• cümə, 29 Mart, 13:53
  • Baku Bakı 14°C

Dünyanı Azərbaycan musiqisi ilə gəzən cütlük- Səyyah

09.11.18 10:00 3816
Dünyanı Azərbaycan musiqisi ilə gəzən cütlük- Səyyah
Röya Miriyeva: "Gənclərimiz milli dəyərlərimizə uyğun, zəngin koloritə məxsus mahnılar ifa etsələr, insanların seçim şansı olacaq”

Deyirlər ki, musiqi sərhəd tanımır. Bu gün Azərbaycan musiqisi də sərhədləri aşaraq beynəlxalq arenalarda, böyük səhnələrdə səslənir. Məhz bu səbəbdəndir ki, musiqimiz kifayət qədər tanınır və sevilir. Musiqimizin tanınmasında isə gənclərin rolu danılmazdır. Dünyanı gəzərək Azərbaycan mahnılarını ifa edən nişanlı cütlük də bu baxımdan xüsusi diqqət çəkir. Rizvan Əliyev və Röya Miriyeva cütlüyü "Street cover” layihəsi ilə dünyanın bir çox ölkəsinə səyahət edərək, həmin ölkənin məşhur yerlərində, memarlıq abidələrinin qarşısında Azərbaycan mahnılarını səsləndirirlər. Cütlüyün məqsədi Azərbaycan musiqisini bütün dünyada təbliğ etməkdir. Rizvan Əliyev tar və gitarada ifa edir, Röya Miriyeva isə həm gitara ifa edir, həm də mahnı oxuyur. Onların bu layihəsi sosial şəbəkələrdə də böyük marağa səbəb olub. Biz də səfərdən yeni dönən cütlüklə görüşdük və təəssüratlarını xəbər aldıq.

- Gəzmək, görmək, istirahət etmək gözəldir. Yəqin ki, Azərbaycan musiqisini özünüzlə bərabər aparmaq ondan da gözəl duyğudur.

- Rizvan: Əlbəttə. Bu hissin yeri tam başqadır. Biz getdiyimiz torpaqlara özümüzlə bir parça vətən aparırıq. Ayaq basdığımız hər yerdə musiqimizi yaşadırıq.
- Son səfəriniz necə keçdi?

- Röya: Son səfərimizi Şimali Avropada keçirdik. 4 ölkədə - Latviya, Estoniya, İsveç və Finlandiyada olduq. Bu ölkələrin tarixi abidələrini gəzdik. Çox maraqlı və görməli yerlərdir.

- Səfərlərə getmək üçün maliyyəni necə əldə edirsiniz?

- Rizvan: Hələ ki, sponsorumuz yoxdur. Amerikaya konsulluq tərəfindən dəvət almışdıq.
- Röya: Əslində, birinci Avropa səfərimiz konsertlə bağlı Belçikaya oldu. Digər şəhərlərə isə özümüz getdik. Sponsorla bağlı hələ ki, danışıqlar gedir. Təxminən 3 yerdən təklif almışıq, ancaq hələ ki, bu barədə qəti qərar verilməyib.

- Növbəti səfər gözlənilirmi?

- Qışı Bakıda keçirəcəyik, növbəti səfərimiz gələn il olacaq. Biz çoxdandır ki, musiqiçi kimi fəaliyyət göstəririk. Ancaq standartlardan kənar, fərqli bir şey təqdim etməyə çalışırdıq. Bakıda "Street cover” stilində bir video çəkmək istəyirdik. Bir gün dostlarımızla sac yeməyi yeyirdik, söhbət əsnasında dedik ki, niyə də belə bir layihə etməyək. Hər zaman deyirik ki, bu ideya sacdan yaranıb (gülürük). Amerikada olanda Röya dedi ki, bəlkə bir video çəkək. Kaliforniya ştatında Los-Ancelesdə, San Dieqoda çəkilişlər apardıq.

- Çəkdiyiniz videolarda sizə kim kömək olur?

- Rizvan: Çox zaman manapotla çəkirik. Amerikada ştativlə çəkdik. Avropada ştativlə çəkiliş etmək mümkün deyil. Çünki İtaliya, Fransa kimi ölkələrdə oğurluq halları çox olur. Əlini versəm, qolunu apararlar. Biz ştativlə çəkiliş edəndə ehtiyat edirik ki, götürüb qaçmasınlar.

- Həm ifa etmək, həm də çəkiliş aparmaq çətin deyil?

- Röya: İkimiz də ifa etdikdə, təbii ki, çətin olur. Ona görə, bizə dostumuz kömək edir. Əslində, ştativ qoyub çəkmək bizim üçün daha rahatdır.

- Bəs repertuarı necə seçirsiniz?

- Rizvan: Bəlli repertuarımız var. Məkana uyğun olaraq, nə hiss ediriksə, onu ifa edirik.

- Yalnız xalq mahnıları oxuyursunuz. Bəs digər mahnılar?

- Röya: Bu gün "İnstagram”, "Youtube”- bütün sosial şəbəkələr bayağı mahnılarla ayaq tutub yeriyir. Gənclərimiz daha tez tanınmaq üçün belə mahnılara üstünlük verirlər. Sosial şəbəkə izləyiciləri də elə zənn edir ki, Azərbaycan mahnıları yalnız bundan ibarətdir. Biz insanlara xalq və bəstəkar mahnılarımızı göstərmək istəyirik. Əgər biz və bizim kimi gənclərimiz milli dəyərlərimizə uyğun, zəngin koloritə məxsus mahnılar ifa etsələr, insanların seçim şansı olacaq. Bu mahnılar insanların zövqünü korlayır.

- Gənclərimiz inkişafın yolunu Avropa mahnılarını oxumaqda gördüyü halda, siz xalq mahnılarımıza müraciət etdiniz. Demək ki, bəstəkar və xalq mahnıları ilə də məşhurlaşmaq olar.

- Röya: Əksər gənclər elə hesab edirlər ki, tanınmaq üçün Avropaya getmək və ingilis dilində mahnı oxumaq lazımdır.
- Rizvan: Bu, çox yanlış düşüncədir. Azərbaycan musiqisi həqiqətən də, zəngin və maraqlıdır. Təbii ki, bizim repertuarımızda xarici mahnılar da var - fransız, ingilis, italyan. Hər bir azərbaycanlı ifaçı mütləq şəkildə öz mahnılarını yaxşı bilməlidir.

- Gözləyirdiniz ki, "Street cover” layihəniz bu qədər səs-küy yaradar?

- Röya: Avropa və Amerikada çəkildiyinə görə, düşünmürdük ki, bu qədər tez insanların diqqətini cəlb edər. Düşündüyümüzdən artıq və düşündüyümüzdən tez diqqət cəlb etdi. Ancaq Avropa daha çox reytinqli oldu. Kolizeyin qarşısındakı video marağa səbəb oldu. Əslində bu qədər olacağını gözləmirdim.
- Rizvan: Amerika çəkilişlərinə ümidlərim daha böyük idi.

- Siz "Palmas” qrupunda çalışırsınız. Necə hesab edirsiniz, qrupla məşhurlaşmaq çətindir?

- Röya: İkimiz də "Palmas” qrupunda Çingiz Mustafayevlə birgə çalışırıq. "Palmas” qrupu olaraq bir çox ölkələrdə tədbirlərdə iştirak etmişik. 2011-ci ildən musiqi ilə məşğuluq. Təbii ki, qrup halında, qrup rəhbəri göz önündə olur. Bizdə vokal ifaçıları çox olduğundan, qrupun daxilində hamımızın ayrı-ayrılıqda oxuduğumuz mahnılar var idi.

- "Street cover” layihəsinin məqsədi nə idi?

- Rizvan: Əsas məqsədimiz Azərbaycan musiqisini təbliğ etmək idi. Amerikada insanlar tarı görəndə yaxınlaşıb soruşurdular ki, bu nədir, necə bir alətdir. Avropa insanları Azərbaycanı tanıyır, ancaq Amerikada tanıyan yoxdur.
- Röya: Digər tərəfdən, göstərmək istəyirik ki, keyfiyyətli musiqi ilə də tanınmaq mümkündür. Şərt deyil ki, türk dilində oxusunlar, bayağı musiqisi ilə tanınsınlar. Bu gün gənclər bayağı mahnı oxuyurlar ki, izlənmə sayları çox olsun. Biz daha çox xalq və bəstəkar mahnıları ifa edirik. Bizim o qədər gözəl mahnılarımız var ki, onları yenidən oxumağa ehtiyac var. O ehtiyacı az da olsa doldurmağa çalışırıq.

- Növbəti səfər haradır?

- Röya: Hələ ki, bilinmir. Planımızda Şərq ölkələri var. Bunu gələcək göstərəcək. Ancaq növbəti səfərdə böyük ehtimal, qitəni dəyişəcəyik.
- Sizin tanınmağınızda nişanlı olmağınız da diqqət çəkir.

- Röya: İnsanlara özəl həyat daha çox maraqlıdır. Şəxsi həyatımızla bağlı heç nəyi səhifəmizdə paylaşmırdıq və gördük ki, paylaşmadıqca daha çox suallar yazmağa başladılar. Biz də verilən sualları nəzərə alaraq nişan şəkillərimizi paylaşdıq. Adi şəkillərə minimum 1000 "like” gəlirsə, nişan şəkillərimizə gün ərzində 3000 "like” gəlir.
- Gələcəkdə hansı ölkədə yaşamaq istəyərdiniz?

- Rizvan: Layihəmizlə bağlı dünyanın müxtəlif ölkələrini gəzirik ki, həm öyrənək, həm də öyrədək. Belə ki, bu ölkələri gəzib oraların yaşayış səviyyəsini öyrənirik. Orada yaşayan azərbaycanlılardan həyat tərzlərini, yaşayış səviyyələrini soruşuruq. Mən böyük məmnuniyyətlə Amerikada yaşayardım. Heç vaxt Avropada yaşamağı planlaşdırmamışam. İsveçi çox bəyəndik. Gəzməyə bütün dünya gözəldir, ancaq yaşamağa Amerika. Hara gediriksə gedək, Bakı üçün çox darıxırıq. Çünki bizim çevrəmiz, dostlarımız hamısı buradadır. Toya qədər 30 ölkəni "əldən çıxarmaq” istəyirik (gülürük).
- Röya: Avropada biliyə böyük önəm verirlər. Amerikada təhsilə o qədər də önəm vermirlər, bacarıq daha çox rol oynayır. Çalışan adama hər yerdə şərait və imkan var. Avropada insana ömrü boyu gəlmə kimi baxırlar. Ancaq Amerikada yerli amerikalı tapmaq çətindir. Avropalılar ingilis dilini bilsələr belə, səninlə o dildə danışmırlar.

- "Yotube”da izləmə sayınız ən çox nə qədər olub?

- Rizvan: Hələ ki, "Youtube”a köklənməmişik, əsas izləyicilərimiz "İnstagram”dadır. Ən çox izlənilən mahnımız, bir günə 155 min olub.

- Sizcə bu videoları Azərbaycanda çəksəydiniz, bu qədər diqqət cəlb edərdi?

- Rizvan: Əfsuslar olsun ki, olmazdı. Bakıda Qız Qalasının önündə birini çəkdik. O qədər də marağa səbəb olmadı. Bu, bir marketinqdir. Gözəl musiqi ilə yanaşı, gözəl görüntü də olmalıdır. Videoya baxan hər kəsin gözəl musiqi zövqü yoxdur. Ancaq görüntü xoş gəldiyinə görə, izləyənlər çoxdur. Elə insan var ki, ruhunda musiqi dinləmək yoxdur, amma görüntünü sevir.
- Röya: Bakıda bu videoları çəksəydik, nə efirlər bizi qonaq dəvət edərdi, nə də bu qədər izlənilərdi.

- Gələcək hədəfləriniz nələrdir?

- Rizvan: Mən sabahın planını güclə qururam.
- Röya: Çox istərdik bir albomumuz çıxsın, konsert verək.

- Toy nə vaxtdır?

- Röya: Hələ ki, bu barədə düşünmürük. Həyat qısadır. Ömür ötür keçir. Hələ cavanlığın, bizə verilən vaxtın dadını çıxarmağa çalışırıq. Ailə qurduqdan sonra qayğılar çox olacaq və biz yaradıcılığımıza az vaxt ayıra biləcəyik.
- Rizvan: Röya mənim gözümün qabağında böyüyüb. Biz Röya ilə bir məktəbdə oxumuşuq. Artıq 9 ildir sevgiliyik.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər