Dünyada hər gün müzakirə olunan kitab
"Hamının
bu həyatla üz-üzə dayandığı o məlum an fərqlidir. Həbsxanadan qaçıb uzun bir
macəraya atılanda mənə elə gəlirdi ki, mənim durub keçmiş haqqında düşünmək
imkanım olmayacaq. Amma mübaliğəli desəm, dərimin bədənimdən soyulub çıxdığı,
ruhumun qarşıma keçib ona qulaq verməyimi tələb etdiyi anı mən də yaşadım. Tale
məni üzüstə çırpdı. Belə ki, oğurluğun, vəbanın, cinayətin, terrorun, qanlı
ticarətin içindən çıxmışdım. Ora qayıda bilməzdim. O həyatı tamamilə geridə
qoymağın yolu bunu yazmaq idi. Həbsxanada çox çətinliklə əlyazmamım bir
hissəsini xilas etdim. Və öz-özümə dedim ki, bu mənim çıxış yolumdur.. Xilasın
yolu yaşadıqlarımı öz qanımla yazmaq da olsa, o yoldan gedəcəyəm” – Qreqori
Devid Roberts.
Eşq gücün düşmənidir
Həbsdən qaçaraq, Yeni Zelandiyada özünə Lindsey adı ilə saxta sənəd düzəldib, Bombeyə gələn, burada isə yaşadığı həyata kinayə edər kimi səslənən Şantaram təxəllüslü qəhrəmanın hekayəsini bitirdikdən cəmi bir neçə gün sonra oxucu nəsə çatışmayan bir şeyin axtarışına başlayır. İnsan Linbabanın macəralarından, duyğularından, insana "kaş mən də vaxtında belə edərdim” dedirdən seçimlərindən və hər nə olursa olsun, nəticəni lehinə dəyişə bilmək optimizmindən qopa bilmir. Çünki "Şantaram” sadə insanların adi həyatlarının qeyri-adi nüanslarını qabardan, eşq, intiqam, dost, düşmən, yaxşı, pis kimi klassik məfhumlara yeni yanaşma formalaşdıran romandır. Baş qəhrəman və təhkiyəçi Linin üzərində öz obrazını yaratmış müəllif oxucunu öz həyatını, qurduğu dostluqları, yaşadığı romantik macəraları yenidən, amma tamamilə fərqli prizmadan dəyərləndirməyə, ölçüb-biçməyə vadar edir. Yəni, bir tərəfdən də haqqında hər nə qədər "kommersiya maraqları”-na xidmət etdiyi iddiası səslənsə də roman ədəbiyyatın o bəşəri "reabilitativ” missiyasına xidmət göstərir. Bütün dünyagörmüşlüyünə, hiyləgərliyinə baxmayaraq, Linin könlünü çirkabın dibinə düşmüş Karlaya verməsi də həyatın minillik ironiyasından heç kimin qoruna bilməyəcəyini xatırladır. Lindən fərqli olaraq, onun vurulduğu Bollivud gözəlçəsi Karla isə nəinki bir romanın, heç bir eşq nağılının baş qəhrəmanı ola bilməyəcək qədər cılız və bəsitdir.
"Sevgini və taleyi, seçimlərimizin nəticələri ilə yaşamalı olduğumu anlamaq üçün uzun bir zaman keçirməli və dünyanın çox böyük bir hissəsini gəzməli oldum. Lakin bu heç də o demək deyil ki, qənaətim mütləq həqiqətdir. Hamının əsl həyat hekayəsi birini bağışlamaqla edam etmək arasında qalarkən etdiyi seçimlə başlayır”.
Fəlsəfi
baxışların, yüksək tempdə yaşanan macəranın, irqi ayrı-seçkiliyin, eşqin,
qanunsuzluğun, qaçaqmalçılığın, ürək dağlayan həyat hekayələrinin həvəskar
təsvirlərinin canlandırıldığı 900 səhifəni oxuduqdan sonra özünüzü "müdrik”
status almış kimi hiss edə bilərsiniz. Çünki bütün həyatı "qanundankənar” olan
Qreqori Devid Robertsin "Şantaram”ı bədii romandan çox, dünyada hər gün
müzakirə olunan hər şey haqqında məlumat verən ensiklopediyanı xatırladır.
Dünyada hər gün müzakirə olunan hər şeyin müzakirə olunmayan tərəflərinin
ictimailəşdirildiyi kitabdan danışırıq. Bəs eşq? Eşqin müzakirə olunmayan
tərəfi varmı? Varmış. Hər şeyi qanunsuz yaşayan adamların duyğularında,
düşüncələrində də bir uyğunsuzluq var. Məsələn, eşqin ilahi qüdrətinin
insaniləşdirildiyi az hekayə var. Ədəbiyyat belə hekayələrə uzunömürlülük haqqı
vermir. Bəlkə də, bu da ədəbiyyatının mənfəətidir. Minillərdir ədəbiyyat bəlkə
də, bu ilahi eşq mövzusundan, bu dürüstlük, mükəmməl qəhrəman obrazından
mənfəət güddüyü üçün insani, sıradan olan hekayələri doğma hiss etsək də,
onları sevmirik. Çünki ədəbiyyat bu hekayələrə bəşərilik statusu vermir. Sülh
adamının bu qaranlıq hekayəsi kimi.
Eşq gücün düşmənidir
Həbsdən qaçaraq, Yeni Zelandiyada özünə Lindsey adı ilə saxta sənəd düzəldib, Bombeyə gələn, burada isə yaşadığı həyata kinayə edər kimi səslənən Şantaram təxəllüslü qəhrəmanın hekayəsini bitirdikdən cəmi bir neçə gün sonra oxucu nəsə çatışmayan bir şeyin axtarışına başlayır. İnsan Linbabanın macəralarından, duyğularından, insana "kaş mən də vaxtında belə edərdim” dedirdən seçimlərindən və hər nə olursa olsun, nəticəni lehinə dəyişə bilmək optimizmindən qopa bilmir. Çünki "Şantaram” sadə insanların adi həyatlarının qeyri-adi nüanslarını qabardan, eşq, intiqam, dost, düşmən, yaxşı, pis kimi klassik məfhumlara yeni yanaşma formalaşdıran romandır. Baş qəhrəman və təhkiyəçi Linin üzərində öz obrazını yaratmış müəllif oxucunu öz həyatını, qurduğu dostluqları, yaşadığı romantik macəraları yenidən, amma tamamilə fərqli prizmadan dəyərləndirməyə, ölçüb-biçməyə vadar edir. Yəni, bir tərəfdən də haqqında hər nə qədər "kommersiya maraqları”-na xidmət etdiyi iddiası səslənsə də roman ədəbiyyatın o bəşəri "reabilitativ” missiyasına xidmət göstərir. Bütün dünyagörmüşlüyünə, hiyləgərliyinə baxmayaraq, Linin könlünü çirkabın dibinə düşmüş Karlaya verməsi də həyatın minillik ironiyasından heç kimin qoruna bilməyəcəyini xatırladır. Lindən fərqli olaraq, onun vurulduğu Bollivud gözəlçəsi Karla isə nəinki bir romanın, heç bir eşq nağılının baş qəhrəmanı ola bilməyəcək qədər cılız və bəsitdir.
"Sevgini və taleyi, seçimlərimizin nəticələri ilə yaşamalı olduğumu anlamaq üçün uzun bir zaman keçirməli və dünyanın çox böyük bir hissəsini gəzməli oldum. Lakin bu heç də o demək deyil ki, qənaətim mütləq həqiqətdir. Hamının əsl həyat hekayəsi birini bağışlamaqla edam etmək arasında qalarkən etdiyi seçimlə başlayır”.
Qreqori
Devid Roberts "Şantaram”-da özü kimi seçimlərinin nəticələri ilə barışmayan bir
baş qəhrəman yaradıb. O, oğurluğu, qeyri-qanuni fəaliyyəti bir həyat yolu kimi
seçib, irəliləmişdi. Həbsxana bu seçimin nəticəsiydi. Lakin, Roberts oradan
qaçmaqla seçiminin nəticəsi ilə barışmadığını və taleyə meydan oxuya biləcəyini
göstərdi. Amma bütün yüksək əzmli mübarizələrin, özünümüdafiə tədbirlərinin
sonunda həyat yenə abstrakt bir məfhumun, mücərrəd bir qüvvənin ixtiyarına
verilir. İnsan taleyin hökmünə bütün əzəməti ilə boyun əyir.
Lin
həbsxanadan qaçmaqla, yeni yol seçməklə yüzlərlə tale ortağından fərqlənməyi
sınayır. Onun hər addımda bir seçimlə üzləşməsi, taleyi hər addımda qabaqlamaq
cəhdləri ən azından həyatını xilas edir.
Linin
"Şantaram” təxəllüsü aldıqdan sonra oğurlanaraq, saxlandığı yerdə adına uyğun
işlər görməsi oxucuya yeni həyatın başlanğıcı təsiri bağışlayır. Onun kasıblıq,
qaçaqmalçılıq, əmək istismarı ilə mübarizə aparmağa başladığı səhnələr oxucunu
ümidləndirir. Amma bu Robertsin əks etdirmək istədiyidirmi? Qətiyyən. Çünki
müəllifin nəzərində əsl hekayə seçimdən sonra başlayırdı. Bu həyat tərzi Lin
üçün sadəcə seçim idi, əsla ondan sonrakı yol deyildi. "Şantaram”-da
hər nə qədər auditoriyanın bələd olduğu gündəm mövzulara toxunulmuş olsa da,
müəllifi bayağılıq, sıradanlıqda ittiham edənlərə haqq qazandırmaq heç də adil
yanaşma deyil. "New-York Times” roman üçün hazırladığı təqdimat stendində
sadalanan ifadələr arasına "anlaşılmaz bir eşq” epiteti yapışdırmış olsa da, bu
fikirlə də qətiyyən birmənalı şəkildə razılaşmaq mümkün deyil. Bəli, Qreqori Roberts
qanun qaçağı həyatı yaşamış, yüzlərlə macəradan keçmiş olsa da, "Şantaram” ədəbiyyata
çox uzaq qalmış bu adamın ilk əsəridir və mütaliə zamanı peşəkar bir oxucuya,
ədəbi tənqidçiyə hədsiz sıradan gələn nüanslar mütləq mənada özünü büruzə verir.
Lakin romanın baş qəhrəmanı Linin təhkiyə etdiyi hekayələrin sosial yükünü,
yaşanan cinayətlərin pərdəarxasını, Hindistan, Pakistan, Əfqanıstan əhalisinin
bir insan ömrü üçün çox ağır olan qayğılarını işıq üzünə gətirməklə də müəllif bir
bədii nümunəyə qoyulan tələbi qarşılayır. Amma təəssüf ki, Robertsin həyatının
müəyyən hissələrini keçirdiyi yerlərə olan xoş duyğuları, səmimi arzuları,
roman boyu önümüzə parlaq şəxsiyyətlər çıxarması bu problemləri bir həllə, bir
çıxışa qovuşdurmasına kömək etmir.
"Bəzi duyğular qəlbin elə
dərinliklərinə çökür ki, onları yalnız özünlə baş-başa qalanda yenidən tapa
bilərsən. Bəzi həqiqətlər o qədər ağırdır ki, yalnız həya hissi onlarla ömür
boyu yaşamağınıza kömək edə bilər. Bəzi hekayələr o qədər kədərlidir ki, ruhun
əlindən sadəcə onu yaşayanlar üçün göz yaşı tökmək gəlir”.
"Şantaram”
Amerika və Avstraliyada ilin ən çox satılan əsəri rekorduna imza atmış olsa da,
ədəbi gücünü birmənalı şəkildə sübut edə bilməyib. Tənqidçilər müəllifi
"qanunsuz bir həyatdan mənfəət əldə etməyə” çalışmaqda ittiham edərək,
birmənalı şəkildə əsərin əbədiyaşarlığa layiq bir ədəbi çəkisi olmadığını
bildiriblər. Bu haqda "Quora”, "TimesReview”, "Kirkus”, "EditionCNN” kimi
platformalardakı yer alan fikirlər Robertsin bir müəllif kimi özünü ancaq
növbəti əsərlərdə sübut etmək imkanının olduğuna işarə edir. Təəssüf ki,
Robertsin sonrakı iki romanı heç də gözlənən uğuru qazanmadı.Melbörn
Universitetinin fəlsəfə bölməsinin professoru Troy Patterson "Şantaram”
haqqındakı yazısında bu səslənən fikirlərə bir sualla qarşılıq verir: "Bütün
bunlar geniş bir auditoriyanın fikrinə üstün gələ bilərmi? "Şantaram” qəribə,
oxucunu özü ilə çəkib aparan bir həyat hekayəsidir. Qreqorinin narkotik
aludəçisi, keçmiş məhbus, qanun qaçağı, təsadüfi uğur qazanmış müəllif olması
"Şantaram”-ın əzəmətinə heç bir təsir göstərə bilməz. Bu hekayənin uğurunun
özünəməxsusluğundan, təkrarsızlığından qaynaqlandığı danılmazdır”.
Müəllif isə
2009-cu ildə "CNN”-ə verdiyi müsahibədə haqqında səslənən iddialarla bağlı
suala belə cavab verir: "Bəli, mən özümü, ədəbi istedadımı göstərmək üçün hələ
çox dərc olunmalıyam. Amma mən "Şantaram”-a kimi 20 il yazmışam. Şeir, hekayə,
esse, memuar… Mənim sadəcə oxucuların olduğu auditoriyaya çıxışım yox idi. Mən
həmişə yazmışam, amma ictimai sima ala bilməmişəm. 10 il qaçaq həyatı, 10 il
həbsxana. Bu isə mənim öz seçimimin nəticəsiydi və yanlış seçimlərimin əvəzini
artıqlaması ilə ödədiyimi düşünürəm. "Şantaram” isə həyatımın gün işığı
görməyən illərinin hədiyyəsidir. "Şantaram” işıq üzü görəndən sonra bir yazıçı
kimi bütün nüfuzumu sosial qurumlar üçün xərclədim – ictimai maarifləndirmə təlimlərində,
xeyriyyə işlərində, insan haqları və sosial ədalət uğrunda aparılan mübarizələrdə
həmişə ön sırada yer aldım. Mən, bəlkə də, unudulacam. Amma "Şantaram”-ın
kiminsə həyat hekayəsi olması, onun qeyri-adiliyini heç kim dana bilməyəcək.
Həm də ki, bu öz yerini həmişə təmiz saxlamağa çalışan adamlar üçün
yazılmayıb”.
Sonradan
hekayənin ekranlaşdırılması üçün film sektorundan Russel Krov, Varner Bros,
Piter Vayer, Erik Rot, Mira Nayer kimi aparıcı ssenarist və rejissorların
müraciət etməsi və ən azı özü qədər uğurlu bir "Mumbai güzgüsü” ("Mumbai
Mirror”) ekran əsərinin ərsəyə gəlməsi də "Şantaram”ın uğurunun bariz
nümunəsidir.
"Eşqə bu qədər möhtac olmağımızın, ömür
boyu ümidsizcə onu axtarmağımızın səbəblərindən biri də yalnızlığın, dərin
utancın və kədərin yeganə dərmanı olmasıdır”.Bəlkə də,
bu əsərlə heç vaxt açıqlamadığı məhəbbət hekayəsinə, heç kimin açıb,
ictimailəşdirməyə ürək etməyəcəyi macəraya əbədiyaşarlıq qazandırmağa çalışan
Roberts istəyinə müəyyən qədər nail olub. Belə ki, hazırda vətəni Avstraliyanın
ən sevilən ictimai simalarından olan müəllifin əsəri 14 ildir ki, hər il
yenidən tirajlanır. Meqan OQradi müəllif haqqında qələmə aldığı təəssürat
yazısında roman haqqındakı fikirlərini bölüşür: "Qreqori ilə
söhbətləşə-söhbətləşə böyük kitabxana-mağazaya çatdıq. "Şantaram”-ı işarə
edərək, "tez diqqəti cəlb etməsi üçün bu qədər irihəcmli yazmısınız?” –dedim.
Gülümsədi: "Bu mənim yaşayıb sonra yazdığım hekayə deyil, bu mənim
yaşaya-yaşaya yazdığımdır. Ona görə belə irihəcmlidir. Bir günü bir roman boyu
təsvir edənlər var, mən 20 ili 900 səhifə ilə tamamlamışamsa, pis nəticə
deyil”. Orda yazara romanın cəmi 200 səhifəsini oxuduğumu demədim. Bir nümunə
götürdüm, imza almaq adıyla… İndi isə dörd aya bitirdiyim roman haqqında nəsə
qaralayarkən Robertsi xatırlayıram, romanı dönə-dönə gözdən keçirir, onun
qeyri-peşəkarlığı haqqında səslənən fikirləri götür-qoy edirəm. Əsərin ilk
hissələrində müəllifin dilindəki lənglik, nəyinsə xəyalı ilə nitqinin sürəti
azalan təhkiyəçi oxucunun gözündən qaçmır. İnsan daxilən "kaş bu bir roman yox,
elə memuar olardı” – hissi keçirir. Amma bütün hekayə həqiqətdirmi, məgər?!
Linin həyatından bir yazar çıxa bilərdimi? Əsla. Böyük həvəs və maraqla
oxuduğumuz Linin həyatını yaxşı yaşayan və yaxşı yaza bilən bir ədəbiyyat adamı
yazıb”.
Romanda
ən həyəcanlı təsvirlər Bombey əhalisinin həyat tərzi, dünyagörüşü, yaşam fəlsəfəsi,
əfqan terror təşkilatının lideri Qadirin romana daxil olduğu hissələrdə
canlandırılır. Bu səhnələrdə, Linin yerli əhalinin həyatı haqqında
düşüncələrini, onların çətin şəraitinin şahidi olduqca keçirdiyi hissləri
qələmə aldığı hissələrdə müəllif bütün istedadını sərgiləyir. Bu təsvirlər
romanın əsl nəsr ustasının qələmindən çıxdığına oxucunu inandırır.
Ecazkar
isveçli xanımın romana daxil olduğu hissələrdə isə Roberts hər ədəbiyyat adamı
kimi şair olur. Onun bu qaranlıq dünyaya, bataqlığa aid olan qadına bəslədiyi
duyğular olduqca kövrək, ümidsiz bir dillə, amma bir o qədər qüsursuz işlənib:
"Mənim bu gücsüz bədənim sanki onun arabası idi. Nə zaman baxışlarımız
toqquşsa, üzünü günəşə çevirib məni də özü ilə sürükləyirdi. Onun bədəni isə
mənim içimdən axan çay idi. Nə zaman yaxınımda olsa, dəniz kimi qabarırdı
sinəm. Dilimiz kim olduğumuzu çılğınca etiraf edirdi hər yerdə – insanıq,
aşiqik”.
42
hissədən ibarət roman əslində səbirli bir oxucuya sükutun, sevginin və
xoşbəxtliyin sirrini açır. Müəllif yaşadığı bütün çətinlik və əziyyətə
baxmayaraq, əsla oxucunu ümidsizliyə vadar etmir. Romanı tamamlayan "Və həyat
davam edir” cümləsi bəlkə də, əslində Robertsin qəhrəmanların həyatda olduğuna
işarəsidir. Lakin oxucuya bir ümid aşılayır. Çünki həyatın təməlində xilas,
azadlıq, əfv və ən əsası yola davam etmək arzusu dayanır.
Tərcümə
etdi və hazırladı: Elcan Salmanqızı