• cümə, 29 Mart, 18:24
  • Baku Bakı 14°C

Dünyada 70 milyon nəfər ağciyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkir

26.09.20 10:15 426
Dünyada 70 milyon nəfər ağciyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkir
Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov 25 sentyabr - Dünya Ağciyər Gününə aid onlayn müsahibə verib və ağciyər xəstəliklərindən ətraflı danışıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri dünyada yaxın gələcəkdə insanların infarkt və ya insultdan deyil, xroniki ağciyər xəstəliklərindən daha çox hallarda əziyyət çəkəcəyini proqnozlaşdırıb. Rafiq Bayramov bunun səbəbləri ilə bağlı öz fikirlərini izah edib: "Əsas səbəblər - bir çox xroniki ağciyər xəstəliklərinin yaranmasında ekoloji faktorları olan havanın çirklənməsi və insanların həddindən artıq çox tütün çəkməsinin rolu böyükdür. Yaranmasının əsas səbəbi tütünçəkmə olan ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) ölüm göstəriciləri hazırda artmaqdadır: dünyada hər 5 dəqiqədən bir bu xəstəlikdən 100 nəfər, il ərzində isə 3 milyondan artıq insan dünyasını dəyişir. Hazırda yer kürəsində ən azı 70 milyon nəfər AXOX xəstəliyindən əziyyət çəkir. ÜST-nin proqnozuna görə, 2030-cu il üçün dünya üzrə ölüm cədvəlində AXOX 3-cü yeri tutacaq”.
Onun verdiyi məlumata əsasən ölkəmizdə xroniki ağciyər xəstəliklərinin rastgəlmə tezliyi dünyada olan müvafiq göstəricilərə uyğun olaraq dəyişir. O, təəssüflə qeyd edib ki, dövlət səviyyəsində tütünçəkmə ilə nə qədər mübarizə aparılsa da, vətəndaşlar bir çox hallarda bu zərərli vərdişdən əl çəkmək istəmir: "Son illər isə xüsusilə qadınlar arasında tütünçəkənlərin sayının artması məyusedici faktor olduğunu vurğulayan mütəxəssis ölkəmizdə, bütün dünyada olduğu kimi, ağciyərlərin xroniki obstruktiv xəstəliyinə düçar olanların sayının artdığını bildirib. O, həmçinin ağciyərlərin xroniki xəstəlikləri arasında bronxial astma və vərəmin də çox aktual olduğunu qeyd edib: "Doğrudur, son illər vərəməyoluxma, xəstələnmə və ölüm göstəricilərində nisbətən azalma və ya stabilləşmə müşahidə olunsa da, dərmanlara rezistent vərəmin artması ciddi bir məsələ olaraq qalır”.
Daha sonra Səhiyyə Nazirliyi tərəfindən ölkəmizdə ağciyər xəstəliklərinin yayılmasının qarşısının alınması üçün yaradılan strategiya və tədbirlərdən məlumat verilib. Rafiq Bayramovun sözlərinə görə, ağciyər xəstəliklərinin yayılmasının qarşısının alınması və bu xəstəliyə düçar olanların müalicəsi məqsədilə Azərbaycan hökuməti, o cümlədən Səhiyyə Nazirliyi mütəmadi olaraq bütün lazımi tədbirləri görür: "Belə ki, geniş yayılmış ağciyər xəstəlikləri ilə mübarizəyə dair müvafiq strategiya hazırlanıb və tətbiq edilir. Ölkəmizdə bəzi xroniki ağciyər xəstəlikləri ilə mübarizə məqsədilə Dövlət proqramları (məsələn, vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı) icra olunur. AXOX və bir çox xroniki ağciyər xəstəliklərinin yaranmasında başlıca rolu olan tütünçəkmə ilə mübarizə məqsədilə ölkəmizdə yeni qanun layihələri təsdiq olunub və qapalı, ictimai yerlərdə tütünçəkmənin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib. Ölkəmizdə vərəmlə mübarizə tədbirləri də qənaətbəxşdir. Belə ki, aşkarlanaraq qeydiyyata alınmış həm dərmanlara həssas, həm də rezistent vərəm xəstələrinin tam dövlət hesabına müalicəsi aparılır”.
Müsahibə zamanı, həmçinin Azərbaycanda ağciyər xəstəliklərinin diaqnostika və müalicəsi məsələlərinə də toxunulub: "Hazırda ölkəmizdə müasir standartlara cavab verən, ən son tibbi avadanlıqlarla təchiz olunmuş tibb müəssisələri və yüksək ixtisaslı kadrlar mövcuddur. Ona görə də, hər hansı bir xəstəliyin diaqnostikası və müalicəsi məqsədilə dünyada tətbiq edilən üsulların əksəriyyəti bizdə də istifadə olunur”.
Müsahibəsinin sonunda ATU-nun kafedra müdiri payız-qış mövsümünün gəlişi ilə kəskin respirator virus infeksiyalarının yayılması haqqında danışıb: "Qrip və atipik pnevmoniyanın simptomlarının oxşarlığına görə onları bir-birindən ayırmaq olduqca vacibdir. Təbii ki, payız-qış mövsümündə respirator infeksiyalarla xəstələnənlərin sayı nisbətən artır. Hazırda daha aktual olan COVID-19 virusu ilə bağlı onu deyə bilərəm ki, koronavirusa yoluxanların böyük əksəriyyəti onu simptomsuz və ya yüngül əlamətlərlə keçirir. Yaşı 65-dən yuxarı, ürək qan-damar, böyrək, qaraciyər xəstəlikləri, şəkərli diabet və digər xroniki xəstəlikləri olan şəxslərdə isə COVID-19 daha ağır keçir”.
banner

Oxşar Xəbərlər