• cümə, 29 Mart, 16:47
  • Baku Bakı 14°C

Dünyanın ən böyük ada ölkəsindən dəvət alan məşqçi - Portret

29.11.19 13:00 2922
Dünyanın ən böyük ada ölkəsindən dəvət alan məşqçi - Portret
Xaricdə çalışacaq azsaylı mütəxəssislərimizdən olan Ziya Rəcəbov yığmaya niyə çağırılmayıb?
Azərbaycanın idman uğurları əsasən təkmübarizəli növlərin payına düşür. Dünyanın ən yaxşılarından hesab edilən, olimpiadalarda daim üzümüzü güldürən güləşçilərimiz, cüdoçularımız, boksçularımız olub, var və bundan sonra da olacağına şübhə etmirik. Komanda növlərindəki uğurlarımızdan söz düşərkən isə ağıla, öncə voleybol gəlir. Hələ SSRİ dönəmində bakılı, torpağımızın yetirməsi olan İnna Rıskal öz parlaq oyunu ilə dünyaya səs salıb, dövrünün ən böyük voleybol ulduzlarından biri sayılıb. Müstəqillikdən sonra klub səviyyəsində "Çağırış" və CEV kuboku, o cümlədən Çempionlar Liqasında xeyli sayda ciddi nailiyyətlər qazanmışıqsa, yığma olaraq dəfələrlə dünya və Avropa çempionatlarının final mərhələlərində təmsil olunmuşuq. Lakin sadalananların hamısı bir qayda kimi, qadın voleybolçularımızın sayəsində baş verib. Kişilərdən ibarət komandalarımız isə zaman-zaman digər yarışlarda diqqətləri üzərilərinə çəkə biliblər ki, bu mənada ilk olaraq onların 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutduqlarını xatırlatmalıyıq. Bu yaxınlarda kişi voleybolu ilə bağlı bir əlamətdar hadisə də yaşandı. Belə ki, ölkənin tanınmış voleybol mütəxəssislərindən sayılan Ziya Rəcəbov İndoneziyanın "Cakarta" klubuna baş məşqçi təyin olundu. Bunadək qadınlardan ibarət "Azəryol", "Lokomotiv" kimi klubların sükanı arxasında olan gənc çalışdırıcı, ölkə xaricində fəaliyyət göstərəcək nadir voleybol mütəxəssislərimizdəndir. Odur ki, Rəcəbovu bir qədər də yaxından tanımaq vaxtıdır.

Ata və əmisinin izi ilə

14 avqust 1982-ci ildə Ağsuda, idman ənənəsi olan ailədə dünyaya göz açan Ziya Rəcəbov, orta təhsilinin ilk altı ilini doğma rayonunda alıb, sonradan isə Bakıya köçərək, 18 saylı məktəbi bitirib. Ağsuda üç ilə yaxın sambo məşqlərinə gedən Ziya, vaxtilə atasının və əmisinin də məşğul olduğu voleybolun sıralarına elə 18 saylı məktəbdə qoşulub. Belə ki, o, hələ uşaqlıqdan həvəs göstərdiyi bu növlə 10-cu sinifdən, məktəbin idman müəllimi İqor Kutukovun rəhbərliyi altında professional məşğul olmağa başlayıb. Yeniyetmə ikən müxtəlif komandalara dəvət alıb, nəinki öz yaş qrupu üzrə, gənclər arasında müxtəlif yarışlara qatılaraq, bir sıra uğurlar qazanıb. Peşəkar karyerasına 2000-ci ildə, birinci liqada çıxış edən "Şimşək" komandasında başlayan Rəcəbov, 2003-2004-cü illərdə yüksək liqada çıxış edən "Loğman" klubunun şərəfini qoruyub. Habelə, "Cəlilabad", "Şəki", "Masallı" kimi bölgə klublarının da heyətində yer alıb. 2004-cü ildə "Metropoliten" klubuna keçib. Hərbi xidməti bitirdikdən sonra 2008-ci ildə "Neftçi" klubunda çıxış etməyə başlayıb. Voleybolçu karyerasını da 2014-cü ildə bu klubda bitirib. "Şimşək"lə 2000/2001 mövsümündə Birinci liqanın qalibi, 2001-ci ildə "Bahar" kubokunun bürünc mükafatçısı olubsa, 2005-ci ildə "metroçular"la, 2009-dan 2014-dək ardıcıl altı mövsüm "Neftçi"də ölkə çempionatının baş mükafatına sahib çıxıb.


"Havayı xərc çəkməyin, onsuz da..."

Voleybol, məşqlər, yarışlar öz yerində, qəhrəmanımız, daşıdığı adı da doğrultmağa çalışıb. Dediyinə görə, valideynləri həmişə təhsili daha üstün tutub, onu idmandan çəkindirməyə çalışıblar: "Tarixi, ədəbiyyatı çox sevirdim. Bir müddət üçüncü qrupa hazırlaşdım, amma sənədlərimi dördüncü qrupa vermək qərarına gəldim. Çünki idmana çox bağlanmışdım. Lakin valideynlərim idmanı davam etdirməyimi istəmirdilər. Onlar təhsilimdə daha maraqlı idi. Hətta bir gün ingilis dilindən hazırlıq müəllimim aylıq pulu qaytarıb demişdi ki, havayı xərc çəkməyin, onsuz da oxumur. 1999-cu ildə sənədlərimi İdman Akademiyasına verdim, amma kəsildim. Növbəti il də alınmasaydı, hərbi xidmətə gedəcəkdim. Düşünürdüm ki, sonra çətin olacaq, maraq qalmayacaq. Qarşıma məqsəd qoydum, nəhayət, qəbul oldum".
"Legionerlərdən zəif olmamışam"
22 ildir voleybola bağlı olan, idmançı karyerasını 32 yaşında bitirən Ziyanın, məşqçilik təcrübəsinin bünövrəsi bundan 4 il əvvələ dayanır. Belə ki, Rəcəbov, 2010-cu ildə "Şirvan” komandasında baş məşqçi Adnan Küstahın köməkçisi təyin olunub. Ümumilikdə, məşqçi assistenti kimi qadınlardan ibarət "Rabitə" klubu ilə klublararası dünya çempionatının qalibi, Çempionlar Liqasının gümüş və bürünc, ölkə çempionatlarının isə 4 dəfə qızıl mükafatçısı olan Ziyanın idmançı karyerasında təzadlı məqamlar da yetərincədir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, oynadığı klublarda uğurlarının sayı-hesabı olmasa da, o, heç vaxt yığmaya dəvət almayıb. Səbəbini belə izah edir: "Ölkənin əksər klublarında oynamışam. Həmçinin çimərlik voleybolunda da nəticələrim az deyil. Amma hər dəfə boyumu və digər səbəbləri əsas gətirib, süni əngəllərlə əsas yığmaya gedən yolumu kəsiblər. Halbuki yığmaya gətirilən rusiyalı, ukraynalı, gürcüstanlı legionerlərdən heç də zəif olmamışam. Deyərdim ki, onlardan üstün oynamışam”.

Verilən qurbanlar

"Mən voleybolu çox sevmişəm, bəzən lap həyatımın mərkəzinə qoyub, çox qurbanlar vermişəm. Ümumiyyətlə, voleybol, ya digər idman növü, fərqi yoxdur, ilk şərt sevgidir, lazım gəlsə, nələrdənsə keçməkdir. Bu, elə idman növüdür ki, əksəriyyətin marağını cəlb edir. Lakin hər kəs məşğul ola bilməz. Boy, birbaşa vacib amildir. Amma hərdən elə bəstəboy adamlar olur ki, sevgisi, əzmi sayəsində komandanın liderlərindən birinə çevrilir. Mən belə halları çox görmüşəm. Sadəcə, inanmaq, imkan yaratmaq lazımdır".

"Anam sağ olsun"

Baş məşqçi kimi "Azəryol"la CEV kubokunun bürünc mükafatçısı olub, "Lokomotiv"lə ölkə çempionluğu yaşayan 37 yaşlı Rəcəbov, 1 mövsümlük müqavilə bağladığı İndoneziya klubunun sükanı arxasına dekabrda keçəcək. Əvvəlki illərdə amerikalı Loqan Tom, braziliyalı olimpiya çempionu Marianne Şteynbreher, dominikanlı Betanya de La Kruz kimi tanınmış voleybolçuların da formasını geyindiyi paytaxtın eyniadlı təmsilçisinin qarşısına yenə iddialı çıxış tələbi qoyulub. Yeri gəlmişkən, klub, Rəcəbovdan sonra yığmamızın kapitanı Odina Əliyevanı da heyətə qatıb.

"İndiyədək ölkə xaricindən bir neçə təklif gəlib, hər dəfə geri çevirmişəm" deyən Ziya, heç idmançı kimi də legioner həyatı yaşamayıb. İlk olduğunu nəzərə alsaq, dünyanın ən böyük ada ölkəsinə köç öncəsi üzərində müəyyən dərəcədə həyəcanın olmasını düşünmək olar. Lakin Ziya fərqli fikirdədir: "Bir az götür-qoy etdim və qərara aldım ki, artıq vaxtdır, karyeramın yüksəlişi üçün bunu etməliyəm. İndoneziyaya indidən ikinci vətənim kimi yanaşmağa başlamışam. Həm də müsəlman ölkəsidir deyə, düşünürəm, elə ciddi fərqlər olmayacaq. Belə məqamlarda çox adamı, adətən mətbəx məsələləri qayğılandırır. Məndə isə belə problem olmayacaq. Özüm yaxşı yeməklər bişirirəm. Anam sağ olsun, hamısını öyrədib".

Faiq Qarayev haqqı

Qeyd etdiyimiz kimi, ölkə voleybol tarixində çox az sayda mütəxəssisə vətəndən kənarda çalışmaq qismət olub. Xatırladaq ki, Ziyayadək Faiq Qarayev, mərhum Aleksandr Çervyakov kimi tanınmış simalar, o cümlədən, Vüqar Əliyev Türkiyə və İsraildə məşqçilik təcrübəsi yaşayıb.

Yeri gəlmişkən, 37 yaşlı qəhrəmanımız qazandığı uğurlarda Faiq Qarayevin rolunu vurğulamağı özünə borc bilir: "Mənə dəstək olan insanlar çox olub. İlk növbədə Faiq Qarayevin adını deyə bilərəm. Faiq müəllim həmişə mənə dəstək olub, güvənib. Bugünkü uğurlarıma görə ona borcluyam".

Mədinənin voleybol sevgisi

Ailəli, iki övlad atası olan Rəcəbov, qızları Solmaz və Mədinəni də voleybola cəlb edib. Belə ki, onların hər ikisi atalarının voleybol akademiyasında dərs alır. Bəs görəsən, onlar ailədəki voleybol ənənəsini davam etdirəcəkmi?

Ziya, Mədinənin daha istəkli olduğunu deyir: "Böyük qızım Solmaz vunderkinddir. Üç yaşından kitab oxumağa başlayıb. Mədinə oxumur, voleybola daha həvəslidir. Sözün düzü, ağır dərs yükünü atmaq üçün onları voleybola gətirmişəm. İndi nəsə demək çətindir. Hər şeyi zaman göstərəcək. Amma məncə, kiçik qızım ardını gətirəcək".

Portret

"Tükənməz enerji", "voleybolumuzun ən pozitiv adamı". Haqqında belə fikirləri tez-tez eşitmək olar. Nikbinliyini itirməyən, harada olmasından asılı olmayaraq, ətrafını şənləndirməyi bacaran Ziya, sevir, sevilir. "Həyat gözəldir" deyimi boyuna biçilib sanki. Dediyinə görə, xanımlarla çalışmaq daha çətindir: "Səsini bir az yüksəldən kimi küsürlər. Amma bu idmandır, emosiyasız keçinmək mümkün deyil. Ən xırda detallara da fikir verməyə çalışıram ki, aramızda inciklik olmasın. Kollektivdə xoş əhval-ruhiyyə, anlayış uğurun bir nömrəli şərtidir".

Sahib




banner

Oxşar Xəbərlər