• cümə, 29 Mart, 16:27
  • Baku Bakı 14°C

Dünyanın diqqəti Davosa yönəlib Təhlil

23.01.14 08:41 1220
Dünyanın diqqəti Davosa yönəlib Təhlil
Hər il ənənəvi olaraq keçirilən Davos İqtisadi Forumu bu il də öz işinə start verib. Yanvar ayının 21-də başlanan növbəti forumun gündəliyi isə hələ bir müddət əvvəl elan olunub. Gündəliklə tanışlıq forumda bir sıra aktual məsələlərin müzakirə olunacağına deməyə əsas verir. Forumun təsisçisi Klaus Şvabın açıqlamalarından aydın olub ki, bu ilki forumun proqramına əsasən innovasiyanın müasir həyata təsiri, qlobal inkişaf perspektivləri, vətəndaş cəmiyyətinin iqtisadi proseslərə təsiri, dünya əhalisinin artımı mövzuları üzrə müzakirələr daxildir.
KİV-də yayılmış digər məlumatlara görə isə, forum çərçivəsində Cənubi Qafqaz və Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq məsələləri də müzakirə predmeti olacaq. Həmçinin elm sahəsində Nobel mükafatı laureatları ilə görüşlərin, ABŞ, Rusiya, Çin üzrə sessiyaların təşkili də gözlənilir.
Forumun mətbuat xidmətinə istinadən verilən məlumatlara görə, builki toplantının əsas mövzusu isə “Dünyanın yenidən qurulması: cəmiyyət, siyasət və biznes üçün nəticələr” olacaq. Bununla yanaşı, dünya siyasi və iqtisadi elitasının toplaşdığı forumda dünyanın digər aktual problemlərinin də diqqət mərkəzində olacağı gözlənilir. Bunlara əsasən, Yaxın Şərqdə və Suriyada baş verənlər, Ukraynadakı son proseslər daxildir. Göründüyü kimi, forum çox geniş spektri əhatə edəcək müzakirələrə ev sahibliyi etmək niyyətindədir.
Dünya iqtisadiyyatında baş verən müasir innovativ proseslərin ümumilikdə bəşəriyyət həyatına öz təsirini göstərməsi foruma toplaşanların innovasiyanın müasir həyata təsiri kimi problemi müzakirə etməyə vadar edir. Ümumiyyətlə iyirmi birinci əsr innovasiyalar əsri adlandırılır. Bu mənada innovativ proseslərin bəşəriyyətin gələcək taleyində hansı rolu oyna biləcəyinin forum iştirakçılarının əsas müzakirə predmetlərindən biri olması təəccüblü deyil. Digər tərəfdən dünyanın siyasi və iqtisadi elitasını forumda müzakirəyə çıxarılacaq müasir qlobal inkişafın perspektivləri də düşündürməyə bilməz. Bu, qlobal proseslərin önündə gedən dövlətlər və transmilli korparasiyalarla yanaşı, bu prosesin iştirakçısı olan digər tərəflərin də diqqət mərkəzindədir.
Dünyada iqtisadi qloballaşmanın sürətli inkişafı fonunda vətəndaş cəmiyyətinin xüsusilə iqtisadi proseslərdəki rolu, iqtisadi proseslərə təsiri məsələləri olduqca aktuallaşmaqdadır. Bu mənada vətəndaş cəmiyyətinin iqtisadi proseslərə təsiri problemlərinin müzakirəyə çıxarılması forumun müasir çağırışlara verdiyi reaksiyasını göstərir. Digər tərəfdən isə vətəndaş cəmiyyətinin iqtisadi proseslərdəki rolunun artırılması probleminin müzakirəyə çıxarılması, əslində dolayı yolla, forumun dünyada demokratikləşmə proseslərini diqqətdə saxlamaq cəhdi kimi də dəyərləndirilə bilər.
Həmçinin forumda xüsusilə diqqəti çəkən müzakirələrdən biri dünya əhalisinin artımı ilə bağlı olacaqdır. Bu məsələ də əlbəttə ki, ən aktual problemlərdəndir. Dünya əhalisinin sürətli artımı fonunda həm qlobal ərzaq təhlükəsizliyi problemi aktallaşır, digər tərəfdən də əhalinin sürətli artımı gerçəkləşən bölgələrin hazırda dünya siyasi və iqtisadi nizamına təsirinin artması tendensiyası müşahidə olunur. Məsələn, Çin və Hindistanın əhalisinin artması, paralel olaraq iqtisadi artımı da stimullaşdırmaqla bu dövlətlərin qlobal iqtisadiyyatda çəkisini artırır. Bu isə əlbəttə ki, dünyanın hazırkı aparıcı iqtisadi və siyasi elitasını düşündürməyə bilməz.
Ümumiyyətlə Davos Forumu ənənəvi olaraq iqtisadi forum adlandırılsa da, bu ilki əsas mövzunun adından da göründüyü kimi, mühüm siyasi aspektləri özündə ehtiva edir.
Forumun gündəliyinə Yaxın Şərq, Suriya, Ukrayna ilə bağlı məsələlərin salınması bu ilki forumun siyasi yükünü bir qədər də artırır. Əslində qeyd olunan siyasi aspektli problemlər dünya iqtisadiyyatı ilə birbaşa bağlı məsələlərdir. Uzun müddətdir ki, dalana dirənmiş Yaxın Şərq problemi, Suriya münaqişəsi dünya iqtisadiyyatını təhdid altında saxlayır. Ukraynada baş verənlərin də eyni xarakterə malik olduğunu söyləmək olar. Ukraynadakı son hadisələrin konkret olaraq Avropa İttifaqı və Rusiya arasında gedən çəkişmələrin nəticəsi olduğu sirr deyil. Bunun kökündə isə həm siyasi, həm də iqtisadi amillərin dayandığı məlumdur. Bu mənada Ukraynada baş verənlərin Davos forumunun gündəliyində olması təbiidir.
Yuxarıda qeyd olunduğu kimi, bu ilki Davos forumunda Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun da diqqət mərkəzində olması gözlənilir. Sözügedən regionların iqtisadi yüksəlişi ümumdünya iqtisadi forumunun diqqətini çəkməyə bilməz. Məlumdur ki, bu iki region xüsusilə Avropanın enerji ilə təchizatında mühüm rol oynamaq potensialına malikdir. Lakin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının daha çox Rusiyanın təsir dairəsində olması onların dünyaya geniş inteqrasiyasını müəyyən mənada məhdudlaşdırır. Bir sıra region ölkələrinin, xüsusilə Azərbaycanın aktiv avrointeqrasiya cəhdləri bu bölgələrin də diqqət mərkəzinə düşməsinə öz təsiri göstərir.
Xüsusilə Azərbaycanın Avropanın böyük bir hissəsinin enerji ilə təchizatına verdiyi töhfələr forumun həm regiona, həm ölkəmizə marağının daha da artmasında mühüm rol oynamışdır. Bu mənada Davos Forumunda Cənubi Qafqaz və Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəyə çıxarılması mühüm göstəricidir.
Ümumiyyətlə ölkəmizin son illər ərzində nümayiş etdirdiyi iqtisadi nailiyyətlər Dovos Forumunu Azərbaycanla xüsusi formatda əməkdaşlıq etməyə həvəsləndirir. Məlum olduğu kimi, 2013-cü ilin aprelin 7-8-də Davos İqtisadi Forumunun Bakıda regional toplantısı keçirilib.
Biznes subyektlərinin, hökümət nümayəndələrinin, müxtəlif ölkələri təmsil edən beyin mərkəzlərinin rəhbərlərinin qatıldığı forumda 4 panel üzrə müzakirələr aparılıb. Müzakirələrə təkcə enerji təhlükəsizliyi, enerji resursları deyil, insan kapitalı, sahibkarlıq, qeyri-neft sektorunu əhatə edən mövzular da daxi edilib. Ümumiyyətlə, forumda prioritet mövzu qeyri-neft sektorunun inkişafı ilə bağlı olub. Belə ki, region ölkələrinin əksəriyyəti təbii resurslarla zəngin olduğundan diqqət qeyri-neft sektorunun dəstəklənməsinə yönəlib.
Forumda, həmçinin neft kapitalının insan kapitalına çevrilməsi və regionun inkişafı müzakirəyə çıxarılıb.
Davos Forumu ilə ölkəmizin əməkdaşlığı bu gün də davam etməkdədir. Hazırda Azərbaycan Forumun işində aktiv iştirak edən dövlətlərdəndir. Məhz prezident İlham Əliyevin Davosa son səfəri bunu bir daha təsdiq edir.
Qeyd edək ki, Davos Forumunun bu cür regional toplantılar təşkil etmək təcrübəsi vardır. Lakin əlbəttə ki, toplantının keçirildiyi regionun bəlli inkişaf göstəriciləri və perspektivləri əsas şərtdir.
Ümumiyyətlə bu ilki toplantısının proqramından göründüyü kimi, Davos Forumunda dünyanın bu və ya digər aktual problemlərinə toxunulacaq və bir sıra mühüm nəticələr əldə olunacaqdır.
Müzakirəyə çıxarılan aktual qlobal məsələlərlə yanaşı, Davos forumunun dünya üzrə əhəmiyyətini təmin edən faktorlardan biri burada dövlət və hökumət başçılarının, yüksək vəzifəli biznesmenlərin, elm və din xadimlərinin iştirakıdır. Forum dünyanın siyasi, iqtisadi və elmi elitası üçün çox əlverişli müzakirə platforması hesab olunur.
Foruma, həmçinin “Beynəlxalq Amnistiya (Amnesty İnternational)” Beynəlxalq Şəffaflıq Təşəbbüsü (Transparency İnternational), Oxfam kimi qeyri-hökumət təşkilatlarının və ticarət ittifaqlarının yüksək səviyyəli nümayəndələri də dəvət olunur. 3-4 gün ərzində davam edən Ümumdünya İqtisadi Forumda iştirakçılıq daha çox təşkilatçı tərəfindən dəvət əsasında təmin olunur. Forum müddətində dünyanın iri şirkətlərinin rəhbərlərinin dialoqları, müxtəlif ölkələrin hökumət nümayəndələrinin ikitərəfli görüşlərin keçirilməsi üçün əlverişli imkanlar yaradılır.
Lakin Davos Forumunun bir sıra nöqsanları da dilə gətirilir. Belə ki, forum bir sıra ekspertlərin fikrincə, daha çox dünyanın nəhəng ölkələrinin mənafelərinə xidmət edir və yoxsulluğun azaldılması kimi həssas iqtisadi problemlərin həllindən çox, guya iqtisadi və siyasi dividentlərin artırılması məqsədini daşıyır. Bundan əlavə bəzi tənqidçilərə görə, Davos Forumu demokratiyanın inkişafına mənfi göstərməklə, gizli sövdələşməyə əsaslanan qeyri-şəffaf qərarvermə mexanizmləri üzərində qurulmuş “Elitlərin Forumu” dur.
Lakin hər halda Davos Forumu bu gün dünyanın ən populyar iqtisadi forumudur. Məhz Davos Forumu dünyanın iqtisadi elitası üçün həm rəsmi, həm də qeyri-rəsmi işgüzar təmaslar üçün hərtərəfli şərait yaradır. Hər bir dövlət, iri şirkət və kompaniyalar bu forumda iştiraka can atır. Bu isə Davos Forumunun dünya üzrə əhəmiyyətini bir daha ortaya qoyur.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər