AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünyamıza əcəl tacı yaraşmır!.. Onu insanlığın nəfəsi ilə süsləyək!

Dünyamıza əcəl tacı yaraşmır!.. Onu insanlığın nəfəsi ilə süsləyək!

Cəmiyyət
02 Aprel 2020, 12:08 716
Aylardır "koronavirus” adlı bir kabus, ölüm mələyi dünyanı ağuşuna alaraq necə deyərlər dönərgəsini döndərib.

Sanki Yer Kürəsi öz orbitindən çıxıb onun ətrafında fırlanır. Hara baxırsan, hamı neçə vaxtdır mikroskop altında görünüşü gözlərimizi yağır edən bu qəhrolası virusdan danışır. Kimlərsə fəsadlarını və yoluxmama yollarını bəlirləyir, kimlərsə nəhəng laboratoriyalarda onun bioloji-kimyəvi xüsusiyyətlərini öyrənmək üçün gərgin elmi tədqiqatlar aparır, kimlərsə ağır simptomlu xəstələrin vəziyyətini yüngülləşdərimək üçün yeni müalicə üsullarını sınaqdan çıxarır. Kimi bu virusun təbii seçmə yolu ilə yarandığını, kimi isə bioloji silah kimi laboratoriya şəraitində hazırlandığını, kimi bunun geosiyasi bir oyun olduğunu, kimi isə ümumiyyətlə olmadığını (?!) iddia edir. Kimlərsə bunun əlacını tapdığını, vaksinini hazırladığını, kimlərsə türkəçarəsini söyləyir. Hətta dövrün tas qurub fala baxanları da bu piardan geri qalmayıb ilin hansı fəslində, günün hansı saatında yox olacağını bəyan edirlər. Acı gerçək isə budur ki, bu günədək 40 mindən çox insanı əcəl kamına çəkdiyi, 900 minə yaxın insanın isə caynağında can çəkişdiyi amansız xəstəlik həyat ritmimizi, ahəngimizi pozmaqda, ruhumuzu, varlığımızı sarsıtmaqdadır.
 
 

Yalan olmasın, bəşər övladı bəlkə də yaranandan belə ağır sınağa çəkilməmişdi. Əsrin bu dəhşətli bəlası həm də müxtəlif dövlətlərin, xalqların stixiyaya hazırlıq, daha çevik mübarizə aparmaq bacarığını, minimum təlafat vermək şansını ortaya qoydu. Faciənin kökündə dünya səhiyyəsi yeni virusun insandan insana keçdiyini təsdiqləyəncən kifayət qədər vaxt itirmək dayandı. Bəzi ölkələr məsələnin ciddiyyətinin fərqinə varmadı. İlkin mərhələdə İtaliya Milan şəhərində "Mən virus deyiləm. Mən insanam. Ayrı-seçkiliyə son!" şüarı ilə çinlilərin fləşmob keçirib meydanlarda insanları qucaqlayıb fotolar çəkdirməsinə şərait yaratmaq kimi populist addım atmaqla, Böyük Britaniya "ölkədə hamı yoluxmalıdır ki, immunitet yaransın” yanaşması ilə əlahəzrət koronavirusa Şengen vizası verdi. Çinlilər smartgücləri ilə ilə bu bəlanın qarşısını ala bildilər. Hindistan polisi insanları şallaqla evə kilidləməyə  çalışdı. Lakin təcrübə göstərdi ki, necə deyərlər bu virusun Allahı yoxdur! Dini, milli mənsubiyyətindın, hansı ölkə vətəndaşı, hansı zümrəyə aidliyindən asılı olmayaraq hər kəsə – Britaniya şahzadəsindən, baş nazirindən, Fateh Tərim, Rüştü Rəcbər  kimi futbol ulduzlarına, tanınmış rus müğənnisi Lev Leşşenkoya qədər "əli çatır”, Kremlin divarlarını belə "aşa bilir”.  İtaliya, ABŞ, Fransa, İspaniya, Britaniya kimi inkişaf etmiş ölkələr  koronavirusla bağlı çox ağır situasiya yaşadığı bir dövrdə çox təəssüf ki, pandemiya ölkəmizə də gəlib çatdı. Lakin Azərbaycanda bu virusla mübarizəyə qarşı görülən qabaqlayıcı və mütəşəkkil tədbirlər dünya səviyyəsində müsbət dəyərləndirilir.
 
 

İlk olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeni növ koronavirus nəticəsində vəfat edənlərlə əlaqədar Çin Xalq Respublikasının Sədrinə başsağlığı məktubu ünvanlaması, Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verməsi ölkəmizin dünyəvi problemlərin həllində həmrəylik nümayiş etdirmək kimi bir humanist siyasətini ortaya qoydu.

Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması milli birlik, əzmkarlıq və iradə nümayişi, hadisənin fəsadlarının aradan qaldırılmasına yönəldilmiş addım kimi dünyaya nümunə oldu.  Çox qısa bir vaxta fonda yığılan 100 milyon manatdan çox (bu son rəqəm deyildir) heç şübhəsiz ki, bu sahədə mübarizə tədbirlərinin daha da gücləndirilməsində az rol oynamayacaq. Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq sərəncamı ilə Naxçıvanda da belə bir fond yaradılmışdır. Bu günədək fonda 4 milyon vəsait köçürülüb və bu, kütləvi şəkildə davam etdirilir.
 
Azərbaycan təhsil müəssisələrini, uşaq bağçalarının fəaliyyətini müvəqqəti olaraq dayandıran, quru sərhədləri bağlayan, aviareyslərin sayını kəskin azaldan ilk ölkələrdən biri oldu. Martın 14-dən etibarən bir sıra mühüm qərarlar qəbul edildi. Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edildii, (COVID-19)  infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirildi, pandemiyanın milli iqtisadiyyata mənfi təsirlərinin araşdırılıb aradan qaldırılması məqsədilə İşçi Qrup yaradıldı. Mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə olundu. On mindən çox həmvətənimizin  ölkəmizə təxliyə edilməsi, onların karantində saxlanılması üçün yaradılan şərait bir daha təsdiq etdi ki, dövlətimiz ən müxtəlif situasiyalarda, istənilən an xaricdə yaşayan həmvətənlərimizin də yanındadır. Bakıda ölkəmizin bir nömrəli xəstəxanası  –  "Yeni klinika” tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün vaxtından qabaq istifadəyə verildi. 575 çarpayılıq, 1500-dən artıq həkim və tibbi heyətinin çalışdığı bu xəstəxana dünyəvi bir bəlanın tüğyan etdiyi ən çətin sınaq dövründə milli səhiyyəmizə, bütünlükdə xalqımızın sağlamlığına qiymətli ərməğan oldu. İnşallah, tezliklə bu xəstəxanada koronavirusa yoluxan xəstələrin müalicəsinə zərrəcə zərurət qalmasın, "Yeni klinika" orqan nəqli, ən ağır cərrahi əmliyyatların, müasir diaqnostika və müalicə proseslərinin aparıldığı səhiyyə müəsisəsinə, müasir tibb elmində böyük kəşflərə səbəb olacaq yeni elmi tədqiqatların ünvanına çevrilsin!
 
Lakin kifayət qədər ciddi qabaqlayıcı tədbirlər görülsə də, maarifləndirmə işləri aparılsa da, əhali ümumilikdə karantin tədbirlərinə şüurlu yanaşsa da, səhiyyə, sanitar-gigiyena mədəniyyəti nümayiş etdirsə də, təəssüf ki, hələ də məsələni bütün ciddiyyəti ilə dərk etməyənlər, ya da saymazyana yanaşanlar, məsuliyyəsizlik edənlər var. Bir vaxtlar böyük Mirzə Cəlilin dediyi kimi, bəzi bəhanələr ilə fala baxdırmaq, it boğuşdurmaq, dərviş nağılına qulaq asmaq, hamamda yatmaq və qeyri bu növ vacib əməllərə görə şəhərə çıxan belələri özləri ilə yanaşı bütün doğmalarını, ətrafdakıları böyük təhlükə altında qoyduqlarının fərqinə varmırlar. Axı kiminsə evdə duruş gətirməyə, gəzmək istəyini boğmağa iradəsinin çatmaması xəstəxanalarımızda əlavə gərginlik yarada, səhiyyə işçilərinin işini ağırlaşdıra bilər. Əlavə olaraq düşünülməmiş addımımızla ətrafımızdakı bütün insanların karantinə yerləşdirilməsinə səbəb olur, beləliklə də onları cəmiyyətdən təcrid etmək bir yana, dövlətə də əlavə qayğı, problem yaradırıq. Hər kəs şüurlu şəkildə dərk etməlidir ki, ən zəruri hallar istisna olmaqla şəhəri dolaşmaq zəncirvarı reaksiya kimi yoluxandan yoluxma, sonra da başqalarını yoluxdurma və beləliklə də virusun həndəsi silsilə ilə yayılmasının mərkəzində dayanmaq deməkdir. Hətta günlərlə xüsusi geyim və eynəklərdə, respiratorla keşikdə dayanan tibb işçilərimzin əziyyətləri, pnevmaniyadan boğulan xəstələrimizin "evdə qalin!” imdadlı tövsiyələri də kara gəlmirsə, bəziləri yenə də şakərlərindən dönməyib dövləti fövqəladə vəziyyət elan etmək kimi bir addım atmağa məcbur edirsə, belələrinə "Dövlət sizi sizdən çox düşünüb qayğınıza qalır, sizə sizdən çox dəyər verir, dövlətə əngəl olmayın!” demək, ən qatı inzibati cəza tədbirləri tətbiq etmək qalır.
 
 

Yeri gəlmişkən, öz həyatlarını riskə ataraq cəfakeşliklə  gecəli-gündüzlü çalışan, zəmanəmizin gözəgörünməyən qəhrəmanları – səhiyyə işçilərimizin fədakarlıqlarının dəyəri heç nə ilə müqayisə oluna bilməz. Jurnalist həmkarlarım, polis işçilərimiz isə ilk gündən etibarən böyük təmkin və mədəniyyətlə insanları inzibati məsuliyyətə dəvət edir, vətəndaş sərvaxtlığına,  sanitar-gigiyena, tibb baxımından məlumatlı olmağa çağırır. Onların kübarcasına, xalqını oxşaya-oxşaya, yanarlılıqla müraciət edənləri də, çox təəssüf ki, tək-tük də olsa təhqiramiz çıxış etməklə tarixə düşmək istəyənlər də var. Ən acınacaqlısı isə odur ki, jurnalist əqidəsini bir kənara atan bəzi qaraniyyətliər fürsətdən istifadə edib belə bir həssas məqamda da qarayaxmalarından qalmırlar. Pandemiya ilə əlaqədar Türkiyədən qayıdan tələbə və vətəndaşlarımızın bir qrupunun Naxçıvanda tibbi nəzarətdə saxlanıldığı Duzdağ Fizioterapiya Mərkəzini  –  ağ ciyər və onun iltihabi  xəstəlikləri üçün dünya səviyyəli ən müasir, təbii şəfa ocağını mağara adlandırmaq xalqa zidd mənafelilərin, dövlətçilik əleyhinə əlləşənlərin növbəti özünürüsvay hərəkətləridir. Bu antiNaxçıvan təbliğinə ən adekvat cavab isə Türkiyənin nüfuzlu "Yeşil İğdır” və "15 Temmuz” qəzetlərinin "Naxçıvanda koronavirusla mübarizə yüksək səviyyədədir” sərlövhəli məqalələr dərc etmələridir. Bu yazılarda Naxçıvan Muxtar Respublikasında yeni növ koronavirus infeksiyasına qarşı sistemli şəkildə aparılan tədbirlərdən bəhs olunur.

Əlbəttə ki, vaxt gələcək bu xəstəliyə də qalib gələcəyik. Koronavirusa son yoluxma halı, müalicəsinin kəşfi günü Ümumdünya Pandemiya ilə Mübarizə Günü kimi də qeyd olunacaq, pandemiya qurbanlarına, xüsulə həkimlərə xatirə memorialı da ucaldılacaq.     Bu gün isə hələ ki, bu qəfil fəlakət, bu haradan necə "hücum edəcəyi” bəlli olmayan "gözəgörünməz düşmən” dünyanı sarsıdıb. "Gözəgörünməz düşmən”mi, qeybdən gələn bəlamı? Bəlkə, elə Yaradanın bir sınağı, cəzasıdır yaratdıqlarına?.. Bu yaxınlarda sosial şəbəkədə gördüyüm kadrı xatırlayıram. Günlərdir bu mənfur xəstəlikdən əziyyət çəkənlərin keşiyində dayandığı üçün ailəsinə həsrət qalan türk həkimi övladı ilə ilk qarşılaşdıqda körpəsi onun ağuşuna atılmaq istəyəndə yoluxma təhlükəsinə görə onu rədd edib özündən uzaqlaşdırır. Sonra isə həmin ata bu faciəyə dözə bilməyib diz üstə çöküb qovrula-qovrula hönkürür. Sarsıtdı bu kadrlar məni... İnsanın öz əzizindən, doğmasından, həsrət qaldığı ciyərparasından xəstəlik, ölüm təhlükəsi yaratmamaq üçün qaçmasından, öz doğmaları ilə "Yoluxduraram, yoluxaram” səksəkəsi ilə yaşamasından da dəhşətli nə ola bilər? Ölümdən də dəhşətli psixologi sarsıntılar, uzun zaman unudulmayacaq mənəvi işgəncələr, yaralar vurdu insana əsrimizin bu əcəl zəngi... Dünya ölkələrinə aid videokadrlarda ölüm anında belə doğmaları ilə vidalaşa bilməyən koronavirus xəstələrini, ağır vaxtlarında yanlarında olub onlara ürəkləri kimi qulluq edə, arzularıca dəfn edə bilməyənlərin faciəsini xatırlayıram. Ən soyuqqanlı avropalının belə dözmədiyi bir faciəvi mənzərə... Dünya adlı bir evimizdə xalqların, ölkələrin bir-birindən təcrid olunmasını, iqtisadiyyatca, mədəniyyətcə, təfəkkürcə bir-birindən ayrı düşməsini xatırlayıram. Sevincli-dərdli günündə bir-birinə sarıla bilməmək, övladını doyunca sığallayıb oxşaya bilməmək, hər saniyə əcəl qorxusu ilə yaşamaq. Bu, yaradılanın – insan oğlunun terror, müharibə, qətliamlarla bir-birinə qənim kəsildiyində ULU YARADANIMIN ən ağır cəzası deyilmi?!
 


Son hadisələrə diqqət edək: Suriyada 2011-ci ilin mart ayından bəri davam edən, silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurmalar zamanı baş verən kütləvi qırğınlar, Təxminən yarım əsrə yaxındır ki, Türkiyənin tarixinə qanlı hərflərlə yazılan PKK terror təşkilatının türk xalqına qarşı törətdiyi qanlı faciələr, ABŞ-İran münaqişələri... Və nahəyət 1988-ci ildən bəri davam edən  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində  Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğal olunması, 1 milyondan artıq azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsi, 20 min nəfərin hərbi əməliyyatlar dövründə həlak olması və sairə və ilaxır... Bəli, bax insanlığın – yeganə şüurlu varlıq olmanın qədrini bilməməyin, bəşər övladının bu qədər bir-birinin qanına susamasının Allah tərəfindən cəzası da belə ağır olur. Siz ey, dünya fatehləri, vandallari, qaniçən qəddarları! İlahi varlıq qarşısında nə qədər gücsüz, miskin və zavallı olduğunuzun fərqinə vardınızmı? Nə yazıq ki, sizlərin günahı ucbatından günahsız xalqlar, insanlar da bu bəlanın qurbanı olur!

İnsan oğlu!.. Günahlarımızı yumaq, bu bəladan xilas olmaq üçün ayrı-ayrı ölkələr, dövlətlər deyil, Yer Kürəsi olaq. Xalqlar, millətlər deyil, insan olaq, bir olaq. Əl-ələ verib bir-birimizə sarılaq! Dünyamıza əcəl tacı yaraşmır! Onu insanlığın hərarətli nəfəsi ilə yox edək. Dünyamız nəfəs alsın...

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti