• cümə, 26 Aprel, 09:23
  • Baku Bakı 12°C

Dünyanı lərzəyə salan qripin yayılmasının “günahkarı” nədir?

08.02.19 18:34 834
Dünyanı lərzəyə salan qripin yayılmasının “günahkarı” nədir?
"...Avropada qrip epidemiyası: ölənlərin sayı artır, qrip Balkan ölkələrini də cənginə aldı: 43 ölü, virus Rusiyanın 43 regionunu bürüyüb”.
Son günlər bu başlıqlı xəbərlər gündəmi zəbt edib. Avropa ölkələrində qripdən ölənlərin sayı gün keçdikcə artmaqda davam edir. İnfeksion xəstəliklər üzrə mütəxəssislər qeyd edirlər ki, qrip xəstəliyinə yoluxma riski bütün yaş kateqoriyalarında durmadan artır. Xəstəxanalarda bu virusa yoluxmuş körpələr və qocalar da var. Letal sonluq (ölüm), adətən, peyvənd olunmamış insanlarda qeydə alınır.Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun məlumatına görə, qrip viruslarına yoluxma hallarının çoxalması Avropanın 26 ölkəsində qeydə alınıb. Fransada noyabr ayından bəri qriplə əlaqədar fəsadlaşmadan mindən çox insan həyatını itirib. Dünya üzrə ən böyük qrip epidemiyası Yaponiyada qeydə alınıb. Bu ölkədə son aylar ərzində 2,2 milyon nəfər qripə tutulub. Daha bir fakt isə 2019-cu ilin əvvəlindən Qərbi Balkan ölkələrində qeydə alınıb. Bosniya və Herseqovina və Serbiyada 43 nəfər qripdən ölüb. Bosniya Səhiyyə İnstitutunun məlumatına görə, yanvar ayında 34 nəfər həyatını itirib.
Təbii ki, bu SOS bizim ölkəmiz üçün də aktualdır. Dünyada bu qədər insanın qripdən ölməsi bizim üçün də təhlükə siqnalı verir. Maraqlıdır, belə viruslara yoluxmamaq üçün hansı addımlar atmaq lazımdır, xəstəliyin ilk simptomları nələrdir, xəstəliyə tutulduğumuz təqdirdə nə kimi tədbirlər görməliyik? Mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.
Hazırda A/H1N1 virusu ilə bağlı hər hansı bir narahatlığa əsas olmadığını deyən Respublikanın baş epidemioloqu İbadulla Ağayev bildirdi ki, ölkədə heç bir yoluxucu epidemiya yoxdur. Sadəcə olaraq, hazırda havaların soyuması ilə əlaqədar mövsümi qriplər var: "Hazırda müşahidə edilən qrip tarix boyu mövcud olan mövsümi qripdir. Həm donuz, həm quş, həm də insan qripi viruslar tərəfindən törədilir. Adların müxtəlifliyi insanların bu xəstəliklərə müxtəlif yerlərdə təsadüf etməsi ilə izah edilir. Respublikamızda, eləcə də Gürcüstanda olan qrip mövsümidir. Ümumiyyətlə, hazırda dünyanın hər yerində olan qrip havaların soyuması ilə əlaqədar olaraq insanlarda yaranan xəstələnmə əmsallarının artması nəticəsində baş verir. Belə vəziyyətdə insan özünü qorumalıdır. Yoluxucu xəstəliklərin bəzi qruplarında mövsümilik var. Odur ki, havaların soyuması nəticəsində kəskin respirator xəstəliklər artır, o cümlədən də qrip. Xəstəliyin ilkin əlamətləri - baş ağrıları, burun və gözdən yaş axması, hərarətin artması, bədəndə əzələ ağrıları, bəzi hallarda qusma və diareya varsa, mütləq həkimə müraciət edilməlidir”.
Həkim qrip əleyhinə peyvəndlərdən də danışdı: "Respublikamızda həddi aşan heç bir yoluxucu xəstəlik olmadığından, vaksinasiyaya da lüzum qalmır. "Donuz qripi" yoxdur, mövsümü qripi isə həkimlərimiz müalicə edir. Səhiyyə Nazirliyinin bütün tibb idarələri müraciət edən xəstələri müalicə etməyə hazırdır”.
Baş epidemioloqdan hansı hallarda ölümün baş verdiyini soruşduq: "İnsanların ölümünə vaxtında həkimə müraciət etməməkləri səbəb olur. Xəstəliyi kəskin formaya salaraq xroniki vəziyyətə gətirib çıxarırlar. Xəstəliyin ağırlaşması ilə sətəlcəm nəticəsində ölürlər. Ümumiyyətlə, qrip xəstəliyindən dünyada hər il yüz və ya iki yüz minlərlə ölən var. Dəqiq hesablama aparmaq mümkün deyil. Hesablama o vaxt dəqiq olar ki, xəstəxana və tibb müəssisələrinə müraciət edilir və qeydiyyat aparılır. Qrip vaxtında müalicə olunmazsa, mütləq sətəlcəmə, elmi dildə desək, bronxit pnevmoniyaya keçərək digər fəsadlar törədə bilər. Odur ki, həkim müalicəsi şərtdir”.
Pediatr Kəmalə Əmrahova qeyd etdi ki, uşaqlar infeksiyaya əsasən məktəblərdə, bağçalarda, əyləncə mərkəzlərində və kollektiv olan yerlərdə hava-damcı yolu ilə yoluxurlar. Virus, asqırma, öskürək zamanı və uşaqların oyuncaqları vasitəsilə keçir. Qrip virus infeksiyasının klinikası kəsin başlayır, qızdırma 39 dərəcəyə kimi qalxır, üşütmə, boğazda qızartı və ağrı, öskürək, gözlərdə qızartı, qaşınma, ishal, halsızlıq, iştahanın olmamağı, ürək bulanma, burun tutulması, nəfəsalmanın çətinləşməsi kimi hallar olur. Qripin ağır formaları, temperatur 40 dərəcəyə kimi qalxması, qıc olma, burun qanamaları, tənəffüs və ürək damar sistemi çatışmazlığı zamanı müşahidə edilir və bu məqamda xəstəni mütləq xəstəxanaya yerləşdirmək lazımdır”.
Pediatr, qızdırma zamanı uşaqlara ilk yardımın göstərilməsindən də danışdı: "Əvvəlcə, qızdırmanın səbəbini bilmək lazımdır ki, nədən qalxır. Temperatur 37.5 dərəcəyə kimidirsə, heç bir tədbir görülməməli, temperatur 38 dərəcə olarsa, uşaqlara parasitamol tərkibli siroplar verilməli, bədəni ilıq su ilə silinməlidir. Əgər bunlardan sonra da temperatur düşməzsə, həkimə müraciət edilməlidir. Əgər uşaqda nevroloji problem varsa, temperaturun yüksəlməsinə imkan verməməliyik, qabaqcadan tədbirlər görülməlidir”.
Həmsöhbətimiz peyvəndlərin faydasından söz açdı: "Uşaqlar mütləq şəkildə peyvənd olunmalıdırlar. Peyvənd olan uşaqla, olmayan arasında ciddi fərqlər olur. Hər bir uşaq dünyaya gəldiyi andan ümumi peyvənd proqramına uyğun olaraq vaxtlı-vaxtında peyvənd edilməlidir. Peyvənd olunan uşaqlar xəstəliyi daha yüngül səviyyədə keçirdir. Ölüm halı gecikmə nəticəsində baş verə bilər. Uşağın qızdırması daim nəzarətdə olmalıdır. Ev şəraitində tətbiq edilən ilkin yardımdan sonra da qızdırma düşmürsə, mütləq həkimə müraciət olunmalıdır”.
Günel Azadə




banner

Oxşar Xəbərlər