AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünyanın xoşbəxti mənəm dünyada! VİDEO

Dünyanın xoşbəxti mənəm dünyada! VİDEO

Mədəniyyət
28 Dekabr 2012, 10:41 2765
SSRİ xalq artisti Zeynəb Xanlarovanın 76 yaşı tamam olur. Zeynəb Xanlarova 1936-cı il, dekabrın 28-də Bakıda anadan olub. M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini (1956) və A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1961) bitirib. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaradıb.

Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər verib.

Zeynəb Xanlarova 1975-ci ildə Azərbaycan Respublikasının xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarına, 1985-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı laureatına layiq görülüb. 1958-ci ildən Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin artisti, 1961-ci ildən M.F.Axundov adına Akademik Opera və Balet Teatrının baş solisti olub. "Melodiya" qrammofon valları firmasının "Qızıl val" mükafatına layiq görülüb. On birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Mərakeş, Azərbaycan-Misir, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.