• cümə, 19 Aprel, 09:51
  • Baku Bakı 13°C

Dünyanı şoka salacaq statistika

10.04.15 05:43 1286
Dünyanı şoka salacaq statistika
Dünya birliyinə daxil olan dövlətlərdə demokratiya, insan haqları, söz və fikir azadlığının qorunmasına böyük önəm verdiyini bəyan edən Qərb görəsən özü bu prinsiplərə necə əməl edir? Hər dəfə hansısa bir ölkədə bu sahədə bir problem üzə çıxan kimi, dərhal səsini çıxaran Qərb görəsən özlüyündə bunlara necə əməl edir? Heç kimə sirr deyil ki, bu problemlər xüsusən də Birləşmiş Ştatlarda qabarıq şəkildə özünü büruzə verir. Bunu beynəlxalq qurumların, elə ABŞ-ın özündəki qurumların yaydıqları hesabatlardan da görmək olar.
Bu günlərdə yayılan xəbər az qala şok effekti doğurub. Bəlli olub ki, təkcə bu ilin əvvəlindən indiyədək ABŞ-da 292 nəfər polis tərəfindən öldürülüb. Bu barədə xəbəri “Əl-Cəzirə” telekanalı yayıb. Məlumata görə, təkcə 2015-ci ilin mart ayında ABŞ-da 111 nəfər polis zorakılığının qurbanı olub. Telekanal ABŞ-da polis tərəfindən öldürülən şəxslərin sayını Böyük Britaniya ilə də müqayisə edib: “Mart ayında ABŞ-da polis tərəfindən öldürülən 111 nəfər İngiltərədə 1900-cu ildən bəri öldürülənlərin sayından çoxdur. Öldürülən şəxslərin əksəriyyəti isə qaradərili və Latın Amerikasından olanlardır. Bütün bunlar isə ABŞ-da irqçiliyə qarşı inkarolunmaz və açıq-aşkar mübarizənin olduğunu bir daha göstərir. Ona görə də son vaxtlar ABŞ-da hökumətin irqçiliyə qarşı zorakılığına etiraz ifadə olunan aksiyaların sayı artmaqdadır” – deyə məlumatda bildirilir.
“Euronews” “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, ABŞ-da polis zorakılığı məsələsi dünyanın diqqət mərkəzindədir. Diqqətə çatdırılır ki, bu ölkədə irqi və dini zəmində, eləcə də sosial etirazlar fonunda polis vətəndaşlarla sərt davranır, bir çox hallarda ciddi qanun pozuntularına yol verir. Ötən gün isə ABŞ-da polisin qaradərili bir vətəndaşı qaçarkən güllələməsi görüntüləri yayılıb. Cənubi Karolinanın North Çarleston şəhərində baş verən hadisədə, polis məmuru Maykl Slager qaradərili Uolter Skodanı kürəyindən 8 güllə ilə vuraraq öldürüb. Video görüntüləri küçədən keçən bir vətəndaş çəkib. 50 yaşlı təqaüdçü Skot kürəyindən aldığı güllə yaralarından həyatını itirib. Polis Slagerin isə mühakimə olunacağı bildirilir. Skotun ölümünə səbəb olan 33 yaşlı polis Slager hadisədən sonra həbs edilib. Amerika Federal İstintaq Bürosu (FBI) videonun yayımlanmasının ardından hadisə ilə bağlı “vətəndaşlıq hüquqları araşdırması”na başlayıb.
Bu və digər səbəblərdən də Birləşmiş Millətlər Təşkilatı ABŞ-ı ölkədəki polis zorakılıqlarını araşdırmağa çağırıb. BMT komitəsi yaydığı bəyanatda ABŞ-da polisin irqi azlıqlar və etnik qruplara qarşı zorakılığı və hədsiz zor tətbiq etməsi ilə bağlı narahatlığını bildirib. Komitə polisin qaradərili insanları güllələməsini və öldürməsini “tez-tez təkrarlanan” hal adlandırıb. ABŞ-da keçirilən panellərdəki müstəqil ekspertlərdən biri Cens Modviq bildirib ki, ABŞ rəsmiləri belə şikayətlər və onların tərkibi barədə heç bir məlumat verməyib: “Bizim ABŞ polisinin hədsiz güc tətbiq etməsi, əsasən də etnik qrupları və qaradərili əhalini hədəf alması barədə məlumatımız var və bu bizi narahat edir. Ona görə də komitə polis zorakılığı və hədsiz güc tətbiq etmə hallarının araşdırılmasına və lazımi tədbirlərin görülməsinə ehtiyac hiss edir.” BMT komitəsinin paneli ABŞ-ın işinə 2006-cı ildən bəri ilk dəfədir baxır. Panel mütəmadi olaraq BMT-nin işgəncəyə qarşı müqaviləsini təsdiqləyən 156 ölkədə işgəncə hallarını yoxlayır.
Ümumiyyətlə, son vaxtlar Kütləvi İnformasiya Vasitələrində (KİV) ABŞ-da baş verən polis zorakılığı və insanların hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına dair məlumatlar daha çox yer alıb. Ekspertlərin qənaətincə, burada bir sıra amillər rol oynayır. Sözügedən hadisələr beynəlxalq hüquq müdafiə təşkilatlarının, eləcə də ABŞ-da fəaliyyət göstərən QHT-lərin də diqqətini cəlb edib. Polisin çox zaman hədəfində qaradərili yeniyetmə şəxslər olur. Təbii ki, bəzən bunu dini, irqi ayrı-seçkiliklə izah etməyə çalışırlar. Şəxsiyyət əleyhinə olan cinayətlərin əksər hissəsi ABŞ-da milli dözümsüzlük zəminində baş verir. Bu da Amerikanın bir çox tədqiqatçılarını çox ciddi narahat edir. Digər tərəfdən, baş verən bu hadisələrdə polisin öz səlahiyyət həddini aşması açıq-aşkar görünür.
Adətən ABŞ başqalarına münasibətdə o fikirləri səsləndirir ki, guya müxtəlif ölkələrdə insanların hüquq və azadlıqları pozulur. Təbii ki, bu, başa düşüləndir. Çünki Amerika böyük dövlət olmaqla yanaşı, bir çoxlarının zəif nöqtələrinə diqqəti yönəltməyə də çalışır. Reallıq odur ki, onların təsir və təzyiq riçaqları da böyükdür. Eyni zamanda, bu o zaman uğurla nəticələnə bilər ki, özündə baş verən zorakılıq hallarının qarşısını dərhal alasan.Amma əksinə, insanlara qarşı zorakılıq sərgiləyən polislər məhkəmə tərəfindən bəraət alırlar.
Bütün bunları qeyd etməklə onu vuqğulamaq istəyirik ki, hər bir dövlət başqasını nədəsə ittiham edəndə, əvvəlcə özünün daxilində baş verənləri analiz etsə, daha yaxşı olar. Əgər səndə hər bir şey öz qaydasındadırsa, onda kimisə ittiham edə bilərsən. Əks halda, sənin söylədiklərin və yazdıqlarının heç bir əhəmiyyəti olmaz və heç kim bunu ciddiyə almaz.
Kamran
banner

Oxşar Xəbərlər