AZE | RUS | ENG |

Dünyanın tanımağa borclu olduğu soyqırımı

Dünyanın tanımağa borclu olduğu soyqırımı
Xocalı yürüşü Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində mühüm addım oldu

XX əsr bəşər tarixinə ən qanlı müharibə və münaqişələrin, milyonlarla insanların kütləvi şəkildə məhv edildiyi əsr kimi düşüb. Ötən əsrdə milyonlarla insan etnik və dini mənsubiyyətlərinə görə, soyqırımına məruz qalıb. Bəşəriyyət Xolokost, Ruanda, Bosniya, Xocalı və s. soyqırımları yaşadı. 27 il bundan öncə Xocalıda yüzlərlə dinc sakin yalnız azərbaycanlı olduqları üçün olmazın vəhşiliklərlə qətlə yetirildi. Bu müddət ərzində faciə ilə bağlı  həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gərgin əmək, zəruri addımlar atılsa da, etiraf etmək lazımdır ki, ən effektiv hal, məhz Xocalı soyqırımı ilə bağlı keçirilən ümumxalq yürüşü oldu.   Yürüşün əks-sədası   Prezidenti İlham Əliyevin rəhbərliyi ilə on minlərlə insan Xocalı abidəsinə yürüş etdi. Məhz Azərbaycan hakimiyyətinin effektiv fəaliyyətinin nəticəsidir ki, dünya mediasında faciə ilə bağlı obyektiv və dolğun materialların sayının artdığının şahidi olduq. Xocalı soyqırımının 27-ci ildönümündə baş tutan Xocalı yürüşü dünya mediasında geniş əks-səda doğurdu. Ən əsası, bu yürüşün gedişində bədnam qonşularımızı şoka salan bir hadisə də yaşandı. İndiyə qədər Xocalı soyqırımı ilə bağlı adi bir xəbəri qısqanclıqla qarşılayan Rusiya KİV-ləri, konkret olaraq bu ölkənin "Rossiya-24” dövlət kanalında prezident İlham Əliyevin rəhbərliyi ilə baş tutan ümumxalq yürüşündən geniş reportaj yayımlandı, telekanalın dövlət başçısından götürdüyü müsahibə efirə verildi. Bu hadisə erməni cəmiyyətində şok effekti yaratdı. Məsələn, erməni jurnalist Ayk Xalatyan görün özünün "facebook” səhifəsində nə yazır: "Rossiya-24” kanalında Xocalı hadisələri ilə bağlı qəribə bir material verilir. İlk dəfədir ki, belə halla rastlaşıram. Bu yaşıma qədər belə bir hala rast gəlməmişəm. Erməni bloqsferası da sözün əsl mənasında stress içində idi”. Erməni bloger əlavə edir ki, "Rossiya -24 dövlət kanalıdır və ardınca sual edir: "Necə olur ki, dövlət kanalında belə bir təbliğat yönümlü süjet efirə gedir? Axı niyə indiyə qədər Rusiya telekanallarında bu tip reportajlar getmirdi? Nə baş verdiyini anlamağa çalışırıq”. "Lraqir” erməni saytında dərc olunan materialda da Rusiya telekanalının efirə verdiyi süjetin həyəcan yaratdığı hiss olunur: "Xocalı hadisələrinin ildönümü ilə bağlı dövlət telekanalı süjet yayımlayıb, bundan əlavə, Dövlət Dumasının və dövlət orqanlarının nümayəndələri bir-birinin ardınca Azərbaycan kütləvi informasiya vasitələrinə fasiləsiz açıqlamalar veriblər. Bu faktları bir kənara qoyaq. Ruslara qayıdaq. Ötən gün bizlər ikiüzlülüyün ən yüksək formasının şahidi olduq. Qarabağ məsələsi Rusiya siyasətinin nəticəsidir”.     Rusiya mətbuatının etirafı, ermənilərin hikkəsi     Beləliklə, görünən odur ki, Xocalı hadisələri ilə bağlı həqiqət, getdikcə, daha gur səslənir. Sözsüz ki, Xocalı yürüşü və bu kimi effektiv təbliğat vasitələri təqdirəlayiqdir və sistemli xarakter almalıdır. Lakin xüsusi qəddarlıqla həyata keçirilən erməni vəhşiliyinin daha çox dünya ictimaiyyətinə çatdırılması prioritet məsələyə çevrilməlidir. İllər uzunu Qərb dünyasının Azərbaycan həqiqətlərinə, xüsusən də Dağlıq Qarabağ münaqişəsi, işğal altında olan Azərbaycan torpaqları, Xocalı soyqırımına laqeyd, ikili münasibətinin şahidi olmuşuq. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da qeyd etdiyi kimi, bəzi Avropa dövlətləri Ermənistanın heç bir sübutu olmayan qondarma soyqırımı iddialarını tanıyır: "Lakin 27 il əvvəl bütün dünyanın gözləri qarşısında törədilən Xocalı qətliamını hansı səbəbdən görmür? Amma biz burada da işləri dayandırmamalıyıq. Bu dövlətlərin ictimaiyyəti, parlamenti, vətəndaş təşkilatları və xalqı ilə çalışmalıyıq. Biz konfranslar təşkil edərək onlara faktları çatdırmalıyıq. Biz ermənilərin soyqırımı iddialarının yalan olduğunu və 27 il əvvəl Xocalıda baş verənlərin həqiqət olduğunu anlatmalıyıq. Bunu hamımız birlikdə etməliyik. Azərbaycan diasporunun güclü olduğu yerdə azərbaycanlılar, türk diasporu güclü olan yerdə türklər bu məsələni gündəmdə saxlamalıdırlar”.  Beləliklə, illər uzunu erməni lobbisi və onun təsiri altında olan Qərb mediası nəyin bahasına olursa-olsun, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmaması istiqamətində hər cür addımlar atmağa çalışıb. Artıq Azərbaycan hakimiyyətinin apardığı gərgin və yorulmaz fəaliyyət nəticəsində dünya ictimaiyyəti faciə ilə bağlı dolğun və həqiqəti əks etdirən məlumatlar əldə edir. Məsələn, əvvəlki illərlə müqayisədə, qardaş Türkiyə mediasında Xocalı soyqırımının baş vermə səbəbləri və onun miqyası barədə ətraflı xəbər, məqalə və reportajların sayı artıb. Bu mövzuda yüzlərlə tədbirlər, reportajlara rast gəlmək mümkündür. Ən önəmlisi isə odur ki, Türkiyə mediasında böyük söz sahibi olan, geniş auditoriyaya malik köşə yazarlarının da Xocalı soyqırımı ilə bağlı silsilə yazılarının sayı artıb. Nüfuzlu köşə yazarları əvvəlki illərdə bu məsələyə toxunmamağa üstünlük verirdilər. Lakin tək bu il, daha dəqiq desək, Xocalı soyqırımının 27-ci ildönümündə qardaş ölkənin əksər nüfuzlu köşə yazarları faciə ilə bağlı öz mövqelərini ortaya qoydular. Onların yazılarında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsi, dünya birliyinin bu faciəyə biganə münasibəti pislənilir. Hətta köşə yazarlarından biri məsələnin BMT səviyyəsində tanınmasının zəruriliyini bildirib. Təqdirəlayiq hallardan biri, tək qardaş ölkə deyil, postsovet məkanının digər ölkələrində də Xocalı soyqırımı ilə bağlı silsilə yazı və məqalələrin sayının artmasıdır. Düzdür, arabir olsa da, hər halda Rusiya mediasında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsini əks etdirən materiallara yer ayrılır. Qonşu ölkənin "Nezavisimaya qazeta”, "Lenta ru”, "Qazeta.ru” kimi çoxmilyonluq auditoriyaya malik nəşrlərində dərc edilən məqalələr isə sözün əsl mənasında ermənilər üçün şok effekti doğurmuş oldu. Və bu tip yazılar o dərəcədə effektiv oldu ki, ermənilər Xocalı soyqırımının baş verməsində tək onların deyil, o vaxtkı Rusiya rəhbərliyinin də məsuliyyət daşıdıqlarını bəyan etməyə məcbur oldular. Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında sözsüz ki, xarici ölkələrdəki diasporumuzun da üzərinə böyük yük düşür. Məhz onlar yaşadıqları ölkələrin mediasına yol tapmalı, soyqırımı həqiqətlərinin geniş oxucuya çatdırılmasına çalışmalıdırlar.   Qərb mediasına çıxış istiqamətində zəruri addımlar atılmalıdır   Millət vəkili Sahib Alıyevin qənaətincə, illər uzunu ermənilərin təsiri altında olan mediada bu səpgidə materialların dərcinə az yer verilirdi. Deputat da hesab edir ki, Xocalı yürüşünə  dünyanın bir çox mətbu orqanlarında yer verilməsi faciəyə onların diqqətinin artdığını göstərir. Onun sözlərinə görə, məhz Xocalı yürüşündən sonra erməni mediası dərhal Sumqayıt hadisələrinin qabartmağa başladı: "Bütün Ermənistan boyu aksiyalar keçirildi, Sumqayıt hadisələri ilə bağlı çoxsaylı tədbirlər düzənlədilər”.  Hətta erməni həyasızlığı o həddə çatdı ki, Sumqayıt və Xocalı hadisələrini eyniləşdirməyə başlayıblar. Millət vəkilinin qənaətincə, Xocalı yürüşü və bu kimi tədbirlərin arealının genişləndirilməsi zəruridir. Politoloq hesab edir ki, növbəti illərdə dünya azərbaycanlıları arasında təbliğat işləri daha da gücləndirilməlidir. Ən əsası Qərb mediasına çıxış istiqamətində zəruri addımlar atılmalıdır. Məhz bu yola Azərbaycan həqiqətləri, Xocalı soyqırımı barədə dünya ictimaiyyəti məlumatlı olacaq.  Onunla həmfikir olan başqa bir millət vəkili, politoloq Elman Nəsirov də hesab edir ki, dünya dövlətlərində yaşayan azərbaycanlılar media səhifələrinə yol tapmalı və faciə ilə bağlı həqiqətlərin yerləşdirilməsinə nail olmalıdırlar. Onun sözlərinə görə, 27 il keçməsinə baxmayaraq, Xocalı soyqırımı beynəlxalq platformada hələ də yetərincə tanınmayıb. Millət vəkili bildirdi ki, Xocalı soyqırımı müasir dünyada amansızlığın, cəzasızlığın bir nümunəsidir və ermənilər bu cür qəddarcasına törətdikləri vəhşiliklərə görə hələ də cəzasız qalıblar. E.Nəsirov vurğuladı ki, bu gün Azərbaycan hakimiyyəti Xocalı soyqırımının dünyaya çatdırılması ilə bağlı xeyli işlər görüb, soyqırımın tanınması üçün müxtəlif layihələr reallaşdırıb: "Bu faciənin tanınması üçün 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra dərhal BMT-nin Təhlükəsizlik Şurasına müraciət etdi, Xocalı soyqırımının mahiyyətini açıqladı və bütün dünya birliyini təcavüzkarlara qarşı tədbirlər görməyə çağırdı. 1994-cü ilin fevral ayında Azərbaycan Parlamenti bu faciəyə hüquqi-siyasi qiymətini verdi. 1998-ci ildə ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı ilə bağlı fərman imzaladı. Sonrakı dövrlərdə də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bu istiqamətdə xeyli işlər görüblər. Xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən başlanan "Xocalıya ədalət” kampaniyası bütün dünyada böyük əks-səda doğurub, Bu kampaniya nəticəsində dünyanın 10 ölkəsinin parlamenti Xocalı faciəsinə soyqırımı kimi qiymət verib, ABŞ-ın 22 ştatı Xocalı hadisəsini soyqırımı kimi tanıyıb”. Millət vəkili bildirdi ki, Xocalı soyqırımının təşkilatçıları gec-tez cəzalandırılacaq və beynəlxalq hərbi tribunal qarşısında cavab verəcəklər”. E.Nəsirov onu da əlavə etdi ki, Azərbaycan dövlətinin əsas hədəfi Xocalı soyqırımının beynəlxalq siyasi hüquqi qiymətləndirilməsinə, tanınmasına nail olmaqdır. Onun fikrincə, çox şey Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində müsbət bir tendensiya, müsbət bir nəticə əldə edilməsindən asılıdır: "Fikir veribsinizsə, bu hərbi cinayəti törədənlər, bu cinayətə imza atmış rəhbər şəxslər Ermənistanda yavaş-yavaş həbs olunmaqdadırlar. Koçaryan artıq həbs olunub, Sarkisyan cinayət işi ilə bağlı dindirilir və istisna deyil ki, yaxın zamanlarda o da həbs olunacaq”. Deputat sonda bu məsələdə sosial mediadan istifadənin vacibliyinə də toxundu və əlavə etdi ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xüsusən gənclər sosial medianın gücündən geniş istifadə etməlidirlər. Beləliklə, gəlinən qənaət budur ki, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasında tanınmasında aktiv fəaliyyət göstərmək gərəkdir. Müasir media hesab edilən sosial şəbəkələrdə aktiv təbliğat aparılmalıdır.   Azər NURİYEV  

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805