ailə ənənəsinin uğurla davam etdirməsinin göstəricisidir...
Ziyadxan Əliyev







banner

Oxşar Xəbərlər