• cümə axşamı, 28 mart, 21:43
  • Baku Bakı 13°C

Dünyanın ən gözəl şəhərlərindən biri

05.11.19 19:14 1992
Dünyanın ən gözəl şəhərlərindən biri
Prezident İlham Əliyevin Bakının abadlaşdırılması, ekoloji vəziyyəti və problemlərinin həlli ilə bağlı tapşırıqlarının icrası paytaxtımızı daha da gözəlləşdirəcək

"Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir”. Ölkə başçısı İlham Əliyevin bu fikirləri paytaxtımızın inkişafının daim diqqət mərkəzində olduğunun, abadlaşdırılması istiqamətində quruculuq işlərinin ardıcıl olaraq həyata keçirilməsinin ən gözəl təsdiqidir.
ABŞ-ın "The New York Times” qəzetinin bir neçə il əvvəl hazırladığı və dünyanın ən görməli 52 məkanı siyahısına Bakı şəhərinin də daxil edilməsi, eləcə də dünyanın məşhur dərgilərində və aparıcı media orqanlarında yer alan məqalələrdə, verilişlərdə Bakı şəhərinin "Dünyanın ən görməli şəhəri”, "Dünyanın ən böyük və möhtəşəm 50 şəhərindən biri”, "Küçələrində Paris yaradan şəhər- Bakı”, "Bakı ən təhlükəsiz şəhər kimi” adlarla elan olunması da Prezidentin paytaxtımız haqqındakı fikirləri ilə üst-üstə düşür. Belə ki, "The New York Times” qəzetində yerləşdirilən və siyahıdakı bütün məkanlar haqqında məlumat verilən məqalədə Bakı haqqında "Qədim mədəniyyət və Dubay tərzindəki ekstravaqantlığı Bakını turistlərin getmək istədikləri məkanlardan birinə çevirir” deyə qeyd edilib. Məqalədə həmçinin yazılıb ki, Azərbaycanın paytaxtında baş verən ikinci neft bumu Xəzər dənizinin sahilində yerləşən bu şəhərə var-dövlət qazandıraraq yeni üfüqlər açıb: "Hökumət neftdən əldə olunan gəliri UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmış İçərişəhəri dövrəyə alan zəngin memarlıq layihələrinə yönəldir. Şəhərin ən gözəl binalarına misal olaraq "Alov qüllələri”ni və Zaha Hadidin memarlığı ilə tikilən Heydər Əliyev Mərkəzini göstərmək olar. Şəhərdə Four Seasons, Hilton və Pullman kimi beynəlxalq nüfuza malik otellər fəaliyyət göstərir. 33 mərtəbəli Trump İnternational oteli və Bakı qülləsi də bu möhtəşəm tikililər siyahısındadır”- deyə qeyd edilib.
Britaniyada nəşr edilən, dünyanın ən böyük və möhtəşəm 50 şəhərindən bəhs edən "Skylines” kitabında da Bakıya xüsusi yer ayrılıb. Paytaxtımızla yanaşı, London, Paris, İstanbul, Moskva, Nyu-York, Roma və digər şəhərlərin adlarının da yer aldığı nəşrdə müasir Bakının gözəlliklərindən, arxitekturasından, tarixi abidələrindən və dünyada məşhurlaşan müasir tikililərindən bəhs edilib. Bakıda İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilən möhtəşəm və qədim tarixi abidələr olduğu vurğulanıb. Sovet dövrü memarlıq abidələrinə toxunan müəlliflər Heydər Əliyev Sarayı və Teleqüllə kompleksi haqqında məlumat veriblər. Həmçinin qeyd olunub ki, müstəqilliyin bərpasından sonra Bakıda yenidənqurma, quruculuq işləri və müasir memarlıq abidələrinin tikintisi davam etdirilib. "Alov qüllələri” şəhərin simvoluna çevrilib. Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqi janrı olan muğamın dünyaya nümayiş etdirilməsi baxımından əhəmiyyəti rol oynayır. 2014-cü ildə London Dizayn Muzeyinin "İlin dizaynı” mükafatına layiq görülən Heydər Əliyev Mərkəzi müasir dövrün dünya memarlıq abidələri sırasında xüsusi yer tutur.
"The Economist Intelligence Unit”və "The Economist”nəşrləri tərəfindən tərtib edilən illik hesabatda isə Bakının ən təhlükəsiz şəhər kimi elan olunması da ölkəmizə gələn əcnəbi turistlərin təminatına çevrilib.
"Şəhərin hər bir yeri abad olmalıdır”- deyən Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovuqəbul edərkən paytaxtın inkişafı, abadlaşdırılması, ekoloji vəziyyəti və problemləri ilə bağlı toxunduğu məsələlər qarşıya qoyulan hədəfləri ifadə edir.
Balaxanı zibilxanası, Bibiheybət mədənləri, Böyükşor gölü...
Şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət etdiyini, bir çox layihələrin təşəbbüskarı olduğunu deyən Prezident həmçinin şəhərin ekoloji vəziyyətinin yaxşılaşdığını, bir çox önəmli layihələrin icra edildiyini qeyd edib: "Əvvəlki illərdə şəhərin havasını çirkləndirən mənbələr aradan götürüldü. Onların arasında, ilk növbədə, keçmiş Balaxanı zibilxanasını qeyd etməliyəm. Bu zibilxana elə bir tüstü buraxırdı ki, havanın keyfiyyəti böyük dərəcədə aşağı düşmüşdü və insan sağlamlığına böyük zərər verirdi. İndi keçmiş Balaxanı zibilxanasının yerində müasir poliqon qurulub və zibilin çeşidlənməsi, bərk məişət tullantılarının yandırılması istiqamətində böyük addımlar atılıb, böyük investisiyalar qoyulub, zibilyandırma zavodu inşa edilibdir. Biz bu ekoloji fəlakət mənbəyini aradan götürdük”. Prezident digər ekoloji fəlakət mənbəyinin Bibiheybət neft mədənləri olduğunu bildirib: "Oradakı vəziyyət, ümumiyyətlə, çox acınacaqlı idi, neftlə çirklənmiş yerlər, gölməçələr. Bunların hamısı aradan götürüldü. İndi orada gözəl park salınıb və vətəndaşların sərəncamına verilib. Eyni zamanda, idman şəhərciyi yaradılıb, müasir idman hovuzu, digər ictimai obyektlər tikilib”. Ölkə başçısı eyni zamanda, Böyükşor gölünün də vaxtilə böyük təhlükə mənbəyi olduğunu qeyd edib. Belə ki, onilliklər ərzində Böyükşor gölünə axıdılan kanalizasiya, lay suları, neftlə çirklənmiş sular o bölgəni də ekoloji fəlakət zonasına çevirmişdi: "Biz oranı da təmizlədik, Böyükşor gölünün bir hissəsi tam ekoloji standartlara cavab verir, köçəri quşlar oraya qonur. Göl üzərində yeni yol çəkilib və gölün ikinci hissəsinin təmizlənməsi istiqamətində işlər gedir. Olimpiya Stadionu vaxtilə bataqlıq kimi tanınan yerdə tikilibdir”.

Yaşıl parklar, bağlar şəhəri
Ölkə başçısı müxtəlif yerlərdə ağacların əkilməsinin şəhərin ekoloji vəziyyətini yüksək dərəcədə yaxşılaşdırdığını bildirib. "Milyonlarla ağac əkilmişdir. Bu gün Bakı yaşıl parklar, bağlar şəhəridir. Parkların sayına görə, hesab edirəm ki, Bakı dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim ən böyük parkımız olan bulvarın məsafəsi 3 kilometrdən 15 kilometrə uzadıldı. Mərkəzi Park indi şəhərə yeni yaraşıq verir. Sovetski adlandırılan ərazidə 20 hektardan çox gözəl, abad park salınıbdır. Heydər Əliyev Mərkəzinin önündə, Konqres Mərkəzinin önündə, - vaxtilə Səttarxan zavodunun ərazisi olan bu yer də ekoloji təhlükə mənbəyi idi, - 20 hektar ərazidə park salınıb və vətəndaşlar böyük həvəslə bu imkanlardan istifadə edirlər. Vaxtilə havanı çirkləndirən lampa zavodu, şifer zavodu və digər müəssisələr köçürüldü, onların yerində nəqliyyat infrastrukturu yaradılmışdır. Bir sözlə, bu gün Bakı həm ekoloji, həm də rahatlıq baxımından çox sürətlə inkişaf edən şəhərdir”. Prezident həmçinin şəhərin təsərrüfatının da yeniləndiyini və bu məqsədlə müvafiq sərəncamlar verildiyini, qərarlar qəbul edildiyini qeyd edib: "Bu il şəhər təsərrüfatının müasirləşdirilməsi istiqamətində işlər aparılıb. Həm dövlət investisiya proqramı çərçivəsində, eyni zamanda, Prezidentin ehtiyat fondunun vəsaiti hesabına lift təsərrüfatı yenilənir, nümunəvi həyətlər qurulur. Heydər Əliyev Fondu bu sahədə çox böyük iş aparır. Dam örtüklərinin təzələnməsi üçün ehtiyat fondundan 10 milyon manat vəsait ayrılmışdır”.
Qeyd edək ki, ölkə başçısının tapşırığına uyğun olaraq 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin səyləri nəticəsində bu gün Bakı şəhərində yeni bir format – məhəllələrarası parklar formatı tətbiq olunub və bu iş davam etdirilir. Həmin ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıb. İlin axırınadək daha 15 yeni nümunəvi məhəllənin istifadəyə veriləcəyi, yaxın illərdə isə 743 bu cür layihənin icra ediləcəyi gözlənilir.

Bizim milli sərvətimiz
Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq simasının olduğunu deyən Prezident bu böyük sərvətə qarşı hamını diqqətli olmağa səsləyib: "O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz. Bakının memarlığı bizim milli sərvətimizdir. İçərişəhər UNESKO tərəfindən qorunur. Deyə bilərəm ki, dünyada o qədər də çox şəhərlər belə qədim İçərişəhər kimi şəhərlərlə öyünə bilməz, bu, bizim böyük sərvətimizdir”. Ölkə başçısı inkişafa xidmət edən sərəncam və fərmanların icrası ilə yanaşı problemlərin də mövcud olduğunu bildirib: "Bəzi hallarda tikinti üçün yerlər zəbt olunur, bəzi hallarda sərəncamlar qanunsuz olaraq verilir, ağaclar qırılır. Vətəndaşlar sağ olsunlar ki, bir çox hallarda belə vəziyyətlə üzləşdikdə müvafiq orqanlara məlumat verirlər. Yəni, bu, ictimai nəzarətin mövcudluğu deməkdir. Bundan sonra Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir. Bütün şəhərlərdə bina tikintisi üçün müvafiq əmsallar mövcuddur. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bu əmsallar 10 dəfə, bəlkə də artıq götürülürdü. Yəni, bütün şəhərsalma qaydaları pozulurdu. Mövcud binaların düz önündə yeni hündürmərtəbəli binalar tikilirdi və bəzi dırnaqarası sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları Günəş işığından məhrum edirdilər. Bir çox hallarda həyətlərdə evlərin tikintisi baş verirdi. Əvvəlki dövrdə hətta bəzi məktəblərin həyətlərində evlər tikilirdi. Sonra bu məsələyə son qoyuldu. Yəni, şəhərsalma qaydaları tətbiq olunmalıdır, burada yerli icra orqanları və əlbəttə, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi öz işini yüksək səviyyədə qurmalıdır ki, bütün şəhərsalma normaları təmin edilsin. Beləliklə, Bakı şəhəri və Azərbaycanın bütün şəhərləri planlı şəkildə inkişaf etməlidir”. Prezident diqqətə çatdırıb ki, Bəzi yerlərdə ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var: "Mən artıq bu barədə Azəravtoyol Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni, şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. Onlar da əlbəttə ki, özlərini Bakıda rahat hiss etməlidirlər. Ancaq biz, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik”.


Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə "Azərbaycanda yüz illərdən bəri "Qara şəhər” adlanan şəhər ağaracaq, təmizlənəcək, burada gül-çiçək əkiləcək və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir” sözləri bu gün reallaşıb. Ulu öndərin siyasi varisi Prezident İlham Əliyevin şəhərimizin inkişafı istiqamətindəki səyləri, təkcə dövlət başçısı kimi deyil, həm də bir vətəndaş kimi yanğısı buna ən gözəl misaldır: "Biz şəhərimizi inkişaf etdirməliyik. Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaqdır”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər