• cümə, 29 Mart, 14:02
  • Baku Bakı 14°C

“Dünyada heç kəsin təkbaşına uğur əldə edəcəyinə inanmıram”- Uğur hekayəsi

26.12.16 11:53 4946
“Dünyada heç kəsin təkbaşına uğur əldə edəcəyinə inanmıram”- Uğur hekayəsi

Yaponlara görə, uğurlu olmağın səbəbi çox işləmək, amerikanlara görə, ortaya yeni ideyalar qoymaqdır. Onun düşüncəsinə görə isə, uğurlu olmağın sirri, fərqli düşüncəyə malik insanların bir komanda kimi işləməyi bacarmasıdır. Müsahibimiz Heydər Əliyev adına Neft Emalı Zavodunda böyük mühəndis, Xəzər Universiteti və Bakı Ali Neft Məktəbində müəllim və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təsisçisi Rəhman Rəsulzadədir.
Qeyd edək ki, R.Rəsulzadə orta məktəbi Zaqatalanın Tala kəndində bitirib.

- Tələbəykən işə başlamısınız və elə tələbəykən müdir müavini vəzifəsinəcən irəliləmisiniz...
- İşə ikinci kursda oxuyanda yarımştat olaraq kompyuter kursunda administrator kimi başladım. Axşamlar kompyuter kursunda işləyir, səhərlər dərsə gedirdim. Günlərim yorucu olsa da, maraqlı idi. İnsan gənc yaşda məsuliyyətin nə olduğunu dərk edir. Ailədən uzaqda yaşayır və var gücümlə öz xərclərimi özüm qarşılamağa çalışırdım. Ailədən iqtisadi baxımdan asılı olmamaq özünə güvəni artırır. Həm də insan əziyyət çəkib işlədiyi vaxt dərslərinə daha dərindən yiyələnmək istəyir. Vaxt az olduğundan, onu planlamağa və vaxtdan səmərəli istifadə etməyə çalışırsan.
2000-ci illərdə ölkəmizdə xüsusən tikinti sektoru həddindən artıq inkişaf etmişdi. Həmin illərdə "Evim İnşaat” adlı bir şirkət var idi. Kompyuter kursundan sonra orada marketinq meneceri köməkçisi kimi işə başladım. 6 ay müddətində sırayla Marketinq, sonra Satınalma və tikinti şöbələrinin rəisi vəzifəsinə qalxdım. Şirkətdə inkişaf etmək üçün yaxşı potensial var idi. Həmin dövrdə Bağırov körpüsünün keçidlərinin tikilməsində, "Alov qüllələri”nin, Heydər Əliyev Mərkəzinin tikintisində iştirak etdim. Çalışdığım özəl tikinti şirkətində direktorun müavini öz oğlu idi. İnkişaf strategiyası ilə bağlı bir məsələyə görə şirkətdə mübahisə yaşanmışdı. Şirkətin təsisçisi mübahisəli vəziyyəti aradan qaldırmağın yollarını müzakirə etmək üçün məni və oğlunu çağırdı. Hər ikimizi dinlədikdən sonra mənim strategiyamı bəyəndi və öz oğlunu başqa sektora keçirdi, məni isə onun yerinə müdir müavini təyin etdi. Özünüz təsəvvür edin, bu gün dünya reallığında hansı rəhbər belə addım atar? Bugünkü təcrübəmdə o vaxtkı təsisçimin və "Evim inşaat” şirkətinin çox böyük rolu var. O vaxt 19-20 yaşlarında idim.



- Dünya artıq robotlaşmaya doğru gedir. Sizcə robotlara nə dərəcədə güvənmək olar?
- Robot sözü çex-slovak dilində "insanın nökəri” adlandırılır. İnsan robotun nökəri deyil, robot insanın nökəri olmalıdır. Robotexnikanın istifadə olunduğu əsas 4 sahə var: təhlükəli, daha çox diqqət, daha çox dəqiqlik və müasirlik tələb olunan yerlər. Xatırlayırsınızsa, əvvəllər bazara gedib çörək alanda bəzən yanmış çörəklərə rast gəlirdik. Amma indi robotlaşma sayəsində çörəklər eyni standartda çıxır. Tibb sahəsində də həddindən artıq robotexnikaya ehtiyac yaranıb.

- Ənənəvi sualımız: uğurunuzun sirri nədədir?

- Yaponlara görə, uğurlu olmağın səbəbi çox işləmək, amerikanlara görə, ortaya yeni ideyalar qoymaqdır. Mən özümün uğurlu olduğunu düşünmürəm, sadəcə, əldə etdiklərimin sirrini maddi və mənəvi olmaqla iki yerə ayırıram; Birincisi, Allaha olan mənəvi inanc məsələsinə bağlayıram. Qarşıma çıxan problem nə böyüklükdə olursa olsun, Allahın köməyi ilə istənilən çətinliyi dəf edəcəyimə inancım tamdır. İkincisi isə, maddi tərəfdir ki , çox çalışmaq və ətrafımda olan fərqli düşüncəyə malik insanlarla birlikdə kollektiv uğur əldə etməkdir. Dünyada heç kəsin təkbaşına uğur əldə edəcəyinə şəxsən inanmıram.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər