AZE | RUS | ENG |

Dünyada iki milyarddan çox insan əlilliyin doğurduğu problemlərdən əziyyət çəkir

Dünyada iki milyarddan çox insan əlilliyin doğurduğu problemlərdən əziyyət çəkir
Sahibə Qafarova: Azərbaycanda sağlamlıq imkanları məhdud insanların sosial problemlərinin həllinə ciddi diqqət göstərilir

Bu gün dünyada təqribən iki milyarddan çox insan əlilliyin doğurduğu problemlərdən əziyyət çəkir. Fiziki sağlamlıq, cəmiyyətə inteqrasiya, yaşadıqları maddi çətinliklərlə yanaşı, ən əsas çətinliklərdən biri də bu kateqoriyadan olan insanların ciddi işsizlik problemi ilə üzləşməsidir. İstənilən cəmiyyət əlilliyi olan insanları, onların hüquqlarını qorumaq üçün sağlamlıq imkanları məhdud şəxslərin əmək bazarına cəlb edilməsində maraqlı olmalıdır.

Bu fikirləri Milli Məclisin deputatı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova qurumun sessiyası çərçivəsində "Əlillər üçün – inklüziv işçi qüvvəsi" mövzusunda hesabatının müzakirəsi zamanı söyləyib.

S.Qafarova bu sahədə Azərbaycanın təcrübəsi, ölkəmizdə görülən işlər barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycan dövləti əlilliyi olan insanların qayğısına qalır, onların cəmiyyətə inteqrasiyası ilə bağlı tədbirlər görür. Bu gün Azərbaycanda 620 minə yaxın əlil vətəndaşımızın olduğunu xatırladan deputat bildirib ki, onlardan təxminən 70 minə yaxını sağlamlıq imkanları məhdud olan uşaqlardır. Ölkəmizdə təxminən 50 min nəfər insan Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz sağlamlıqlarını itirərək əlil olub. Azərbaycan dövləti əlillərin, o cümlədən sağlamlıq imkanları məhdud olan insanların sosial problemlərinin həllinə ciddi diqqət və qayğı göstərir, bu istiqamətdə səmərəli tədbirlər həyata keçirir.

"Dövlətimizin başçısının 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında (MFP), eyni zamanda, 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında əlilliyi olan şəxslərlə bağlı müddəaların olması dövlətimizin bu qəbildən olan vətəndaşlarının hüquqlarının təmin edilməsini daim diqqət mərkəzində saxladığını göstərir. Proqrama uyğun olaraq, əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası, onların xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, xroniki xəstələrə göstərilən ixtisaslaşdırılmış tibbi xidmətin yaxşılaşdırılması, texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi, sanatoriya-kurort müalicələrinin təşkili, bədən tərbiyəsi və idmana cəlb edilməsi, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı onlara texniki yardım göstərilməsi, əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması xərcləri dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir”,- deyə S. Qafarova bildirib.

S.Qafarova bildirib ki, əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması üçün ilk və vacib məsələlərdən biri inklüziv təhsildir. Azərbaycan dövlətinin bununla bağlı atdığı addımlar da təqdirəlayiqdir. Ölkəmizdə inklüziv təhsil imkanlarının genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Qanun qəbul edilib. Bu Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müxtəlif təyinatlı 9 qərar qəbul olunub, eyni zamanda, "Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar proqram (2005-2009-cu illər)" hazırlanıb və Azərbaycan hökumətinin qərarı ilə təsdiq edilib. Proqrama uyğun olaraq beynəlxalq təşkilatlarla birgə həyata keçirilən 3 inklüziv təhsil layihəsi, ümumilikdə, 30-dək təhsil müəssisəsini, 100-dən artıq məktəbəqədər və məktəb yaşlı xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə edib.

Sahibə Qafarova çıxışında, həmçinin vurğulayıb ki, bu istiqamətdə görülən tədbirlərin daha uğurlu nəticələr verməsində dövlətin ciddi siyasi iradəsi və maliyyə dəstəyi ilə yanaşı, qeyri-dövlət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının da üzərinə ciddi öhdəliklər düşür. Əlillərin cəmiyyətə inteqrasiyası, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi, əməklərinin qiymətləndirilməsi, inklüziv əmək imkanlarının genişləndirilməsi birgə fəaliyyətin əsas istiqamətlərini təşkil etməlidir. Eyni zamanda, beynəlxalq əməkdaşlığın da rolunu xüsusi qeyd etməliyik.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966