• şənbə, 20 Aprel, 11:04
  • Baku Bakı 14°C

Dünyanın dəstəklədiyi təşəbbüs

29.06.20 19:33 821
Dünyanın dəstəklədiyi təşəbbüs
Deputatların fikrincə, COVID-19-la mübarizədə bütün dünyaya nümayiş etdirdik ki, Azərbaycan kiçik ölkə olsa da, sözünün çəkisi böyükdür

Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülüb və əməli addımlar atılıb. Pandemiya insanların həyatına ciddi təhlükə yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhdidlər də yaradıb.
Heç şübhəsiz ki, COVİD-19 pandemiyası şəraitində özünütəcrid və fraqmentar xarakter daşıyan tədbirlər əvəzinə, qlobal həmrəyliyə və baxışa böyük ehtiyac var. Lakin beynəlxalq qurumlar, xüsusilə beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. Təəssüflər olsun ki, dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə, geosiyasi rəqabət və özünütəcridə kökləniblər.
Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu, baş vermədi. Daha çox özünütəcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. Dünyanın diqqət mərkəzində olan BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklorativ mətnlərlə yekunlaşdı.
Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də təşkilatın Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, ÜST-ün Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Məhz Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi diqqət mərkəzində oldu. Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkəsi arasında yekdilliklə razılaşdırılıb və bunun ardınca təşkilatın sədri Prezident İlham Əliyev hərəkat adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Çox sevindirici haldır ki, 130-a qədər ölkə təşəbbüsə dəstək verəcəkləri ilə bağlı Baş katibin ofisini məlumatlandırıblar. Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, planetin bəlasına çevrilmiş COVİD-19-la mübarizədə hər bir dövlətin başçısı öz mövqeyini ortaya qoydu. Bu baxımdan, Azərbaycan dünya dövlətləri sırasında nümunəvi təcrübə nümayiş etdirir və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz koronavirusla mübarizədə milli, regional və beynəlxalq səviyyədə ardıcıl, sistemli mübarizə aparır: "Xüsusilə, dünyada koronavirusla mübarizədə müəyyən boşluqlar var. Dünya dövlətləri bu ağrılı məsələyə münasibətdə birlik, həmrəylik nümayiş etdirmir, məsuliyyətsizlik göstərirlər. Bütün bunların fonunda Prezident İlham Əliyevin koronavirusla mübarizədə birliyin, həmrəyliyin, məsuliyyətin təmin edilməsi sahəsində atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir. Onu qeyd edək ki, Qoşulmama Hərəkatının Təmas Qrupunun videoformatda keçirilən Zirvə görüşü dediklərimizi bir daha təsdiqləyir. Həmin toplantıda dövlətimizin başçısı üzv dövlətlərə səslənərək BMT-nin xüsusi sessiyasının keçirilməsini təklif etdi. Nizamnaməyə uyğun olaraq təşəbbüsün 97 ölkə tərəfindən dəstəklənməsi kifayət etsə də, Azərbaycan Prezidentinin bu təşəbbüsünü dünyanın 130 dövləti dəstəklədi. Bu, qürur duyulası haldır. Bu, Azərbaycan dövlətinin, onun Prezidenti İlham Əliyevin diplomatik qələbəsidir, böyük uğurudur”.
E.Nəsirov qeyd etdi ki, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi planlaşdırılır: "Bütün dünyanın diqqəti məhz bu toplantıya yönələcək. Prezident İlham Əliyevin qlobal səviyyədə COVİD-19 pandemiyasına qarşı mübarizə prosesində birliyin və həmrəyliyin təmin edilməsi istiqamətində atdığı bu addım nəticə etibarı ilə ümumbəşəri bəlaya qalib gəlmək imkanlarımızı xeyli genişləndirəcək. Ən azı, bütün beynəlxalq ictimaiyyətin diqqəti birbaşa bu məsələyə fokslanacaq. Hesab edirəm ki, ilk növbədə bu bəlaya qarşı mübarizə prosesində iqtisadi, eləcə də humanitar səylər daha da güclənəcək. Eyni zamanda bütün bəşəriyyətin çox böyük intizarla gözlədiyi virus əleyhinə vaksinin əldə edilməsi imkanları daha da artacaq. Çünki dünyanın ən böyük universal beynəlxalq təşkilatı məhz BMT-dir. BMT səviyyəsində bu məsələnin çox ciddi müzakirə predmetinə çevrilməsi nəticə etibarı ilə beynəlxalq səviyyədə də bu bəlaya qarşı müxtəlif istiqamətlərdə təsir imkanlarının daha da genişlənməsinə gətirib çıxaracaq. Beləliklə, birmənalı şəkildə demək olar ki, Prezident İlham Əliyevin bu təşəbbüsü qlobal səviyyədə ən yüksək dəstəyə layiq görülüb. Ölkəmiz COVID-19-la mübarizədə bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan kiçik ölkə olsa da, sözünün çəkisi böyükdür”.
Millət vəkili Ceyhun Məmmədov bildirdi ki, bu gün dünya ölkələri ciddi sınaqla üz-üzədir: "Əksər dünya dövlətləri əsas güclərini pandemiya ilə mübarizəyə yönəldiblər. Azərbaycan isə paralel olaraq iki istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Ölkəmiz bir tərəfdən pandemiya ilə ciddi mübarizə aparır, digər tərəfdən də aktiv və ardıcıl xarici siyasət yürüdür. Bir sözlə, pandemiya dövründə bir sıra ölkələr özlərinə qapansalar da, Azərbaycan aktiv xarici siyasət həyata keçirib. 30-a yaxın dövlətə humanitar yardım və dəstək göstərilib. Bütün bu addımlar dünya dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Ümumdünya Səhiyyə Təşkilatı bu səylərə görə dəfələrlə Azərbaycana təşəkkür edib”.
C.Məmmədov vurğuladı ki, Azərbaycan bir neçə videokonfrans formatında beynəlxalq tədbirin təşəbbüskarı və təşkilatçısı oldu: "Prezident İlham Əliyevin təşəbbüsü ilə aprel ayının 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bir neçə istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olundu. Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Dünyada yaranmış vəziyyətlə bağlı geniş müzakirələr aparıldı. Sonrakı dövrdə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanladı. Bu, Azərbaycanın beynəlxalq səylərə növbəti dəstəyi idi. Bütün bu addımlar Azərbaycanın dünyada getdikcə nüfuzunun artdığını, dünyada ona böyük inam və etibarın olduğunu göstərir. Azərbaycan bütün bunlara həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində nail olub. Bütün bunlar, eyni zamanda Azərbaycanın dünya ölkələrini narahat edən məsələlərə biganə qalmadığını, beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini göstərir. Bu da öz növbəsində ölkəmizin nüfuzunun daha da artmasına müsbət təsirini göstərəcək”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər