• cümə axşamı, 25 aprel, 11:46
  • Baku Bakı 14°C

Dünyada ən nifrət etdiyim şey yaltaqlıqdır

12.03.18 14:30 1920
Dünyada ən nifrət etdiyim şey yaltaqlıqdır
– Sizə düşündüklərinizi yazıda ifadə etmək daha rahatdır, yoxsa efirdən dilə gətirmək?
– Mən yazıda nəyi ifadə etmək istəyirəmsə, ekranda da onu dilə gətirməyi bacarıram. Amma bunu "nə şiş yansın, nə kabab” şəklində etməyə çalışıram.
– Bəs izləyicilərinizlə, oxucularınız arasında fərq nədir? Bir qələm adamı üçün televiziya nə dərəcədə vacibdir?
– Mən düz 30 il mətbuatda çalışmışam. Bir məşhur ifadəm var, "100 il köhlən atı çapdım beləcə, bir yabıca mənzil qət etmədim”. Bu ifadəni televiziyaya gələndən sonra istifadə etdim. Xatırlayıram, qadağaların qatı olan vaxtları idi. "Gənclik” jurnalında "Nə xoşbəxt imişəm bir zaman Allah” adlı Flora Kərimova haqqında bir yazım çıxmışdı. Metroda gedirdim. Gördüm yazım dərc olunan jurnal metroda yanımda əyləşən iki qızın əlindədir. Və təsadüfdən, mənim yazımı oxuyub bir-birilərinə nəsə deyib, təəccüblə baxırlar. Nədənsə, məqalənin altında adım qara bir çərçivənin içində getmişdi. Və bu görüntü oxucuya vəfat etmiş müəllif təsiri bağışlayırdı. Çərçivəni görən qızlardan biri rəfiqəsinə "mən bu müəllifin yazıların elə çox sevirdim ki, heyf, ölüb” dedi. Mən də qızların heyfslənməsini görüb, özümdən qeyri-iradi gülümsünərək, "ölüb, ölüb də” reaksiyasını verdim (gülür). Belə cavabıma əsəbiləşən qızlardan biri "özün öl, o niyə ölsün” deyərək mənə nifrətlə baxdı. Əhvalatı ona görə xatırladım ki, yəni bu illərdə yalnız qəzet oxuyanlar imzamı tanıyıblar. Televiziya başqadır: tanıtdırır, kütləviləşdirir. Verilişlərim təzə-təzə yayımlanmağa başlamışdı ki, avtobusda, ya küçədə gedərkən, uşaqlı-böyüklü artıq çoxunun tanıdığı simaya çevrilmişdim. Deyim ki, bu ürəyimcədir, yox... Çünki, ömrümü verdiyim mətbuat mənim üçün daha doğma idi. Orada isə zahirən tanınmaq mümkün deyil. Bütün bunlara baxmayaraq, bu gün imzama olan rəğbətdən razıyam. Televiziyada adidən aliyə, hamının yadında oluram, yazılarda isə qəzet həvəskarlarının sevimli qələm müəllifi olursan. O da ki, qəzetlərin profilinə görə dəyişir. Televiziya isə insana belə bir seçimi qoymur. Sevilib-sevilməsən də bir evin qonağı olursan. Veriliş baxılır. Bunu aldığım zənglərdən, televiziyaya gələn məktublardan hiss edirəm. Yəni peşman deyiləm. Yazdıqlarıma ekran həyatı verirəm bir növ. Hər iki halda, məni anlayan, məni duyan adamlar var. Dünyada ən nifrət etdiyim şey yaltaqlıqdır. Bununla bağlı bir söz eşidəndə, cənab prezidentin gözəl bir ifadəsi yadıma düşür: "Mən mədhiyyəyə nifrət edirəm, çünki, ondan sonra xəyanət başlayır”. Belə halı öz həyatımda görmüşəm. Harada olmasından asılı olmayaraq, bəzən səni anlamırlar. Mən isə yazmasam ölərəm, qələm adamıyam. Qəzetdə yazım çıxmasa, nəfəsim dayanar sanki. Bəzən deyirlər qəzetlər nəşrini dayandıracaq. Yerli-dibli elektron əsrinə keçəcəyik. Buna heç inanmaq istəmirəm. Lakin elektron medianın həm də tərəfdarıyam. "Yox, bu gərək deyil”, desəm, milləti geriyə səsləmiş olaram. Bu gün texnika əsridir, o, öz ətrafına daha çox oxucu yığa bilir. Sadəcə nəzarət gərəkdir. Nəzarətsiz qurum özbaşınalıq edir. Demokratiya isə özbaşınalıq deyil. Gözəllikdən ali bir kateqoriya yoxdur. Amma gözəllik belə, sərhədi keçəndə eybəcərləşir. Hər şeydə bir çərçivə olmalıdır. Yazıda da, görünüşdə də. Həmçinin elektron mediada da. Diqqət çəkmək üçün, "çayın tərsinə üzüm” deyə bir şey yoxdur. Bu fərqli düşünmək deyil, əksinə nəyinsə əleyhinə getməkdir. İnsanın öz içində anadangəlmə bir senzura olur. O senzura bizim yaşam tərzimizi tənzimləyir. Yalnız üç halda: möhkəm əsəbiləşəndə, alkoqol qəbul etdikdə, intim münasibətdə o, öz idarəsini itirir. Amma son zamanlar müşahidə edirəm ki, deyəsən, indi insanımız ümumən senzorsuz doğulur. Ağıla gələni yazmaq olar, amma ağıza gələni yazıb, demək olmaz. Dünyada ən böyük biclik, həqiqətdir. Sənin dərk etdiyin həqiqət yox, əsl həqiqət.
– Həm peşəkar jurnalist, həm də bir ana kimi övladlarınız Elnur və Bəhruz bəyin fəaliyyətindən razısınızmı?
– Deməli, böyük oğlumdan danışım. O, jurnalistikanın bütün pillələrini: bakalavr, magistratura və aspiranturanı oxuyub bitirdi. Müdafiə etdi, alimdir. Amma, buna baxmayaraq, mən onu həkim görmək istəyirdim. Təəssüf, o sahəyə həvəsi olmadı. Və onu arzusundan vaz keçirə bilmədim. Amma həyat yoldaşı həkimdir, heç olmaya bununla təsəlli tapıram (gülür). Uşaqlarım gözünü açıb ancaq kitab gördü. Evə gələn qonaqlarımız qələm əhli, çalınan zənglər qələm dostları və sairə. Görünür, bu mühit yalnız qələm adamı yetişdirə bilərdi. Kiçik oğlum Bəhruzun işinə isə qətiyyən qarışmadım. Hər ikisindən, həm övlad, həm vətəndaş kimi xeyli razıyam.
– Qız övladınız yoxdur...
– Təəssüf ki... Amma mənim ilk qız nəvəm anadan olanda onu doğum evindən musiqi ilə gətirmişdim. Sevincimin həddi-hüdudu yox idi. Qız övladı çox gözəl mükafatdır. Düzdü, indi qız nəvələrim o boşluğumu doldurur. Bəzən Bəhruzun qızına deyirəm ki, qocalanda məni apararsan qocalar evinə. Deyir ki, nənə səni özüm saxlayacağam, sənə yemək də alacam, paltar da alacam, əlindən tutub, parka da aparacağam, hələ dondurma da alacam (gülür).
– İctimai Televiziya, "Yadigarlar” proqramı... Bir az da bu haqda danışaq. Yad etmək hamımıza tanış hissdir, amma eyni anda milyonlarla insana unudulmuş bir dəyərlini yenidən xatırlatmaq, yada salan olmaq necə hissdir?
– Unutma ki, unudulmayasan, xatırla ki, xatırlanasan. Mən bu verilişdən əvvəl müxtəlif qəzetlərdə işləmişəm. Proqramda, haqqında danışdığımız insanların əksəriyyəti şəxsən tanıdıqlarım, unudulmağını istəmədiklərimdir. Örnək şəxsiyyətlərimizdir. Televiziyaya gəldikdə məhz "Yadigarlar”ı yaşatmağı istədim. Məqsədim isə yadigarların öz yadigarlarının onlar haqqında danışması idi. Buna bəzən nail ola bilirəm, bəzənsə yox. Elə olur övlad danışa bilmir, elə olur onların övladı olmur, eləsi olur, ümumiyyətlə, ailəsi olmur. Keçmişimiz olmasa, bu gündən sağlam danışmaq olmaz. Qoy müasirlərin də portreti olsun, amma mənim məqsədim unutmamaqdır. Dünənimə hər zaman boylanıram. Bu gün, dünənin davamıdır.
– "Yolum düşə Zəngəzura”, elə "Ruhumun ünvanı Şuşa”nı da qeyd edə bilərik... Biz xalq olaraq, artıq neçə illərdir yol ümidliyik. Siz bu tarixi Azərbaycan mahalı haqqında ensiklopediya, həm də Şuşa haqqında kitabınızla bir başqa rakursdan yolları qısaltmış oldunuz. Yolçuların vəfasızlığı yolları incidəndə onların "könlünü” elə öz könlümüzü də yazı ilə almaq mümkündürmü?
– O yazılar o yerlərin könlünü almır, həmin yazılar hər biri ürəyimin xiffətidir. Məsələn, bayatı formasında bir şeirim var:
Daş da məndən vəfalı,
Quş da məndən vəfalı,
İldə bir yol Şuşada,
Qış da məndən vəfalı.
Mənim üçün bütün itkilərimin önündə Şuşa dayanır. Biz Şuşaya qayıtsaq bütün yaralarımız sağalacaq. Bizim üçün ən sipərli, ən dəhşətli, ən açılmaz qalan Şuşa qalasıdır. Artıq 20 ildən çoxdur ki, mən oğlum Bəhruzun ad günü qeyd etmirəm. O, 8 mayda doğulub. Hətta o bir dəfə böyüklərə üz tutub, bir məktub da yazmışdı: "Mən ad günümün keçirilməsini istəyirəm. Anam əhd edib ki, doğum günümü Şuşada keçirəcək”. Şuşa bütün vətən itkisi ilə ürəyi dağlanan insanların sağalmaz yarasıdır. O vaxt bələkdə gələnlər indi atadır, anadır. Mənim övladlarım dərdimə şərik ola bilib, göz yaşımı silirlər. Amma nəvələrim istəsələr belə, bunu duya bilməzlər axı. Heç olmasa Şuşa alınmalıdır. Bütün yollar Şuşadan keçir. Mövqeyi elə idi ki, bəlkə də onu bircə qadın belə qoruya bilərdi. XVIII əsrdə Şuşa, Avropanın ən dəbdəbəli şəhəri adlandırılıb. London yox, Paris yox, məhz Şuşa... Oradan elə böyük sənətkarlar çıxıb ki, o torpaq Azərbaycana elə ilklər bağışlayıb ki...
– Ömür-gün bağladığınız "Söz” adlı varidatın itib-batmasından, həmçinin qəzet səhifələrində saralıb-solmasından qorxmursunuz?
– Sözün yarası da dərindir, şəfası da əvəzsizdir. Mən söz adamıyam, amma sözbaz deyiləm. Bu cür adamlardan da xoşum gəlmir. Rastlaşdıqda dərhal cibi cırıq adam kimi itirirəm. Sözü çürütmək yox, sözsevərlik, sözə qiymət vermək, sözü diriltmək lazımdır.
– Yazılarınızda dilimizin gözəlliyi duyulur. Diliniz axıcıdır, yorucu deyil. Azərbaycan dilinin ən dərin qatlarına enə bilir, özünüzü tam səlis aydın şəkildə ifadə edə bilirsiniz... Və belə şəffaflıq, bugünkü, mətbuatda çatmayan cəhətdir.
– Mən gözümü açanda evimizdə Qulu Xəlilovu görüb, Məmməd Araz nəfəsin hiss etmişəm. Təsəvvür edin ki, 4-cü sinifdə "Mehman”ı oxumuşam. 5-ci sinifdə isə artıq Drayzerin əksər əsərləri ilə tanış idim. Bacım BDU-nun kitabxanaçılıq fakültəsində qiyabi təhsil alırdı. Qulu müəllimin bacısı Atlas xanımla qrup yoldaşı idilər. Bir dəfə bizdə, birgə imtahana hazırlaşırdılar. Nə isə, gördüm bunlar Drayzerin "Amerika faciəsi” əsərindən danışırlar. Əsərin qəhrəmanının adını heç cürə xatırlaya bilmirlər. Mən də oturmuşam sakitcə, bunlara baxıram. Birdən mən "Yucin” dedim. Bu kəlməni eşidər-eşitməz, ikisi də oturduqları yerdən dik atıldılar. Onlara heyrətli gəlmişdi ki, mən müəllifin ən mürəkkəb əsərinin baş qəhrəmanının adını necə öyrənmişəm. Nağıl oxumamışam, anam bütün nağılları özü danışıb mənə. Sonralar universitetin jurnalistika fakültəsində oxuyanda, dünya ədəbiyyatından keçdiyimiz dərslərdə müəllim mənə deyərdi ki, gəl əsərin məzmununu danış, uşaqlar onsuz oxumayacaqlar. 8-ci sinifdən sonra artıq Azərbaycan ədəbiyyatı oxumadım. Ancaq dünya ədəbiyyatında romanları silsilə şəklində oxumağa başladım. Özümdə isə qəribə bir kitab sevgisi var idi. Hətta bir müddət gözlərimdə ciddi problem yarandığından, bədii ədəbiyyat oxumaq qadağan edildi mənə. Ancaq dərslərimi oxumalıydım. Oğurluğa nifrət etsəm də, uşaqlıqda "oğru” olmuşam. Bacım kitabxanada işləyirdi. Günortalar o yuxuya gedəndə, açarı götürüb qaçıb, kitabxananı açar, arzuladığım kitabları "oğurlayırdım”. Evə gətirib qəzetdən üzlük salıb, üzərinə "Həndəsə”, "Biologiya”, "Ədəbiyyat” yazıb, guya dərs oxuyurmuş kimi, evdəkiləri aldadardım. Yəqin ki, bu səlislik, Azərbaycan dilinə bu qədər aludə olmağım mütaliəmin nəticəsidir.
– Xalq yazıçısı Anar "Yazdıqlarım”ın ön sözündə qeyd edir ki, "Söz həmişə sahibinin kimliyini bəyan edir”. Bu baxımdan Flora Xəlilzadə kimdir? Jurnalist, publisist şair, aparıcı?
– Yox, mən jurnalistəm. Körpə vaxtımdan arzum jurnalist olmaq idi. Düzdür, şeirlə məşğul olmuşam, hətta üç kitabım da var. Buna baxmayaraq, mən özümə şair deyə bilmərəm. Bizim nəslin Məmməd Araz kimi uca çinarı varsa, biz onun kölgəsində "şairəm” desək, xəcalətli olar. Olsa-olsa, o kökün ətrafında cücərən zərif bir ot, çiçək ola bilərik, məncə. Şeir içimdəki pıçıltıları ifadə etməyə kömək edir, sadəcə. Şair deyiləm və bu, daha ağır yükdür. Bəxtiyar Vahabzadənin bir misrası var: "Əsil şeir ürək pıçıltısıdır”. Həqiqətən də şeir, ürək hıçqırtısı, ürək hönkürtüsüdür. Daxili əzablarımın nəticəsidir. Hətta, "Yadigarlar”da belə, aparıcı yox, jurnalistəm.
- Sizin yazılarınızın birində "Yadıma uşaqlıq illərim düşür. Bir qarmonum da var idi. Bütün günü "çalırdım”. Bir də evdə adam olmayanda səsimi başıma ataraq "oxuyardım”. Orta məktəb illərində özfəaliyyət dərnəyinin üzvü idim... Tamaşaçılar qarşısında ilk oxuduğum nəğməm "Kukla”, ilk rolum Məngülüm olub. Sonralar mahnıların da, tamaşaların da mövzuları dəyişib. Hətta alman dilində "Arşın mal alan”ı hazırlamışdıq. Mən də həmin tamaşada bir neçə rol "yaratmışdım”. İndi də hərdən almanca o obrazın sözlərini yada salıram...” qeyd edibsiniz. Uşaqlıq daha hansı xatirələri ilə yaddaş pəncərənizi döyür? "Evdə ki sən tək gözəl olmaya”nı tez-tez zümzümə edirsiniz?
– Tez-tez anamı ziyarətə gedirəm. Onun qəbri üstündə toxtaqlıq tapıram. Amma çox qəribədir ki, hava pis olan günlərin gecəsi mütləq anam yuxuma gəlir və qəti şəkildə onu ziyarətə getməyimi istəmir. Sanki havanı, narahatlığımı, qayğılarımı duyub, hiss edir. Artıq özüm müəyyən yaşa gəlmişəm, amma bu möcüzəni hələ də anlaya bilmirəm. Anama mən şəhid deyirəm. 1988-ci ilin payızında ermənilər Zəngəzurun Urud kəndində bütün dinc əhalini ev-eşiyindən etdilər. O biçarələri gətirib Şahbuz yaxınlığında olan dərəyə, qarın içinə atdılar. Anam da onların içində idi. Əmim oğlu gedib onu qolları üstündə Naxçıvana gətirdi. Oradan da Bakıya. Amma anam o yatan yatdı. Elə o sarsılan sarsıldı. Son sözü də "yollar açılsa, bağımızdan bir ovuc torpaq gətirib, qəbrim üstünə tökərsiniz” oldu. Hələ də tökə bilməmişəm, açılmayıb hələ də o yollar...
Deyərdim ki, mənim anam "diplomsuz akademik” idi. Ondan eşitdiyim bayatılar, nağıllar, əhvalatlar, atalar sözləri, onun verdiyi müdrik nəsihətləri mən heç yerdə oxumadım, eşitmədim. Bir gün dərsdən gəlib, gördüm ki, aynabənddə anam bir süfrə açıb, nimdaş geyimli adamlar da oturub o süfrənin başında. Anamdan soruşdum ki, bu adamlar kimdir? Dedi ki, kəndə gələn dilənçilər. Özümdən çıxdım, "ay arvad bu dilənçiləri evə yığıb niyə çörək verirsən” dedim. Dedi ki, bu, Allaha xoş gedər, acdılar. Sonra mənə nəsihətamiz bir əhvalat danışdı. Demək, bir nəfər Allahın meracına qalxıb, ona deyir ki, mən səni evimə dəvət etmək istəyirəm. Bizə qonaq gələrsənmi? Allah deyir, gələrəm, niyə gəlməyim. Adam evinə qayıdıb, qoyun, quzu kəsir. Qazanlar ocaq üstündə, cürbəcür yeməklər hazırlanır. Birdən qapının ağzında çox nimdaş geyimli, yazıq görkəmdə bir dilənçi kişi dayanır. Ev yiyəsi soruşur nə lazımdır? Dilənçi kişi cavabında "Acam, o qazandan mənə bir tikə ət verin, yeyim, acından nəfəsim kəsiləcək” deyir. Ev yiyəsi qəzəblənib "Burdan elə gedirsən... Biz Allahı qonaq çağırmışıq, onu gözləyirik. Sən kimsən ki, Allah gəlməmiş biz onun adına asılan qazanı açıb, sənə yemək verək” deyib, qocanı qapıdan qovur. Ev yiyəsi gözləyir, səhər olur, axşam olur, Allah gəlib çıxmır. İnsan təzədən Allahın ucalığına qalxır və deyir ki, Tanrım sağ olsun, axı söz vermişdiniz ki, bizə qonaq gələcəksiniz. Niyə sözünüzə əməl etmədiniz? Allah "mən gəldim, siz mənə yemək vermədiniz” cavabını verir. Həyatım boyunca unutmuram bu hekayəni... Nə bilirik ki, Allah bizi hansı sınaqlardan keçirir. Anam hər zaman deyirdi ki, adamın akademik dostu da olar, pinəçi də. İndi mən dostlarımın sosioloji tərkibinə baxanda görürəm doğurdan da, hər cürəsi var.
– Atanız haqqında heç danışmırsınız...
– Çünki mən atasız böyümüşəm. Mənə ata duyğuları, ata sevmək yaddır. Mənim atam da, anam da anam olub. Heç zaman dəqiq bilmədiyim nə isə haqqında danışmıram. İnsanın bütöv, nisgilsiz böyüməsi üçün, ata-ananın bir yerdə olması, birgə tərbiyəsi önəmlidir. Xatırlayıram, universiteti bitirəndə mənim təyinatımı "Azərbaycan müəllimi” qəzetinə vermişdilər. Bir tələbə yoldaşımın təyinatı isə qəzetə deyildi. Bir müddət sora həmin tələbə yoldaşım bu qəzetə işə düzəldi. Mən isə yox. Həmin qızın atası Ticarət Nazirliyində işləyirdi. O vaxt qəzet yerləşən binaya gedib xəbəri eşidəndə, qəribə bir sarsıntı keçirib, bu şeiri yadıma salmışdım:
Bir ata həsrəti, sinəmdə ocaq,
Hissimdə, duyğumda od qalayıbdır.
Mən indi bildim ki, atasızların
Qəlbində nə qədər arzu yanıbdı.
Mən həyatım boyu öz qanadımla uçmuşam.
– "Rus ədəbiyyatında A.P.Çexov kimdirsə, Azərbaycan nəsrində də Əbdürrəhim bəy Haqverdiyev o zirvədə dayanıb” qeyd edirsiniz.
– Mən onun qardaşı oğlu Teymur müəllimi tanıyırdım. İndi rəhmətə gedib. Ruhu şad olsun. Həyatda çatışmayan cəhətlər var. Bəzi yazıçılarımız tipajla milləti qarışdırıblar. Hansısa bir fərdin nöqsanı xalqın adına yazılıb. Elə təəssürat yaradıblar ki, birdən insana elə gəlir, elə bil həmin yazıçı doğurdan da, elə bir xalqın içərisində böyüyür, yaşayır. Əbdürrəhim bəy Haqverdiyev isə tipləri yaratmaqda usta idi. Eynən Çexov kimi. Çexovu oxuduqda biz rus xalqına yox, o tiplərə nifrət edirik. Qərəzli adamlar var. Amma Haqverdiyevin yaratdığı tipə məhz bu səbəbdən heç o adamlar da əl uzada bilmir.
– Sizcə, mütaliəni necə dəbə çevirmək olar?
– Bu gün mən tələbəyə Süleyman Rüstəmlə Süleyman Rəhimovun fərqin başa sala bilmirəmsə, birinci günahı ailədə görürəm. Bütün nöqsanları məktəbin üzərinə atmaq da düzgün deyil. Mütaliə də sevgidir. Adam gərək həm də o sevgi ilə doğulsun. Nəvəm bu gün kitabla oynayır. Evdə gəlinim ya da uşaqlar "ay ana, cıracaq, heyifdir” deyəndə, deyirəm ki, dəyməyin, bu gün kitabla oynayan, sabah hərf tanıyanda oynadığı kitabı açıb, içindəkini oxumaq istəyəcək.
Bu bəlkə də əsrin öz nöqsanıdır. Müəllimim və dostum Əzizə Cəfərzadənin yaxşı bir sözü vardı: "Suların da durulacağı gün gəlib çatacaq”. Ədəbiyyat insanın mənəviyyatını tənzimləyir.
- "İlk nəfəsim, son sözüm də Uruddu” qeyd edib, Uruddakı ata yurdunuza tez-tez "qayıdırsınız”.
– Bütün yaraların sağalacağı gün var. İnsanın hazır olmadığı yeganə yara Vətən itkisidir. Heç qaysaq da tutmur. Ömrü boyu qan verir. Urud mənim üçün anamın səsi, gəzdiyi torpaq, onun nəvazişi, uşaqlığım deməkdir. Bilmirəm... mən Uruddan danışanda boğazım düyünlənir.
– Vaqif Yusifli deyir ki, Azərbaycan mətbuatı Florasız keçinmir, çünki bu yazılarda keçmişin, bu günün həqiqətləri yaşayır. Həqiqətlərə görəmi "balıq üçün yox, Xaliq üçün” yazırsınız?
– Bir nəfər haqqında çox gözəl bir yazı yazmışdım. Açığı gözlədim ki, bəlkə zənglə bir təşəkkür edə. Sonra həmin şəxs mənə zəng vurub "Bəs, sən mənə yazı hazırlayırdın, onun sonu necə oldu?” deyəndə, əlim ayağım sanki hər yerdən boşaldı. Məsələ burasındadır ki, yazım dərc olunacaq qəzet onun evinə, yazı masasına da gedib çıxırdı. Sırf bu hadisədən sonra o cümlə yaradıcılıq şüarım oldu. Həqiqətən də, bu gün mən şəxslər üçün yox, xaliq üçün, oxucularım üçün yazıram. Mənim bütün umacağım Xaliqdəndir.
– Əzizə Cəfərzadəni özünüzə müəllim hesab edirsiniz... Bəs bu qədər məhsuldar bir müəllif Flora Xəlilzadə özünü kimin müəllimi hesab edir?
– Əzizə Cəfərzadə 1974-75-ci illərdə mənə dərs deyib. O vaxtlar hakimiyyətin yasaq etdiyi həqiqətləri o, auditoriyada bizə danışırdı. Universitet illərindən sonra onunla müəllim-tələbə münasibətindən başqa, ana-bala, həmdəm, dost müstəvisində doğmalaşdıq. Çox şeyləri öyrədib o mənə. Bəlkə də, mənə bu gün yazıb-yaratmağa güc verən onun ruhudur. Sevinirəm ki, Mir Cəlal, Əzizə Cəfərzadə, Qulu Xəlilov və başqa belə dəyərli insanlardan nələrsə öyrənmişəm.
Bundan başqa, bu yaxınlarda İradə Sarıyevaya ev almağı münasibəti ilə təbrik məktubu yazmışdım. Cavab məktubunda "Var ol, mənim əziz müəllim!” deyə qeyd etmişdi. Ramilə Qurbanlı da həmçinin. Bir yazısında "var ol, mənim sevimli müəllimin” deyib, məni təəccübləndirmişdi. Mən onların hər ikisini çox istəyirəm, yazı üslublarını, yazılarını bəyənib, oxuyuram. Hər ikisi ilə fəxr edirəm.
Bir də bir hadisəni xatırlayıram. Deməli, o vaxtı "Cücələrim” ansamblı ilə məni Almaniyaya göndərmişdilər. Bizimlə yollanan o uşaqlardan bir neçəsinin şəklini rəhbər, valideyn kimi xarici pasportumun içərisinə yapışdırmışdılar. Bu yaxınlarda Akademiya parkından keçirdim. Bir qızla oğlan məni necə qucaqlayıb, "Müəllimimiz” deyib bağırlarına sıxdılar, İlahi... Qaldım məəttəl. Fikirləşirəm ki, axı mən müəllim deyiləm, dərs deməmişəm. Bir də gördüm qız dilləndi ki, yadınızdan çıxıb, biz sizinlə Almaniyaya getmişdik. Orada siz bizə müəllimlik etmişdiniz. İndi biz evlənmişik. Elə ağlamaq tutdu ki, məni. Çox səmimi təsir bağışladı o görüş mənə. Oğlum yazı yazmışdı. "Mənim ən böyük müəllimim öz anamdır”. Əgər bu həqiqətdirsə, mən, doğurdan da, xoşbəxtəm.
– Sizcə, qələm Flora xanımın şəkli dəyişmiş dözümüdür?
– Qələm mənim dözümüm deyil, qələm mənim təsəllim, təskinliyim, nisgilimdir. Daxili dünyamın ifadəsidir. Bəzən elə yazılar yazıram ki, hiss olunur ki, daha heç nəyə dözümüm qalmayıb. Əl tutub, əlimin duzu olmayanda, ən çox bu cür oluram. Elə şeylər olub ki, onları yazmaq istəyəndə övladlarım gözümün qarşısında dayanıb. Bu günə qədər bir tək ondan ehtiyat etmişəm. Oxucuya necə təsir edib-etmədiyini anlamamışam. Amma ananın uşağa hamıdan yaxın olduğunu hər zaman dəqiq bilmişəm. Allahdan sonra qiblə olduğumu bilib, yazmaq istədiklərimdən özümü saxlayıb, əlimi soyutmuşam.
– İndi sizin üçün vaxt nədir?
– Qənimətlik. Vaxtım varsa, deməli yaşayıram. Həyatdayam. Vaxtımın hər zaman qədrini bilmişəm. Onu boşuna xərcləməmişəm. Vaxt mədəniyyəti ilə bağlı yazılar yazmışam. Ona görə ki, "vaxt qədər qızıl heç nə yoxdur” fikrini mən uşaqlıqdan dərk etmişəm. Hər şeyin qədrini bilirik, əşyadan tutmuş, bizi bəzəyən nəsnələrədək. Bircə zamandan savayı...
– Nəyin qədrini bilməyibsiniz bəs?
– Özümün... Əməyimin. Olmayan yerdən pay tutar kimi hərəkətlərimi etməyimə peşmanam. İnsan yaxşılıq etməkdən bezməz, usanmaz. Amma yaxşılıq edilən insanın bunca nankorluğu dözülməz olur hərdən. Bilirsən, "Nəsimi” filmində bir səhnə var. Deyir ki, daşladılar dözdü, heç səsini də çıxartmadı, amma kiçik bir çınqıl atan dostuna fəryad elədi. Çünki inandığının xəyanətinə dözmək olmur. Hüseyn Cavidin misralarını "Cümlə xəyanətlərə bais olan nədir? İblis...” xatırlayardım. Özümü bu misralarda ovudardım. Amma son illər, Cabir Novruzun "Şeytandan ümid umuram, iblisə xitab edirəm” misrasında sanki, həyatımın əks-sədasını duyuram. Daşa dəymiş arzularımın, parçalanmış ürəyimin səsini eşidirəm.
– Çox sevgi qarşı tərəfi soyudur. Nankorluq da burdan qaynaqlanır.
– Qarşı tərəfin sevgisinə o cür cavab verən şəxsin maskası gec-tez açılacaq. Qədirbilməzliyi qəbul edə bilmirəm. Sevinək ki, həyatda pis adamlar var. Onda yaxşıların qədrini bilirik. İlanların mövcudluğu göyərçinləri sevmək üçündür. Hər kəs göyərçin xislətində olsaydı, həyat asan və maraqsız olardı. Yaxşı olmağa çalışaq. Ondan ali uca məziyyət yoxdur.
– "Hamlet”də belə bir yer vardı ki, qəhrəman dua edə bilmir. Sizdə necə, Flora xanım, belə hal yaşanıbmı?
– Yox, şükür ki belə bir halla rastlaşmamışam. Getdiyim bütün ziyarətlərdə də Allahımla sözüm-söhbətim tən gəlib. Mən qul deyiləm, müti deyiləm, bəlkə də çox güclü bir qadınam. Aldığım zərbələri qadağaları, xəyanətləri qələmimlə elə gözəl dəf eləmişəm ki. Qeyri silahım, varım-dövlətim olmayıb. Tək gücüm, qələmimdir.
– "Hər bir insan bütün mənalarda öz xarakterinin qurbanıdır. Bu səbəbdən də mən çətin, amma şərəflə yaşadım” qeyd edirsiniz. Maraqlıdır, hansısa zəiflik məqamında qurbanı olduğunuz xarakterinizdən peşmanlıq duyub, onu dəyişdirməyə çalışıbsınızmı?
– Düz söz danışmaqda. Əyilməməkdə. Mən yalana və oğurluğa nifrət edirəm. Çünki, hər ikisinin ziyanı mənə toxunub. Təsəvvür edin, ata ocağımı ermənilər alıb apardı. Tələbə vaxtı 3 aylıq təqaüdümü cibimdən oğurlayıblar. İlk maaşımı çantamdan çəkiblər. Evimi soyublar və sairə. Bunların çoxunu yerbəyer eləmişəm Amma təsirsiz ötüşməyib. Yadımdadır, Gülarə Əliyeva rəhmətə gedəndə Flora xanım Kərimova ilə yas mərasiminə getdik. Onun çox yüksək zövqlə bəzənmiş, elə gözəl evi var idi. O ərəfədə evimi təzə soymuşdular. Çox əzab çəkirdim ki, anamın verdiyi əşyaları, bütün yadigarlarımı aparıblar. O evə girəndə özümə dedim ki, kaş bu ev qalmazdı, amma Gülarə xanım sağ olaydı. Sanki, Gülarə xanımın ölümü məni bu sarsıntılardan, ruh düşkünlüyündən xilas etdi.
Söhbətləşdi: Fərid Hüseyn, Aysu Kərimova
banner

Oxşar Xəbərlər