• şənbə, 20 Aprel, 06:56
  • Baku Bakı 14°C

Dünyanı sözlə fəth edən şair

28.03.19 20:16 1105
Dünyanı sözlə fəth edən şair
Martın 28-də Beynəlxalq Mətbuat Mərkəzində"Kaspi” qəzeti, "Kaspi” Təhsil Şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "İmadəddin Nəsimi və özbək ədəbiyyatı” mövzusunda konfrans keçirilib.
Konfrans İmadəddin Nəsiminin 650 ilik yubileyinə və "Nəsimi ili”nə həsr olunub. Qeyd edək ki, tədbirdə Nəsiminin özbək dilində çap olunmuş kitabının təqdimatı da keçirilib.
Konfransı giriş sözü ilə açan"Kaspi” Təhsil Şirkətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva İmadəddin Nəsimi sözünün qüdrətindən bəhs edərək, Özbəkistan ziyalıları ilə birgə ədəbiyyat sahəsində görülən işlər barədə məlumat verdi: "Mən çox sevinirəm ki, böyük türk şairi, Azərbaycan şairi, Şərqin, eləcə də dünya ədəbiyyatının böyük fəxri sayılan İmadəddin Nəsimiyə həsr olunmuş konfransda sizlərlə görüşürəm. Bildiyiniz kimi, bu ili dövlət rəhbəri, cənab Prezident İlham Əliyev "Nəsimi ili” elan etdi və Nəsiminin 650 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Bu, hər şeydən əvvəl Nəsiminin şair olaraq sözə dəyər verdiyi məqamda onun haqqıdır. Düşünürəm ki, bu gün bizim burada görüşməyiniz, eyni zamanda, bu tədbiri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir bəyin köməkliyi ilə keçirməyimiz böyük bir məna daşıyır. Biz bir neçə ay öncə Özbəkistanda olmuşduq. Orada həm Hüseyn Cavidin əsərinin təqdimatını keçirmişdik, həm də Nizami Gəncəvi adına Pedaqoji İnstitutda Cavidə həsr olunmuş böyük bir tədbir baş tutmuşdu. Biz birlikdə ictimai-siyasi, tarixi, azərbaycançılıq, eləcə də maarifçilik mövzuları ilə bağlı layihələrə imza atırıq. Bunlar hamısı bir kitab şəklində öz əksini tapır. Digər tərəfdən, ədəbi əlaqələri, ədəbiyyatın özünü, ədəbi şəxslərin yaradıcılığını da diqqətdə saxlayırıq. Bu da "Kaspi” qəzetinin ədəbiyyat səhifələrində və saytımızda əks olunur. Bundan başqa, bizim qəhrəmanlığa, hərbi vətənpərvərliyə, eyni zamanda Məmməd Araza, Hüseyn Cavidə həsr olunmuş layihələrimiz işıq üzü görüb. Bu layihələr dar bir çərçivədə qalmadı. Məlum olduğu kimi, Türkiyədə Hüseyn Cavidin əsərlərinin çap olunması, vaxtaşırı olaraq hər il kitab sərgilərində yayımlanması, Türkiyənin müxtəlif şəhərlərinin universitetlərində təqdim olunması, İranda Hüseyn Cavidin 4 əsərinin işıq üzü görməsi, çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrinin antologiyasının ayrı-ayrı şeir nümunələrinin dərc edilməsi kimi məsələləri həyata keçirdik. Bununla yanaşı, Qazaxıstanda, Özbəkistanda Cavidin yaradıcılığının və çağdaş ədəbiyyatın tanınması kimi fərqli layihələrə imza atdıq. Bu, bizim Özbəkistan ziyalıları ilə başladığımız növbəti layihəmizdir. Mən inanıram ki, bu layihə davamlı olacaq. Çünki Azərbaycan-Özbəkistan ədəbi əlaqələri Türk tarixinin özü qədər qədimdir və illərlə bu əlaqələri kəsməyə, sındırmağa çalışsalar da, zərrə qədər buna nail ola bilməmişlər”.
S.Vəliyeva bildirdi ki, bu gün Nəsimi yaradıcılığına həsr olunmuş tədbirin Özbəkistan ziyalıları ilə birgə keçirilməsi, eyni zamanda Nəsimi yaradıcılığının Özbəkistan ədəbiyyatına təsiri və Özbəkistan ədəbiyyatında Nəsimidən ruhlanaraq yazan şairlərin tədqiq olunması, üzə çıxarılması iki xalqın həm ruh, həm qan, həm də yaradıcılıq əlaqələri baxımından bir-birindən ayrılmaz olduqlarını bir daha sübut edir: "Bundan sonra da bu xətti inkişaf etdirmək üçün daim çalışmalıyıq. Bu sahədə Azərbaycanın Daşkənddə fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin rəhbəri Samir bəyə təşəkkürümü bildirirəm. Doğrudan da orada böyük bir Akademiyanın görəcəyi iş səviyyəsində iş qurulub. Orada Azərbaycan ədəbiyyatının təbliği, ictimai proseslərdə baş verən hadisələrin dərhal çatdırılması, digər tərəfdən Azərbaycan musiqisinin, mədəniyyət və incəsənətinin təbliği sahəsində gözümüzlə gördüyümüz böyük işlər həyata keçirilib. İnanıram ki, bu gün Nəsimi yaradıcılığına həsr olunmuş bu tədbir sonradan digər şair və ədiblərin yaradıcılığı ilə bağlı başqa tədbirlərə keçid rolu oynayacaq.
Sözsüz ki, İmadəddin Nəsiminin Türk dünyasına, ümumiyyətlə dünya və Şərq ədəbiyyatına təsiri qaçılmaz idi. "Haqq mənəm, haqq məndə təzahür edir” deyərək haqq aşiqi olan Nəsimi həm də ilahi eşq uğrunda bir şəhid şairdir. Nəsiminin Əlişir Nəvai yaradıcılığına təsiri və onun yaradıcılığının tətbiqində artıq başqa şairlərə də təsirini hiss edirik. Xüsusilə qeyd etmək lazımdır ki, Nəsiminin əxlaqi, estetik kateqoriyalara münasibəti də İlahidən gələn idi. O, insanın təkcə üz gözəlliyini nəzərdə tutmurdu. Nəsimi insanın daxili və zahirinin vəhdətdə gözəl olması fikrini irəli sürürdü. Bu fikir getdikcə Nəsimi yaradıcılığından bütün xalqların yaradıcılığına keçməyə başladı və türkdilli xalqlar içərisində bir evdə böyüyən qardaş-bacı qədər bizə yaxın olan özbək ədəbiyyatında qabarıq şəkildə özünü büruzə verdi. Zaman gələcək, tarix bir az da bizdən uzaqlaşacaq. Düşünürəm ki, hər bir ədəbi əlaqələrdə zərrə qədər əməyi olan insanlar unudulmayacaq. Ona görə də bu gün özbək ziyalıları ilə gördüyümüz bu işin xüsusi əhəmiyyəti var və bu əlaqələr davam edəcək, yeni səhifələr açılacaq”.
Azərbaycan ədəbi dilinin inkişafında İmadəddin Nəsiminin rolundan söz açan AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirdi ki, Nəsimi kimi şəxsiyyətlər Türk dünyasını birləşdirən bağlardır: "Hər bir xalqı dünyada tanıdan iki mühüm amil var ki, onun biri dil, digəri dindir. Dil hər bir xalqın ən böyük milli-mənəvi sərvəti, xalqın varlığıdır. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, xalqın mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun dilidir. Nəsiminin böyüklüyü ondadır ki, o, öz ana dilini müsəlman Şərqində əsas dillər olan ərəb və fars dilləri səviyyəsinə yüksəltməyi bacarıb. Nəsimi sübut etdi ki, türk dili ərəb və fars dilləri ilə yanaşı gedə bilər. Nəsimi təkcə Azərbaycan ədəbiyyatının və xalqının zirvəsi, söz ustası deyil, o, bütün türk dünyasının ən böyük söz ustadlarından biridir. Onu bütün türk dünyasında sevirlər və bütün türk xalqlarının şairi sayılır. Nəsimi sözlə dünyanı fəth etməyi bacaran şairlərdəndir. Füzulinin də dediyi kimi, can sözdür, əgər bilirsə insan, sözdür ki, deyərlər özgədir can. Yəni, söz insanın birbaşa ruhu və təbiəti ilə bağlıdır. Nəsiminin ən böyük xidməti odur ki, ərəb və farsca yazsa da, dünyada öz doğma dilində yazdığı şeirlərlə tanınıb. Türk araşdırmaçıları da təsdiq edir ki, Nəsimi türk dilini öz lirizmi, coşqunluğu, ahəngdarlığı və axıcılığı ilə zirvəyə yüksəldən ilk şairlərdəndir” .
Tədbirdə çıxış edənlər arasında tərcüməçi alim Tahir Qahhar da var idi: "Azərbaycandakı Özbək Kültür Mərkəzi bu günə kimi 60 kitab yayımlayıb. Bu çox böyük bir nəticədir. Daşkənddə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Prezident İlham Əliyev 2019-cu ili «Nəsimi ili» elan etməsi ilə bütün Türk dünyasının bir daha ruhdaş olduğunu göstərdi. Nəsimi və özbək ədəbiyyatı əslində geniş bir mövzudur. Bu haqda xeyli fikirlər səsləndirilib. Mənə görə, yazılı özbək ədəbiyyatının 1000 illik tarixi boyunca Nəsiminin özünəməxsus yeri var. Nəsimi də Mənsur Həllac kimi «ənəlhəq» dediyinə görə öldürülüb. Kafir adı ilə öldürülən Nəsimi mənə görə, Türküstan ədəbiyyatının ən görkəmli nümayəndələrindəndir”.
AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Nəsimi yaradıcılığında insan konsepsiyası haqda söz açdı: "Hər hansı böyük sənətkarımızı, o cümlədən Nəsimini nə qədər dünya və türk ədəbiyyatı kontekstində öyrənsək, biz onu bir o qədər daha dərindən qiymətləndirmiş olarıq. Bu mənada konfransın mövzusu çox maraqlı və əhəmiyyətlidir. Hürufilik təlimi ilə insan konsepsiyası ilk baxışdan müəyyən suallar doğura bilər. Yəni, hərflə insanın necə bir uyğunluğu ola bilər deyə sual olunur. Hələ hürufilərdən əvvəl müxtəlif dini cərəyanlarda hərflər və rəqəmlər müqəddəs elementlər kimi qəbul edilib. Bu hələ zərdüştlüyün vaxtından belə olub. Pifaqor fəlsəfəsində də bu öz yerini alır. Həmçinin «Tövrat», «İncil» və «Quran» kimi kitablarda hərflərə və rəqəmlərə mistik münasibət aşkardır. Əgər hürufilər, o cümlədən dini kitablar kainatın İlahi səsdən yarandığını deyirsə, İlahi səsin məskən saldığı əsas məkan hərflərdir. Bu da hərflərin müqəddəsliyini sübut edir. Əgər insan Allaha bənzər yaradılıbsa, yəni, Tanrı insanı özünə bənzər şəkildə yaradıbsa, insanın sifətində o müqəddəs hərfləri görmək mümkündürsə, deməli, kamalı gözəl olan insanın üzündə bir yazı var. Bu yazını isə oxumaq lazımdır. Tanrının sirlərindən agah olmaq üçün bu yazını oxumaq lazımdır. Hürufilərin hərf və say fəlsəfəsi, quş dili deyilən mürəkkəb sxem və düsturların əsas məqsədi insanın üzündəki yazını oxumaqdır. Yalnız bu halda İlahinin və kainatın sirlərinə bələd olmaq olar”.
Daha sonra tədbirdə AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Kamran Əliyev, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva, Özbəkastandakı Heydər Əliyev Mərkəzinin direktoru Samir Abbasov, tarixçi publisist Şuxrat Salamov, AMEA-nın Fəlsəfə İnstitutunun elmi işçilər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli çıxış edərək Nəsimi yaradıcılığı haqda fikirlər söylədilər.
Tədbirin sonunda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov söylədi ki, Nəsimi Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi ən böyük dühalardan biridir: "Nəsimi öz yaradıcılığı ilə dünya və Şərq ədəbiyyatında özünəməxsus yer tutub. Bu il "Nəsimi ili” elan olunub və bununla bağlı bir sıra silsilə tədbirlər həyata keçirilir. Nəsimi həm də ona görə sevilir ki, o öz yaradıcılığında vətəndaşlıq mövqeyini ortaya qoyub. O dövrdə ayrı-ayrı ədəbiyyat dühaları öz dilini zənginləşdirməyə çalışdığı bir vaxtda Nəsimi dünya ədəbiyyatının bütün tələblərinə uyğun olaraq Azərbaycan xalqının mədəniyyətini nümayiş etdirib. O, Azərbaycan dilinin inkişafında ən böyük rolu olan dahilərdəndir. Nəsiminin Azərbaycan dilinə olan münasibəti bu gün də Azərbaycan üçün aktualdır. Biz Nəsimi yaradıcılığını öyrənməklə həm də öz dilimizi sevirik”.
Sonda Özbəkistandan gələn qonaqlara "Kaspi” qəzetinin və Azərbaycan Mətbuat Şurasının diplomları təqdim olundu.

Şəbnəm Mehdizadə









banner

Oxşar Xəbərlər