• çərşənbə axşamı, 16 aprel, 17:05
  • Baku Bakı 19°C

Dünyada yeni iqtisadi böhran gözlənilirmi?

02.08.19 18:51 16140
Dünyada yeni iqtisadi böhran gözlənilirmi?
Dünya üzrə son iqtisadi böhrandan sonra mütəxəssislər yeni və uzunmüddətli iqtisadi böhran təhlükəsi barədə fikirlər səsləndirirlər. Müxtəlif "beyin mərkəzləri" və ekspertlər bu prosesə təkan verən bir çox səbəbləri göstərirlər. Aparılan araşdırmaların nəticəsi kimi müasir mərhələdə böhrana səbəb ola biləcək iqtisadi, ticari, maliyyə, siyasi və geosiyasi amillərin mövcudluğu iddia olunur. Hətta bir çoxları iqlim dəyişikliyinin belə, dərin iqtisadi böhran yarada biləcəyi haqda proqnozlar verir.
Ekspertlər bu kontekstdə meydana gələn risklərdən bəhs edir, həmin sırada ABŞ və Çin iqtisadiyyatlarının inkişaf dinamikasının zəifləməsi və ya resessiyasını vurğulayır, onlarla bərabər, Avropa iqtisadiyyatında meydana çıxmaqda olan bir sıra riskli faktorları və digər amilləri qeyd edirlər. Bütün bunların fonunda qlobal iqtisadi böhran ehtimalı və onun mümkün geosiyasi nəticələri diqqətdən kənarda qalmır. Bütövlükdə isə dünyada iqtisadi böhranın yaranma səbəbləri nədir və gələcəkdə bunun təkrarlanması gözlənilirmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, iqtisadi böhranlardan sonra zaman keçdikcə dirçəlmə müşahidə olunur, sonralar isə bu böhrandan çıxış yolu tapılır: "Tsikl olaraq, bu proses müxtəlif zamanlarda təkrarlana bilir. Böhranların təkrarlanması ehtimalına gəlincə, prinsip etibarı ilə bu mümkündür. Dünyada bu sahənin ekspertləri fikir mübadiləsi aparırlar. Bir çoxları hesab edir ki, böhrandan yeni çıxış əldə edildikdən sonra onun təkrarlanmasına müəyyən zaman lazımdır. Lakin bəzi ekspertlər iqtisadi böhranın daha yaxın vaxtda baş verəcəyi ehtimalını güman edirlər. Hər halda belə müzakirələrin özü o deməkdir ki, bu istiqamətdə müəyyən gözləntilər var və bu da səbəbsiz deyil. Hesab edirəm ki, siyasi spekulyasiyaların özü belə, iqtisadi böhranlar üçün münbit şərait yaradır. Bir çox hallarda böyük dövlətlərdən birinin digərinə qarşı iqtisadi təzyiq rıçaqlarını, sanksiyaları işə salması nəticə etibarı ilə dünyanın ayrı-ayrı regionlarında iqtisadi böhranların baş verməsini şərtləndirir. Xüsusilə, dünya neft bazarında qiymətlərin kəskin enməsi və artması isə idarə olunan böhran kimi qiymətləndirilir. Xatırladım ki, idarə olunan xaos olduğu kimi, idarə olunan böhranlar da var. Yəni, məqsədyönlü şəkildə elə bir siyasət, beynəlxalq siyasi və iqtisadi təzyiq rıçaqları işə salınır ki, nəticə etibarı ilə müxtəlif ölkələrdə, regionlarda və bir çox hallarda qlobal miqyasda böhranlar formalaşsın. Böhranlar dövründə isə daha böyük və güclü dövlətlər bu prosesə bir qazanc mənbəyi kimi baxır və özlərinin mənafeyi, mənfəəti üçün istifadə edirlər”.
E.Nəsirov qeyd etdi ki, hazırda ABŞ-la İran arasında münasibətlər son dərəcə kəskinləşib: "O cümlədən ABŞ-la Rusiya arasında münasibətlərin gərginləşməsi, Yaxın Şərqdə böhranın davam etməsi, Latın Amerikası regionunda vəziyyətin kifayət qədər mürəkkəbliyi, Vaşinqtonla Çin arasında ticarət müharibəsinin başlanması nəticə etibarı ilə ayrı-ayrı regionlarda, bir çox hallarda qlobal miqyasda böhranların baş verməsi üçün əsaslar yaradır. İqtisadi böhranlar zamanı böyük dövlətlər üçün uduşlu vəziyyət yaranır, lakin ölkələrin mütləq əksəriyyəti bundan əziyyət çəkir. Bir çox hallarda belə böhranlar vasitəsilə siyasi hakimiyyətlərin devrilməsi reallaşdırılır və sair. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, müasir dünyamızda iqtisadi böhranların bir çox hallarda siyasi konyuktura və beynəlxalq güclərin diktəsi altında baş verməsi diqqətdən yayınmayan səbəblər sırasındadır”.
İqtisadçı-alim Mahir Zeynalov bildirdi ki, dünyadakı iqtisadi böhranın əsas səbəbləri kimi dünya iqtisadiyyatının böyüməsi və qloballaşması, əhalinin sayının artması, ərzaq təhlükəsizliyi problemi, sənayenin robotlaşması, təbii sərvətlərin tükənməsi, insanların tələbatları və istəkləri ilə real sosial-iqtisadi şəraitin uyğun gəlməməsi, böyük dövlətlərin nüfuz savaşı və iqtisadi maraqlarının toqquşması, rəqabətin güclənməsi və s. göstərmək olar: "Başqa bir tərəfdən yanaşsaq, inkişaf heç də həmişə artan və dinamik olmur. İnkişaf müəyyən pik mərhələsinə çatanda böhran baş verir, sonra stabilləşir və yenidən yüksəliş başlayır. İnkişaf etmiş ölkələrin iqtisadiyyatı elə bir səviyyəyə çatıb ki, hətta onlarda illik 1 faizlik iqtisadi artım belə inkişaf, 0,5-1 faizlik geriləmə isə ciddi böhran amili kimi qiymətləndirilir. Həmin ölkələr çalışırlar ki, milli iqtisadiyyatda geriləmə olmasın. Dünya bazarında güclü rəqabətin olduğu indiki şəraitdə isə milli iqtisadiyyatların davamlı və dayanıqlı inkişafını təmin etmək çox çətindir. Çünki böhran özünü bank-maliyyə sektorunda göstərən kimi daha qabarıq şəkildə ortaya çıxır. Bütün bunlar həm də ölkələr arasında iqtisadi maraqların toqquşmasına, ticarət müharibələrinə səbəb olur. Bu gün ABŞ, Çin və Avropa ölkələri arasındakı ziddiyyətlərin əsas səbəbi də budur. Çin sürətlə inkişaf edir, daha ucuz məhsul istehsal və ixrac etməklə Asiya, Avropa bazarlarına girir, rəqiblərini bazarlardan sıxışdırıb çıxarır, ucuz işçi qüvvəsi və malı ilə rəqabətdə udur. ABŞ isə Çinin inkişafının qarşısını nə hərbi, nə də iqtisadi yolla ala bilir. Nəticədə ziddiyyətlər dərinləşir, dünyanın təbii sərvətlərinə və qlobal bazarlara nəzarət uğrunda savaş güclənir. Sırf iqtisadi maraqlardan doğan bu mübarizə siyasi müstəviyə keçir, bəzən hətta böyük müharibə təhlükəsi yaradır. Ona görə də bundan sonra da qlobal rəqabətin güclənəcəyi, iqtisadi maraqların toqquşması və böhranın yeni dalğalarının müşahidə olunması gözləniləndir”.
M.Zeynalov vurğuladı ki, 2008-2009-cu illərdə ABŞ-da başlayan iqtisadi böhran sonrakı illərdə Avropa və Asiya ölkələrində də özünü göstərdi: "Neftin qiymətinin 3 dəfəyədək ucuzlaşması ilə böhranın təsirləri Azərbaycanda da hiss olundu, manatın iki dəfə devalvasiyaya uğraması ilə idxal malları da iki dəfə bahalaşdı. Amma Azərbaycanın böyük neft gəlirləri hesabına formalaşdırdığı valyuta ehtiyatları bu böhranın mənfi təsirlərini yumşaltmağa və aradan qaldırmağa imkan verdi. Hazırda ölkəmizin 50 milyard dollar həcmində olan valyuta ehtiyatları anti-böhran tədbirləri və islahatların dərinləşdirilməsi üçün təhlükəsizlik yastığı və əsas maliyyə mənbəyi rolunu oynayır”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər