Dünyada yeni iqtisadi böhran gözlənilirmi?
Dünya üzrə son
iqtisadi böhrandan sonra mütəxəssislər yeni və uzunmüddətli iqtisadi böhran
təhlükəsi barədə fikirlər səsləndirirlər. Müxtəlif "beyin mərkəzləri" və
ekspertlər bu prosesə təkan verən bir çox səbəbləri göstərirlər. Aparılan
araşdırmaların nəticəsi kimi müasir mərhələdə böhrana səbəb ola biləcək
iqtisadi, ticari, maliyyə, siyasi və geosiyasi amillərin mövcudluğu iddia
olunur. Hətta bir çoxları iqlim dəyişikliyinin belə, dərin iqtisadi böhran
yarada biləcəyi haqda proqnozlar verir.
Ekspertlər bu
kontekstdə meydana gələn risklərdən bəhs edir, həmin sırada ABŞ və Çin
iqtisadiyyatlarının inkişaf dinamikasının zəifləməsi və ya resessiyasını
vurğulayır, onlarla bərabər, Avropa iqtisadiyyatında meydana çıxmaqda olan bir
sıra riskli faktorları və digər amilləri qeyd edirlər. Bütün bunların fonunda qlobal
iqtisadi böhran ehtimalı və onun mümkün geosiyasi nəticələri diqqətdən kənarda
qalmır. Bütövlükdə isə dünyada iqtisadi böhranın yaranma səbəbləri nədir və
gələcəkdə bunun təkrarlanması gözlənilirmi?
Mövzu ilə bağlı
"Kaspi” qəzetinə açıqlamasında Milli
Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, iqtisadi böhranlardan
sonra zaman keçdikcə dirçəlmə müşahidə olunur, sonralar isə bu böhrandan çıxış
yolu tapılır: "Tsikl olaraq, bu proses müxtəlif zamanlarda təkrarlana bilir.
Böhranların təkrarlanması ehtimalına gəlincə, prinsip etibarı ilə bu mümkündür.
Dünyada bu sahənin ekspertləri fikir mübadiləsi aparırlar. Bir çoxları hesab
edir ki, böhrandan yeni çıxış əldə edildikdən sonra onun təkrarlanmasına müəyyən
zaman lazımdır. Lakin bəzi ekspertlər iqtisadi böhranın daha yaxın vaxtda baş
verəcəyi ehtimalını güman edirlər. Hər halda belə müzakirələrin özü o deməkdir
ki, bu istiqamətdə müəyyən gözləntilər var və bu da səbəbsiz deyil. Hesab
edirəm ki, siyasi spekulyasiyaların özü belə, iqtisadi böhranlar üçün münbit
şərait yaradır. Bir çox hallarda böyük dövlətlərdən birinin digərinə qarşı
iqtisadi təzyiq rıçaqlarını, sanksiyaları işə salması nəticə etibarı ilə
dünyanın ayrı-ayrı regionlarında iqtisadi böhranların baş verməsini
şərtləndirir. Xüsusilə, dünya neft bazarında qiymətlərin kəskin enməsi və
artması isə idarə olunan böhran kimi qiymətləndirilir. Xatırladım ki, idarə
olunan xaos olduğu kimi, idarə olunan böhranlar da var. Yəni, məqsədyönlü
şəkildə elə bir siyasət, beynəlxalq siyasi və iqtisadi təzyiq rıçaqları işə
salınır ki, nəticə etibarı ilə müxtəlif ölkələrdə, regionlarda və bir çox
hallarda qlobal miqyasda böhranlar formalaşsın. Böhranlar dövründə isə daha
böyük və güclü dövlətlər bu prosesə bir qazanc mənbəyi kimi baxır və özlərinin
mənafeyi, mənfəəti üçün istifadə edirlər”.
E.Nəsirov qeyd
etdi ki, hazırda ABŞ-la İran arasında münasibətlər son dərəcə kəskinləşib: "O
cümlədən ABŞ-la Rusiya arasında münasibətlərin gərginləşməsi, Yaxın Şərqdə
böhranın davam etməsi, Latın Amerikası regionunda vəziyyətin kifayət qədər
mürəkkəbliyi, Vaşinqtonla Çin arasında ticarət müharibəsinin başlanması nəticə
etibarı ilə ayrı-ayrı regionlarda, bir çox hallarda qlobal miqyasda böhranların
baş verməsi üçün əsaslar yaradır. İqtisadi böhranlar zamanı böyük dövlətlər
üçün uduşlu vəziyyət yaranır, lakin ölkələrin mütləq əksəriyyəti bundan əziyyət
çəkir. Bir çox hallarda belə böhranlar vasitəsilə siyasi hakimiyyətlərin
devrilməsi reallaşdırılır və sair. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, müasir
dünyamızda iqtisadi böhranların bir çox hallarda siyasi konyuktura və
beynəlxalq güclərin diktəsi altında baş verməsi diqqətdən yayınmayan səbəblər
sırasındadır”.
İqtisadçı-alim Mahir Zeynalov bildirdi ki, dünyadakı iqtisadi böhranın əsas
səbəbləri kimi dünya iqtisadiyyatının böyüməsi və qloballaşması, əhalinin
sayının artması, ərzaq təhlükəsizliyi problemi, sənayenin robotlaşması, təbii
sərvətlərin tükənməsi, insanların tələbatları və istəkləri ilə real
sosial-iqtisadi şəraitin uyğun gəlməməsi, böyük dövlətlərin nüfuz savaşı və
iqtisadi maraqlarının toqquşması, rəqabətin güclənməsi və s. göstərmək olar: "Başqa
bir tərəfdən yanaşsaq, inkişaf heç də həmişə artan və dinamik olmur. İnkişaf
müəyyən pik mərhələsinə çatanda böhran baş verir, sonra stabilləşir və yenidən
yüksəliş başlayır. İnkişaf etmiş ölkələrin iqtisadiyyatı elə bir səviyyəyə
çatıb ki, hətta onlarda illik 1 faizlik iqtisadi artım belə inkişaf, 0,5-1 faizlik
geriləmə isə ciddi böhran amili kimi qiymətləndirilir. Həmin ölkələr çalışırlar
ki, milli iqtisadiyyatda geriləmə olmasın. Dünya bazarında güclü rəqabətin
olduğu indiki şəraitdə isə milli iqtisadiyyatların davamlı və dayanıqlı
inkişafını təmin etmək çox çətindir. Çünki böhran özünü bank-maliyyə sektorunda
göstərən kimi daha qabarıq şəkildə ortaya çıxır. Bütün bunlar həm də ölkələr
arasında iqtisadi maraqların toqquşmasına, ticarət müharibələrinə səbəb olur.
Bu gün ABŞ, Çin və Avropa ölkələri arasındakı ziddiyyətlərin əsas səbəbi də
budur. Çin sürətlə inkişaf edir, daha ucuz məhsul istehsal və ixrac etməklə
Asiya, Avropa bazarlarına girir, rəqiblərini bazarlardan sıxışdırıb çıxarır,
ucuz işçi qüvvəsi və malı ilə rəqabətdə udur. ABŞ isə Çinin inkişafının
qarşısını nə hərbi, nə də iqtisadi yolla ala bilir. Nəticədə ziddiyyətlər
dərinləşir, dünyanın təbii sərvətlərinə və qlobal bazarlara nəzarət uğrunda
savaş güclənir. Sırf iqtisadi maraqlardan doğan bu mübarizə siyasi müstəviyə
keçir, bəzən hətta böyük müharibə təhlükəsi yaradır. Ona görə də bundan sonra
da qlobal rəqabətin güclənəcəyi, iqtisadi maraqların toqquşması və böhranın
yeni dalğalarının müşahidə olunması gözləniləndir”.
M.Zeynalov
vurğuladı ki, 2008-2009-cu illərdə ABŞ-da başlayan iqtisadi böhran sonrakı
illərdə Avropa və Asiya ölkələrində də özünü göstərdi: "Neftin qiymətinin 3
dəfəyədək ucuzlaşması ilə böhranın təsirləri Azərbaycanda da hiss olundu,
manatın iki dəfə devalvasiyaya uğraması ilə idxal malları da iki dəfə
bahalaşdı. Amma Azərbaycanın böyük neft gəlirləri hesabına formalaşdırdığı
valyuta ehtiyatları bu böhranın mənfi təsirlərini yumşaltmağa və aradan
qaldırmağa imkan verdi. Hazırda ölkəmizin 50 milyard dollar həcmində olan
valyuta ehtiyatları anti-böhran tədbirləri və islahatların dərinləşdirilməsi
üçün təhlükəsizlik yastığı və əsas maliyyə mənbəyi rolunu oynayır”.
BƏXTİYAR