Dünyanı lərzəyə salan kiber-viruslar
Mayın 12-də beynəlxalq
kiberməkanda qlobal virus epidemiyası qeydə alınıb. AZƏRTAC Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, ilkin məlumatlara
əsasən, kompüter qurğularının və informasiya sistemlərinin fəaliyyətinə ciddi
təsir edən virus dünyanın 99 ölkəsində 75 mindən çox kompüter sistemində
yayılıb. "WannaCry” adlandırılmış bu virusun əsasən "Windows” əməliyyat
sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan
boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanıb. Yoluxmuş kompüterlərdəki
bütün növ fayllar – sənədlər, şəkillər, videolar, məlumat bazaları şifrələnir,
kompüterin fəaliyyətinə maneə yaradılır və deşifrələnmə üçün müəyyən məbləğ
tələb edilir. "Microsoft” şirkətinin aşkar olunmuş boşluğun aradan qaldırılması
ilə bağlı "Microsoft Security Bulletin MS17-010 – Critical” adlı yenilənməsi
mövcuddur. Hazırda müxtəlif antivirus proqramlarında virusa qarşı müvafiq
təzələnmələr aparılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
yanında Elektron Təhlükəsizlik Mərkəzi baş verilmiş yoluxmalar barədə və ya
əməli yardıma ehtiyac olduqda Elektron Təhlükəsizlik Mərkəzinin "1654” "Qaynar
xətt”inə zəng etmələri və [email protected]
elektron ünvanına yazmalarını tövsiyə olunur. Bəs görəsən bu virus necə və kim
tərəfindən yayılıb? Ondan necə qorunmaq
olar?
Artıq kiber-hücumların fəlsəfəsi dəyişib
"Multimedia" İnformasiya Sistemləri
Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti
Osman Gündüz"Kaspi”yə açıqlamasında bildirdi
ki,bu hücumların arxasında böyük dövlətlərin
müxtəlif maraqları dayanır: "Dünyada gedən qloballaşma prosesinin
sürətlənməsi, eyni zamanda, müxtəlif ölkələrdə gedən müharibələr, ölkələr
arasındakı ziddiyyətlər özünü kiber-hücumlarda da göstərir. Yəni artıq kiber-hücumların fəlsəfəsi dəyişib. Əvvəllər
kimsə bunu həvəskar səviyyədə, özünü təsdiq etmək məqsədilə edirdisə, indi internet üzərindən müxtəlif
dövlətlərin maliyyə qurumları, və təşkilatları kiber-silahlardan məqsədyönlü şəkildə istifadə edirlər. İndi
daha çox hər hansı bir ölkənin sisteminə,
iqtisadiyyatına qarşı kiber-hücumlardan istifadə edilir. Düşünürəm ki, Azərbaycan üçün də yayılan virusların təsiri
ola bilər. Son dövrlərdə Azərbaycanda
keçirilən beynəlxalq tədbirlər və konfranslar ölkəmizi də bu cür kiber-cinayətkarların
əsas hədəfinə çevirib. Cinayətkarlar daha çox iqtisadi sistemi iflic etmək,
gizli informasiyaları oğurlamaq, bank sistemini pozmaq, vəsaitlər əldə etmək,
çaşqınlıq yaratmaq və gözdən salmaq üçün
bu yoldan istifadə edirlər”.
O.Gündüz deyir ki, əvvəllər də belə problemlər
yaşanıb: "Azərbaycanda «Eurovison» keçirilən vaxtı informasiyanın ötürülməsi ilə
bağlı belə hallar olmuşdu. Kiber-hücumlar nəticəsində həmin vaxt müxtəlif
problemlər yaşanmışdı. Lakin "Eurovision” yarışmasından sonra Azərbaycanda bu istiqamətdə aparılan işlər xeyli canlandı.
Avropa Oyunları, Formula-1 yarışları ərəfəsində belə ciddi fəsadlara rast gəlinmədi.
Çünki bununla bağlı profilaktik tədbirlər görülürdü. Azərbaycanda keçirilən
beynəlxalq tədbirlərin informasiya təhlükəsizliyinin yüksək səviyyədə olması
onu deməyə əsas verir ki, bizdə bu istiqamətdə xeyli işlər görülüb.
Hazırda ölkəmiz daha bir beynəlxalq tədbirə
ev sahibliyi edir. Dünyanın 60-dan çox ölkəsinin nümayəndəsi burada olduğuna
görə, təhlükə daha çoxdur və bu hücumlardan biz də sığortalanmamışıq. Belə
hücumlar istənilən an baş verə bilər. Lakin düşünürəm ki, davamlı olaraq
hazırlıqlar aparılmalı, alternativlər üzərində infrastruktur qurulmalıdır.
Çünki bu elə bir sahədir ki, daima yenilənir. Bu baxımdan, ölkədə bu sahə üzrə
ixtisaslı kadrlar yetişdirilməlidir. Həmçinin, aidiyyəti dövlət qurumları bu
işlə bağlı həyata keçirilən tədbirləri öz işlərini canlandırmalıdırlar. Bütün
bunlarla yanaşı, beynəlxalq əməkdaşlıq da çox vacibdir. Çünki kiber-hücumlar
beynəlxalq mahiyyətlidir. Bu hücumların arxasında bir neçə ölkənin maraqları
dayana bilər. Odur ki, beynəlxalq əməkdaşlıq ən vacib amillərdən biri hesab
olunur. Yenə də qeyd edim ki, təkcə görülən işlərlə tədbirlərlə kifayətlənmək olmaz. Hazırda
İslam Oyunlarının kiber təhlükəsizliyini təmin edən qurum "Eurodesign” şirkətidir. Düşünürəm ki, bu kimi məsələləri
nəzərə alaraq, şirkətlə yanaşı, müvafiq
dövlət qurumları da təyin olunmuş ərazidə
gücləndirilmiş iş rejimində fəaliyyət göstərməlidir”.
Kompüterlərə
kripto-şifrələr qoyurlar və pul tələb edirlər
İT
üzrə mütəxəssi Şaiq Muradov deyir ki, virus "Windows” əməliyyat sistemləri üçün yazılmış bir
virusdur: "Virus ilk olaraq İngiltərə və Rusiyada olan kompüterləri zədələməyə
başladı və qısa müddətdə dünyanın bir çox ölkəsinə yayıldı. Bəsit dillə desək,
virus şəbəkə vasitəsilə yayılıb
"Windows” kompüterlərinin lazımlı məlumatlarını
ələ keçirir. O, kompüterlərə
kripto-şifrələr qoyur ki, bu şifrələri açmaq üçün də pul tələb edirlər. Bu
virusu digərlərindən fərqləndirən əsas cəhəti kripto-valyuta tələb etməsidir.
Bu məbləğ elektron valyuta olduğu üçün həmin virusu yayan şəxslərin izinə düşmək
də mümkün deyil. Yayılan virus daha çox "Windows”-un əvvəlki versiyaları ilə
işləyən, yəni "update” olunmayan kompüterləri zədələyir. Bir neçə həftə əvvəl
Azərbaycanda da belə bir hal yaşanıb. Belə ki, kiber-cinayətkarlar mağazaların
birinin bazasını ələ keçirərək, onlardan bir neçə min dollar müqabilində
kripto-valyuta tələb ediblər. Əsas məsələ
isə odur ki, burada məbləğ birbaşa tələb olunmur. Məsələn məbləği hansısa banka
köçürmək tələb edilmir. Çünki bununla həmin şəxslər asanlıqla təyin edilə bilər.
Tələb olunan məbləğ elektron valyuta olduğu üçün həmin cinayətkarları tapmaq
olmur”.
Ekspert bildirdi ki, virusdan qorunmaq üçün ilk
olaraq əməliyyat sistemlərinin son versiyalarını "update” etmək lazımdır: "Əgər
sizin istifadə etdiyiniz sistem lisenziyasızdırsa, bu, sizin kompüterinizi daha
çox təhlükə altına salır. Çünki rəsmi lisenziyalı əməliyyat sisteminə müəyyən
müddətdən sonra təhlükəsizlik məqsədilə rəsmi
yenilənmələr gəlir. O yenilənməni etməklə kompüterinizi virus təhlükəsindən
qoruya bilərsiniz. Düzdür, "Micrososft” şirkəti elan edib ki, nəinki sonuncu, hətta
"Windows7” və "Windows” XP-əməliyyat sistemlərinə də problemlərlə bağlı yeni
"update”lər buraxcaq. Təhlükəsizlik məqsədilə əsas məsələlərdən biri də
tanınmayan şəxslərdən gələn faylların açılmamağıdır. Yəni "votsap” mesajından
tutmuş, hər hansı bir tanınmayan faylı
açmaq düzgün deyil. Yaxşı olardı ki, anti-virus proqramlarının son
versiyasından istifadə edilsin və proqramlar yenilənsin. Digər əməliyyat sistemləri
ilə çalışan kompüterlər, məsələn, "MAC” üçün virusla bağlı heç bir təhlükə
yoxdur”.
Şəbnəm
Mehdizadə