• cümə, 19 Aprel, 02:33
  • Baku Bakı 18°C

Dünyanı arzularına güldürən Paşinyan

09.08.19 15:30 11608
Dünyanı arzularına güldürən Paşinyan
Belə getsə, Hollivud, Nikol Paşinyan barəsində ən komik baş nazir kimi film çəkəcək. Onun Ermənistanı uzaq perspektivdə İsveçrəyə çevirəcəyi barədə ambioz bəyanatı gündəmi tutub. Baş nazir tək ölkəsində deyil, qonşu dövlətlərdə də gülüş obyektinə çevrilib. Rusiya mediası isə onu məşhur "12 stul” əsərinin qəhrəmanı Ostap Benderə bənzədib.
Bu ölkənin "Politnaviqator” nəşrində dərc olunan məqalədə Paşinyan gülüş hədəfinə çevrilib. Müəllif yazır ki, Ermənistan baş nazirinin ambioz bəyanatı heç kimi laqeyd qoymayıb. Əvvəlcə onun səsləndirdiyi rəqəmlərdən bəhs edilir, sonra isə bənd-bənd analiz edilir. Qeyd edilir ki, baş nazirin yaxın ətrafı və "məxməri inqilab” fəalları mətbuata açıqlamalarında bu planın reallaşa biləcəyini iddia etməyə başlayıblar. Və israrla vurğulayırlar ki, 2018-ci il inqilabı Ermənistanın qarşısında geniş imkanlar açıb. "Paşinyanın ən ağıllı tərəfdarları çox gözəl anlayırlar ki, şefləri bataqlığa girib. Onlar hesab edirlər ki, baş nazirlərinin söylədiyi fikirlər konkret plan deyil, yerinə yetirilməsi mümkün olmayan utopiyadır”. Daha sonra müəllif yazır ki, Paşinyanın arzuları Azərbaycanda, vaxtilə kommunistlərin "ayrıca ölkədə kommunizmin qələbəsi planları” xülyası kimi qələmə verilib. Paşinyanın keçmiş tərəfdarlarının onun utopik ideyalarını necə lağa qoymalarından da bəhs edilib. Məsələn, baş nazirin keçmiş tərəfdarlarından olan, hazırda Erməni Milli Konqresinin nümayəndəsi Levon Zurabyan sosial şəbəkədə ironiya ilə yazıb ki, Paşinyanın siyahısında bir dənə Marsda ilk koloniyanın yaradılması əskikdir. "Paşinyanın bəyanatına ən geniş yayılmış reaksiya - sarkastik replikalardır. Belə təəssürat yaranıb ki, baş nazir təqdim etdiyi göstəriciləri havadan götürüb. Məsələn, yığma komandanın dünya çempionluğu və Olimpiya oyunlarında 25 qızıl medal əldə etmək, absurdluğuna görə heç müzakirə belə olunmur. Sarkazmlardan biri də baş nazirin Ermənistan vətəndaşlarının 30 il ərzində əmək haqlarını yeddi dəfə artıracağı ilə bağlı verdiyi vəddir. Axı niyə əmək haqlarını 10 və yaxud 15 dəfə qaldırmaq istəmir”, - deyə müəllif gülüş işarəsi qoymaqla sual edir.
"Bir çox skeptiklər praktiki olaraq bir ağızdan bildirilər ki, Paşinyan öz siyahısı ilə çox uzaq gələcəyə qaçıb. Bu da aşağı sosial məsuliyyətli fantastlar, futuroloq və xəyallar quranlar üçün məqbuldursa, siyasətçilər üçün qəbuledilən deyil. Bir az ciddi olmaq gərəkdir - ölkənin inkişafı üçün plan müəyyən edəndə yaxın üç-beş illiyə plan qurmaq gərəkdir, yoxsa geniş addımlamaqla şalvarını cıra bilərsən. Necə deyərlər, 30 il ərzində ya şah ölər, ya eşşək. Ya da Paşinyan elə bir şey bilir ki, onu heç kim bilmir. Məsələn, Ermənistanda dəniz altında yeraltı neft yataqları”.
Daha sonra məqalədə baş nazir lağa qoyulur: "Artıq zarafatcıl adamlar bildirirlər ki, yaxşı olardı Paşinyan demoqrafik vəziyyəti yaxşılaşdırardı - evlərdə gecələr işıqları söndürərdi, abortlara qadağalar tətbiq edərdi”. Ekspertlər bildirirlər ki, ölkə əhalisinin sayının miqrantların hesabına beş milyona çatdırılması da xülyadır. Belə bir plan mümkünsüz görünür. Ermənistana bunun üçün bütün sahələri əhatə edən dərin dəyişikliklər gərəkdir. Reallıq isə budur ki, ölkənin miqrasiya saldosu mənfidir və bu tendensiyanın nə vaxt çıxacağı bəlli deyil. Maraqlıdır ki, BMT Əhali Fondu proqnoz edib ki, 2050-ci ilə kimi Ermənistan əhalisinin sayı 150 min azalacaq. Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryan nəşrə açıqlamasında Paşinyanın planlarını utopiya adlandırır və bildirir ki, ölkənin inkişaf templəri 2050-ci ilə qədər ümumdaxili məhsulu beş dəfə artırmağa imkan vermir. Əlavə edib ki, uzunmüddətli inkişaf bir daş-daş tikilən binaya bənzəyir. Hətta Paşinyanın qatı tərəfdarları belə 30 il ərzində beşqat ümumdaxili məhsulun inkişafına şübhə ilə yanaşırlar. Bu o deməkdir ki, 2050-ci ildə ümumdaxili məhsul 168 mlrd. dollara yüksəlməlidir. Müəllif yazır ki, internetdə axtarış sistemlərinə daxil olub belə nəticəyə gəlmək olar ki, Paşinyanın planlarının yerinə yetirilməsi Ermənistanı 30 il ərzində ümumdaxili məhsulun həcminə görə Litva və Estoniyanın indiki səviyyəsinə çatdırır.
Bundan əlavə, Paşinyanın Ermənistan ordusunu dünyanın döyüş qabiliyyəti yüksək olan iyirmi dövlət sırasına daxil etmək istəyi də mümkünsüz hesab edilir: "Bunun üçün ölkənin indiki hərbi büdcəsi 15-20 dəfə artırılmalıdır. Hazırda isə onun büdcəsi 609 mln. dollardır. Yoxsul ölkə üçün bu qədər vəsaiti hansı rəfdən götürmək gərəkdir? Eyni fikri erməni xüsusi xidmət orqanları haqqında söyləmək gərəkdir. Bunun üçün də pul gərəkdir. Təbii ki, arzulamaq pis bir şey deyil. Lakin reallıqdan da uzaqlaşmaq gərək deyil. Xüsusən də kəşfiyyat kimi məsələlərdə. Paşinyanın başqa bir arzusuna baxaq - turizm. Ağlı başında olan insanlar gözəl bilir ki, ildə 15 mln. turisti qəbul etməyə ölkəni infrastrukturu imkan belə vermir. Gəlin həqiqətin üzünə dik baxaq. Ermənistanda turizm dilənçi vəziyyətdədir. Dağ, meşə, tarixi-mədəni abidələr, folklor, mətbəx hər şey demək deyil”. "Son olaraq onu demək olar ki, erməni Şaxta babanın arzuları heç bir halda reallaşa bilməyəcək. Ən əsası qarşıya qoyulan planları reallaşdırmaq üçün maliyyə tapılmalıdır. Bu maliyyənin qaynaqları isə heç üfüqdə belə görünmür. Bütövlükdə, müşahidəçilər bir fikirdədirlər ki, Paşinyanın Xankəndində gurultulu çıxışı yeni hakimiyyətin məsuliyyətdən uzaqlaşmasına xidmət edir. İnqilabdan sonrakı bir il yarım ərzində ciddi bir uğur yoxdur, xalq artıq narazılıq edir. Paşinyan da onları hər şeyin qabaqda olduğuna inandırmağa çalışır. Bir də 30 ildən sonra heç kim Paşinyanın napoleonsayağı planları barədə danışmayacaq”,- deyə məqalədə bildirilir. Əlavə edilib ki, Paşinyan sərsəm fikirləri ilə bir növ keçmiş sovet rəhbərləri Xruşşov və Qorbaçova bənzəyir. Belə ki, Xruşşov "20 ildən sonra sovet xalqı kommunizmdə yaşayacaq” deyirdi, Qorbaçov isə 2000-ci ildə hər bir sovet ailəsinin evlə təmin olunacağını iddia edirdi. Müəllif sonda qeyd edir ki, hesabatın ortaya çıxması başqa bir məsələni də üzə çıxarır - baş nazirin ətrafında bir nəfər də olsun peşəkar yoxdur. Paşinyanın planı konsepsiya, ölkənin inkişaf ssenarisinin formalaşması demək deyil. Sadəcə hansısa bir fantastın gerçəkləşməsi mümkün olmayan arzularıdır.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən "Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində təqdim olunur.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər