• cümə axşamı, 28 mart, 14:01
  • Baku Bakı 16°C

Dünyanı çaşdıran nüfuz

07.11.16 10:19 1629
Dünyanı çaşdıran nüfuz
Cılız, zərif, gözləri solğun, amma baxışları canlı və itidir. Səsindəki qətiyyət və ifadələrindəki əminlik sahib olduğu dünya şöhrətindən və sarsılmaz nüfuzdan qaynaqlanır. 1991-ci ildə Nobel Ədəbiyyat mükafatına layiq görülmüş Cənubi Afrikadan olan bu həyat qədər mətin qadın Nadin Qordimerdir. O, adını İsveç Akademiyasının kitabından əvvəl, öz ölkəsinin tarixinə yazdırıb. Aparteidə (Cənubi Afrikada irqi ayrıseçkiliyin təməllərini qoruyan sistem – red.) qarşı amansız mübarizə başladıb və meydandan qalib ayrılıb. Yazıçı bizimlə görüşündə o mübarizə illərində gənc və dözümsüz demokratiyanın irəliləyişini müdafiə edərkən keçdikləri dəhşəti də xatırladı. İndi isə özünü QİÇS-lə mübarizəyə həsr edib və hər səhər günə hər yerdə bizi dörd bir yandan əhatələmiş həqiqət haqqında yazmaqla başlayır.
Bir oğlan və bir qız danışıb, gülür. Birdən oğlan söhbətin gedişatını qəfil dəyişir: "Bu münasibətin artıq növbəti mərhələyə keçməli olduğunu düşünürəm”. Qız heç də həyəcanını gizləmədən oğlanın o sehrli, başgicəlləndirən sözləri deməsini gözləyir və oğlan kəkələyir: "QİÇS testi etdirmək istəyirsən?”. Qız sevincindən az qalsın qanadlanır və var gücü ilə qışqırır: "Bəli, bəliiiiii, istəyirəmmmmmm”.
Cənubi Afrikaya xoş gəldiniz. Otel otağındakı televizorda da hökumətin QİÇS əleyhinə yeni kampaniya başlatdığı ilə bağlı sosial reklam çarxı səslənir. BMT-nin hesabatlarına görə, bu ölkənin əhalisinin 20%-ində HİV (Human İmmunodeficiency Virus – İnsanda İmmun çatışmazlığı Virusu-red.) testi nəticələri müsbətdir. 1991-ci ildə irqçilik və qaradərililərin hüquqlarının alınmasını müdafiə edən Aparteid sistemi yıxmağın öhdəsindən güclə gəlmiş bu xalqın durmadan artan yoxsulluq (qaradərililərin 54%-i, ağdərililərin 4%-i bu kateqoriyaya aiddir – red.) və cinayətlərlə (burada hər dörd qadından biri cinsi təcavüz qurbanıdır – red.) yanaşı, əsas problemlərindən biri də xəstəliklərdir. Ölkənin iqtisadi paytaxtı olan İohannesburqda turistlərin ziyarət edə biləcəyi və bilməyəcəyi yerlər kəskin xətlərlə ayrılıb. Nadin Qordimerin artıq hardasa 50 ildir ki, yaşadığı Parktaun Uest ən azından günortalar "təhlükəsiz zona” hesab edilir. Amma heç kim bağların və dar küçələrin arasında dolaşmağa, insanların həyatının pərdəarxasını görməyə can atmır. Həmin yerlərdə gəzinirik, həyat işartısı iki elektrik işçisindən başqa heç bir hərəkət yoxdur buralarda. Qordimerin evini tapsaq da, zəngi tapmaq xeyli vaxt aparır. Amma yazar gəldiyimizi hiss etmişdi deyəsən. Xadiməsi ucaltdığı parlament binaları ilə tanınmış ingilis memar Herbert Beykerin əli işi olan ikimərtəbəli evin qapısını araladı. O zərif qadın pəncərədən uzanıb bağırdı: "Neynirsiz? Maşını içəri salıb, bu həftə 3 maşın oğurlanıb”.
Təbii ki, bu qadın Nadin Qordimerdir. Enerjili, qətiyyətli, hətta bir az hökmlü olan yazar sərt rejimlə idarə etdiyi plan-proqramlı həyatının iki gününü bizə ayırmağı qəbul etdi. Bağçadakı iri it Tilla ilə tanış edərkən bizə lütf göstərdiyini də xatırlatdı: "Hər gün səhərlər oyandıqdan sonra dörd saat durmadan yazıram. Və bu müddətdə nəinki kiminləsə danışmaq, telefon açmır, qapıya baxmır, səslənişləri cavablamıram. Yazıramsa, ikinci ünsiyyəti tamamilə kəsirəm”.
Səhərisi Aperteidin mərkəzinə səfər edirik: "2004-cü ildə tikilən Anayasa Məhkəməsinə gedirik indi. Boer hökumətinin həbsxana kimi istifadə etdiyi bina idi əvvəllər. İrqçi rejimin hakimiyyəti illərində həbs, cinayət, təcavüz və işgəncə binası olub. Nelson Mandela həyatının 27 ilini burada, bu çoxlarının həyatını zindana çevirmiş bu binada, dəmir barmaqlıqlar arxasında keçirib. Əminliklə deyə bilərəm ki, başqa bir ölkədə bizdəki kimi çevriliş olsa, bu binanı yerlə-yeksan edər, daşına kimi kül edib, sovurardılar. Amma biz onu bir xalqın tarixi boyunca sahib ola biləcəyi qanuni quruma, milli qürur və sərvətimizin, fərdi hüquq və mülkiyyətimizin ədalətlə müdafiə olunacağı bir məkana çevirməyə qərar verdik”.
Afrika ənənələrində ədalət bir müqəddəs və qocaman ağacın altında qəbilə ağsaqqalı tərəfindən bərqərar edilirdi. Məhz buna görə də binanın simvolu bir ağac və bina şəklidir. Yekun qərarların oxunduğu yerlər taxta hörgülərlə örtülüb: "İnsanların burada ədalətin təmin olunacağına inanmaları üçün qədim adətlərlə müasir qanunları birləşdirməli olduq. Binanın böyük bir hissəsini bərpa etsək də, şüurlu və məqsədli şəkildə əvvəllər həbsxana olduğunu unutdurmayacaq detallara toxunmadıq. Məsələn, bu divarda insanları güllələyirdilər. Mərmi izlərini görürsünüz? Məsələn, burada hamısını soyundurur və təzyiqli suyun qabağına verirdilər. Burada dırnaqlarını çıxarırdılar.”.
Litvalı yəhudi əsilli saatsaz ata ilə ingilis əsilli bir ananın övladı olan Nadin bu zülmə, QİÇS sərsəmliyinə, yerli əhalinin intim həyat anlayışlarına üsyan bayrağı qaldırmış azsaylı insanlardandır. Onun demək olar ki, bütün əsərlərində bəşəri problemlərə münasibətini, xüsusilə də, irqçiliyin insan psixologiyasına təsiri məsələsi haqqında fikirlərini aydın görmək olur. Hələ buranı ziyarət etməzdən öncə evinin geniş koridorunda ona bir sual vermişdim: "İlk dəfə nə zaman şüurlu şəkildə dərk etdiniz ədalətsiz bir dünyada yaşayırsınız?”.
"Mən dünyanın ədalətsiz olduğunu 1923-cü ildə doğulduğum o balaca şəhərdə, Sprinqsdə anladım. 1944-cü ildə Aperteidin bərqərar olması ilə irqçilik rəsmiləşdi, möhkəmləndi, ədalətin qələmini əlinə aldı. Qaradərililər kəskin sərhədlərlə ayrılmış ərazilərə sürgün edildilər. Mən yalnız ağdərililərin qəbul edildiyi rahibə məktəbinə, günortadan sonra sadəcə ağdərililərin içəri girə bildiyi kinozala gedirdim. Sadəcə həmirqlərimin istifadə etdiyi kitabxananın üzvü idim. Yəni, bir sözlə, qaradərili olsam, yazar ola bilməzdim. Çünki yazar olmağın bircə yolu var – oxumaq. Oxumursunuzsa, heç kim sizə yazmağı öyrədə bilməz. Hər gün evdən məktəbə piyada gedir və sahibkarın sadəcə qaradərililəri işlətdiyi qızıl mədəninin önündən keçirdim. Bəzən onları heyvan qəfəslərinə salır, problem yaradanları zəncirləyirdilər. Mən evə qayıdanda onlar da işdən çıxırdılar. Mağazalara girib, nəsə almaq istəyirdilər. Amma olmazdı. Onların içəri girməsini əngəlləyən barrikadalar var idi. Almaq istədikləri şeyləri çöldən barmaqları ilə göstərir və yalnız qızıl əvəzində nəsə ala bilirdilər. Onda 11 yaşım vardı. Biz anamla o mağazalara sərbəst girir, hər şeyi geyinib baxır, qərar verməkçün evə belə gətirirdik. Bu mənzərələri təhlil etməyə başlamışdım. 15 yaşımda ilk hekayəmi yazdım. Elə beynimdəki bu sualların müşayiəti ilə. Nasizm 1945-ci ildə kökləri ilə birgə kül olmuşdu, amma burada vəziyyət daha da pisləşmişdi. Hamının yataq otağına qədər uzanmışdı. Qaralarla ağların hansısa münasibəti qətiyyən qəbul edilmirdi. Bu, bir əxlaq pozğunluğuydu”.
Bu böyük ev olduqca səssizdir: "Bir zamanlar uşaqlarım və həyat yoldaşımla birgə yaşayırdım. Uşaqlar böyüdü, dünyanın dörd bir tərəfinə dağılışdılar. Həyat yoldaşımı isə dörd bil bundan əvvəl itirdim. Artıq nəticə sahibiyəm. Tez-tez gənc dostlar, yəni 30-40 yaş arası mənim üçün gəncdir, ziyarətə, məsləhətə gəlirlər. demək olar ki, hamısı aktyor, dizayner, yazardır... Kitablarımla bağlı şərhlərini dinləməkdən böyük zövq alıram. Çünki özümə çox bənzəyirlər, heç biri bu ölkənin bütün qadağalarına məhəl qoymadan incəsənətə olan maraqlarını itirməyiblər. Cavan olanda mənim də marağımı həmişə yaşlılarla həmsöhbət olmaq çəkərdi. İndiki halımı isə görürsünüz”.
Romanlarının əksəriyyətində fərqli irqlərdən olanlar bir-birlərinə vurulur. Bu səbəblə də eşqin sonrakı mərhələsində daxili-mənəvi məsələlərlə əlləşirlər. Əsərlərin birində gənc ağdərili qadın evinə gələn qaradərili ustaya vurulur və bu məhəbbətin yol açdığı qeyri-qanuni miqrasiya mövzusu yaranır: "Ətrafımızda yeyən, içən, yaşayan, sevən, uşaq dünyaya gətirən insanlar var, amma illeqaldırlar. Bu iqtisadiyyatın və ədəbiyyatın çox uzağında özü üçün böyüyən ziddiyyətdir. Nüvə enerjisi kimidir bu insanlar. Nə qədər ehtiyatla davranırsan davran, nə qədər uzaq durursan dur, hər zaman təhlükə var”.
Görüşümüzdən iki həftə sonra naməlum şəxslər Qordimerin evinə hücum edib. Yazarın əlini və ağzını bağlayıb, evini soyublar. Qordimerin polisə müraciətindən sonra yazı maşını dərhal yerinə qaytarılıb.
Xavi Ayen
Tərcümə etdi: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər