AZE | RUS | ENG |


Dünyada analoqu olmayan muzeydən reportaj - Reportaj

Dünyada analoqu olmayan muzeydən reportaj - Reportaj
Bu muzeyə giriş pulsuzdur və buradan heç kim hədiyyəsiz qayıtmır


Əziz gənclər, qəzetimizin bu rubrikasında hər dəfə sizə maraqlı, fərqli məkanları göstərməyə çalışırıq. Haqqında danışacağımız bu məkanın profili üzrə ölkəmizdə və dünyada analoqu yoxdur. Söhbət "Rinay” muzeyindən gedir. Amma bu, bizim alışdığımız sıradan, bileti alıb ziyarət etdiyimiz muzeylərdən tam fərqlidir.
Muzey Bayılın ən hündür binasının 7-ci mərtəbəsində yerləşir. Azərbaycanın ilk şəxsi muzeyidir. Tofiq Sadıqova məxsus bu muzey istər ölkə ərazisində, istərsə də ölkə kənarında böyük marağa səbəb olub. Hətta turistlər muzeydəki eksponatları almaq üçün minlərlə dollar pul xərcləməkdən belə çəkinməyiblər. Amma Tofiq Sadıqov bu irsin Azərbaycanda yaşadılmasının tərəfdarıdır...
Bu sirli məkana daxil olmaq üçün 16 mərtəbəli binanın 7-ci mərtəbəsinə qalxıb qapını döyürük. Tofiq Qarayevin şəxsi "Rinay” malakofauna muzeyindəyik. 
Məlumat üçün bildirək ki, malakofauna molyuskaları öyrənən elmdir. Molyuska - yer kürəsində ilk orqanik dünyadır. Söhbət açacağımız muzey isə müxtəlif növ molyuska qabıqlarının saxlandığı yeganə muzeydir. "Rinay” malakofauna muzeyi rəsmi olaraq 1989-cu ildə yaradılıb. 
 
"Səfirlər də başmaq geyinir”
 
Qapıdan içəri girən kimi bizi muzeyin rəhbəri, ixtisasca üzgüçü, dünya rekordçusu Tofiq Qarayev qarşılayır. Tofiq müəllimin "xəzinə”sini görmək üçün mütləq ayaqqabılarını çıxarıb, onun verdiyi başmaqları geyinməlisiniz. Bu muzeyə ayaqqabılı, çöl geyimində girmək olmaz. Tofiq müəllim deyir ki, evin bir otağına öz dünyasını sığışdırıb: "Mənzil olduğu üçün, ən əsası təmizliyi sevdiyimdən qapının girişinə başmaqlar alıb qoymuşam. Gələn geyinib, muzeyə daxil olur. Kim gəlsə, bu başmaqları geyinməsini xahiş edirəm... Muzeyə səfirlər, dövlət adamları, turistlər də təşrif buyurur. Onlara da başmaq təklif edirəm. Heç kəs etiraz etmir”.
Otaqdakı şkaflara müxtəlif növ molyuska qabıqları düzülüb. Rəngləri, naxışları, gözəllikləri ilə insanı cəlb edən molyuska qabıqları otağın hər tərəfində var. Molyuskalardan hazırlanan suvenirlər, boyunbağılar da özünəməxsus şəkildə divarlara düzülüb. Stendlərdə həm gənc xanımların, həm də kişilərin zövqünü oxşayan molyuskalardan düzəldilmiş müxtəlif suvenirləri tapmaq mümkündür.
 
2-3 milyon yaşı var
 
Kolleksiyanın əsasını XX əsrin əvvəlində görkəmli neftçi, Azərbaycanın əməkdar mühəndisi və ixtiraçısı, 1930-cu illərdə SSRİ tərəfindən ABŞ da neft üzrə ekspert vəzifəsini icra edən Tofiq müəllimin atası Sadiq bəy qoyub.
Muzeyin stendlərində Hind, Atlantik və Sakit okeanından və 5 qitədən 3 mindən çox müxtəlif molyuska qabıqları nümayiş olunur. Muzeyin unikallığı ondadır ki, burada müasir dəniz, okean, və kontinental malakofaunadan başqa 2-3 milyon il bundan əvvəl paleodənizlərdə mövcud olan, qazıntı halında tapılan molyuska qabıqları da təqdim edilir. Tofiq Qarayev deyir ki, dünyada yalnız bir okeana və ya dənizə aid nümunələrin saxlandığı muzeylər mövcuddur. Amma bütün suda və quruda yaşayan malakofaunanın bir arada toplandığı muzey yalnız Azərbaycandadır.
 

"Muzeyə gələnlər getmək bilmir”
 
Muzey rəhbərinin sözlərinə görə, bəzən məktəblərdən və universitetlərdən gələn məktəblilərə, tələbələrə slaydlar vasitəsilə və əyani şəkildə göstərməklə molyuska elmindən danışır: "Muzey 1989-cu ildən fəaliyyət göstərir və hər zaman hər təbəqədən ziyarətçiləri olur. Lakin evdə nümayiş olunduğu və məkan kiçik olduğu üçün hamını birdən qəbul edə bilmirəm. Bir dəfəyə 15 nəfər qəbul etmək olmur. Gələn gənclər də molyuska qabıqlarının içində "itirlər”. Bütün molyuskları incələyir, özlərini okeanın dərinliklərində hiss etdiklərini deyirlər. Həqiqətən molyuskların əhatəsində insan özünü başqa məkanda hiss edir. Saatlarla baxır, anlamağa çalışırlar. Muzeyə gələnlər getmək istəmirlər”.
 

Turistləri təəccübləndirən məkan...
 
Tofiq bəy deyir ki, Amerikadan milyarder ər və arvad sırf "Rinay” muzeyinə gəlmək üçün tur alıblar: "Bir tərcüməçi, bir xanım, bir də yoldaşı gəlmişdi. Sən demə, yoldaşının da Amerikada molyuska muzeyi var. Azərbaycanda belə muzeyin olmasından təəccübləniblər. Amerikalının molyuskları bir okeandan yığılmışdı. Məndə 3 okean olduğu üçün təəccübləndilər. Hətta stenddə qırmızı kitaba düşən molyuskları gördükdə təəccübləndi və bunları necə topladığımı, əldə etdiyimi soruşdular. Kolleksiyama 150 min dollar ödəyib, kolleksiyasını zənginləşdirmək üçün öz ölkəsinə aparmaq istədiyini dedi, amma vermədim. Mən bunları min bir əziyyətlə, öz hesabıma toplamışam və bu irsin Azərbaycandan kənara çıxmasını istəmirəm”.
 
Muzeyə gələn hədiyyəsiz qayıtmır
 
"Rinay” dünyada yeganə muzeydir ki, girişi pulsuzdur və onun bütün ziyarətçilərinə molyuska qabıqlarından hazırlanmış suvenirlər hədiyyə verilir. Muzeyə gələn hədiyyəsiz qayıtmır. 
Kolleksiyasının Azərbaycanın gələcək nəsilləri üçün qorunub saxlanması məqsədilə 2008-ci ildə Tofiq Qarayev 4 mindən artıq malakofauna nümunələrini Heydər Əliyev Fonduna verib. Yer olmadığı üçün mərcana oxşayan bəzi molyuska qabıqlarını isə zirzəmidə saxlayır. Molyuskların hər birinin üzərində adlarını, növlərini, hansı okeana məxsus olduğunu bildirən etiket yapışdırılıb.
Muzey rəhbərinin sözlərinə görə, bəzi insanlar gəmidə tapdığı molyuskları sterilizə etməmiş evinə aparır. Onun sözlərinə görə, sterilizə edilmədən molyuskların evə aparılması yolverilməzdir: "Bəzi insanlar molyuskları dənizdən çıxardıqları kimi evə gətirir, suvenir kimi saxlamaq istəyirlər. Bu, çox təhlükəlidir. Çünki molyuskları yığanda üzəri gil, içi bakteriya ilə dolu olur. İlbizlərin quyruq hissəsi molyuska qabığında yaşayır, onun quyruğu çıxan zaman dibində mikrob qalır. Təmizlənməsə, ilan sancmasından da pis nəticə verir. Mən onları çıxaran kimi qaynar suya atıb sterilizə edirdim”.
Muzeydə molyusklardan başqa, dəniz ulduzları, tısbağa qını, mişar balığının buynuzunu da görmək olar.
Muzeyin sahibi deyir ki, atasından qalan molyuskları saxlayıb və özü də toplamağa başlayıb. Lakin 80 yaşlı müsahibimizin irsini davam etdirəcək biri olmadığı üçün bu yaşa qədər gözü kimi qoruduğu kolleksiyasını hərraca çıxarmaq istəyir: "Atam 1932-ci ildən 1937-ci ilə qədər İngiltərədə və ABŞ-da neft üzrə ekspert işləyib. Okeanlarda, dənizlərdə molyuska qabıqları toplamağa başlayıb. Məzuniyyət zamanı evimizə gələndə çantasında molyuska gətirirdi. Anam kimya üzrə professor idi. Atamın molyuska qabıqlarını saxlayır, onlara nəzarət edirdi. Tale elə gətirdi ki, 1937-ci ildə atam  repressiya qurbanı oldu və Sibirə sürgün olundu. Aclıq vaxtı idi. Anam həmin molyuskları mənə verir və deyirdi: "Apar kiməsə ver, bir ovuc jmıxa dəyiş”. Mən də elə edirdim. Aclıq-qıtlıq illərində jmıx bizim üçün dadlı yemək sayılırdı. Yeyəndə elə bilirdik, şirniyyat, tort yeyirik. İllər keçdi, mən geoloq oldum. Atamın yarımçıq işinin davamı olaraq, molyuska qabığı yığmağa başladım və bu kolleksiyanı ərsəyə gətirdim. Lakin qızım və oğlumun kolleksiyamı davam etdirməyə marağı yoxdur. Bu səbəbdən molyusklarımı azərbaycanlıya satmaq istəyirəm ki, ölkədən kənara çıxmasın, öz ölkəmdə qorunub saxlansın. Mədəniyyət və Turizm Nazirliyi imkan verməsin ki, bu kolleksiya ölkədən kənara çıxsın”. 
Qeyd edək ki, "Rinay” muzeyinin adı beynəlxalq sorğu kitablarına və Azərbaycanın Milli Ensiklopediyasına düşüb. Muzeydə 86 cinsdə 300 növdən çox malakofauna eksponatı var. Azərbaycanın malakofauna tədqiqatları nəticəsində əldə etdiyi nümunələr daim nümayiş olunması üçün Argentina, Kanada, Avstriya, İspaniya, Almaniya, İndoneziya, Əlcəzair, Türkiyə Rusiya və Ukrayna paleontologiya muzeylərinə təhvil verilib.
Aygün ƏZİZ
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202