Dünyaya insan gəlir, amma sağlam gəlmirsə...
"Azərbaycanda mama-ginekoloqlar və neonatoloqlar
tərəfindən aparılan maarifləndirmə işlərindən sonra hamilə qadınların 38-ci
həftədən əvvəl qeysəriyyə əməliyyatı edilməsi halları azalır”. Bunu Trend-ə
Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun neonatoloji xidmətin
təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib. R.Hüseynovun
sözlərinə görə, artıq mama-ginekoloqlar hamilə qadınları vaxtında, yəni
hamiləliyin 39-cu həftəsində qeysəriyyə əməliyyatı etməyə çalışırlar: "Müasir
tədqiqatlar göstərir ki, 39 həftədən aşağı planlı şəkildə aparılan qeysəriyyə
kəsiyi nəticəsində doğulan uşaqların əqli inkişaf (İQ) indeksi ümumi
populyasiyadan 6 % aşağı olur".
Baş neonatoloq
əlavə edib ki, qeysəriyyə kəsiyi əməliyyatının planlı şəkildə hamiləliyin tam
38-ci həftəsindən tez aparılması uşaqların sağlamlığında böyük problemlər
yaradır. Mütəxəssisin sözlərinə görə, bu hal yenidoğulmuşlar arasında ilk
növbədə tənəffüs, daha sonra isə mərkəzi sinir, ürək-damar, mədə-bağırsaq və s.
sistemlərdə problemlərin yaranmasına səbəb olur. Qeyd edək ki, Azərbaycanda
ümumi doğuşların azalmasına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayı artır.
2012-ci ildə Azərbaycanda 173 376 doğuşun 30 794-u, 2013-cü ildə 171 508
doğuşun 28 954-i, 2014-cü ildə 168 889 doğuşun 30 561-i, 2015-ci ildə 164 614
doğuşun 45 942, 2016-cı ildə 158 051 doğuşun 46 555-i qeysəriyyə əməliyyatı ilə
olub. Ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı da artıb. Azərbaycanda
2014-cü ildə hər 100 doğuşdan 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i
qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub. Qeysəriyyə əməliyyatının son
dövrlər niyə artdığını, bu əməliyyatdan sonra həm uşaqda, həm də anada hansı
problemlərin yaşandığını və ən əsası, normal doğuşla, qeysəriyyə əməliyyatı
arasında nə kimi fərqlərin olduğunu öyrənməyə çalışdıq.
Ginekoloq
Rəşad Sultan deyir ki, qeysəriyyə əməliyyatından sonra qarın boşluğu kəsildiyi üçün müəyyən
ağrılar olur: "Qarın boşluğunun açılması bir yana, uşaqlıq da kəsilmiş olur. Uşaqlıqla
qarın boşluğu arasında əlaqə yaranır. Doğuşdan sonra xanımlarda infeksiyaya
həssaslıq çoxalır. Onsuz da, hamiləlik dövründə qanın laxtalanması iki dəfə
artır. Normal doğuşdan sonra isə qanın
laxtalanması 3 dəfəyə, qeysəriyyə əməliyyatından sonra bu göstərici 6 dəfəyə
qədər artır. Əməliyyatdan sonra da xanım çox hərəkət edə bilmədiyinə görə, bu
da trombemboliya xəstəliyinə səbəb olur. Yəni bu zaman qan damarlarda laxtalanır, sonra
həmin laxta qopur və gedib ağciyər damarlarını tutur. Bu proses ölümlə də
nəticələnə bilər. Hətta bildirim ki, hazırda inkişaf etmiş ölkələrdə ana
ölümlərinin əsas səbəblərindən biri də budur. Buna görə də, ananın sağlamlığı
baxımından təbii doğuş tövsiyə olunur. Amma normal doğuş zamanı uşağın həyatı
üçün risk olarsa, bu zaman sorğu-sualsız həmin ananı əməliyyata alırıq”.
Həkimdən
son dövrlər qeysəriyyə əməliyyatının artma səbəbini də soruşduq: "Çünki həm
həkimlər, həm də xəstələr səbirsizlik edirlər. Xanımlar ağrı, əziyyət çəkmək
istəmirlər. Həmçinin həkimlər də daha asan olsun deyə, qeysəriyyə əməliyyatını
seçirlər. Ona görə ki, doğuş prosesi uzun müddət çəkdiyindən, həkimlər də gözləmək
istəmirlər. Həm də, normal doğuş zamanı ana üçün bir təhlükə olmasa da, döl
üçün müəyyən risklər yarana bilər. Həkimlər də bu kimi risklərə görə, daha asan
variant olan qeysəriyyəni məsləhət görürlər. Çünki doğuşdan sonra uşaqda nə isə
problem yaranarsa, bunu dərhal doğuşu həyata keçirən ginekoloqun üstünə
atırlar. Məsələni tam araşdırıb problemin əsl səbəbini öyrənmirlər. Həkimlər də
risk etməyib, bütün xəstələrini qeysəriyyə əməliyyatı edirlər”.
Müsahibim
deyir ki, qeysəriyyə ilə doğulan uşaqlarda yeganə problem keçici taxipnoe
sindromunun olmasıdır. Buna yenidoğulmuşların təngnəfəslik sindromu deyilir.
Qalan bütün risklər sıfıra bərabərdir. Amma normal doğuşda uşaq bəzi risklər
daşıyır. Yəni qısaca olaraq deyim ki, normal doğuşda uşaq, qeysəriyyədə isə ana
müəyyən təhlükə ilə üzləşə bilər”.
Bütün
analara normal doğuş etmələrini məsləhət görürük, amma çox təəssüf ki, son
zamanlar qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların sayı artıb deyən "Xətai” klinikasının pediatrı Kənan Qarayevqeysəriyyə əməliyyatı ilə normal doğuş arasındakı fərqlərdən danışdı: "Normal,
ətraf mühitə adaptasiya olaraq doğulan uşaqlarda fizioloji aktivlik daha çox
olur. Amma qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların adaptasiyası fərqli
olur. Bu, onun gələcək həyatının inkişaf mərhələlərinə, ananın süd vermə
prosesinə mənfi təsir göstərə bilər. Normal doğuşda hormonların işləməsi də
normal olur. Amma qeysəriyyə əməliyyatından sonra infeksiyaya tutulma,
temperatur ola bilər. Bu zaman ana bəzi dərmanlar qəbul etdiyindən, uşağa südü
rahat verə bilmir. Beləcə, məcburi olaraq uşağa süni qida verirlər. Süni
qidanın dadını aldıqdan sonra isə uşaq ana südündən imtina edir. Bildiyimiz
kimi, ana südü uşağın inkişafında böyük rol oynayır. Uşaq bunu qəbul etmədik
isə immun sisteminin formalaşmasında problemlərlə üzləşir. Həmçinin normal
doğuş zamanı uşağın qida yollarına flora daxil olur ki, bu da gələcəkdə onun bağırsağının normal işləməsinə
şərait yaradır. Amma qeysəriyyə əməliyyatında bu, baş vermir. Qeysəriyyə ilə
doğulan uşaqlarda köp, sancı problemləri, həmçinin həzm sistemində müəyyən
pozğunluqlar yaşana bilir”.
Pediatr
bildirir ki, südəmər dövrü keçdikdən sonra normal doğuş və ya qeysəriyyə
əməliyyatı ilə doğulan uşaqlarda ciddi bir fərq müşahidə etməyiblər: "Əsas
problemlər ilkin mərhələlərdə yaşanır. Sonrakı mərhələlər təbii ki, uşağın
qidalanmasından, valideynlərinin ona həm fiziki, həm də psixoloji dəstəyindən
asılıdır. Tək problem ana südünün kifayət qədər qəbul olunmamağı ilə bağlıdır.
Normal doğuşdan fərqli olaraq, qeysəriyyə ilə dünyaya gələn uşaqlar ana südünü
az qəbul etdiklərinə görə, gələcəkdə xəstəliklərə yoluxma halları, bədən müqavimətinin
formalaşması daha zəif olur. Çünki ana südü bir çox maddələrlə zəngin qidadır.
Bunun qəbulu uşağın növbəti mərhələlərdəki inkişafı üçün olduqca vacibdir”.
Günel
Azadə