• cümə, 19 Aprel, 19:24
  • Baku Bakı 24°C

Dünyanın teatr kollektivləri Bakıya gəlir

24.09.18 18:15 694
Dünyanın teatr kollektivləri Bakıya gəlir
"M.A.P. festivalı, Azərbaycanda incəsənətin inkişafına, habelə, bütün dünyada Azərbaycan incəsənətinin tanınmasına əhəmiyyətli töhfə verir. Bu, musiqi, incəsənət və performans ilə məşğul olan insanların öz əsərlərini beynəlxalq səviyyəli peşəkarlarla birgə nümayiş etdirməsi üçün unikal bir imkandır”. YARAT Müasir İncəsənət Məkanının ikinci dəfə keçirməyə hazırlaşdığı M.A.P. Beynəlxalq Teatr Festivalına həsr olunan mətbuat konfransında teatr bayramının təşkili ilə bağlı detallar açıqlandı. Belə ki, 6-11 noyabr tarixlərində Bakının bir sıra tanınmış məkanlarında keçiriləcək festival tamaşaçılara xüsusi zövq yaşadacaq. Ölkənin ilk mobil operatoru "Bakcell” şirkətinin baş sponsorluğu ilə keçiriləcək festivala, dünyanın ən məşhur teatrlarının kollektivləri qatılacaq. Müasir teatrın bütün palitrası – kukla teatrları, akrobatik şhoular, modern rəqs, eksperimental dram, satira və s. tamaşaçıları 9 məkanda bir araya gətirəcək. Ümumilikdə, Bakı səhnələrində dünyanın 13 teatrı 16 tamaşa ilə çıxış edəcək. Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumları müxtəlif teatr formaları arasında sərhədləri aradan götürməklə, küçə performansları, opera və balet, audiovizual səhnə quruluşları və klounada daxil olmaqla, müasir teatrda istifadə edilən geniş üslub palitrasını nümayiş etdirəcəklər.
YARAT-ın bədii direktoru Suad Qarayeva Maleki incəsənətin bütün istiqamətlərini dəstəklədiklərini qeyd etdi: «İlk dəfə M.A.P. festivalı 2017-ci ildə keçirilib. Həmin festival bir qədər eksperimental keçirildi. Bu il isə festivalın əhatə dairəsini genişləndirməklə daha geniş, beynəlxalq proqramla çıxış edəcəyik”. Bədii direktor qeyd etdi ki, ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi xidmət edən M.A.P. festivalının adı, musiqi, incəsənət və performans terminlərinin abreviaturasıdır: "Tamaşaçı auditoriyasına müasir teatr formalarının geniş diapazonunu araşdırmağa kömək etmək məqsədilə, bu festival, özündə müxtəlif teatr nümunələrini birləşdirir”.
S.Qarayeva Maleki diqqətə çatdırdı ki, tamaşaları müşayiət edən zəngin ustad dərslər və mühazirələr proqramı yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarların öz həmkarları ilə görüşməsinə və fikir mübadiləsi aparmasına imkan verəcək: "Maraqlananlar pulsuz ustad dərslərinə və mühazirələrə qatıla bilərlər”. Bədii direktor qeyd etdi ki, "Bakcell”in hərtərəfli dəstəyi ilə «Tamaşaçılar üçün teatr və performans teatrı» proqramı təşkil edilib. Həmçinin gələcəkdə bu layihənin genişləndirilib regionlarda da həyata keçirilməsi nəzərdə tutulur.
"Bakcell”in baş icraçı direktoru Nikolai Beykeps artıq ikinci dəfə keçirilən festivala dəstək olduqlarından məmnunluq duyduğunu bildirdi: "Milli telekommunikasiya operatoru olaraq "Bakcell” Azərbaycanda idman, musiqi, incəsənətin inkişafına dəstək verməkdən məmnunluq duyur. "Bakcell” şirkəti keçən il də festivala dəstək oldu və uğurlu alındı. Şirkət incəsənətin inkişafına və sənətin tanınmasına daim diqqət göstərir. Bu dəfə də Bakıda musiqi, sənət, performans tamaşaçıların böyük sevincinə səbəb olacaq”. N.Beykers M.A.P. festivalını Azərbaycanda incəsənətin inkişafına, o cümlədən sənətin tanıdılmasına böyük bir töhfə kimi dəyərləndirdi: "Bu musiqi, sənət və performansdır. İnanıram ki, tamaşaçılar bu dəfə də tamaşalardan böyük zövq alacaqlar”.
Azərbaycan teatrının get-gedə inkişaf etdiyini deyən Mədəniyyət Nazirliyinin Teatr Departamentinin direktoru Şaiq Səfərov bu tip festivalların mədəni mühitə töhfə verdiyini söylədi: "İnanıram ki, bu festival Azərbaycanın teatr həyatına bir töhfə olacaq. Bu, hər şeydən öncə, müxtəlif ölkələrdən gələn teatr kollektivlərinin ifasında onların sənətini göstərmək üçün gözəl fürsətdir”.
M.A.P. festivalının bədii direktoru Kamran Şahmərdan teatr festivallarının dünya ölkələrinin həyatında fərqli mədəni mühit yaratdığını vurğuladı. O cümlədən, Bakının mədəni həyatında da bu festivalın töhfə verəcəyini bildirdi: «Azərbaycana gələn teatr kollektivləri yeni tendensiyalar təqdim edəcək. Tamaşaçılar üçün bu tendensiyalar teatrda yenilikdir. Teatrın konsepsiyası müasir teatr modelini gətirməkdən ibarətdir. Hesab edirəm ki, bu tip festivallar həm ölkəmizin mədəni həyatında töhfə olmaqla yanaşı, həm də dünya teatrının təbliği rolunu oynayacaq”. Festivalı incəsənət vasitəsilə sərhədləri silən, mədəniyyətləri birləşdirən və insanları bir araya gətirən hadisə adlandıran K.Şahmərdan qeyd etdi ki, festivalın ikinci buraxılışı, «sərhədsiz teatr» konsepsiyasını gerçəkləşdirən genişmiqyaslı proqramı təqdim olunacaq. Bədii direktor bu gün tamaşaçıların teatrdan uzaq düşməsindən də gileyləndi: "Bizdə zəngin teatr ənənəsi olub. Təəssüf ki, Sovet İttifaqı dağılandan sonra biz də çox tamaşaçılarımızı itirmişik. Tamaşaçı teatra qayıtmalı, maraqlanmalı, onun gözəlliyini duymalıdır. Bunun üçün teatra olan baxış dəyişməlidir. Bizim bunun üçün öz məqsədlərimiz var. Teatr yeganə sənətdir ki, canlıdır. Aktyorlar öz canlı enerjiləri ilə həyat hekayələri danışırlar. Bu, bizim üçün tamaşaçılarla canlı görüşməyə bir fürsətdir. Biz onları teatra qaytarmaq üçün çalışırıq. Ümumiyyətlə, Azərbaycanın payız təqvimində əlamətdar yer tutan M.A.P. festivalı teatrın Bakının mədəni həyatında əvvəlki nüfuzunu və əhəmiyyətini qaytarmağa dəvət edir”.
Qeyd edildi ki, festival proqramının açılışı, İtaliyanın «NoQraviti» teatrının kollektivi tərəfindən hazırlanmış «Ariya» adlı multidisiplinar tamaşa ilə başlayacaq. Parlaq rəqslər, ifalar və kostyumların yer aldığı bu tamaşaya Monteverdi, Vivaldi və Perqolezinin musiqi əsərləri daxil edilib Rəqqaslar, musiqiçilər və müğənnilərin hamısı, bir neçə artistlik janrı birləşdirməklə, bu tamaşada bərabər səviyyədə mərkəzi rol oynayacaqlar. Bu festivalın ən parlaq tədbirləri arasında rusiyalı dramaturq və ssenarist Yuliya Tupikinanın «Pyes necə yazılır» adlı ustad dərsi də var.
M.A.P. festivalı çərçivəsində Kamran Şahmərdan, Aleksandr Vampilovun eyni adlı pyesi əsasında hazırlanmış «Ördək ovu» tamaşasını təqdim edəcək. XX əsrin rus dramaturgiyasının ən ziddiyyətli yazılarından birinin əsəri əsasında qurulmuş bu tamaşanın uğurlu premyerası bu ilin yaz aylarında, Estoniyanın «Vene» teatrında baş tutub.
Gənc və istedadlı Azərbaycan dirijoru Cavad Tağızadənin rəhbərliyi altında Jozef Haydnın «Kimsəsiz ada» operasının müasir versiyasını təqdim edən əfsanəvi Marinski teatrının çıxışı, festivalın ən maraq doğuracaq tədbirlərinə aiddir. Həmçinin proqrama dünya şöhrətli rejissor, xoreoqraf Daniele Finzi Paskanın «La Verita» («Həqiqət») akrobatik şousu və Moskvanın ən müasir teatr qurumlarından biri «Qoqol-mərkəz» tərəfindən, Nikolay Nekrasovun «Rusiyada yaşamaq kimə yaxşıdır» adlı məşhur poeması əsasında hazırlanmış yeni səhnə quruluşu daxildir.
Jurnalistlərin diqqətinə çatdırıldı ki, M.A.P. festivalı, Pedro Qomes-Eqanyanın 9 noyabr 2018-ci il - 10 fevral 2019-cu il tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək «Xəzər rəsədxanası» adlı sərgisi ilə üst-üstə düşür.

Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər