• çərşənbə axşamı, 23 aprel, 13:43
  • Baku Bakı 24°C

Dünyaya göstərdiyimiz daha bir model – multikulturalizm

28.07.16 12:17 1108
Dünyaya göstərdiyimiz daha bir model – multikulturalizm
2015-ci il noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli konseptual çıxış edib. Müasir dünyada baş verən siyasi, iqtisadi, hərbi, mənəvi proseslərin mahiyyətini incəliyi ilə alimlərin diqqətinə çatdıran cənab Prezident Azərbaycanın elm adamlarını ölkənin inkişafında yaxından iştirak eməyə çağırıb, onların qarşısına konkret vəzifələr qoyub.
Jurnalist Ekspert Mərkəzi ölkə başçısının alimlər qarşısında qaldırdığı məsələləri istiqamətlər üzrə təsnifatlandıraraq layihə hazırlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə "Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi” adlanır. Layihə çərçivəsində alimlərin iştirakı ilə tədbirlər keçirilir, mövzular üzrə səsləndirilən təkliflər "Kaspi” qəzetində dərc olunur. Sonda ən səmərəli təkliflər paket şəklinə salınaraq müvafiq dövlət qurumlarına ünvanlanacaq.
10-cu mövzu
- Azərbaycan multikulturalizminin tarixi, ənənələri, bu günkü reallıqları haqqında elmi araşdırmalar, faktlara söykənən məntiqli əsaslandırmalar aparılması, dövlət siyasəti əsasında həm Azərbaycan dilində, həm xarici dillərdə daha böyük elmi əsərlər yaradılması, dünyada cərəyan edən ksenofobiya, diskriminasiya, ayrı-seçkilik, irqçilik kimi ziyanlı düşüncənin qarşısına Azərbaycan multikulturalizminin nümunə kimi çıxarılması;
Dəyirmi masanın iştirakçıları:
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, elmlər doktoru Əliağa Məmmədl, tarix elmləri üzrə fəlsəfə doktorları Ruslan Rəhimli, Tahir Şahbazov, Elmlər Akademiyasının əməkdaşları Arif Qafarov, Samirə Qarayeva, Yusif İbrahimov
Dəyirmi masanın moderatoru: Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu
Moderator: "Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Multikulturalizmin həyat tərzimiz olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alan dövlətimiz qeyd olunan istiqamətlər üzrə bir çox mühüm addımların atılmasına təkan verib və bu proses bu gün də davam etməkdədir.
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün doğrudan da Azərbaycan bir çox sahələr üzrə dünyaya nümunə kimi göstərilir. Bu sırada multikulturalizm məsələlərini də xüsusi qabarda bilərik. Maraqlıdır, hörmətli alimlərimiz bu barədə nə düşünür?
Əliağa Məmmədli: Ən vacib məsələlərdən biri terminoloji dəqiqlikdir. Əgər biz multikulturalizmlə bağlı dünya miqyasına nümunələr göstərmək istəyiriksə, deməli, terminologiyaya ciddi önəm verməliyik. Biz dəqiq bilməliyik ki, multikulturalizm deyiləndə Avropa ölkələrində nə başa düşülür, bizdə nə başa düşülür. Müəyyənləşdirməliyik ki, hansı fərqli məqamlar var. Ən əsası isə dəqiq təyin olunmalıdır ki, multikuluralizmlə tolerantlıq eyni məzmunlu ifadələrdirmi, yoxsa bunlar ayrı-ayrı mənaları ehtiva edirlər? İndi bizdə multikulturalizmdən çoxları danışır. Amma nədənsə bir qədər dərinliyə baş vurmaq istəmirlər. Biz deyirik ki, Azərbaycanda multikulturalizmin dərin kökləri var və deməli, bizim bu anlayışın fəlsəfəsi barədə dərin biliklərimiz olmalıdır.
Azərbaycanda müxtəlif etnoslar, müxtəlif din və mədəniyyət daşıyıcısı olan azsaylı xalqlar arasında daim dözümlülük olub. Tarixə nəzər yetirəndə görürsən ki, fərqli mədəniyyət daşıyıcısı olan etnoslar təsərrüfat işlərində və ümumiyyətlə, bir çox sosial məsələlərin həllində məhz birgə fəaliyyət nümunələrindən istifadə ediblər. Onların arasında ailə-nigah münasibətləri də qurulub.
Ə.Məmmədlinin fikrincə, etnik mədəniyyət hər bir xalqın təşəkkül tarixini, formalaşma mərhələlərini özündə əks etdirir. Etnosun psixologiyasında, davranış qaydalarında, qida mədəniyyətində, sənətkarlıq nümunələrində və onların hazırlanma üsullarında, yaşayış məkanının təşkil edilməsində, ənənəvi təsərrüfatının növlərində, ailə münasibətlərində və s. onun keçdiyi tarixi yol əks olunur. Sadalanan etnik əlamətlər isə etnoqrafiyanın əsas tədqiqat predmetləridir ki, onları araşdırmadan xalqın etnogenezini, tarixini dərindən öyrənmək qeyri-mümkündür: "Etnik əlamətləri tədqiq etmədən xalqın, cəmiyyətin bu günkü həyatının müxtəlif sahələrini, o cümlədən siyasətdə, sosial sahədə, müasir mədəniyyətdə baş verən prosesləri izah etmək çətindir. Bunları araşdırmadan Azərbaycanın inkişaf perspektivlərini düzgün müəyyən etmək olmaz. Qeyd olunanlar etnoqrafiyanın nə qədər strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiq edir”.
Ə.Məmmədli xüsusi olaraq bir məqamı da qeyd etdi: "Biz müxtəlif araşdırmalar aparırıq və heç bir mənbədə Azərbaycan ərazisində etnik münaqişələr olduğunu göstərən ötəri bir fakta da rast gəlmək mümkün deyil. Belə bir şey Azərbycanda heç vaxt olmayıb”.
Moderator: Məncə, bizim xüsusi bir üstünlüyümüz var ki, bunun üzərində dayanmalı və dünyaya da bunu mümkün qədər açıq göstərməyə çalışmalıyıq. Burada danışıldı ki, Azərbaycanda yaşayan azsaylı xalqlar bir-birlərinə qaynayıb-qarışıblar. Bəli, bu, həqiqqətən də belədir. Lakin bütün bunların fonunda bir həqiqət də var ki, bu da həmin azsaylı xalqların öz adət-ənənələrini qoruyub saxlamasıdır. Azərbaycanda tarixən elə bir şərait olub ki, azsaylı xalqlar öz fərqliliklərini saxlayıblar. Məsələn, onların yaşayış tərzi, toy və ya yas mərasimləri bir-birindən fərqlənir. Hətta onlar özlərinin rəqs nümunələri ilə də seçilirlər. Bax, bu reallıqlar da elə Azərbaycanın multikultural mənzərəsinin nə qədər unikal olduğunu göstərir.
Ruslan Rəhimli: Multikulturalizm olduqca həssas məsələdir. Biz görürük ki, bu gün dünyada hansı prosslər gedir. Bir çox ölkələrin adını çəkmək olar ki, orada xalqlar arasında ayrılmalar getdikcə şiddətli hal alır. Bu baxımdan Azərbaycandakı vəziyyət sözsüz ki, nümunə kimi göstərilə bilər. Deməli, biz multikulturalizm məsələlərinə xüsusən indiki dönəmdə olduqca həssas yanaşmalı, primitiv mülahizələrdən uzaq dayanmalıyıq. Multikulturalizmin həssas məsələ olduğunu deyəndə mən bunun əhatə dairəsinin kifayət qədər geniş olmasından və bu genişlikdə bizim qəbul etmədiyimiz məsələlərin də yer almasından dolayı yaranan narahatlığa işarə etməyə çalışıram. Bilirsiniz, multikulturalizm təkcə xalqların birgəyaşayışını, etnosların mədəniyyətinin öyrənilməsi kimi istiqamətləri əhatə etmir. Multikulturalizm əslində daha geniş məsələdir və təkcə xalqlara deyil, həm də cəmiyyətdəki ayrı-ayrı sosial qruplara tolerant yanaşma tələb edir. Multikulturalizm etnizm demək deyil. Burada söhbət təkcə etnosun deyil, həm də cəmiyyətdəki sosial qrupların mədəniyyətindən gedir.
Moderator: Bax, elə ona görə də biz dünyaya mültikulturalizmin Azərbaycan modelini təqdim edirik.
Ruslan Rəhimli: Bəli, tamamilə doğrudur. Ona görə də burada bayaq Əliağa müəllim qeyd etdi ki, biz multikulturalizm deyəndə nələri nəzərdə tutduğumuzu açıq şəkildə göstərməliyik. Bəli, Azərbaycan modeli dünyada seçilə biləcək bir nümunədir və ona görə də biz bu modelin tanıdılması işini daha da sürətləndirməliyik. Fikrimcə, Azərbaycandakı vəziyyətin öyrənilməsi məqsədilə düyanın ayrı-ayrı elmi-tədqiqat institularındakı alimlərlə birgə araşdırmalar aparılmalı, həmmüəllifliyə maraq göstərilməlidir. Hesab edirəm ki, Azərbaycanda multikulturalizmin öyrənilməsi işinə əcnəbi mütəxəssisləri cəlb etsək, biz nümunəmizin tanıdılması işində daha ciddi nəticələr əldə edə bilərik. Bunun üçünsə müxtəlif layihələr hazırlanmalıdır.
Arif Qafarov: Həmkarlarım qeyd etdi. Mən də vurğulamaq istərdim ki, Azərbaycanda azsaylı xalqlara münasibət həmişə yüksək səviyyədə olub. Bu gün də bu məsələlərə dövlət səviyyəsində məxsusi münasibət sərgilənir. Doğrudan da Azərbaycandakı multikulturalizm modeli çox ölkələrə nümunə kimi göstərilə bilər. Təsadüfi deyil ki, bu gün Azərbaycandakı vəziyyəti örnək kimi dilə gətirən dünyaca məşhur simalar, alimlər var. Amma Avropanın özündə bütün digər məsələlərdə olduğu kimi multikulturalizmə də münasibət ikili standartlara söykənir. Özlərinə xeyir edəndə bunun inkişaf etdirilməsinin zəruriliyindın danışırlar. Ortaya problemlər çıxanda isə dünən dillərində əzbər olan dəyərlərdən imtina edirlər. Məsələn, Suriyadan qaçqınlar gələn kimi multikulturalizm, tolerantlıq yaddan çıxdı.
Yusif İbrahimov: Əlbəttə, Azərbaycandakı multikulturalizm nümunələrindən çox danışmaq olar. Burada həmkarlarım xeyli məqamlara toxundular və elə ona görə də təkrarçılığa varmaq istəmirəm. Yalnız bir fikrimi sizinlə bölüşmək istəyirəm. Fikrimcə, hər bir dövlətin siyasi və iqtisadi maraqları bütün o multikultural dəyərlərdən üstündür. Biz də Avropa ölklərində olduğu kimi həmin dəyərləri dövlət maraqlarımız çərçivəsində qorumalıyıq.
Hazırladı:
Jurnalist Ekspert Mərkəzinin sədr müavini
Nicat Dağlar
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb
banner

Oxşar Xəbərlər