• cümə axşamı, 25 aprel, 20:56
  • Baku Bakı 21°C

Dünyaya fotoaparatın pəncərəsindən baxan oğlan - Peşə

07.09.18 14:00 3125
Dünyaya fotoaparatın pəncərəsindən baxan oğlan - Peşə
Türkiyənin Orta Doğu Texniki Universitetinin məzunudur. Hazırda "Bakı Metropoliteni” QSC-də mühəndis olaraq çalışır. Boş vaxtlarında fotoqrafiya ilə məşğul olur. İlk olaraq həvəskar kimi başlasa da, zamanla bu sahəni peşəkar səviyyədə öyrənib. Türkiyədə fotoqrafiya ilə bağlı ustad dərsləri deyib. Hobbi olaraq fərqli yeməkləri dadmağı xoşlayır. Düşünür ki, təbiət fotoqrafı olacaq şəxs ilk olaraq şəxsi təhlükəsizliyini təmin etməlidir. Müsahibimiztəbiət fotoqrafı Rüstəm Məhərrəmovdur.
- Necə oldu ki, fotoqrafiyaya marağınız yarandı?
- Əslində, bu maraq məndə lap uşaq vaxtından var idi. 8-ci sinifdən fotoaparatla tanış olmuşam və o vaxt həvəskar çəkilişlər edirdim. Daha sonra bir müddət həmin dövrlərdə istifadə edilən fotoaparatlardan yararlandım. Ad günlərində, bayramlarda aparatı götürüb hamını çəkirdim. Təhsilimlə bağlı olaraq bir müddət ara vermək məcburiyyətində qaldım. Amma təxminən 26 yaşımda yenidən həvəs yarandı.

- İxtisasınız başqadır, amma foto ilə məşğulsunuz. Yəni, əksərən insanlar qeyri-bir işlə məşğul olarkən həmin sahənin gəlirliliyinə önəm verirlər. Sizdə necə, fotoqrafiya gəlir gətirirmi?
- Bir müddətdir ki, bu sahə ilə məşğul olmağıma baxmayaraq, bu ilə qədər heç bir maddi qazancım olmayıb. Bu ildən etibarən bəzi beynəlxalq layihələrə qatıldım. Ən sonuncusu ekologiya ilə bağlı olan, Almaniya hökumətinin dəstəyi ilə "Dünya vəhşi həyat fondu” (World Wildlife Fund) tərəfindən həyata keçirilən "Cənubi Qafqazda Eko-Dəhlizlərin Təşviqi Proqramı"dır. Həmin layihədə müqavilə ilə iştirak etdim. Amma təəssüf ki, təbiət fotoqrafiyası bizdə elə də inkişaf etmədiyindən, işinlə nə qədər professional şəkildə məşğul olursan ol, yenə də həvəskar kimi baxırlar. Bi də fotoqrafiya deyəndə ilk olaraq ağıla toy, "love story”, moda fotoqrafiyası gəlir. Bizdə professionallıq toy çəkməklə, aparatının böyüklüyü, bahalılığı ilə ölçülür.
- Fotoqrafiyanın sahəsi çoxdur, buna baxmayaraq, siz təbiət fotoqrafiyasını seçibsiniz. Hətta özünüz də qeyd edirsiniz ki, bu sahə ölkəmizdə istənilən inkişaf səviyyəsində deyil. Bəs nə üçün bu sahəni seçdiniz?
- Mən məclis çəkmirəm, yəni, bu barədə özümə söz vermişəm ki, toy çəkməyəcəyəm. Çünki insanlarla işləmək çətindir və istəklərimə sərhəd qoyur. Belə ki, sən öz istədiyini yox, müştərinin istəyinə uyğun çəkməli olursan. Bu isə mənim üçün xoş deyil. Əgər bu, mənim işimdirsə, mənim zövqümə uyğun olmalıdır. Kiminsə işimə qarışmasını, yönləndirmə etməsini sevmirəm. Amma bu sözlərim qətiyyən toy fotoqraflarının xətrinə dəyməsin, yəni mən onları qəti şəkildə aşağılamağı düşünmürəm. Bizdə həqiqətən, işini tam professional şəkildə görən toy fotoqrafları var.

- Qeyd etdiniz ki, insanlarla işləmək çətindir, şıltaq olurlar. Bəs təbiətin hansı şıltaqlıqları var ki, işinizi çətinləşdirir?
- Əlbəttə, təbiətin də özünəməxsus şıltaqları var. Tutaq ki, baxırsan hava çox yaxşıdır, ulduz görünür, düşünürsən ki, buradan qəşəng şəkil çəkmək olar. Məkanı seçirsən, aparatını götürüb gəlirsən, gözləyirsən ki, saat 10-da ulduzlar görünəcək çəkəcəksən. Sən hazırlaşan vaxt, görürsən ki, birdən havada buludlar peyda oldu. Və oturub, gözləyirsən ki, buludlar çəkilsin. Amma çəkilmir, məcbur olub, yığışıb gedirsən. Məsələn, təbiətdə bir mənzərə görürsən, ani olaraq onu tutmağa çalışırsan. Təəssüf ki, gözünlə gördüyünü, aparatla tuta bilmirsən. Vəhşi təbiət isə lap şıltaqdır. Gedirəm saatlarla gözləyirəm ki, heyvan gələcək və mən onu çəkəcəyəm. Heyvan gəlir və sən onu çəkirsən də, amma istədiyin kadr alınmır. Məsələ orasındadır ki, heyvana deyə bilmirsən ki, belə dur, belə bax. O özü üçün gəlir, sənə baxır, ani pozasını verib gedir. Kadrı tuta bildinsə, nə gözəl, tuta bilmədinsə, gözləməyə davam. İstədiyim kadrı tutana qədər çəkirəm. Bu dəqiqə arxivdə saysız hesabsız heyvan şəkilləri var.
- İstədiyiniz şəkli çəkmək üçün nə qədər vaxt sərf edirsiniz və həmin şəkli neçə kadra tutsunuz?
- Kadrdan asılı olaraq dəyişir. 1 dəqiqədən 5 saata qədər dəyişir. Yəni, heyvanın gəlməyi, onda istədiyim pozanı tutmağım müəyyən qədər vaxt aparır. Kiçik bir quş var idi, onun bir kadrı üçün 3 saat vaxt sərf etdim. Özü də yaş qumun üzərində oturmuşdum. Bala ceyranları çəkmək üçün isə 4 saat yarım vaxtım getdi. Mən onları süd içən yerdə çəkmək istəyirdim, onlar isə ora-bura qaçırdılar. Kadrın sayına gəlincə isə 500-1000 arası dəyişir. Bu say arasından da 10-15 əla, 50-90 arası normal şəkil çıxır. Qalanı silinir.

- Maraqlıdır, şəkilləri öz zövqünüzə görə seçirsiniz, ya insanları da nəzərə alırsınız?
- Daha çox öz zövqümə görə seçirəm. Bəzən isə elə şəkil olur ki, mənim zövqümə görə deyil, lakin düşünürəm ki, izləyicilərim bunu bəyənər. Ona görə onları da saxlayıram, arada bir sosial şəbəkədə paylaşıram. Mənim üçün o kadr adi, sıradan sayılır. Amma paylaşan zaman görürəm ki, şəklə rəy bildirənlər, bəyənənlər çox olur.
- İlk professional fotoaparatınız hansı olub?
- Fotoqrafiya ilə məşğul olmağa gec başladığım üçün, birbaşa tam professional aparat aldım. İlk aparatım da "Canon EOS 5D Mark 3” oldu. Amma bu sahəyə marağı olan gənclərə məsləhət görürəm ki, ilk başlayan zaman yarımpeşəkar aparat alsınlar. Çünki ilk fotoaparatı insan çox istifadə edir, gördüyü hər şeyi çəkmək istəyir. Yeni başlayan zaman aparatı idarə etmək, ona alışmaq çətin olur. Düşünün ki, biri var 5000, biri də var 500-800 manatlıq aparat yerə düşür. Bunun üçün də tam öyrənənə qədər aşağı səviyyəli və yaxşı vəziyyətdə olan ikinci əl fotoaparat almaları yaxşıdır. Və tövsiyə edirəm ki, fotoaparat almağa gedərkən, bu sahədə təcrübəsi olan, fotoaparatın bütün funksiyalarını yoxlamağı bacaran biri ilə məsləhətləşsinlər.

- Hər kəsin həyata baxdığı bir pəncərəsi var. Siz həmçinin fotoaparatın da kiçik pəncərəsindən baxırsınız. Maraqlıdır, sizin bu iki pəncərədən gördükləriniz üst-üstə düşürmü?
- Əvvəl düşmürdü. Hətta deyərdim ki, hər şeyi elə fotoaparatın kiçik pəncərəsindən görürdüm. Amma zamanla normallaşdı.
- Kadrı görmək üçün xüsusi bir kursa getməyə ehtiyac var, yoxsa, burada daxili istedad, qabiliyyət olmalıdır?
- Mən heç bir kursa, təlimə getməmişəm. Daha çox dünyaca məşhur fotoqrafların səhifələrini, "Youtube”da olan videolarını izləmişəm. Amma məsləhət görərdim ki, gənclərimiz getsin. Çünki fotoqrafiya işıqdır. Şəkli mən verən işıqdır. Rəng, kölgə işıq sayəsində olur. Buna görə də həm nəzəri, həm təcrübi baxımdan nə isə öyrənmək üçün bu tip kurslarda iştirak etmələri yaxşıdır. Təbiəti çəkərkən idarəetmə səndə olmur. Yəni, hər şey təbii olur. Amma süni işıqdan istifadə zamanı onun şəkil üzərindəki təsirini öyrənmək lazımdır. Qeyd edim ki, Türkiyədə fotoqrafiya ilə bağlı ustad dərsləri demişəm.
- Təbiət qoynuna gedirsiniz, uzun müddət orada qalırsınız. Bizimlə bölüşə biləcəyiniz yaddaqalan bir hadisə baş veribmi?
- (Gülür) Hələ ki, ayı qarşıma çıxmayıb. Açığı elə ciddi bir hadisə baş verməyib. Ümumiyyətlə, təbiətə tək getməyi sevmirəm. Bu, təhlükəsizlik baxımından önəmlidir. Hansı sahədə işləməyimizdən asılı olmayaraq, ilk olaraq təhlükəsizliyimizi düşünməliyik. Təbiətdə insanın başına nə gələcəyini bilmək olmaz. Yanımızda kiminsə olması yaxşıdır.

- Şəkillərinizə loqo vurmursunuz, bunun səbəbi nədir?
- Paylaşdığım şəkillərdən ya yerli, ya da xarici səhifələr istifadə edir. Xaricilərdə onsuz da bu mədəniyyət formalaşıb, onlarda müəlliflik hüquqları yüksək səviyyədə qorunur. Amma bizdə isə vəziyyət tamam fərqlidir. Bizimkilər loqolu şəkillərin belə loqosunu kəsib, öz əl işləri imiş kimi paylaşırlar. Yazıb bildirəndə də, deyirlər "bir şəkillə nə olacaq ki?” Çox vaxt şikayət edib, sildirirəm şəkli. Digərdən tərəfdən, düşünürəm ki, loqo şəklin gözəlliyini itirir. Ona görə sevmirəm. Həm də izlədiyim dünyaca məşhur fotoqraflar da şəkillərinə imza qoymurlar.
- Təbiət fotoqrafiyası ilə maraqlanan, gələcəkdə bu sahəni seçmək istəyən gənclərə məsləhətiniz nədir?
- Bu sahəni seçənlər birincisi, təhlükəsizlik baxımından bütün tədbirləri alsınlar. Yola çıxarkən özləri ilə ilk yardım çantası götürsünlər. Gedəcəkləri məkanı əvvəlcədən araşdırsınlar. Orada hansı təhlükə ilə qarşılaşa biləcəklərini nəzərə alsınlar. Geyimlərinə xüsusi fikir versinlər. Və ən əsası, gedəcəkləri yeri kiməsə əvvəlcədən desinlər. Yəni, xəbər etsinlər ki, mən filan yerdə olacağam. Çünki təbiətdə çox az hallarda telefonun şəbəkəsi tutur.
Günel Azadə






banner

Oxşar Xəbərlər