Dünyaya gəlmək istəməyənlərin intihar seçimi...
Bu yaxınlarda müasir romanlardan birində (Sabir Rüstəmxanlının
"Akademikin son əsəri” romanında) qaldırılan, bəlkə də, bəşəriyyəti narahat
edən ən böyük problemlərdən biri haqqında bədii qəhrəman (və müəllif)
müstəvisində təqdim olunmuş fikirlərlə qarşılaşdım. Və bu məni qlobal
problemlərin ədəbiyyatda ifadəsi barədə düşünməyə vadar etdi. Bir çox suallar
meydana çıxdı: Bu, hansı şəkildə baş verməlidir? Hansı vasitə ilə reallaşdırılmalıdır ki,
təsiri təkzibedilməz olsun, insanların (oxucuların) diqqətini o istiqamətə
yönləndirə bilsin? Problemin müəllif yozumunda çözümünün təqdiminə ehtiyac
varmı? Yoxsa, sadəcə, tərəqqinin, elmi inkişafın və s. hansı nəticələrlə
sonuclandığı canlı, professional yazıçı qələmi ilə təsvir edilsə, yetərlidir?
Müəllif münasibəti (həm də açıq münasibət), mövqeyi mütləqdirmi?
Adıçəkilən əsərdə qaldırılan məsələ roman içində roman şəklində
təqdim edilmişdi. Yəni ikinci
bir xətt kimi keçirdi və əsər bütünlüklə bu problem üzərində qurulmamışdı...
Hətta bir qədər də dəqiqləşdirə bilərəm. Akademikin süni mayalanma ilə dünyaya gələn
uşaqlar və nəsil məchulluğu, genetik bağlılığın aradan qalxması kimi problemlər
haqqında düşüncələri təhlilə çəkilirdi. Çox böyük bir nəslin davamçısı
olan Vəzir oğlu ata olmağı bacarmır. Vəzir isə həkimlə birlikdə oğulun xəbəri
olmadan süni mayalanma ilə problemi həll etməyə qərar verir... Və bir çox
ailələrdə dünyaya gələn övladların, əslində, məhz bu cür "soydan xəbərsiz” uşaqlarla
sevindiyi vurğulanır... Elə bu məqamda da insanlarda soy, kök, nəsil, doğmalıq,
ailə bağlılığının qırılması məsələsi meydana atılır. Romanın bu hissəsini
oxuduqda eyni problemi, lakin daha qlobal şəkildə, qaldırmış qırğız yazıçısı
Çingiz Aytmatovu xatırladım. Daha dəqiqi, onun "Kassandra damğası” əsərini.
Çingiz Aytmatov bütün
yaradıcılığı boyu türk düşüncə tərzini, türk
ruhunu, psixologiyasını, düynaduyumunu və dünyaya yanaşma modelini
təqdim edən bir yazıçı kimi fərqlənmişdir. Amma bununla bərabər, hətta
bundan daha artıq dərəcədə onun əsərlərində bəşəriyyətə və onun qlobal
problemlərinə maksimalist yanaşma mövcuddur. Dilindən, dinindən,
yaşadığı məkandan, zamandan, dövlət quruluşundan və s. asılı olmadan İnsanın və
Dünyanın problemi haqqında düşünmə, o problemi qaldırma bacarığı var bu
yazıçının. Həm də birbaşa təqdimatla deyil, canlı situasiya yaratmaqla...
Məsələn, onun türk ruhunun, təfəkkürünün, mənəviyyatının təqdimatçısı kimi
təəssürat oyadan bir çox əsərlərini xatırlasaq, bütün bəşəriyyəti narahat edən,
bütün insan övladlarının ruhuna, gələcəyinə və yaşamına toxunacaq böyük
problemlər qaldırıldığını xatırlayarıq. Elə bircə manqurtlaşma məsələsi yetər
ki (haqqında söhbət açacağım "Kassandra damğası” haradasa eyni problemin davamı
da adlandırıla bilər) bu yazıçının cəmiyyətə, dünyaya, insana, təbiətə necə
kənar bir rakursdan baxa bildiyi, necə böyük düşüncə arealına sahib olduğu
meydana çıxsın.
Son əsərlərindən olan "Kassandra damğası”nı Azərbaycan dilinə
tərcüməsini bitirdikdən sonra bu böyük yazıçının bu istiqamətdə yürütdüyü
düşüncə yolunda, demək olar ki, son kəşfi, qaldırdığı son əhəmiyyətli qlobal
problemlər toplusuna həsr edilmiş romanı haqqında təəssüratımı, heyrətimi,
düşüncələrimi bölüşmək istəyirəm.
Roman bir təbiət hadisəsinin təsviri ilə başlayır və elə ilk andaca bu hadisə – balinaların
okeanda sürü ilə üzməsi və birlikdə intihara getməsi konfransa yola düşən bir
futuroloq alimin – Robert Borkun yarıyuxulu, yarıreallıq vəziyyətində
təyyarədən onları müşahidə etməsi fonunda təsvir edilir. Əvvəlcədən bu
qeyri-adi hadisənin, normadan kənar sıçrayışın təsviri hansısa bir faciənin baş
verdiyindən xəbər verir. Əlbəttə ki, intuitiv qatda. Bu hər nədirsə, simvolik
olaraq oxucuya onun təbiətin adi axınından, stixiyasında çıxdığını xatırladır.
Çünki təqdim ediləcək hər nə olacaqdısa, ilk növbədə, elə təbiətin özü ona
qarşı gedirdi. Öz intiharı ilə etirazını bildirirdi.
Müəllif bununla oxucusunu vuracağı böyük – qlobal bir zərbəyə
hazırlayır...
Sonra bəlli olur ki, etiraz yalnız heyvanların etirazı deyil.
Təbiətin bu etirazının altında dünyaya hələ doğulmamış embrionların ana
bətnində ikən həyata gəlməkdən imtinası dayanır. Bu da intihardır və bu intihar
hələ canlı olsa da, işıqlı dünyanı görməmiş, amma onu da, onda gedən
dəyişiklikləri də, gələcək talelərini də əvvəlcədən hiss edən varlıqların
səsini valideynlərinə – insanlara eşitdirmək istəyindən qaynaqlanır.
Kosmosda yaşayan bir ruhaninin – kosmik rahib Filofeyin yer üzünə
göndərdiyi bir məktubu Amerikada – dünyanın ən qlobal ölkəsi və ən böyük gücü
olan bir ölkədə "Tribyun” qəzetində dərc edilir. Açılan səhər bütün dünyanı bu
xəbərlə çalxalayır. Nəinki həmin ölkənin vətəndaşlarını, az qala, bütün dünyanı
ayağa qaldırır. Təbiətin bir parçası olan, amma təbiət qanunlarına zidd gedən
insan övladının dünyanı nə dərəcədə məhvərindən oynatdığı, təbiət qanunlarını
nə dərəcədə tərsinə çevirərək işlətdiyi, dünyaya və özünə nə dərəcədə böyük
ziyan vurduğu romanın əsas mövzusu kimi meydana çıxır. Bütün bu ziyanların
nəticəsi olaraq İnsan özü-özünə qarşı – Həyata qarşı durur. Elmi tərəqqi
vasitəsilə hakimiyyət iddiasına düşür. Süni insan yaratmaq istəyir.
Filofey kosmosdan göndərilən şüalar altında müşahidə ilə etdiyi kəşfi
açıqlayır: hamilə qadınların bətnində olan embrionların ananın alnında qırmızı
ləkə şəklində yanan damğa vasitəsilə dünyaya gəlmək istəmədiklərini deyir. Onun
bu kəşfi bütün baş verənlərin arxasında siyasətin dayandığı nəticəsi ilə
yekunlaşır (başqa cür desək, İnsanı Təbiətə qarşı qoyan da, elmi öz əlində təhlükəli
gücə çevirən də Siyasətdir!). Sən demə, dünyanın super güclərindən biri olan
Amerikaya (onun qəzetlərindən birinə) məktub ünvanlayan Filofey rus
tədqiqatçısıdır və KQB istəyi ilə hələ yerdə ikən süni insan yetişdirməklə
məşğul imiş. Məqsəd kommunizm ideyasını heç bir maneəsiz bütün dünyada yaya
biləcək, ailə, nəsil, milli-genetik bağlılıq duymayan "canlı maşınların”
istehsalı imiş. Bu istəyini hər vasitə ilə reallaşdırmaq arzusunda olan
kommunist hakimiyyət sonda bir elmi tədqiqatçısının bu bacarığını siyasi
maraqlarla dəyərləndirərək laboratoriya yaradır və böyük cəza müddəti almış
qadın məhbuslardan inkub şəklində istifadə etməyə başlayır. Bütün bunlar
Filofeyin kosmosda qələmə aldığı gündəliklər yerə çatdıqda bəlli olur. Lakin hadisələrin bu səbəbləri – başlama mənşəyi
təqdim edilməmişdən əvvəl insan ovladı
dilemma qarşısında qoyulur: Nə etməli?
Əgər nəzərə alsaq ki, məktub, əslində, Roma papasına – dünyanın iki
aparıcı dinindən birinin "rəhbəri”nə ünvanlamışdı, o zaman dilemmanın necə
böyük dərinlikdə təqdim edildiyini anlamaq çətin olmaz. Müəllif bu dünyaya insan gəlişini, onsuz da, əngəlləyə
bilən Adəm övladına qarşı çıxan dinin (əslində, dini qurumların) öz gələcəyini
bilən və buna etiraz edən embrionların dünyaya gəlməmək istəyini (intiharını)
necə qarşılayacağını sual olaraq meydana atmaqla situasiyanı daha da
gərginləşdirir, eyni zamanda da qloballaşdırır.
Bu xəbər bütün dünyanı
silkələyir. İnsanlar küçələrə axışırlar. Cəmiyyəti çaşqınlıq bürüyür. Bu xəbəri
duyanlardan və öz düşüncəsi etibarilə Filofeyin fikirlərini də, kəşfini də
dəstəkləyənlərdən biri (həm də çox azsaylılardan biri) futuroloq alim Robert
Borkdur.
Kataklizmin, fəlakətlərin insan övladının hər an başı üzərində
olduğu, dünyanın hər an dağılmaqla qarşı-qarşıya dayandığı Robert Borkun
düşüncələrində öz təsdiqini tapır. Balinaların kütləvi şəkildə – sürü ilə
intihara getdiyi bir mənzərəni seyr edərkən yuxu ilə gerçəklik arasında keçiddə
müşahidə olunan bu mənzərənin təəssüratından uzun zaman çıxa bilməyən alimin
müşahidələri ilə Filofeyin kəşfi arasında maraqlı bir paralellik var.
Bəşəriyyətin gedişatını, sonluğunu, sürükləndiyi qlobal ekoloji problemlərin
hansı fəlakətlərə yol aça biləcəyini hiss etdikləri üçün balinalar kütləvi
şəkildə intihara yol aldıqları kimi hələ ana bətnində ikən dünyadakı
talelərini, sonluqlarını hiss edən, qlobal və fərdi problemlərin varlığını dərk
edən embrionlar da eyni şəkildə yaşama etiraz edir, dünyaya gəlməkdən boyun
qaçırırlar. Bu embrion pessimizminin səbəbi onların öz aqibətlərini görmələri,
dünyada nələrlə üzləşəcəklərini intuitiv olaraq hiss etmələridir. Bu məqamda bu
hiss etmə ilə bərabər başqa bir incə məqam – valideynlərin, ata-ananın dünyaya
və insanlara münasibətdə törətdikləri əməllərin hələ dünyaya gəlməmiş övladların
taleyinə müəyyən təsirinin olacağı fərziyyəsidir. "Həyatda heç bir əməl cavabsız
qalmır” düşüncəsi meydana atılır. Əsərin təqdim etdiyi əsas ideyalardan
biri, bəlkə də, birincisi elə budur: "Nəhayət ki, başa düşmək lazımdır:
subyektin törətdiyi heç bir şər əməl fiziki olaraq onunla birlikdə bu dünyadan
köçüb getmir. Onun bitən dövrü ilə yoxa çıxmır. Əksinə, genetika torpağında
fatal toxum kimi öz yetişməsinin iks saatını gözləməyə başlayır”.
Bu isə o deməkdir ki, insan övladı nəsil-nəsil öz əməllərinə görə
cavab verməlidir. Onun günahı övladının, nəvəsinin, nəticəsinin... boynunda yük
olaraq qalacaq. Məncə, elə bircə bu ideyanın varlığı, əsər boyu təsdiqini tapam
inandırıcılığı belə, əsərin əhəmiyyəti və aktuallığı haqqında çox şey deyə
bilər.
Filofey kosmosda bu kəşfin və gerçəkliyin ifadəçisi, cəmiyyətə
çatdırıcısıdırsa, Robert Bork da yer üzündə eyni problemi dərk edən və yol
göstərərkən sağlam düşüncəni müdafiə edən alimdir. Bunu onun düşüncələrini
müdafiə edən Entoni Yunger haqqında da söyləmək olar.
Roman yalnız bu problemi deyil, eyni zamanda da keçmiş SSRİ-də
yenidənqurma dövrünü, kütləvi silahlandırmaya qarşı hərəkatı, bu işə böyük
insan qüvvələrinin cəlb edildiyini və əgər silahsızlaşdırma prosesi başlayarsa,
necə sosial bir partlayışın baş verə biləcəyini, nə qədər adamın işsiz
qalacağını və s. də problem olaraq qaldırır. Amerikada meydana çıxan kütləvi
iğtişaşlar (təbiətdə balinaların intiharı ilə eyni zamanda) SSRİ-də də və bir çox başqa ölkələrdə də (amma xüsusilə
SSRİ-də, çünki müəllifin bu iki supergücü qarşı-qarşıya qoymaq, eyni zamanda da
paralellər aparmaq istəyi çox üzdədir) meydana çıxmaqla dünyanın necə qlobal
bir axın içərisində olduğunu xatırladır. Hadisələrin bir-biri ilə əlaqəsini
təqdim edir.
Romanın başqa bir qatında torpağa dəfn edilmədiyi üçün (eyni zamanda
da sağ ikən törətdikləri əməllər üzündən) Qırmızı meydanda ruhları dolaşan
sovet liderlərinin – Stalinin və Leninin xəyalatları arasında gedən söhbətlər
və gecələr səyahətə çıxan bayquşun bütün bu hadisələrin şahidinə çevrilməsi,
hətta müəyyən məqamda buna dözməyərək hönkürüb quruldaya-quruldaya ağlaması və
s. təsvir edilir. Kütləvi iğtişaşların, mitinqlərin (söhbət 90-cı illər
hadisələrindən gedir) təsviri, silahsızlaşdırmaya qarşı çıxan insanlarla məhz
bu sənayedə çalışdıqları üçün ailələrini dolandıran adamların üz-üzə gəlməsi,
çıxışçılardan – əlindəki plakata "Əgər Kreml silahlandırma yarışını bərpa etsə,
mən özümü yandıracağam!” – yazan bir qızın yandırılması (özünü yandırması
deyil, yandırılması!) və s. oxucunu dövrün tanış hadisələrinə doğru aparır.
Zaman, mühit, professionalcasına və dəqiq təsvir edilir. Eyni zamanda çox
fərqli dünya prosesləri və liderləri xatırladılır: "Fidel – biz səninləyik!”,
"Ya sosializm – ya ölüm!”, "Səddam – sən bizim qardaşımızsan!”, "Qədda –
Qəddafi!”, "Qədda-qədda-Qəddafi!”, "Eşq olsun Stalinə!” kimi şüarlar bunun üçün
vasitəçi olur. Müəllif əlavə heç bir vasitəyə əl atmadan, sadəcə, plakatlarla
fərqli problem qaynaqlarını – dövlətləri, liderləri bir müstəviyə gətirir.
Əsərin maraqlı və orijinal cəhəti bu hadisələrin şahidi olanların
təkcə canlı insanlar deyil, həm də hər gecə ruhları bu meydanı dolaşan liderlər
olmasıdır... İki qütb arasında paralellik Moskvada – Qızıl meydanda yandırılan
qızla eyni vaxtda Amerikada öldürülən futuroloq vasitəsilə də meydana atılır.
Siyasətçi dostu, prezidentliyə namizədliyini vermiş və məqamdan (bütün
siyasətçilər kimi) siyasi divident kimi yararlanmağa çalışan Oliver Ordok onu
zərbə altına qoyur və azğınlaşmış kütləyə, çaşmış insanlara futuroloqu yem
kimi, qurban kimi atır. Borku Filofeyin yer üzündə davamçısı kimi təqdim etməsi
bunun üçün yetərli olur. Öz aralarında söhbət əsnasında məsləhət aldığı qrup
yoldaşının düşüncələrini özünə sərf etdiyi kimi verən siyasətçini təsvir edən
yazıçı siyasi oyunların nələri, kimləri və hansı şəkildə qurban verə biləcəyini
də xatırladır.
Romanın ən maraqlı cəhətlərindən biri dünyanın iki super gücü – SSRİ
ilə Amerika arasında hadisə paylaşımıdır. Bundan başqa, embrionların dünyaya
gəlməkdən imtina etməsi kəşfinin keçmiş bioloq alim olan bir rusa aid
olmasıdır. Amma diqqət edək: həmin rus məktubu SSRİ məkanında deyil – Amerikada
dərc olunan bir qəzetdə çap olunmaq üçün əvvəlcə Roma papasına, dolayısı iləsə
Amerika vətəndaşlarına ünvanlayır (bunun özü də məsələnin qloballığını oxucuya
çatdırmaq üçün istifadə edilmiş bir priyomdur). Bununla da bu iki dünya –
dövlət qarşı-qarşıya gətirilir.
Aytmatovun embrionların doğulmaq istəməməsi faktına cavab kimi, çıxış
yolu kimi ilk baxışdan ortaya qoyulan abortlara da "yox "deyir. Onun irəli
sürdüyü variant təfəkkürün, düşüncə tərzinin, həyata və təbiətə münasibətin
dəyişdirilməsidir. İnsan hara getdiyini, nə etdiyini düşünmək üçün özünə "Dur!”
deməli, dayanmalıdır!
Romanda insanın öz əməllərinə, öz hərəkətlərinə görə bir gün mütləq
cavab verməli olduğu ideyası səslənir. Bu ideyanın nəticəsidir ki, bir
zamanlar, az qala, dünyanın yarısına hökmranlıq edən, insanları öz ideoloji
istiqamətlərində sürükləyən rəhbərlərin
də ruhları sakitləşmək, öz dünyalarına çəkilmək iqtidarında deyil. Onlar
cəza kimi iki dünya arasındakı zülmətdə dolaşmaqda və əzab çəkməkdədirlər.
Problemin daha bir maraqlı yönü var: Kassandra damğasını kəşf edən
Filofeyin - Andrey Krıltsovun özünün atasız, anasız, atılmış bir uşaq olması da
təsadüfi deyil. Kökünün olmamasına baxmayaraq dünyaya hökmranlıq istəyində olan
bu bioloq alim sonradan həqiqəti dərk etdiyi üçün kosmik rahibə çevrilir. Çünki
romanın əvvəlində o elə bir gücə malikdir ki, "hansı uşağın hansı valideyndən,
necə dünyaya gələcəyini belə qərar vermək iqtidarındadır”. Qadın-inkublara
münasibəti, ona: "Sənin yerinə inkub olmağı arzu edən onlarla qadın tapa
bilərik”, – deməsi ilə özünü göstərir. Soyuqqanlılığı, etdiyi hərəkəti normal
qəbul etməsi onun dünyaya insan gətirilməsi prosesinə necə mexaniki bir
münasibətdə olduğunu göstərir. Runanın isə: "dəhşət də bundadır” cavabı
faciənin böyüklüyünü və həll olunması üçün kütləvi şüur dəyişiminə ehtiyac
olduğunu meydana çıxarır.
Sonradan məhv etdiyi qadının qarşısında günahını yumaq üçün və öz
yanlışlığını başa düşdüyündən Krıltsov kosmik rahibə çevrilir.
Onu da deyək ki, Krıltsovun apardığı təcrübələr manqurtların – süni
insanların dəstələrlə, ordularla yaranması məsələsini aktuallaşdırmış olur ki,
bu problem, Çingiz Aytmatov yaradıcılığının ən aktual problemlərindən biridir.
Krıltsovun romanda şəxsi faciəsi də var. Onun özünün də, sevdiyi,
amma ondan uşaq istəmədiyi üçün abort etdiyi qadının da, sonradan bircə dəfə
görüşsə də, aşiq olduğu və ona həqiqəti söylədiyi üçün vurulduğu Runanın da
taleyi faciəli sonluqla bitir. Rahib Filofeyin başına gələnləri əks etdirməklə
Aytmatov bəşəriyyətə xəbərdarlıq edir: "Təbiətin qanunlarını pozmayın, o
qanunlardan kənara çıxmayın, onu məhv etməyin. Özünüz məhv olacaqsınız”.
Roman Filofeyin xatirələri (əslində, bitmə nöqtəsi onun hər kəsin
gözləri qarşısında – canlı yayımda açıq kosmosa çıxaraq intihar etməsi idi) ilə
tamamlanır. Mətn içində mətn... Bu xatirələr isə etdiyi hərəkətin Tanrıya
(Təbiətə) qarşı getmək olduğunu onun üzünə deyən məhkum bir qadının – sevdiyi
qadının ölümü və Filofeyin bir günlük sevginin ağrısı ilə qovurularaq
hönkürməsi ilə bitir: "Mən öz kabinetimdə oturub hönkürürdüm. Özü də cəmi bircə
dəfə gördüyüm qadına görə hönkürürdüm... Mən başa düşürdüm ki, onsuz bütün
geridə qalan həyatımda bədbəxt olacağam”...
Bu silkələnmə (sevgi hər zaman insanı oyadır – sözün bütün
anlamlarında) onu həqiqət görməyə, dərk etməyə vadar edir (məhz bundan
sonra o tədqiqatlarını kosmosda davam
etdirir. Digər tərəfdən də, yerdə aparılan eksperimentlər yarımçıq qalır, çünki
SSRİ dağılır, KQB bir sistem kimi çökür). Filofeyin xatirələri (elə romanın son
akkordları da) faktla üz-üzə dayanmış qəhrəmanın düşüncələri ilə sonlanır: "İndi Yer üzündə olub bizim laboratoriyanın
təcrübələri əsasında dünyaya gətirilmiş o uşaqların gözlərinə baxmaq istərdim.
Mən niyə bu barədə yazıram? Çünki bizim etdiyimiz hər nə idisə, düzəldilməsi
mümkün olmayacaq bir şeydir. Bu insanların aqibəti necə olacaqdı? Axı bir gün
onlar kim olduqlarını başa düşəcəkdilər?! Olar cəmiyyətə hansı hərəkətləri ilə
cavab verəcəkdilər?”
Romanda daha bir məntiqi sonluq
meydana çıxır: müharibə övladı olan, faşist bir atanın (almanlar Stalinqrada
qədər gəlib çıxdıqları zaman) rus qızı ilə münasibətindən dünyaya gələn, lakin
təzyiqlərə məruz qalmasın deyə ananın uşaq evinin qapısı ağzına qoyduğu atılmış
övlad (elə Filofeyin özü də "iks nəsil” idi) öz "soysuzluğu” üçün dünyadan bu
şəkildə qisas almışdı – süni insan yetişdirməklə ... Buradan da bir nəticə
hasil olur ki, gələcək "iks nəsil”lər də hansı şəkildəsə qisaslarını reallaşdıracaqlar.
Amma necə? Bax bu, hələ qarşıda duran çox böyük bir sualdır?
Böyük qırğız yazıçısı Çingiz
Aytmatovun bu romanı həm də o səbəbdən dəyərlidir ki, bütün bu həqiqətləri əsl
yazıçı təqdimatında, əsl mütəfəkkir modelində canlandırmaqla oxucuya yalnız gözəl
bir ədəbi nümunə təqdim etmir, eyni zamanda da qarşıda onu gözləyən fəlakətlərin
– Şərə qarşı Şər, Xeyrə qarşı Xeyir! – proqnozunu verir.
Nərgiz Cabbarlı