AZE | RUS | ENG |

Dünyanın “sülh mələyi” əfqan qadınlardan bəhs edən filmə dəstək verib

Dünyanın “sülh mələyi” əfqan qadınlardan bəhs edən filmə dəstək verib
Dünyanın "sülh mələyi” adlandırılan məşhur kino ulduzu Ancelina Coli Əfqanıstandan olan prodüser və rejissor Səhra Kəriminin lentə aldığı və əfqan qadınlarının hüquqlarının müdafiəsindən bəhs edən filmə dəstək verib. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, "Həvva, Məryəm, Ayişə” adlanan bu ekran əsərinin premyerası sentyabrın 6-da Venesiya Film Festivalında keçirilib.
Ekran əsərində müxtəlif sosial təbəqələrə mənsub olan üç əfqanıstanlı qadının həyatından və problemlərindən bəhs olunur. Coli jurnalistlərə müsahibəsində bildirib ki, BMT-nin sülh elçisi kimi dəfələrlə əfqanıstanlı qadınlarla görüşüb və filmdə əks olunan problemlər onların taleyi və həyatının faciəli cəhətlərini əks etdirir. Onun sözlərinə görə, ekran əsərində həm də bu qadınların gələcəyi ilə bağlı nikbin notlar da əksini tapıb. "Film çox ziddiyyətli vəziyyətin olduğu Əfqanıstanda qadınların zərifliyi, gözəlliyi və ruhunu nümayiş etdirir, həmçinin onların evlilik, sevgi, dostluq, ailə münasibətləri və analıqla bağlı hisslərini təcəssüm etdirir”, - deyə "sülh mələyi” əlavə edib.
"Həvva, Məryəm, Ayişə” filmi yerli kinematoqrafçılar tərəfindən lentə alınıb. Onun prodüseri və satışına məsul olan nümayəndəsi də əfqanıstanlı qadın Katayun Şəhabidir.
Ancelina Coli daha sonra deyib: "Əfqanıstanda lentə alınan hər bir film cəhalətə qarşı mübarizədə bir qələbədir. Əfqanıstanın taleyinin həll olunduğu bir dövrdə milyonlarla əfqan qadınının azadlıq, müstəqillik və təhlükəsizlik şəraitində öz taleyinə sahib çıxması bütün cəmiyyət üçün faydalıdır”.
Filmin rejissoru Kərimi bu filmin mötəbər kinofestivalında nümayişinə görə Venesiya Film Festivalının təşkilatçılarına, onun rəhbəri Alberto Barberaya təşəkkürünü bildirib. O əlavə edib ki, incəsənət xadimlərinin köməyi ilə Əfqanıstanda qadın hüquqlarının müdafiəsi sahəsində daha yaxşı platforma əldə etmək mümkündür. "Ölkəmizdə gender bərabərliyi daha da inkişaf edir və hesab edirəm ki, bu fakt qlobal sülhə də xidmət edir”, - deyə əfqan rejissor vurğulayıb. Kərimi Əfqanıstan kinematoqrafçılarına göstərdiyi diqqətə görə Ancelina Coliyə minnətdarlığını bildirib.
Qeyd edək ki, "Həvva, Məryəm, Ayişə” filmi 76-cı Venesiya Film Festivalının "ən yaxşı bədii film” nominasiyasında mükafata namizəddir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973